AXIR Kİ, SƏBUHİ MƏMMƏDLİ DƏ BİR İŞƏ YARADI

 

  İvonna Botto Can! Artıq bu xanım ölkəmizdə millimizin sevimlisi Foqtsdan da məşhurdu. Foqtsun atalarının başladığı II Dünya Savaşı zamanı partizanlıq edən həmyerlimiz Səməd Şirməmmədova vurulub ailə quran bu xanım davadan sonra Səmədin xətrinə İmişlinin Murquzalı kəndində divara təzək yapmağı Baden-Badenin mavi gecələrindən üstün tutub, ərəblərin dünya şöhrətli Leylisi Məcnunun xatirinə bu fədakarlığı yapa bilməyib İbn Səlama ərə getmişdi.    

   Ölkəmizdə baş verən bir sel bizə fəlakət gətirsə , bu fəlakət 62 ildən sonra bu xanıma xoşbəxtlik gətirdi. Həm şou-biznes müğənniləri kimi qısa bir zaman kəsiyində məşhurlaşdı, həm Fövqəladə Hallar Nazirliyi onun daxmasının əvəzində ona 3 otaqlı rahat bir ev tikdi, həm doğulduğu Fransanı yenidən görmək arzusu həyata keçdi.

   Adamınkı gətirəndə gətirir ey!    

   83 yaşlı bu xanımın məşhurlaşmasında təbii ki, jurnalist Səbuhi Məmmədlinin böyük xidməti oldu. Bu xanımı axtarıb tapdı, danışdırdı, mətbuata çıxarıb gündəmə gətirdi.    

   Sözgəlişi. Səbuhinin əli aşağı düşəndə (əlinin yuxarıda olduğu az-az olar) mənim yanıma qaçır, amma sensasiyon yazılarını başqa qəzetlərə verir. Eybi yox, qalsın qulluğunda!   

   Bəli, Səbuhinin yazıları olmasaydı (düzdü, hamı kimi onun da evini hökumət tikəcəkdi, dəyən ziyanı ödəyəcəkdi) belə məşhurlaşacaqdı, Vətənə getmək arzusu gerçəkləşəcəkdi. Qısası, axır ki, Səbuhi bir işə yaradı.    

   Səbuhi indi İvonna xanımla Fransadadı. Xanımın hesabına həm Eyfel qülləsini gördü, həm Baden-Badenin mavi gecələrini, həm qaynar türklərdən ötəri sinov gedən fransız xanımlarını. Gəl ay kasıb!  

   İvonna xanım gedəndə deyib ki, 10 günə (yəqin bu gün-sabah) qayıdacaq, indi onu Azərbaycana təkcə haçansa yaşadığı sevgi hissi yox, həm 7 övladı, 30 nəvəsi 22 nəticəsi bağlayır. 

   Qayıtmağına, İvonna xanım qayıdacaq. Amma Səbuhinin Baden-Badenin mavi gecələrini, gözəl-göyçək fransız xanımlarını qoyub Nəsiminin həmişə qırxmağa tənbəllik elədiyi tüklü üzünə baxa-baxa ucuz araq içmək üçün Azərbaycan nəşriyyatının 4-cü mərtəbəsindəki bufetə qayıdacağı sual altındadır!  

   Həm var ey. Keçmiş baş redaktoru Qənimət Zahid başda olmaqla "Azadlıq"ın əməkdaşlarının yarısı Fransadadı. Əl-ələ verib Parisdə "Azadlıq"ın fransız variantını buraxa bilərlər.  

   İntəhası bir əmma var. Onda da fransızlar tərəfindən döyüləcəklər, tutulacaqlar Azəbaycana emiqrasiya etmək məcburiyyətində qalacaqlar. 

   Onsuz da Sarkozinin türklərdən zəndeyi-zəhləsi gedir. Deyir, iti-qurdu-Sərkisyanı görüm, türkləri yox.  

   İndi əgər işdi-şayətdi, Sarkozinin qəzəbinə tuş gəlib Azərbaycana emiqrasiya məcburiyyətində qalsalar, barı heç olmazsa gələndə Senanın üzərindəki "Azadlıq" heykəlini oğurlayıb gətirsinlər, qoy fransızlar yanıb-tökülsünlər.

   Mənim bilirsiniz bu nemes uşağı fransızlardan niyə xoşum gəlmir? Bu nemeslər Amerikaya "Azadlıq" heykəli hədiyyə ediblər, bizə Bernard Fasyeni!

 

 

  Aqil ABBAS

  aqilabbas@rambler.ru

 

  Ədalət.-2011.-18 oktyabr.-S.3.