KİMƏ
GÜLZAR, KİMƏ XƏZƏL DÜNYADI...
- Mənə kağız ver!
- Nəsə yazmaq istəyirsən?
- Qələm də ver!
- İndi gətirərəm.
- Eynəyim hanı?
- Eynək burdadı, nə
yazırsan?
- Ver!
Tələsik qələmi də, kağızı da gətirirəm. Çarpayısının yanındakı mizin üstünə qoyur. Sonra nə fikirləşirsə, kağızı bükür və üzümə baxır- yəni otaqdan çıx. Səhər otağı yığışdıranda oxuduğu kitabın içində gizlətdiyi kağızda yazdığını oxuyuram - "Sürünərəm dizin-dizin... "Bu nədi? Yeni şerin başlanğıcıdı? Neçə ildi heç nə yazmır. Amma yox, misra mənə tanış gəlir. Dərinliyinə varmadan kağızı öz yerinə qoyuram.
***
Pəncərənin qabağında oturub, gözlərini bir nöqtəyə zilləyib, yuxarı, buludlara baxır.
- Gəl, səni həyətə düşürdüm.
- Yox!
-Gör nə yaxşı havadı, bəlkə...
- İstəmirəm, mənnən işin yoxdu...
O, pəncərədən görünən buludlara baxır, mən də kirimişcə arxada oturub ona... Nə fikirləşir, ürəyindən nə keçir, bilməm ki... Heç heyi qalmayıb. On addımlıq yolu on dəqiqəyə gedir. Çox vaxt oturduğu stulu evin içində sürüşdürüb aparırıq. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi "Özüm gəzirəm" deyir. Amma gəzə bilmir, bilmir.
... "Sürünərəm dizn-dizin"- nə tanış misradı. Özünümü yazıb? Hər şeyi icad eləyiblər, amma danışa bilməyənlərin fikirlərini oxumaq üçün də bir aparat olsaydı- deyə düşünürəm.
***
- Nə çox adam var evdə?
- Qorxma, bir söz deyəcəm.
Aqil avariyaya düşüb.
- Mənə yalan danışma,
anana nəsə olub?
- Gəl bax, - əlindən tutub
divana tərəf gətirirəm.
Üzü-gözü
sarıqlı yaralıya baxır, adamlara baxır, mənə
baxır.
Gecənin bir aləmi evdəki
tünlük onu çaşdırıb. Sonrakı günlərdə
də gələn-gedənlər məni
çaşdırır. Bilmirəm evdəki xəstələrə
baxım, ya qonaqlara diqqət göstərim. (Anam kəndə
gedib, atamı min bir müsibətlə bizə gətirmişəm.
Axır vaxtlar öz evindən kənarda qalmaq istəmir. Hətta
qızlarının evində də. Və hər səhər
o, evinə dönmək tələbini bildirir, mən də
yalvar-yaxarla "bu gün də qal"- deyirəm, beləcə
vaxtı uzadıram. Tərs kimi də bu qəza).
***
... Uşaqlığını
xatırlayır:
- Çox çətin idi,
müharibə, aclıq, yetimlik. Bir də görürdün
dağda yağış tutdu, qoyun-quzunun altına girib
daldalanırdıq. Nənəm çörəyi qoynunda gizlədib
gətirirdi, çəpərdən verib qaçırdı.
(Atasını 45-ci ildə xalq düşməni kimi
tutmuşdular. Qohum-əqrəba, hətta əmilər də
qorxudan onlara yaxın durmayıb. Bircə nənəsi üz
döndərməyib. 55-ci ildə atasına bəraət
veriblər. Bəraət veriblər ki, on il havayı
yatmısan, get yaşa).
- Kolxozda işləməyə də
qoymurdular. Bir erməni vardı, o zamin durdu ki, bu uşaq təxribat
eləməz, qoyun-quzuya yaxın buraxdılar. O şeri də
yalandan yazmışam ("Komsomola keçdiyim gün"
şerindən söhbət gedir - müəllif), komsomola
keçəndə dedilər atası xalq düşmənidi,
elə ağlamışdım ki, katibin yazığı gəldi
mənə (üzümdəki ifadəni görüb onun da mənə
yazığı gəlir, söhbəti dəyişir). Hə...
dünən gələnlər kim idi, biri əlimi
öpdü.
- Nə bilim, ay papa. Dünən o
qədər adam gəlib ki...
***
Bacım deyir ki, yuxuda həmişə
cavanlığını görürəm. Mənim də
gözümün qabağına həmişə o
çağlar gəlir. Elə bil beynim özü məni
ağrılardan qorumaq istəyir.
***
- Niyə sən hamını belə
asan bağışlayırsan?
- Neynəyim, güllələyim?
- Sən
də həmin adamdan yaza bilərdin. Elə yıxardın, bir
də qalxa bilməzdi.
- Gəldi yanıma, "məni
bağışla" - dedi, "səhv eləmişəm"
- dedi, "sifariş idi"- dedi. Belə şeylər
çox olur. Hamıya eyni ölçü ilə yanaşmaq
olmaz. Zəifi var, güclüsü var.
- Hə də, hamı pislik eləsin,
sonra tövbə eləsin, "bağışla" desin,
olsun-bitsin?
Cavab vermir. Yenə baxışlar
zillənir bir nöqtəyə.
(68-ci ildə yazılmış bir
məqalədən danışıram. Həmin məqalədən
belə çıxırdı ki, Məmməd Araz
ümumilikdə Sovet ideologiyası üçün çox
qorxulu adamdı. Əslində məqalə "Səməd
Vurğunla söhbət" şerinə cavab olaraq
yazılmışdı. Təbii ki, sifarişlə).
***
Yeməyini yedirirəm. Əziyyətlə
yeyir, mən də ürəyimdə özümlə
vuruşa-vuruşa, "niyə, nədən" sualları
ilə əlləşə-əlləşə sifətimə
yalançı təbəssüm taxmışam. Gözlərimdəki
yaşı görür:
- Sən də mənim kimisən,
ürəyinlə yaşayırsan. Çətin olacaq sənə.
Hə, çox çətindi.
Amma mən bağışlaya bilmirəm, kinliyəm.
Özümə olanları unuduram, ona olanları yox. (Bu
günlərdə çox məşhur bir yazıçı
gəlmişdi redaksiyaya, müsahibə alırdıq.
Sözarası dedi ki, "Məmməd mənə çox
yaxşı olub, evində qalmışam, əlimdən tutub.
Sonralar onu narahat etməmək üçün evə gəlmirdim".
Dilimin ucuna gələn sözləri zorla qaytarıram. - Yalan
deyirsən, sən özünü narahat etmək istəmirdin.
Amma onun gözləri qapıda qalmışdı, gözlədiyi
adamlardan biri də sən idin. Heç bir dəfə telefonu
götürüb zəng də eləmədin. Lənət
şeytana, danışma, İradə, danışma.).
***
- İradə, filmi göstərirlər.
- Hə, papa, yaydı da, təkrar
verilişlər gedir.
... Söhbət özü
haqqında çəkilən filmdən gedir. O vaxt mən
televiziyada işləyirdim və bu film çəkildi.
İndi televizorun qabağında oturub baxır, gözündən
də yaş süzülür. Çox kövrək olub. Ona
baxıram və anlayıram ki, vaxta az qalıb, lap az. Bu bizim
birlikdə keçirdiyimiz sonuncu yazımızdı.
***
Oktyabrın 14-də ad gününə
yığışdıq, öz evində. Ailədən
başqa "Şərq" qəzetinin baş redaktoru Akif
Aşırlı, jurnalist Məlahət Rzayeva, adını
unutduğum digərləri də var. Məmməd Arazın ad
günündən yazı yazmaq istəyirlər. Çox
sevinir. Son vaxtlar insanların diqqəti onu həyəcanlandırır.
Deyirik, gülürük, böyük oğlumun nitqinə
çox fəxrlə, qürurla qulaq asır.
Dağlışırıq.
Noyabrın son günləri
yaxın qohumumuzun toyudu. Çox ağır xəstələnmişəm.
Toya da zorla gedirəm. Yanında oturdum, nəsə demək istəyirdi,
onsuz da anlaşılmaz nitqi gurultunun içində
itib-batdı. "Sonra deyərsən" - dedim. Amma elə qəribə
hiss edirdim özümü. Elə bil havadaydım, elə bil həmişə
gördüyüm yer deyildi, elə bil həmişəki
adamlar deyildi. O hissiyatı təsvir edə bilmirəm. Xəstəyəm
deyə, beləyəm - düşündüm. Başqa
imiş səbəbi. Toyda az oturdu, evə qayıtdı.
Dekabrın 1-i. İşdən zəng
elədilər, nə vaxt çıxırsan işə? Hələ
halım yoxdu, sağalmamışam,- deyirəm. Evdə-eşikdə
nə var, nə yox- deyirlər. Hər şey
yaxşıdı- deyirəm. Evdə qonaqlar da var. Saat biri
iyirmi dəqiqə keçir. Telefon zəng çalır.
Götürürlər:
- Hə, bu dəqiqə, bu dəqiqə.
İradə, anandı, deyir atanın vəziyyəti pisdi,
boğulur.
Əynimə nəyi necə
keçirirəm, bilmirəm. Nə qədər vaxt keçir
bilmirəm.
İçəri girəndə
anladım ki, bitdi. Evdə anama kömək edən
qızı görürəm. Yerə çökmüş
atamın başını qucağında saxlayır. "Nəbzi
var" deyir. Anam "təcili yardım
çağırdım"- deyib qışqırır.
Beynim dumanlı olsa da təcili yardımın yardımı
olmayacağını anlayacaq durumdayam. Gözləri
açıqdı, əyilib üzümü dodaqlarına
yaxınlaşdırıram, nəfəsi qalıbmı deyə.
Dumanlı gözlərlə içəri girən oğluma
baxıram. Heç bilmirəm ona kim xəbər verib. Yerdən
qaldırıb divana uzadırıq. Anam
qışqırır, "xəstəxanaya aparaq". Mənasız
olduğunu bilsəm də heç nə demirəm. Yenə əlimizdə
aşağı düşürürük, maşında
başını qucağımda saxlamışam.
Çağırıram hay vermir. Xəstəxanada xərəyi
gətirib içəri salana qədər mənə elə gəlir
ki, bir il keçir. (Bəlkə saniyələr idi). Həkim
çox soyuqqanlı yaxınlaşır. Sonra birdən
tanıyır. "Məmməd Arazdı"- deyir. Tələsik
nə isə aparatı işə salırlar, gözlərinə
baxırlar... Başını bulayır, üstünə
ağ örtük çəkirlər. O biri tərəfdə
stolda ağır xəstə var, sağdı. Qorxmasın deyə
heç birimiz səsimizi çıxarmırıq.
Örtüyü qaldırıb
üzünü-gözünü, əllərini,
ayaqlarını öpürəm...
Xəstəxananın həyəti
adamlarla dolub, ay aman, nə tez xəbər tutdular. Hə, bir də
dəqiq xatırladığım bir fakt da var. Evə
qayıdanda "24 şirvan pul ödəməlisiniz"
deyirlər. Məmməd Arazın bu xəstəxanada
öldüyünü təsdiqləmək
üçün...
Həyətdə də çox
adam var, amma yadımda qalan Rəşadın (Rəşad Məcidin)
baxışlarıdı. İkinci mərtəbəyə
qalxıram, ancaq indi bütün donuşuğum
açılır, xəbər tutub işdən hövlnak evə
dönən bacıma sarılıb ulayıram. Sonralar
bacım deyir ki, "sənə paxıllıq eləyirəm.
Son dəqiqələrində yanında oldun". Eləmə,
gözəlim, həmin dəqiqələr məni bir saniyə
də rahat qoymur...
Evdəki saatı dayandırırıq.
2004-cü ilin sonuncu ayının birinci günü. Dekabr belə
başladı. "Yazda ölüm asan olur, Allah, yaza
çıxar məni" demişdi... Yazı masasına
yaxınlaşıb kağızları yerbəyer eləmək
istəyirəm. Gələn-gedən çox olacaq.
Qarışıqlıqdı, heç nə it-bat olmasın.
Hansı kağızı qaldırıram, bu misralar var:
Sürünərəm dizin-dizin,
Ölüncə gözlərəm
səni.
Dərədə qan-yaş tökərəm,
Dolunca gözlərəm səni.
İndi yadıma düşür -
Aşıq Alı. Niyə hər yerdə bunu yazıb, bilməm
ki? Anadan-bacıdan gizlətdiyini kağızdan-qələmdən
gizlətməyib. Onlar bilir yəqin. Bir də ki, "İki
ocaq kimi sinə-sinəyə yandığı, yaza-yaza
öldüyünü" görən yazı masası.
Ölümündən bir həftə
sonra yeni çap olunmuş kitablarını gətirirlər.
Təhsil Nazirliyinin çap elədiyi və prezidentin qərarı
ilə latın qrafikasında çıxmış
"Seçilmiş əsərləri". Özü
yazmışdı ki, "məndən sonra qara cilddə
çap eləyin kitabımı, tünd qara". Cildlər
qara deyil...
... Kimsə məni
qınamasın. Hüzr məclisləri əslində bir
tamaşadı. Ağlın başında ola diqqət eləyəsən.
Kim niyə gəlir, niyə bərkdən ağlayır, kimin
yanında oturub nə xahiş eləmək istəyir.
Ağlın başında ola televiziya kameralarına deyilənlərə
qulaq asasan... Ağlın başında ola...
Qəribədir, elə ilk gün
bir hadisəni xatırladım. Çox yaxın qohum
qadınlar atasının cənazəsi ortalıqda ola-ola
kişinin büküldüyu xalçanın davasını
döyürdülər. Nə xoşbəxt adamlardı deyə
düşündüm. Belələri üçün
dünya gülzar olmasın, neyləsin...
***
Gərək ki, iki il əvvəl
idi. Mixail Şoloxovla bağlı bir verilişə
baxırdım. Qızı da danışdı. Yaşı
70-dən keçmiş ağsaçlı bir qadın.
Olanları, keçənləri deyirdi və...
ağlayırdı. O möhtəşəm, qüdrətli,
sarsılmaz bildiyimiz Şoloxovun qızı
ağlayırdı. 70 yaşlı qadın atası
üçün ağlayırdı. Gözlərinə
baxdım və dünyanı xəzəl gördüm...
Dekabr, 2007
İradə
TUNCAY
Ədalət.-2011.-15
oktyabr.-S.6.