BİR PAYIZ YAĞIŞI...

 

  ... Adamın canı ağrıyanda bilmir neyləsin. Daha doğrusu, dünyada ən gözəl var-dövlət can sağlığıdır. Bu sözləri cavan yaşlarımızda eşidəndə çox adi qarşılayırdıq və fikirləşirdik ki, onsuz da canımız sağdır da, buz baltası kimiyik, tay başqa can sağlığına nə ehtiyac. Elə ki, illər ötdü, yaşa dolduq və 50-yə çatdıq, bax onda can sağlığının nə olduğunu daha dərindən dərk elədik. Dərk elədik ki, heç də cavanlıqda sağlamlığımızın qayğısına qala bilməmişik; isti kababdan yeyib üstündən buz kimi su içmişik. Amma heçhiss eləməmişik. İllər keçəndən sonra bu isti kabab, buz kimi su, buz kimi araq, buz kimi pivə bizə öz təsirini göstərib. Düzdür, mən araq içən olmamışam, ancaq heç özümübir o qədər yaxşı qoruya bilməmişəm. Nə gəldi yemişəm və illər keçəndən sonra onun altını çəkmişəm. Ona görə də nə az, nə çox düz 20 ildir müxtəlif sanatoriyalarda olsam da əvvəlki sağlamlığımı bərpa edə bilməmişəm. Amma buna da şükür. Əgər yeriyirəmsə, ürəyim döyünürsə və ayaqlarım məni harasa aparırsa, naşükür olmaq lazım deyil...

 

   Şəfa ocağı

 

   "Abşeron" sanatoriyası keçmiş Sovet İttifaqında məşhur müalicə ocaqlarından biri olub. Ən çox da bura SSRİ-nin müxtəlif respublikalarından ötən əsrin 70-ci illərində insanlar gələrək şəfa tapıblar. Ötən əsrin 90-cı illərinin əvvəllərində mən də bu müalicə ocağına şəfa tapmağa gedirdim. Ağrılarım o qədər çox idi ki, bəzən ona dözə bilmirsaatlarla öd ağrısından qıvrıla-qıvrıla qalırdım. Müayinə olunandan sonra mənə həkimlər dedilər ki, "Abşeron" sanatoriyasına getsən ağrıların götürüləcək. Həmin ili bu sanatoriyaya gəldim. Müalicə kursu başa çatandan sonra özümü əməlli-başlı yaxşı hiss elədim. Sözümün canı odur ki, həmin illərdə də Moskvadan, Kiyevdən və digər şəhərlərdən bu sanatoriyaya müalicəyə gələn yüzlərlə insanı gördüm. Onlar dedilər ki, ən çox ona görə Bakıya gəlirik ki, burda dəniz var. Dənizin suyunun, qumunun və havasının müalicəsinin əvəzi yoxdur. Rusiyadan gələn insanlar səhər saat 6-da yuxudan duran kimi dənizə gedirorda çimir, qum üzərində səhər saatlarında vanna qəbul edirsonra sanatoriyaya qayıdırdılar. Sanatoriyada isə onlar bəzi təbii müalicələri götürürdülər. Deyirdilər ki, bu sanatoriyada olan palçıq vannası Yesintukidə olan palçıqdan daha şəfalıdır. Düz sözə nə deyəsən? Çünki Masazırdan bu sanatoriyaya gətirilən müalicəvi əhəmiyyətli qara palçığın analoqu yoxdur. Həkimlərin dediyinə görə, bu palçıq vannasını qəbul edən xəstə az bir müddətdə mədə-bağırsağında, qara ciyərində və öd kisəsində heç bir ağrı-acı hiss eləmir...

 

   Ümidlə gələnlə 

 

   Bura şəfa tapmağa gələnlər böyük ümidlə gəlirlər. Bir müddət müalicə olunursonra da evlərinə dönürlər. Qəribəsi odur ki, bura bir dəfə gələn yenə müalicəyə gəlməyə can atır. Təbii ki, bu da təsadüfi deyil. Əgər kiməsə müalicə düşərli olmasa, yəqin ki, o, başqa sanatoriyaya üz tutacaq.    

   Sanatoriyanın baş həkimi Fəxrəddin Məmmədovla çoxdan tanışıq. Çünki hər dəfə müalicəyə gələndə elə birinci onunla görüşməli olur, sonra yerimizi müəyyənləşdirir və müalicəyə başlayırıq. Fəxrəddin müəllim deyir ki, bu il artıq sanatoriyanın müalicə korpusunun iki mərtəbəsini yüksək səviyyədə təmir edib istifadəyə vermişik. Bir müddətdən sonra isə müalicə korpusunun üçüncü mərtəbəsi və müalicəyə gələn insanların yerləşdikləri dördüncü korpus əsaslı surətdə təmir ediləcək. Həqiqətən də müalicə korpusunun birinciikinci mərtəbələri yüksək keyfiyyətlə təmir edilib. Hətta dəhlizdə müalicədən sonra xəstələrin əyləşib istirahət etməsi üçün yumuşaq kreslolar da qoyulub...

 

   Gözlərdə olan sevinc

 

   İnsan şəfa tapanda birinci onun gözündə işıq olur. Gözündəki işıq ürəyinə ordan da içinə axır. Bu sanatoriyada da müalicəyə gələnlər öd yollarının, qara ciyərin, mədə-bağırsağın, ürəyin digər orqanların müalicəsindən tutmuş əsəb sisteminə qədər müxtəlif vannalar qəbul eləyirlər. İstər-istəməz bu müalicələrin qəbul edilməsi onların səhhətində müsbət dəyişiklik yaradır xoş aura, ovqat aşılayır. Hər bir xəstənin bura ümidlə gəlməsi sonra da şəfasını tapması sanki möcüzəyə bənzəyir. Bir neçə yaxın tanışım deyir ki, bu sanatoriyaya gələndən sonra ağrım-acım azalıb. Hansı ki, bura qədər neçə-neçə xəstəxanaya, müalicə ocağına getmişdim. Amma müalicələr elə bir effekt vermirdi.

  

   Kimya xanımı niyə hamı çox istəyir

 

   Kimya Qarayeva düz 35 ildir ki, bu sanatoriyada çalışır. O, öd yollarının yuyulmasından tutmuş mədə-bağırsaq yuyulmalarına qədər bütün prosesləri çox yüksək peşəkarlıqla və məharətlə yerinə yetirir. Çox xəstə tanıyıram ki, mədə-bağırsağında yuma əməliyyatı aparmaq üçün Kimya xanımın yanına gəlir. O da bu prosesi elə yerinə yetirir ki, xəstə ağrısız-acısız olur və proses zamanı heç bir çətinlik yaşamır. Kimya Qarayeva indiyə kimi yüzlərlə xəstəyə şəfa verib. Ən böyük şəfası isə onun son dərəcə şirin dilli və mehriban olmasıdır. Kimya xanım deyir ki, bəzən xəstəyə deyilən bir şirin söz yüz dava-dərmandan və müalicədən daha düşərli olur. Son dərəcə ismətli, abırlı və ziyalı bir xanım olan Kimya Qarayeva elə bu məziyyətlərinə görə də sanatoriyaya gələn və şəfa tapmaq istəyən insanların sevimlisinə çevrilib. Kimya xanım ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. O deyir ki, bu mənim əməyimə, zəhmətimə verilən ən yüksək qiymətdir. Və buna görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Nə vaxta qədər canımda sağlıq, gümrahlıq var, yenə mən millətimin, xalqımın sağlamlığının keşiyində duracam. Kimya xanım hər açılan səhərə şükür eləyir. Şükür eləyir ki, işlədiyi kollektivdə böyük hörməti var. Və bir də Kimya xanım üç nəvəsi - İlkin, Hüseyn və Aişə ilə həmişə fəxr eləyir. Deyir ki, məni yaşadan onlardı. Nəvələrimi bir gün görməsəm ürəyim partlayar.  

   Sanatoriyada baş həkimin müavini Şahin Əliyevin adı qürurla çəkilir. Çünki Şahin həkim yaxşı insan və səmimi bir ziyalıdır. Eyni zamanda, mənim çoxdan tanıdığım gözəl həkim və ziyalı Zülfüqar Kazımov da xəstələrin yaddaşında təmiz və vicdanlı insan kimi qalıb. Daha doğrusu, Zülfüqar həkimin heç vaxt dünya malında gözü olmayıb. Bu barədə bir az sonra danışacağıq. Sanatoriyanın tibb bacılarından Mehriban, Toma, Maya, Sevinc, Zərifə, Sədaqət, Telli və eləcə də digərləri xəstələrə göstərdikləri diqqətə görə böyük hörmət qazanıblar...

  

   Ölümün bir addımlığında

 

   ... Səhər açılanda öd yollarından dubaj olundum. Həkimlər adətən dubajdan sonra müalicə götürməyə xəstələrə icazə vermirlər. Mən isə sanki bunları yaddan çıxarırmış kimi iki elektrik müalicəsi götürdüm. Özümü tez səhər yeməyinə çatdırdım. Yemək paylayan xanım boşqab dolu mannanı mənə sarı uzatdı. Başqa yeməklər yemədiyimə görə, ikinci boşqabı da manna ilə doldurub verməsini xahiş elədim. Elə ağzıma bir-iki qaşıq manna qoymuşdum ki, birdən-birə gözüm qaraldı və soyuq tər məni basdı. Bircə yanımdakı oğlana - Murad Ədilova (o, "Azadlıq"ın yazarı Natiq Güləhmədoğlunun qardaşıdı) dedim ki, özümü pis hiss edirəm. Onlar çöhrəmə baxan kimi həkim dalınca qaçdılar. Aləm bir-birinə dəydi və heç nədən xəbərim olmadı. Biro vaxt oyandım ki, yaxın dostum Zülfüqar həkim təzyiqimi ölçür. Əvvəl qulağım tamamilə tutulmuşdu, ancaq gözlərim bir ağartı görürdü. Bu da həkimin xalatı idi. Heç dəqiqləşdirə bilmirdim ki, bu Zülfüqar həkimdi. Amma görürdüm ki, onun əlləri əsir, özünü məndən çox itirib. Sən demə, həmin vaxt mənim qan təzyiqim sıfıra enib, daha doğrusu, bir anlıq o dünyanın və ölümün bir addımlığında olmuşam. Sadəcə olaraq, Allahın mənə və balalarıma yazığı gəldiyi üçün ipim qırılmadı. Təcili mənə iynə vurulduşirin çay verildi. Bundan sonra gözümə işıq gəldi və ətrafdakı dostlarımı gördüm: Fəxrəddin, Murad, Aydın mənə baxırdılar. Onların rəngi ağappaq idi. Mən də fikirləşirdim ki, görəsən onların rəngi niyə belə ağappaqdı?! Sən demə, onlar mənim halıma baxıb və vəziyyətimi görüb şoka düşüblər. Birdən Zülfüqar Kazımovun səsini eşitdim: sənin heç nəyin yoxdur və hər şeylap yaxşıdı. Bu sözlər mənim daxilimdə bir inam yaratdı və xəstəliyi özümdən uzaqlaşdırdım. Yavaş-yavaş halım yaxşılaşırdı. Buna görə göydə Allaha, yerdə də Zülfüqar Kazımova minnətdarlıq edirdim. Şükür İlahinin məsləhətinə. Onsuz da ölüm gözlə qaş arasında olur. Bu dəfə də Əzrayıl məndən yan keçdi. Görünür, adım onun siyahısında yox imiş..

 

   Payız yağışı...

 

   Stol yoldaşlarım Aydın Mahmudov, Fəxrəddin Əhmədov və Murad Ədilovla hər gün üç dəfə yeməkxanada görüşərdik. Fəxrəddin Əhmədovla 15 ildir dostluq eləyirəm. Çox saf, təmiz və zəhmətkeş adamdır. Həmişə şərtləşirik ki, eyni vaxtda sanatoriyaya gedək. Bu vaxt da payız ayı olur, yəni sentyabr ayında biz onunla sanatoriyada görüşürük. Çox gözəl yoldaşlığı, dostluğu var. Sadə olduğu qədər də Fəxrəddin səmimidir. O balıqdan bir uxa bişirir ki, barmağının beşini də yalayırsan. Yəni onun bişirdiyi yeməyin dadından-tamından doymaq olmur. Murad Ədilovla sanatoriyada tanış oldum. Sabirabad rayonundandı, mühafizə xidmətində işləyir. Cavan olmasına baxmayaraq, çox ağır, ağayana və savadlı bir gəncdi. O məndən tez-tez kitablar soruşurdu. Deyirdi ki, bura gələndə dünya ədəbiyyatının tanınmış siması olan Markizin "Yüz il tənhalığı"nı oxumuşam. Kitabın varsa ver, oxuyum. Sözün düzü, mən də Aqil Abbasın "Batmanqılınc" romanını ikinci dəfə oxuyurdum. Artıq kitabı oxuyub qurtaranda mən müalicəni bitirib evə qayıdırdım. Ona görə də kitabı Murada verə bilmədim. Ancaq cavan bir oğlanın kitaba olan sevgisini görəndə çox sevindim. Sevindim ki, nə yaxşı bizim gənclərin arasında kitab axtaran, oxuyan belə cavanlar var. Onun tərbiyəsinə, düşüncəsinə və əxlaqına söz ola bilməzdi. Qayıdanda da dedi ki, Natiqgildən təzə kitab gətirmişəm və vaxtımı da bu kitablarla keçirəcəm.    

   Digər bir stol dostum Aydın Mahmudovsa Qarabağ müharibəsi veteranıdır. Əslən Qazax rayonundan olan Aydın Qarabağ müharibəsində sinəsini qabağa verib və döyüşlərdə yaralanıb. O da çox səmimi, qanacaqlı və mədəni bir insandı. Çox vaxt danışmaz, başını aşağı salıb bizim söhbətimizə qulaq asardı. Bir dəfə də dedi ki, oğlu əsgərliyə gedir, hərbi xidməti Tərtərdə edəcək. Görünür, həmişə vətənpərvər insanların övladları da onların yolunu gedir, əməlini davam etdirir. Aydın qardaşımız onu da dedi ki, mən döyüşə gedəndə bir neçə tanıdığım adam aradan çıxıb bizneslə məşğul oldu. İndi onların bahalı maşınları, evləri-eşikləri və böyük biznes şəbəkəsi var. Məni görəndə çoxu salam vermir. Nə var, nə var var-dövləti var. Stolun ətrafındakı dostlarımız və eləcə də mən Aydın qardaşıma bildirdik ki, heç qəm eləmə, sən onlardan varlı, dəyərli və qiymətli insansan. Sənin təmiz ürəyin, gözəl ailən və rahat həyatın onlardan min qat yaxşıdır. Deyəsən, bu sözlərimiz onun ürəyincə oldu.  

   ... Bayırda isə leysan yağırdı. Heç kim yeməkxanadan çıxıb qaldığımız korpusa getmək istəmirdi. Sanki hamı bu payız yağışının nə vaxt kəsməsini səbirsizliklə gözləyirdi. Ancaq yağış da o biri yağışlara bənzəmirdi. Elə bil göydən yerə vedrə ilə su tökürdün. Yağış yağırdı, yeməkxanadakı adamlar isə onun dayanmasını gözləyirdi...

 

   "Şuşanın dağları" "Abşeron"da

 

   Çox qəribədir ki, insan harda olursa olsun, həmişə gözəl musiqiyə, mahnıya mənəvi bir ehtiyac duyulur. Bəzən musiqi ən qiymətli dərmandan daha çox xəstəyə müsbət təsir edir. Tanınmış həkimlərdən biri əməliyyat zamanı xəstəyə narkoz əvəzinə musiqi seansı verirmişmusiqinin altında həmin xəstənin üzərində cərrahiyyə əməliyyatı aparırmış. Təbii ki, bu da təsadüfi deyil. Çünki musiqinin özünün qeyri-adi müalicəvi bir əhəmiyyəti var.    

   Sanatoriyada da müalicədən sonra axşam saatlarında hər gün maraqlı konsert proqramları olurdu. Təbii ki, bu konsert proqramlarını da təşkil edən sanatoriyanın mədəniyyət işçiləri idi. Mehmanı çoxları bu sanatoriyada yaxşı tanıyır. Çünki bütün konsertlərin təşkilatçısı elə o özü olur. "Şuşanın dağları" ansamblını da sanatoriyaya Mehman müəllim dəvət eləmişdi. Ümumiyyətlə, müalicə dövründə neçə-neçə tanınmış müğənnilər maraqlı konsert proqramı ilə xəstələr qarşısında çıxış elədilər. Onların ən yadda qalanı "Şuşanın dağları" ansamblının üzvü Vəsilə Quliyeva idi. Vəsilə xanım həm xalq, həm bəstəkar mahnılarını, həm də təsnif və muğamları çox gözəl ifa eləyirdi. Bəzən təkbaşına üç-dörd saat əlindən mikrofon düşmür, mahnıları canlı səsləndirir və qeyri-adi rəqsləri ilə hamını təəccübləndirirdi. Həm ifa, həm də rəqs eləmək müğənni üçün o qədər də asan deyil. Hind filmlərində gördüyümüz fasiləsiz rəqsləri Vəsilə xanım o qədər peşəkarlıqla oynayırdı ki, bu rəqslər tamaşaçıların böyük marağına səbəb olurdu. Ən çox da maraq ondan ibarətdir ki, Vəsilə bu qədər canlı mahnı oxuyur, ifa eləyir, yorulmur. Amma başqa televiziyada çıxış edən dırnaqarası müğənnilər fonoqramma oxumaqla tamaşaçıları boğaza yığır. Elə Vəsilənin də peşəkarlığı və ifaçılığı onu deməyə əsas verir ki, bu istedadlı müğənniyə niyə televiziya kanallarının qapısı bağlıdır? Görünür, bu gün musiqi aləmində istedaddan, səsdən çox, kiminsə ya pulu, ya da arxasında duran adamı olmalıdır ki, efirə çıxsın və tamaşaçılar arasında tanınsın. Onsuz da Vəsilə Quliyevanın şirin səsinə və ifasına görə çoxları tanıyır və çoxları da onun ifasını səbirsizliklə gözləyir. Hər halda, istedadlı adamlar üçünvaxtsa bağlı qapılar açılır. İnanırıq ki, o bağlı qapılar günlərin birində Vəsilə Quliyevanın da üzünə açılacaq!...

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2011.-18 oktyabr.-S.6.