Səkinə İsmayılova: "...ağızlarını açmaqdan çox, bədənlərini açmağa üstünlük verirlər"

 

  Tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılovanın Milli.Az xəbər portalına müsahibəsi.

  

   Müsahibim artıq 30 ildən çoxdur ki, sənətdədir. Bu müddətdə haqsızlıqla da üzləşib, çətinliklə də. Amma özünün dediyi kimi, sənətə olan sevgisi ona bu yoldan dönməyə imkan verməyib. Məqsədi uğrunda mübarizə aparıb, həm özünü, həm də Azərbaycan muğamını bir çox ölkələrdə tanıdıb. Qadın xanəndələrin ifa zamanı qavaldan istifadə etmələrini də o dəb salıb. Bəli, bütün bu sadaladıqlarımızın hamısı tanınmış muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova edib. Əlbəttə, Səkinə xanımın elədikləri daha çox və daha qiymətlidir. Ancaq onları sadalamağa ehtiyac yoxdu. Çünki onu hamı yaxşı tanıyır, Azərbaycan musiqisinə xidmətlərini hamı görür. Yaxşısı budur, xanəndə özü danışsın, biz qulaq asaq.

  

   - Hazırda Milli Musiqi Akademiyasında muğamdan dərs keçirsiniz. Necə düşünürsünüz, illər sonra Azərbaycanda sizin kimi, Alim Qasımov kimi muğam ustalarımız olacaqmı?  

   - Bilirsiniz, hər dövrün öz ifaçıları olur. Sizdən öncə bu otaqda 20 tələbə var idi. Onların hamısı muğam ustası olmayacaq ki! Bəlkə aralarından bir xanəndə çıxa. Ancaq elə hər tədris ocağından bir muğam ustası çıxsa bəsdir. Hamı zamanın xəlbirindən keçəcək.  

   Korifeylərimizdən sonra muğam ölmədi. Barmaqla sayılsaq da, peşəkar ifaçılar - biz varıq. Gələcəkdə də belə olacaq. Muğamın inkişaf etməsi üçün çox işlər görmək lazımdır. Muğam bizim dünənimiz, bu günümüz, sabahımızdır. Muğama məhəbbət, sevgi ailədən gəlməlidir. Demirəm ki, uşağı muğama qulaq asmağa məcbur etmək lazımdır. Xeyr, sadəcə olaraq, kiçik yaşlarından Opera və Balet Teatrına, muğam konsertlərinə aparmaq lazımdır.  

   Bizim kişi xanəndələrimizlə yanaşı, qadın xanəndələrimiz də olub: Həqiqət Rzayeva, Cahan Talışinski, Yavər Kələntərli, sonra yeni nəsil - Rübabə Muradova, Sara Qədimova gəldi. Yəni muğam sənəti davam etdi. Ancaq heç kəs, heç kəsi əvəz eləmir. Hərənin öz dəst-xətti var. İndi sənətə gələnlərdə isə özünü korifeylərə bənzətmək istəyi yaranıb. Hərə özünə görə məsuliyyət daşımalıdır. Əgər bu gün sən Səkinə xanım kimi oxuya bilmirsənsə, oxuma. Çünki büdrəyəcəksən.

   - Deyəsən, dərslər sizi yorur?  

   - İşim çoxdur. Hər dəfə tələbələrlə bu qədər məşğul olmaq, təbii ki, enerji istəyir. Mənim işim təkcə tələbə yetişdirmək deyil ki. Qastrol səfərlərim də çox olur. Digər tərəfdən, müəllimliklə ifaçılıq bir araya sığmır. Elə ifaçı var ki, həyatını sırf pedaqoji fəaliyyətə həsr edir. Məsələn, mənim ustadım Nəriman Əliyev. O, gözəl müəllim idi. Bu gün muğam sənətində öz sözünü demiş sənətkarların böyük əksəriyyəti onun tələbəsi olub. Onun tələbələrinin tələbələri indi xalq artistidir. Məsələn, Ağaxan Abdullayev onun tələbəsi olub, o, da Alim Qasımovun müəllimi olub. O, bütün ömrünü pedaqoji fəaliyyətə sərf etdi. Mən özüm müəllimliyə tələbələrimin arzusu ilə gəldim. Bu gün Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində, Milli Musiqi Konservatoriyasında da dərs deyirəm.  

   - Tələbələrinizin səviyyəsi sizi qane edirmi?  

   - Qane edəni də var, etməyəni də. Elə bizim dövrümüzdə də belə olub. Məktəbi qurtaran 30 tələbənin 30-u da xanəndə olsaydı, o zaman seçim aparmaq olmazdı ki. Əgər 30 tələbənin arasından 5-6 xanəndə çıxırsa, bu da böyük göstəricidir. Amma indi gözəl səsi olanların məktəbə daxil olmalarında da böyük problem yaranıb. Bu da imtahanların test üsulu ilə olmasıdır. Görürsən ki, gözəl səsi olan uşaq test imtahanından kəsilir. Amma bir balaca səsi olan imtahandan keçir. Belələrinə də dərs keçəndə biz yoruluruq. Xanəndə üçün səs daha önəmlidir. İstedadı olan gənclərə tarix və ya coğrafiya fənnini bilməməsi o qədər də böyük qəbahət deyil. Axı, həmin adama Allah-Təala istedad verib.  

   - Səkinə xanım, siz sənətə gələndə qadınların səhnəyə çıxmasında böyük problemlər vardı. Nə yaxşı Bülbülə kimi bir kənddə sizə oxumağa imkan verdilər?  

   - O dövrdə qızların müğənnilik sənətinə üz tutmasını ailədə sevinclə qarşılamırdılar. Çünki valideynlər uşaqlarının daha ciddi peşə seçməsini istəyirdilər. Mənim arzum isə hüquqşünas olmaq idi, buna görə dərslərimi də yaxşı oxuyurdum. Amma mənim bir musiqi müəllimim vardı - Vidadi Xəlilov, indi professordur. Özü qarabağlı idi. O, dedi ki, "sənin gözəl səsin olduğuna görə mümkün deyil ki, gedib hansısa başqa peşəni seçəsən". Onun sözü məni hüquqşünas olmaq arzusundan çəkindirdi.  

   Onu da deyim ki, valideynlərimi güc-bəla ilə yola gətirib razılıqlarını aldı. Yadımdadır, təzə-təzə tanınırdım, böyük-böyük sənətkarların diqqətini cəlb etmişdim. Rəşid Behbudov kimi bir korifey sənətkar, Rafiq Babayev kimi məşhur caz ustasını Bülbüləyə, bizim evə göndərmişdi ki, "Rəşid müəllim sabah saat 2-də öz teatrında səni gözləyir". Yəni istedadlı uşaqlara dahilər qayğı göstərirdilər, özləri çağırırdılar. Amma indi tərsinədir. Gənclər özləri gedib yalvarırlar ki, "mən səhnəyə gəlim".  

   - İndi əsas iradlardan biri sənətçilərimizin açıq-saçıq geyinməsinədir.  

   - Mən bunu belə başa düşürəm: əgər sənətin varsa, ehtiyac yoxdu bədənini açmağa, ağzını . Bədənini açmaqla sübut edəcəksən? Mənə elə gəlir ki, sənəti olmayanlar ağızlarını açmaqdan çox bədənlərini açmağa üstünlük verirlər. Bədənlərini açmaqla özlərini reklam edənlər sənətdə qalmayacaqlar. Qadın bağlı olmaq üçün yaranıb. Əgər bu gün qadın açıq geynirsə, o heç kəs üçün maraqlı ola bilməz. sənətkar kimi, insan kimi. Elələrinə baxanda, xəcalət çəkirəm. Çünki həmin səhnəyə mən çıxıram. Səhnə adamları göz qabağında olduqları üçün tərbiyəli olmalıdırlar. Açıq geyinənlər uşaqların tərbiyəsini pozurlar. Demokratiya deyəndə, onlar açıq geyinməyi nəzərdə tuturlar. Bəziləri deyir ki, "mən sənətə görə ailəmi dağıtdım". Baxırsan, heç sənəti yoxdu. Beləsinin iki uşaq böyütməsi daha faydalıdır.  

   - Sizin sənətə gəldiyiniz dövrlə, indiki dövr arasında sənət baxımından hansı fərqlər var?  

   - Çox böyük fərq var. Mən Opera Balet Teatrına gələndə, çox cavan idim. Özüm Bülbülədə yaşayırdım. Bir gecə saat 12-də Rafiq Babayev bizə gəldi Rəşid Behbudovun məni axtardığını söylədi. Onda mən xeyli fikirləşdim ki, gedim Rəşid Behbudovun yanına, yoxsa yox. Məni qastrol səfərlərinə aparmaq istəyəndə isə, yoldaşımdan icazə almalı olduğumu söylədim. Onlar da yoldaşımı dilə tutub razılaşdırdılar. İndi isə sənətçilər özləri gedib qapılar döyürlər.  

   - Solo-konsert vermək fikriniz varmı?  

   - Var, hazırlaşıram. İlk rəsmi dəvət mənə filarmoniyadan edilib. Planlaşdırıram. İstəyirəm həmin gün əsl muğam gecəsi olsun.

 

 

   Ədalət.-2011.-15 oktyabr.- S.24.