"Mavi Mərmərə ilə
azadlığa"
Tədbirdə
qanlı olayların şahidləri danışıblar
Dünən "Avropa" otelində "Asiya Dialoqu" İctimai Birliyinin təşkilatçılığı ilə "Mavi Mərmərə ilə azadlığa" adlı beynəlxalq tədbir keçirilib. Tədbirin təşkilatçısı "Asiya Dialoqu" İctimai Birliyinin rəhbəri, tanınmış jurnalist Sevil Nuriyeva bildirib ki, tədbirdə "Mavi Mərmərə" gəmisi ilə Qəzzaya humanitar yardım apararkən İsrail hərbçiləri tərəfindən silahlı hücuma məruz qalan şəxslər - qanlı olayların şahidləri də iştirak edirlər.
Fələstin xalqının başına gələn hadisələri Azərbaycan xalqının kifayət qədər yaxından izlədiyini vurğulayan S.Nuriyeva qeyd edib ki, bir xalqın azadlığını tələb etməsi kimi təbii bir şey ola bilməz: "Azadlığın nə demək oduğunu bizlər çox gözəl bilirik. Çünki biz həyatımızla bunu yaşadıq. Azadlığın, ədalətsizliyin nə demək olduğunu öyrəndik. Bu gün "Mavi Mərmərə" gəmisi ilə Qəzzaya yardım aparan insanları Azərbaycana dəvət etmişik. Bu gün bu paneldə onlar həmin dəhşətli olayın şahidləri kimi xatirələrini bizim bölüşəcəklər".
Tədbirdə iştirak edən Avropa Yəhudiləri başqanı Dror Feyler, Qəzzanın blokadası bitənə qədər mübarizəni davam etdirəcəklərini bildirdi: "Mən həm 2010-da, həm də 2011-ci il Azadlıq gəmilərində iştirak etmişəm. Və sizdə belə bir sual ola bilər ki, biz nəyə görə bu işə getdik. Biz bilirdik ki, qarşı tərəf bizi öldürə bilər. Səbəb çox aydındır. İnsanlar bərabər hüquqa malikdir. Bu tədbiri xüsusi edən müxtəlif millətlərin bir yerdə olmasıdır. Bizim hökumətlər həmişə yüksək səslə beynəlxalq hüquqlardan danışırlar, lazım olan şeyləri isə etmirlər. Oradakı insanları öldürmürdülər, qətl edirdilər. Ona görə də oradakı insanları Türkiyə şəhidi yox, dünya şəhidi elan etmək lazımdır. Biz bu işi dostlarımızla birgə başlatmışıq və haqsızlığa qarşı mübarizəni daim davam etdirəcəyik. İnsanlar yaşadığı yerdən asılı olmayaraq eyni hüquqlara malikdirlər. Biz öz mübarizəmizi blokada tam olaraq qaldırılana qədər davam etdirəcəyik. Haaqa tribunalına çıxana qədər davam etdirəcəyik. Heç kəs insanlardan öz haqlarından istifadə etmək hüququnu ala bilməz".
"Mən "Mavi Mərmərə"yə niyə qoşuldum?"-deyən D. Feyler bildirib ki, ilk dəfə Fələstin haqqında eşidəndə 9 yaşında olub: "O vaxt mən televiziyada gördüm ki, İsrail əsgərləri fələstinli uşaqları daşlayırlar. 15 il bu əhvalatdan sonra özüm bu işə qoşulmaq və onlara yardım etmək istədim. Bu yalnız Fələstinə kömək deyil, həm də zülmə qarşı mübarizədir. 2010-da Qəzza karvanı hazırlananda mən də orada iştirak etmək arzumu bildirdim. Mən adi bir vətəndaşam, avropalıyam, mənim əslim isə Əlcəzairdəndir. Mən Qəzza karvanına qoşulanda gördüm ki, müxtəlif ölkələrdən müxtəlif xalqların nümayəndələri qoşulub, Qəzza mühasirəsinin aradan qalxmasını istəyirdilər. Əlbəttə ki, mən bilavasitə bu hadisədə olmuşam, amma baş verənləri tam izah etmək çətindir. Mən orada şəhid edilən 9 nəfəri heç unutmuram. Gəmidəkilər bir ailə üzvü kimi olduqlarından mən onları öz ailəm bilir və heç cür unutmuram. Biz öz Avropa hökumətlərimizin bu işdə fəaliyyətsizliyini görərək, vətəndaş kimi öz fəallığımızı göstərmək və Qəzzaya yardım üçün bu hərəkata qoşulduq. Bu missiya hələ bitməyib və bu ideyanın arxasınca hələ başqaları da qoşularaq gedəcək. Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən gəlməmişdən qabaq Azərbaycan haqqında oxudum. Azərbaycan Fələstini tanıyıb, lakin çox təəssüf ki, Belçika hələ tanımayıb. Mən müstəqillik günü ilə bağlı da sizi təbrik edirəm. İnanıram ki, bir gün Fələstinin də müstəqilliyini belə birgə qeyd edəcəyik" bunu isə tədbirdə iştirak edən Belçikalı Fatimə xanım söylədi.
Tədbirdə çıxış edən türkiyəli yazar Hakan Albayrak Türkiyə-İsrail rejimi münasibətlərinə və "Mavi Mərmərə" gəmisinin gördüyü işlərə toxundu:
"Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə bütün dostlarımızı təbrik edirəm. Bu yolda zəhmətləri olmuş hər kəsi böyük hörmətlə yad edirəm. Mənə Türkiyə-İsrail münasibətlərindən danışmaq həvalə olunub. İsrail 1948-ci ildə quruldu, 1949-cu ildən Türkiyə onu tanıdı və onunla münasibətlər qurdu. Məhz bu münasibətlərdən dolayı Türkiyənin bir çox müsəlman ölkələri ilə münasibətləri sərinləşdi. Bu əlaqələr o qədər genişləndi ki, İsrail Türkiyənin, demək olar ki, dövlət orqanlarına yol tapdı. Daha sonralar bu, İsrail hərbi qüvvələrinin Türkiyənin quru sərhədlərində əməliyyatlar keçirməsinə qədər irəlilədi. Lakin bu münasibətlər heç də Türkiyəyə sevgidən irəli gəlmirdi. Amerika İsrailə ünvan göstərirdi. Sonradan Türkiyə ilə İsrail arasında soyuq müharibə dönəmində ittifaq yaradıldı. Nə zaman ki, Türkiyənin qonşuları ilə münasibətləri yaxşılaşırdı, o zaman bu, ittifaqı narahat etməyə başlayırdı. Ərdoğan 2004-də HƏMAS liderinə terror etməsinə rəğmən, İsrailin dövlət terroru işlədiyini bildirdi. O zamankı İsrail iqtidarı daha ağıllı tərpənərək, buna ciddi reaksiya vermədi. Ən sərt münasibətlərin toqquşması isə Ərdoğanın "Davos 2009" forumundakı "One minute" açıqlaması oldu. Bundan sonra Türkiyə və İsrail əlaqələrində qırılma başladı. Bir sıra birgə addımlara son qoyuldu. "Mavi Mərmərə" bu münasibətlərə son möhürü vurdu. "Mavi Mərmərə" Türkiyə ilə İsrail münasibətlərinin bir daha bərpa olunacaq hala gəlməməsinə səbəb oldu. Amma bu qanın ağırlığı altında hər cür ittifaq arayışı əzilməyə məhkumdur. Bu, sadəcə "Mavi Mərmərə" ilə əlaqədar deyil. İsrail mətbuatının da dediyi kimi, "Mavi Mərmərə" səbəb deyil, nəticədir. Türkiyə-İsrail münasibətlərinin artıq əvvəlki kimi olması mümkün deyil. Mən də bu sözü dua olaraq qəbul edirəm və AMİN deyirəm".
Qeyd edək ki, çıxış edənlər xatirələrini bölüşdülər. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu baş verənlərə münasibətindən dolayı təltif edildi.
"Mən burada yalnızca cümə namazın xütbəsində dediyim bir sözü təkrarlamaq istərdim. Mavi Mərmərədə baş verənlərdən sonra bütün Azərbaycan xalqı, bizim hər birimiz Mavi Mərmərə sərnişinidir. Mavi Mərmərə Azərbaycana, Xəzərin sahilinə xoş gəlib. Bütün Mavi Mərmərəçilər xoş gəliblər. 33 gündə, sonra da 22 gündə məğlub olan bir rejim Mavi Mərmərə ilə özünün varlığına son qoydu. Bir gəmi qarşısında tab gətirməyən bu rejim məhvə məhkumdur", - deyə Hacı İlqar təltif çıxışı zamanı bildirdi.
Nilufər
Ədalət.-2011.-18
oktyabr.-S.5.