"SSRİ
bir evcik deyildi ki, öz-özünə
dağılaydı"
Firudin
Ağasıoğlu: "Təəssüf ki, müstəqilliyə
ikrah hissilə baxanlar var"
Üç
gündən sonra ölkəmiz tarixi bir hadisəni qeyd edəcək.
Dövlət müstəqilliyimizin bərpasının 20
illiyi tamam olur. Həmin dövrdə Milli Azadlıq Hərəkatına
qoşulan tanınmış alim Firudin Ağasıoğlu
tarixi sənədə imza atanlardan biridir. Firudin bəylə
müstəqillik mübarizə tarixinə nəzər
saldıq.
"Müstəqillik istəyənlərin üzərinə
cəza dəstələri göndərildi"
-
Müstəqillik aktının gündəmə gətirilməsinə
aparan yola sizin prizmanızdan baxmaq maraqlı olardı
- Müstəqilliklə bağlı cəmiyyətdə çox ziddiyyətli fikirlər var. Ümumiyyətlə, müstəqilliyin qazanılmasında heç bir rolu olmayanlar gündəmə yanlış bir fikir daşımaqla cəmiyyətə aşılamaq istəyirlər ki, onsuz da SSRİ dağılacaqdı, Azərbaycan da Türkmənistan, Özbəkistan, Ermənistan kimi müstəqil olacaqdı. Bu kökündən yanlış fikirdir. Axı SSRİ dağılmırdı. SSRİ bir evcik deyildi ki, öz-özünə dağılaydı. SSRİ-nin süquta uğramasında Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının çox böyük rolu oldu. Hərəkatın içərisində olan şəxs kimi bunu səmimi deyirəm. Bu hərəkatda təmsil olunanlar yaxşı bilir ki, müstəqillik hansı çətinliklər bahasına başa gəldi. 90-cı illərə qədər gələn böyük Milli Azadlıq Hərəkatı yolu vardı. Ermənilər 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılması prosesini başladılar. Bunun ardınca Bakıda mitinqlər başladı və bu ilk vaxtlar Dağlıq Qarabağla bağlı olsa da az sonra Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxması məsələsi qaldırıldı.
- Sovet qoşunlarının Azərbaycanda
olduğu, paytaxtın küçələrində meydan
suladığı bir vaxtda Ali Sovetdə bir qrup deputat dövlət
müstəqilliyinin bərpası istiqamətində
mübarizəyə başladılar. İlk reaksiyalar necə
oldu?
- 1990-cı ilin 20 Yanvar faciəsini Moskva hazırlamışdı və Azərbaycan da həmin vaxt mərkəzin bir şöbəsi rolunu oynadığı, bütünlüklə dövlət qurumları da ona tabe olduğu üçün hazırlanan ssenari reallaşdı. Bu proseslərin mahiyyətini anlayan siyasətçilər Qarabağ məsələsini ermənilərin deyil, onların arxasında dayanan Kremlin başladığını başa düşürdülər. Axı bizim XX əsrin əvvəlində -1918-ci ildə Müstəqil Azərbaycan dövlətinin qurulması tariximiz də vardı. Ona görə də Azərbaycanın SSRİ-dən ayrılıb müstəqilliyin bərpası məsələsi gündəmə gətirilirdi. Bunu görən mərkəz-Moskva Azərbaycanın paytaxtında qırğın törətdi ki, müstəqillik şüarlarını səsləndirənlər öldürülsün, tutulsun və bununla da həmin ovqatı yatırsınlar. İlk şəhidlərimizi də yanvarın 20-də verdik. Əslində 20 Yanvar hadisələri onu hazırlayanların əleyhinə işlədi. Hətta Yazov açıq şəkildə bəyan etmişdi ki, Azərbaycanda Xalq Cəbhəsinin strukturlarını məhv etməyə gəliblər. "Bunlar dövlət çevrilişi etmək fikrindədirlər və artıq Lənkəranda bu baş tutub, Cəlilabadda da sona çatmaq üzrədir. Bakıda mitinqlər keçirməklə bərabər ermənilər də qovulur"- bu bəhanələr vardı və əslində bəhanələri də özləri hazırlamışdılar. Cəza dəstələrini də burda müstəqillik istəyənləri cəzalandırmaq üçün göndərmişdilər. Amma verdiyimiz şəhidlər adi vətəndaşlar idi. Cəmiyyət də bunu görüb nəinki imperiyadan qorxdu, əksinə imperiyaya qarşı nifrət birə-beş artdı. Bundan sonra kommunistlər partiya biletlərindən imtina etdilər, biletlərinin yandırılması prosesi başladı. Bu nifrəti göstərən bir ovqat idi və Moskva artıq burda uduzduğunu gördü.
- Bəs müstəqillik
mübarizəsini aparan insanların Ali Sovetə vəsiqə
alması necə mümkün oldu?
- İmperiyaya qarşı nifrət ovqatının artdığı 1990-cı ilin payızında Ali Sovetə keçirilən seçkilərdə xalq kütləsinin dəstəyi ilə Milli Azadlıq Hərəkatının liderlərindən 20-25 nəfəri deputat seçildi. Həmin seçki o vaxta kimi keçirilənlərdən nisbətən demokratik idi ki, orda xalqın iradəsi ilə heç olmasa 20-25 nəfər təmsil olundu. Bu mənada o seçkinin bizim tariximizdə önəmli rolu var. Elə ordan da müstəqilliyin gerçəkləşməsi prosesi başlandı. Ali Sovetin ilk iclasında Milli Azadlıq Hərəkatının içərisindən xalqın seçib parlamentə gətirdiyi deputatlar "Demblok" yaratdılar. Azlıqda qalmağımıza baxmayaraq ilk gündən ciddi mübarizəyə başladıq. Bizim təsirimizlə Milli Məclisin iclası televiziya ilə birbaşa yayımlanırdı və xalq da bunu izləyə bilirdi. Biz bununla xalqın hadisələrin mahiyyətindən xəbər tutması və bizə dəstək olması imkanını əldə edirdik. Elə ilk iclasdan da "Demblok" məsələni kəskin şəkildə qoydu və ölkəmizin adından sovet sosialist sözünün atılması məsələsini qaldırdı. Biz bunu zorla qəbul etdirdik. Bu artıq yavaş-yavaş sovetlərdən uzaqlaşmağımız, müstəqilliyə doğru yol almağımız və SSRİ-nin çöküşünə görüntü demək idi. Mərkəz bundan çox narahat olmuşdu. Azərbaycan SSRİ məkanında bu aktı yerinə yetirən ilk ölkə oldu. Baltikyani ölkələr bizdən çox-çox qabaqda olsalar da, SSRİ-ni dağıtmaqda onlardan tez prosesləri başladığımıza görə bizə həsəd aparırdılar. Moskva dərhal buna cavab hazırladı və SSRİ-nin qalıb-qalmamasıyla bağlı referendumun keçirilməsi planını hazırladılar. Azərbaycan hakimiyyəti əllərində olduğu üçün saxta seçkilərlə SSRİ-nin saxlanması ilə bağlı referenduma müsbət səs verildiyini bəyan edəcəklərinə əminlik vardı.
"Biz bir ilkə imza
atdıq"
- Bu
azlıqda qalan deputatların fəaliyyətindən
ehtiyatlılığın götəricisi idi?
- Azərbaycanın SSRİ-nin tərkibində
qalıb-qalmaması referendumuna Naxçıvan heç
qoşulmadı. Bununla da artıq Azərbaycanın bir hissəsi
kimi mövqeyini ortaya qoydu. Heydər Əliyev Naxçıvan
Ali Məclisin üzvü və "Demblok"da olan 43 nəfərdən
biri idi. Müstəqillik məsələsində azlıqda
qaldığımızdan referendumun keçirilməsi məsələsində
uduzurduq. Belə olan halda biz mübarizəni bir az da ciddiləşdirdik
və Azərbaycanın SSRİ-nin tərkibində
qalıb-qalmaması məsələsinin səsverməyə
qoyulmasını tələb etdik. Ziyalılardan, kommunistlərdən
də bizə qoşulanlar oldu. Heydər Əliyev, Bəxtiyar
Vahabzadə, İsmayıl Şıxlı və digərlərinin
bizə qoşulması, bəzilərinin də
"Demblok"a keçməsi sayın artması ilə nəticələndi.
Həmin 43 nəfər SSRİ-nin dağılmasını, Azərbaycanın
müstəqilliyini istəyən adamlar idi və onlar da Azərbaycanın
tarixinə "İstiqlalçı deputatlar" kimi daxil
olublar. Doğrudur, hakimiyyət bu statusu təsdiqləmək
istəmir, amma xalq artıq bu statusu bizə verib. Bu gün qəribə
odur ki, müstəqilliyin, istiqlalımızın əleyhinə
səs verənlər "İstiqlal" ordeni
daşıyır. Bu tariximizin ən qaranlıq ləkələridir.
Bu həm də bizi təhqirdir. Necə ki, bəzilərinə
"xalq artisti" adının verilməsi Şövkət Ələkbərovanı
təhqirdir, eləcə də müstəqilliyin əleyhinə
olanların təltif olunmaları bizə həqarətdir.
"Bəzisi səsvermədən qorxub gizlənirdi"
-
İnsanların heç də hamısı tariximizdən məlumatlı
deyildi. Bu mübarizədə xalqın dəstəyini
almağa necə nail olurdunuz?
- Biz xalqa həqiqəti deyirdik. Biz
deyirdik ki, SSRİ-nin tərkibində olmaq başımıza
böyük fəlakətləri gətirib, sonu da
Dağlıq Qarabağ oyununun ortaya atılmasıdır. Əsrin
əvvəlində Şərqdə ilk Demokratik Cümhuriyyət
Azərbaycanda qurulub. Biz deyirdik ki, biz müstəqilliyimizi
yenidən bərpa etsək xalqımızın güzəranı
yaxşı olacaq. Bu şüarlarla, izahlarla biz xalqın
içərisinə çıxırdıq. Həmin vaxt
mitinqlərdən birini Sumqayıtda keçirdik və orda
xalqa çox şeyləri açıqladıq. Sumqayıt
mitinqlərinin xalqdan dəstək almağımızda
çox böyük köməyi oldu. O dönəmdə biz
sözümüzü parlamentdə deməklə
yanaşı, həm də bizim fikirlərimizi yayan "Azərbaycan"
qəzeti vardı. Sabir Rüstəmxanlı qəzetin baş
redaktoru, idarə heyətinin üzvləri isə mən,
Aydın Məmmədov, İsmayıl Şıxlı, Bəxtiyar
Vahabzadə və digərləri idi. Bu qəzet 200 min tirajla
çapdan çıxırdı və bir gün içərisində
də satılırdı. "Azərbaycan"la
yanaşı, Nəcəf Nəcəfovun redaktoru olduğu
"Azadlıq" qəzetinin bizim işimizdə olduqca
böyük rolu olub. Digər bir tərəfdən də Mirzə
Xəzər "Azadlıq" radiosunda bizim məsələləri
gündəmdə saxlayırdı. Bütünlüklə
hökumətə qarşı basqı davam edirdi. Bunların
nəticəsi olaraq 1991-ci il avqustun 30-da Ali Sovetdə müstəqillik
haqqında bəyannnamə qəbul olundu. Bizim SSRİ-dən
ayrılıb müstəqil dövlətimizi qurmaq istiqamətində
sənədləşdirmə prosesimiz ordan başladı. Bəyanat
qəbul olunduqdan sonra müstəqillik aktını qəbul
edən 10 nəfərdən ibarət komissiya yaradıldı.
Hacıbaba Əzimovun rəhbərliyi ilə hazırlanan sənədi
də tribunadan özü səsləndirdi. Oktyabrın 16-17-si
Ali Sovetin sessiyası çağırıldı və
müstəqillik aktının müzakirəsi keçirildi.
Yetərsayın alınmaması üçün
deputatların əksəriyyəti zala girmirdilər, foyedə
gəzir, səsvermədə iştirakdan
qaçırdılar. Çünki müstəqillik
aktının qəbulu ölkənin müstəqilliyinin rəsmi
şəkildə bəyan olunmasıydı.
- Bəs
səsvermədən qaçanlar nə oldu?
-"Demblok" səsvermənin
adbaad olmasını təklif etdi. Adbaad səsvermədə
kimin bu sənədin lehinə, kimin əleyhinə olduğu bəlli
olacaqdı. Əleyhinə olanlar sabah xalqın içərisinə
çıxa bilməyəcəkdilər. Bu qorxu altında bir
də gördük ki, deputatlar zala qayıdıb səsvermədə
iştirak edirlər. Oktyabrın 18-i axşama yaxın biz
artıq bu aktı qəbul etdik, bütövlükdə
deputatlar ona səs verdi. Artıq onlar səsvermək məcburiyyətindəydilər,
çünki, arxada xalqın nəfəsini hiss edirdilər. Həmin
gün Azərbaycanda bir barış ovqatı yarandı,
kommunistlərlə "demblok"çular bir-birinin əlini
sıxıb təbrik edir, qucaqlaşıb
öpüşürdülər. Bu bizi çox sevindirirdi,
çünki mübarizəmiz həm müstəqillik, həm
də milli barışıqla nəticələnmişdi. Onun
səhəri mitinq təyin etdik ki, bunu xalqa bəyan edək. Həmin
mitinqdə tribunada mənim yanımda rəhbər vəzifə
tutan xeyli kommunist dayanmışdı. Onları
çıxış üçün tribunaya da dəvət
etdim və ondan da artıq xalqın içərisində
barışın əldə olunduğunu bəyan elədim.
İndi qarşımızda bir yol qalırdı: müstəqil
dövləti qurmaq, onun strukturlarını bərpa etmək.
Birliyimiz məsələsini həll edib, əsas
gücümüzü Dağlıq Qarabağ məsələsinin
həllinə yönəltməliydik.
-
SSRİ-nin qaldığı bir məqamda belə böyük
mübarizə aparmaq yəqin ki, asan olmurdu...
- SSRİ tanklarının
küçələrdə gəzdiyi bir vaxtda həqiqətən
də bu mübarizəni aparmaq asan deyildi.
"Kalaşnikov" avtomatının insanlara
tuşlandığı bir vaxtda küçəyə
çıxıb, Ali Sovetə gəlib müstəqil olmaq istəyirəm,
bunun üçün mubarizə aparıram. Bu mücadiləyə
çıxanların hamısı kəfəni geymiş
adamlardır. Təbii onlar tutulur, döyülür,
öldürülür, amma bu yoldan çəkinmirdilər.
Bu mənada Azadlıq Hərəkatının liderləri, adi
üzvləri üçün çox təhlükəliydi.
Biz həmin qorxulu anları yaşamışıq.
QKÇP-ni də SSRİ-nin dağılmasının
qarşısını silah gücünə almaq
üçün yaratmışdılar.
"İrandan səs çıxmırdı"
- Amma
yenə də SSRİ qalırdı və müstəqillik
aktının qəbulu ilə iş bitmirdi. Hər şey
tamamilə dəyişə bilərdi...
- Müstəqillik aktının qəbulundan
sonra xalqın bu qərarı ilə bağlı ümumxalq
referendumu keçirildi. Referendumda da xalq bu qərarı dəstəklədi.
Bunun ardınca dövlətlər Azərbaycanı müstəqil
ölkə kimi tanımağa başladı. Türkiyə
ardınca da Pakistan, Rumınya bizim müstəqilliyimizi
tanıdı. Amma İran ən axırıncı dövlətlərin
siyahısında dururdu. Çünki Azərbaycanın
müstəqilliyini nə İran, nə də Rusiya istəyirdi.
SSRİ-nin son prezidenti Qorbaçovun istefası ilə imperiya
da dağıldı və bizim müstəqilliyimiz öz
yerini tutdu. Bundan sonrakı mərhələdə çox
çətin vəzifələr vardı və 1992-ci il
AXC-nin hakimiyyətə gəlməsinə qədər müəyyən
işlər aparıldı. Onda mən Ali Sovetdə Elm-təhsil
və mədəniyyət komissiyasının sədri idim.
Komissiya üzvləri ilə birlikdə müstəqil dövlətin
atributlarını işləməklə məşğul
olurdum.
"Müstəqilliyimizə ikrahla baxanlar var"
-
Müstəqilliyin 20 illiyi qeyd olunsa da həmin mübarizə
tarixi təbliğ olunmur. Bu ziddiyyətin səbəblərini
sizcə nədə axtarmaq lazımdır?
- Bunun bir çox səbəbləri
var. Əslində mən buna normal baxıram, çünki səbəbini
bilirəm. Onun səbəbini bilməyənlər isə bu
münasibətdən qıcıqlanırlar. Bunun təbliğini
istəməyənlərin çoxu həmin dövrdə
müstəqilliyin əleyhinə səs verirdilər. Müstəqilliyin
əleyhinə olanlar təbii ki, həmin günlərin təbliğinin
tərəfdarı olmayacaq. Bu həm də "SSRİ
dağıldı, Azərbaycan da müstəqilliyini
qazandı" yanaşması ilə bağlıdır. Təəssüflər
olsun ki, bu gün elə həmin adamlar döşlərində
"İstiqlal", "Şöhrət" ordeni gəzdirirlər.
Hazırın naziri olublar, müstəqilliyin əldə
olunmasının ağrı-acısını görməyiblər.
Bir az da onlarda müstəqillik gününə ikrah da var. Digər
bir tərəfdən də xalqın, dövlətin tarixində
önəmli yeri olan bir gün nə bayram kimi qeyd olunur, nə
də təbliğ edilir. Amma məni sevindirən odur ki,
vaxtı ilə bu yolda mübarizə aparanlar bu bayramın qədrini
bilir. Yeni yetişən gənc nəsil də artıq bu
bayramın adi bayram olmadığının fərqinə
varırlar. On min illərlə bu günümüzə qədər
gələn "Novruz bayramı"ndan sonra ən
böyük bayramımız müstəqillik aktının qəbulu
günüdür. Əvvəl-axır bu gəlib öz yerini
tutacaq, bundan nigaran deyiləm. Müstəqilliyi qazanmaq
asandır, amma onu qoruyub saxlamaq, inkişaf etdirmək,
yaşatmaq qazanmaq qədər çətindir. Necə ki, Məhəmməd
Əmin Rəsulzadə və onun mübarizə
yoldaşları dövləti qurdular, amma onu ikildən
artıq qoruyub saxlaya bilmədilər. Çünki gücləri
çatmadı, qarşıdakı düşmən çox
güclüydü.
Mən
hökumətin yerinə olsam həmin günlərin mitinqlərini
televiziyalarda nümayiş etdirərəm ki, camaat
yaddaşını itirməsin.
"Biz deputat olmamışıqsa..."
-
"İstiqlalçı deputatlar"a həmin günlərin
prizmasından yanaşanda bugünkü münasibət sizi
narahat edir?
- Əlbəttə ki, bizlərə
bəslənilən münasibət normal deyil. Bu mücadilədə
olan insanlar özlərini, karyeralarını, ailələrini,
hər şeyi xalqın azadlığa çıxması
yolunda qurban verirdilər. Qorxulara baxmayaraq, ümummilli mənafe
naminə risklərə gedirdilər. Nə yazıq ki, həmin
43 deputatdan xeylisi dünyasını dəyişdi. Onların əksəriyyəti
də maddi sıxıntı içərisində yaşayan
insanlar idi. İstiqlal uğrunda mübarizə aparan deputatlar
postsovet məkanı ölkələrində də var və
onlara çox böyük dövlət qayğısı da
göstərilir. Heç bizlərin qanuni təqaüdümüz
verilmir və bəhanə də gətirilir ki, biz deputat
olmamışıq. Biz deputat olmamışıqsa, bu dövlətin
müstəqillik aktını, atributlarını kim
hazırlayıb? SSRİ-nin vaxtında olan və 1990-cı ildən
əvvəlki məmurların bütövlükdə
hamısına bugünkü statusla təqaüd verirlər. Yəni
həmin vaxt məhkəmədə işləyən məhkəmə
işçisi bugünkü məhkəməyə verilən
statusla təmin olunur. Bizdən sonrakı deputatlara da çox
yüksək təqaüd verirlər. Biz isə ortada
qalmışıq, bizə nə əvvəlki, nə də
sonrakı statusu verirlər. Bu münasibət ilk növbədə
dövlətçiliyimizə ziyandır, üz
qarasıdır. "İstiqlalçı deputatlar"dan bəziləri
hüquqlarının bərpası üçün məhkəmədə
bu məsələni qaldırıb. Amma məhkəmələr
də "istiqlalçı deputatlar"ın əleyhinə
qərar qəbul edirlər. Rəhmətlik Mürşüd Məmmədov
məhkəmədə hüququnu bərpa edə bilməyib
dünyasını dəyişdi. Hacıbaba Əzimov məhkəməyə
müraciət etsə də nəticəsi olmayıb. Məryəm
Həsənovanın məhkəməsinə mən də getmişdim.
Amma məhkəmə eşidəndəki biz gəlmişik,
bizimlə üz-üzə gəlmək istəmədi.
Axı bizim hüquqlarımız niyə tapdalanır? Axı
bu 43 nəfərin mübarizəsinin nəticəsini siz
görürsünüz, ona görə də
özünüzü insan kimi aparmalısınız. Amma bu
münasibət belə davam edə bilməz. Ölkə
başçısı mənə prezident təqaüdünün
verilməsi barədə göstəriş verib. Vaxtı ilə
baş nazirin müavini, təhsil naziri olmuşam və fəaliyyətim
dövründə gördüyüm işlər var. Uzun
müddət təhsil sahəsində
çalışmışam, deputat olmuşam, müstəqillik
aktının qəbulunda, dövlət atributlarının
hazırlanmasında əməyi olmağım müqabilində
prezident təqaüdünə layiq görülməyim
normaldır. Amma 3 il əvvəl verilən göstərişi
məmurlar eşitməzliyə, görməzliyi vurur. Bu
problemin həlli yolu var-milli barışla həmin qüvvələri
təmizləmək.
- Birgə
mübarizə aparmış insanların 20 illiklə
bağlı hansısa planı varmı?
- Biz arada bir
yığışıb ölkədəki vəziyyətlə
bağlı münasibətimizi bildirir, hökumətə də
demokratikləşmə, korrupsiyanın aradan
qaldırılması, ölkədə barış yaranması
üçün müraciət edirik. 5-6 məmur bir tərəfdə,
3-4-ü də digər tərəfdə bir-birini sıradan
çıxarmaq uğrunda mübarizə aparırlar və bu
savaşlara kütlələri də cəlb etmək istəyirlər.
Onların xalqa, dövlətə nə xeyri olacaq? Əlbəttə
ki, bütün bunlar dövlətçiliyimizi içəridən
sarsıdan məsələlərdir. Biz dövlətçi
adamlarıq, təqaüd almasaq da, 10-15 il işləməsək
də damarlarımızda dövlətçiliyin qorunması
qanı axır. Çətinliklə qurduğumuz dövlətin
bir balaca da olsa axsaqlığını istəmirik bu dövlət
nə qədər çiçəklənib böyüsə,
bu bizim arzularımızın çiçəklənməsi
olar.
"Bəli,
təmənnam vardı"
- Bu
günün prizmasında baxanda həmin mübarizəyə təmənnalı
qoşulmuşdunuz?
- Şəxsən mənim təmənnam
vardı. Bu təmənna nə idi? Mən
arzuladığım reformaları aparmaq üçün
imkanımın olmasını istəyirdim. Təhsilimizin,
elmimizin inkişafını, dövlətimizin sağlam
qurulmasını istəyirdim. İmkan daxilində nazir
müavini, nazir olanda da bunu etdim. Baş nazirin müavini olanda
Nazirlər Kabinetində uzun bir kabinetim vardı, onu tələbə
qəbulu komissiyasının otağına çevirmişdim.
Türkiyəyə oxumaq üçün 2 min tələbəni
testdən keçirib göndərmişdik. Sonra daxildə ali
məktəblərə qəbulu test üsulu ilə
keçirdik. Vəzifədən çıxdıqdan sonra ora
Vurğun Əyyubun prinsipiallığını nəzərə
alıb TQDK- nın sədri təyin olunmasını təklif
etdim. Həmin vaxt onun sədrliyi ilə keçirilən
imtahan da çox yaxşı keçdi. Təhsil Qanunu
yazdıq. Dünya Bankının hər il arayışı
jurnal şəklində çıxır. 1992-ci ilin
arayışına görə MDB ölkələri içərisində
təhsil sahəsində birinci yerdə dururdu. Nazir müavini
olarkən başladığım reformları Əbülfəz
bəyin hakimiyyəti dövründə təhsil naziri işləyərkən
davam etdirdim. İndi Boloniya sisteminə
qoşulduqlarını, bakalavr, magistr mərhələsinə
keçdiklərini bəyan edirlər. Biz 1992-ci ildə
bunları yaratmışdıq. Rektorların seçilməsindən
başlamış təhsildə çox böyük reformlar
həyata keçirildi və ən böyük xidmətim oldu
ki, dövlətin üzünü təhsilə çevirə
bildim.
- Baş nazirin müavini olaraq niyə
məhz ilk olaraq reformlara təhsildən başladınız?
- Mən nazirin humanitar sahələr üzrə müavin idim və birbaşa mənim vəzifəmə aid idi. Təhsildən ona görə başladım ki, hər şeyin bünövrəsi təhsildən başlayır. Təhsildə reform olmasa digər sahələrdə də müsbət nəticə əldə etmək olmaz. Təkcə imtahanların test üsuli ilə götürülməsi bütün MDB ölkələrinin ciddi marağına səbəb olmuşdu. Onlar bizdən bunu necə həyata kerdiyimizi soruşurdular. Biz təhsil içşçilərinin maaşlarını üçqat artırdıq. Həmin dövrdə Yaqub Məmmədov qısa müddətli prezident vəzifəsini icra edirdi, o olmasaydı yəqin ki, hazırladığımız həmin sənəd imzalanmayacaqdı. Müəllimlərə bir sıra güzəştlər olunurdu ki, bu münasibət də təhsilin qaldırılmasına istiqamətlənmişdi. Çox təəssüf ki, biz uzaqlaşdırıldıqdan sonra təhsildəki proseslər yarımçıq qaldı və üzü geri getməyə başladı.
- "Təhsil elə bir sahədir
ki, burda həyata keçirilən dəyişikliklər uzun
illər tələb edir" fikrini
bölüşürsünüz? Sizin qoyduğunuz
bünövrə niyə davam etdirilmədi?
- Həqiqətən də təhsil elə bir sahədir ki, ora qoyulan investisiya 1-2 ilə öz bəhrəsini vermir, 10 ildən sonra nəticəsini görmək olar. Bu mənada təhsil dövlətin strateji sahəsi olduğu üçün qoyulan investisiya ən qiymətli investisiyadır. Çünki millətin gələcəyi təhsillə müəyyənləşir. Amma təhsildə inqilabi dəyişiklik bir az partizansayağı olmalıdır və bu mümkündür də. Çox ciddi dəyişiklik olunmalıdır, bunu da biz gətirmişdik. Onun da necə böyük çətinliklərlə başa gəldiyini biz bilirik. Görünür, ona görə də insanlar belə çətinliklərin altına girmək istəmirlər. Bir ildə köhnə əlifbanın yenisi ilə əvəzlənib, bütün kitabların yeni əlifba ilə nəşr olunması böyük iradə tələb edirdi. Gərək bu işə canını qoyasan ki, onun da nəticəsini görəsən.
Gültəkin
Qəhrəmanlı
Ədalət.-2011.-15
oktyabr.-S.12-13.