Ümumtəhsil
sistemində müasirləşmə dövrü
(mövzu əsasında VI yazı)
Azərbaycan reallığında
Xalqımız dövlət
müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümünü bayram edir. Davamlı inkişaf tərəqqi
və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın
siyasi simasını müəyyənləşdirir.
Bütün sahələrdə yeniləşən
respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə
möhkəmləndirir. Hazırda dünyanın əksər
ölkələri iqtisadi çətinliklərlə üzləşdiyi
halda, möhtərəm Prezidentimizin düzgün daxili və
xarici siyasəti nəticəsində Azərbaycan ildən-ilə
böyük nailiyyətlərə imza atır. Bu gün Azərbaycanın
hər bir bölgəsi böyük tikinti meydanını
xatırladır. Rayonlara, qəsəbələrə şəhər
simasının gətirilməsi əyalət
insanlarının mənəvi-psixoloji ovqatını, firavan gələcəyə
inamını daha da artırır. Ölkə vətəndaşları
yaxşı başa düşürlər ki, çətin və
ağrılı günlər arxada qalmışdır.
Qarşıda sürətli iqtisadi və mədəni
uğurları, demokratik inkişaf səviyyəsi ilə
dünya arenasında layiqli mövqeyini təmin edən
qüdrətli və əzəmətli Azərbaycan
görünür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2011-ci il tarixli sərəncamı ilə "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət komissiyasının yaradılması ölkəmizin içtimai-siyasi və sosial həyatında ən mühüm və əhəmiyyətli hadisə olmuşdur. Müstəqil Azərbaycanda informasiya cəmiyyətinin təşəkkülünü və biliklərə əsaslanan iqtisadiyyata keçid şəraitində yeni təhsil modelinin qurulmasını təmin edəcək Milli Strategiyanın hazırlanması təhsilin inkişafının dövlət siyasəti səviyyəsində prioritet istiqamət kimi nəzərdə tutulmasına, ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi müntəzəm diqqət və qayğıya əyani sübutdur.
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununa
və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin həmin Qanunun təsdiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli fərmanına uyğun
olaraq, ümumi təhsil
sahəsində təhsil orqanlarının, ümumtəhsil məktəblərinin,
pedaqoji işçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi
sənədlər, o cümlədən
"Ümumi təhsil pilləsinin
dövlət standart və proqramları
(kurrikulumları)", "Ümumi təhsil
məktəbinin Nümunəvi Nizamnaməsi", "Ümumi təhsil pilləsinin təhsil
haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi qaydası",
"Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma
Qaydası", "Təhsil Proqramlarının
(kurrikulumların) yerinə yetirilməsi müddəti",
"Ümumi təhsil müəssisəsinin
Pedaqoji Şurası haqqında əsasnamə"
müəyyən olunmuş qaydada təsdiq edilmişdir.
Ağdaşda
təhsilə xüsusi yanaşma
Bütün bu mühüm məsələlər
Ağdaş rayonunda da təhsil sistemində aparıcı
istiqamət olaraq həyata keçirilməkdədir. Rayon rəhbərliyinin
təhsilə münasibəti müntəzəm qayğı
və diqqəti xüsusi qeyd olunmalıdır.
2010-2011-ci dərs ilində rayonda
68 ümumtəhsil məktəbi, o cümlədən 41 tam
orta, 18 ümumi orta, 9 ibtidai məktəb fəaliyyət
göstərmişdir.
Ötən il rayonun ümumtəhsil
məktəblərində 14434 nəfər şagird təhsil
almışdır. Onların təlim-tərbiyəsi ilə
2254 nəfər müəllim məşğul olmuşdur. 3 məktəbdənkənar
tərbiyə müəssisəsində isə 1693 nəfər
məktəblinin asudə vaxtı səmərəli təşkil
olunur. Ağdaş rayon təhsil şöbəsinin müdiri
Lütvi Paşayevlə söhbətimiz zamanı bildirdi ki,
yeni dərs ilinə hazırlıq sahəsində
görülən işlərdən biri də məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsidir.
Son illər dövlət tərəfindən yeni məktəb
tikintisi, məktəblərin əsaslı təmiri ilə
yanaşı mövcud məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsinə də
xüsusi diqqət yetirilir. Bircə faktı qeyd etmək yerinə
düşər ki, cəmi 8-10 il bundan əvvəl məktəblərdə
inventar və avadanlığa böyük ehtiyac olduğu
halda, bu gün məktəblər lazımi qədər
inventar və avadanlıqla təmin edilmişdir. Bununla belə,
hər il dövlət büdcəsindən inventar və
avadanlıq alınması üçün xeyli vəsait
ayrılır. Qarşıdakı tədris ilində məktəblərin
inventar və avadanlığa olan tələbatını
ödəmək üçün yerli büdcədən 70
min manat vəsait ayrılmışdır.
2010-2011-ci tədris ilində rayonun
ümumtəhsil məktəblərində təhsil alan
bütün şagirdlər dövlət tərəfindən
pulsuz dərsliklərlə tam təmin edilmişdir. Yeni tədris
ili üçün Təhsil Nazirliyindən 70 adda, 72768 manat dəyərində
34677 ədəd dərslik gətirilərək məktəblərə
paylanmışdır. Dərsliklərin gətirilməsi davam
etdirilir.
Maddi-texniki bazanın möhkəmləndirilməsi, əsaslı
təmir və yeni məktəb tikintisi
Yeni dərs ilinə
hazırlıqla əlaqədar məktəb rəhbərləri
ilə xüsusi müşavirə keçirilmiş, RTŞ-də
geniş tədbirlər planı hazırlanıb təsdiq
edilmişdir. Hər bir məktəbdə görüləcək
işlər müəyyənləşdirilmişdir.
Məktəblərin əsaslı
və cari təmiri üçün yerli büdcədən
35200 manat vəsait ayrılmışdır. Bu vəsait
hesabına Qəsil kənd tam orta, Zeynəddin kənd
ümumi orta, Aşağı Qəsil kənd ibtidai məktəblərində
əsaslı təmir işləri aparılmışdır.
Respublika Təhsil Nazirliyinin
sifarişi ilə şəhər S.Vurgun adına tam orta məktəbin
əsaslı təmiri üçün 1 milyon 263 min manat,
Aşağı Nemətabad kənd ümumi orta məktəbin
əsaslı təmiri üçün 400 min manat vəsait
ayrılmışdır. Hər iki məktəbdə
görülən işlər yekunlaşmaq üzrədir.
Ümumiyyətlə 2011-ci ildə
təhsil müəssisələrinin təmiri
üçün bələdiyyələrin köməkliyi ilə
15598 manat, daxili imkanlar hesabına 47857 manat və büdcə
vəsaiti hesabına 1.722.204 manat, cəmi: 1.756.359 manatlıq
iş görülmüş, bütün təhsil müəssisələri
yeni dərs ilinə hazırlanmışdır.
Bu günlərdə isə 3 məktəbin-Qəribli
kənd tam orta, Şordəhnə və Ovculu kənd ümumi
orta məktəblərin tikintisinə başlanmışdır.
Son üç ildə 3 məktəb- Qaradeyin, Yuxarı Ləki
kənd tam orta və Gürcuva kənd ümumi orta məktəbləri
tikilib istifadəyə verilmişdir. 15 məktəbdə
istilik sistemi və duru yanacaqla işləyən qazanxana
vardır və hamısı da payız-qış
mövsümünə hazırdır.
(ardı gələn
sayımızda)
Məzahir
Əhmədoğlu
Ədalət.-2011.-18
oktyabr.-S.7.