Yalçın Rzazadə: "Özümü dənizdə boğulan insana bənzədirəm"

 

  İncəsənət xadimi, xalq artisti Yalçın Rzazadənin Milli.Az xəbər portalına müsahibəsi.

 

   - Yalçın Rzazadə keçmişə tez-tezmi səyahət edir? Keçmişə boylandıqda hansı xatirələri daha cox yada salır?

   - Mən elə bir insan tanımıram ki, o müəyyən bir yaşda, müəyyən bir saatda keçmişə dönməsin, uşaqlıq vaxtını, valideynləri ilə keçirdiyi günləri, qardaş-bacısı ilə keçirdiyi məqamları yadına salmasın. Məktəb vaxtı yoldaşlarım vardı, bəziəri indi həyatda yoxdurlar. Ona görə belə nəticə çıxarıram ki, insanın ömrü epizodlardan ibarətdir. Elə günlər var ki, onların əksəriyyəti bir-birinə çox bənzəyir. Rəngsiz günlər... Əfsuslar olsun, şəxsən mən özümü desəm, baxmayaraq ki, iki gündən-bir çəkilişlər, görüşlər və s. olur, amma mən yenə hesab eləmirəm ki, mənim həyatımda böyük bir rəng olsun.

  

   Ən əziz xatirələrim uşaqlıq illərimlə bağlıdır. O vaxtlar elə də xoş olmayan məqamlar çox olub. Məsələn, qışda, sərt soyuqlarda paltom olmayıb. Paltosuz məktəbə getmişəm, amma yaxşı oxumuşam, gözəl rəsm çəkmişəm. 3-cü sinifdən artıq mən mahnılar ifa edirdim. Yəni məktəbin konsert proqramlarında, bayramlarda həmişə nömrə bir olmuşam, yəni bunlar hamısı silinməz xatirələrdir...  

   - Yalçın müəllim, bəzilərinin efirdən "mən sənətkaram" deyə səslənməsinə münasibətiniz necədir? Hər kəsin özünə sənətkar deməsi sizə necə təsir edir?

   - Bir az ağrılı mövzudur. Yaralı yerimizdir, musiqidə, incəsənətdə. Deyək ki, məni təqdim edirlər "təkrarsız, böyük sənətkar" kimi. Mən bu gün ürəklə deyə bilərəm ki, zəhmətim böyükdür musiqi sahəsində. Çünki çox əziyyət çəkmişəm, bunu deməyə ən azından mənim haqqım çatır, ixtiyarım var. Amma indi mən hansısa gənc ifaçı haqqında fikrimi bildirsəm, nə sənətimə, nə mövqeyimə, nə də yaşıma yaraşmaz.  

   Ümumi deyə bilərəm ki, səs Allah vergisidir. Əgər ifaçı gənclər oxuyarkən evdə çörək yediyin zaman, əlində nəsə görən zaman öz-özlüyündə "dayan, dayan, dayan!" deyəndə, deməli, o səs sənə toxunur qulaq asmaq istəyirsən. Əgər müğənni oxuyanda sən çörək yeməyinə davam edirsənsə, kanalı dəyişirsənsə, deməli, o oxumasa, daha yaxşıdır. Məni təəccübləndirən səs, deyim ki, indi yoxdur. Parlaq gənc ifaçı yoxdur. Mənim üçün yoxdur.

   - İndi yüngül mahnılar var ki, daha cox dinlənilir qəbul edilir. Bu mahnıları Yalçın Rzazadə necə qəbul edir? Niyə bu qədər tələbat yaranıb belə mahnılara, sizcə?

   - Bilirsinz, klassika əbədidir! Klassik geyimlər həmişə dəbdə olduğu kimi, klassik musiqinin ömrünün sonu yoxdur. Yəni Üzeyir Hacıbəyovdan başlayaraq, Cahangir Cahangirov, Tofiq Quliyev - hərəsi ayrı-ayrı janrlarda musiqi bəstələyib. Sonrakı nəsil - Emin Sabitoğlu, Oktay Kazımi digərləri həmçinin. Bugünkü musiqi, inanın, mənim qulağımın bir tərəfindən girir, o biri tərəfindən çıxır. Yəni mənə çatmır.  

   - Yalçın müəllim, adama toxunan məqam odur ki, toylarda fonoqramla ifa edirlər, sonra çıxıb efirdə deyirlər ki, "mən uzun illərdir xalqıma xidmət edirəm"...

   - Bu günlərdə elə mən əsəbləşdim. Elə 2-3 kanalı dəyişdim, o deyir, "Mən xalqımı salamlayıram", bu biri deyir, "Mən millətimi salamlayıram". Axı xalqını salamlayan adam xalqının başının tacı olmalıdır. Xalq onu qəbul eləməlidir. Mən azərbaycanlıyam, milləti bölmürəm. Bu millətin pisi mənimdir, yaxşısı da. Mənim durub "Mənim xalqım" deməyə haradasa ərkim çatar, çünki bütün dünyada səhnələr görmüşəm.

   O zamanlar bəzən yer olmayanda tövlələrdə oxumuşam, pambıq çöllərində oxumuşam, günün altında qan açılıb burnumuzdan "La Skala" teatrına qədər gəlib çıxmışam. "La Skala"dan böyük teatr yoxdur ki... Oraya hər adamın da getməyə ixtiyarı yoxdur. Kim oraya gedə bilər? Müsəlman üçün Məkkə, dünya musiqişünasları üçün "La Skala" teatrı. Yəni "mənim xalqım, mənim xalqım" deyəndə elə xalq da deməlidir ki, "mənim sənətkarım". 

   - Yalçın müəllim, artıq oğlunuz da bu sənətlə məşğul olmağa başlayıb. Siz ona öz xeyir-duanızı vermisiniz?

   - Mən xoşlamıram onu reklam etməyi, pis ifaçı deyil oğlum Mətin. Amma ona deyərdim ki, getsin, özü üçün başqa sənət tapsın. Əgər ürəyi istəyir, oxusun, hobbi kimi.  

   - Yəni bu sənət onluq deyil demək istəyirsiniz?

   - Yox, istəsə, yaxşı oxuya bilər. Yəni mən bu gün musiqidə problemləri görürəm, qorxuram. İndi mənim bəzi tələbələrim gəlirlər, deyirəm, necə olacaq bu uşaqların taleyi?!  

   - Yalçın müəllim, geyim stilinizi hər zaman özünüz seçmisiniz?

   - Mənim zövq ustadım, zövqdə müəllimim mənim anam olub. Mənim anam çox zövqlü xanım idi. Çox geniş fantaziyası var idi. Bilirsiniz, mən uşaqlıqdan zövqlə geyinməyi xoşlamışam. Məsələn, məktəbdə may ayında brici geyərdim. O zaman brici dizdən aşağı dəb idi. köynək, qırmızı pioner qalstuku, corab, ayaqqabı, hamısı təzə olardı mən çox sevinərdim. Hərdən evdə mənə deyərdilər, "Ay Yalçın, 10 manat pulun vardı, aparıb onun hamısını geyimə verdin, bəs sabah sən necə yaşayacaqsan?" 

   Bilirsiniz, mən heç zaman istəmirəm ki, mən yoldan keçəndə desinlər ki, "Onu tanıdın, kim idi? Yalçındı da, Rzazadə, o da qayıdıb, vay-vay, gör günə qalıb bu Yalçın!", yəni ondansa, ölüm yaxşıdır. Mən bu gün hər hansı bir paltarı alanda uşaq kimi sevinirəm.

   - Yalçın müəllim, gənclik dönəmində qadın pərəstişkarlarınız çox olub?     

   - Mən heç vaxt qadın deyəndə onun mənəviyyatını, hansı mövqedə olur-olsun, əskiltmək fikrində olmamışam. Mən tamamən romantikəm həyatda. Bir dəfə qarlı qışda, gecə canlı konsertdir, otaqdan çıxarkən görürəm ki, polislər 20-dən çox qadın pərəstişkarı saxlayıb, hamısı da o soyuqda gözləyirlər. Belə hallar çox olub. Yəni bu gün mən görüşlərə gedirəm, əlbəttə, kağız yazırlar, telefon nömrəmi istəyirlər, şəkil istəyirlər. Sənətkar üçün vacib olan şeylərdir bunlar. 

   - Yalçın müəllim, Müslüm Maqomayev haqda xatirələrinizdən, mümkünsə, danışardınız, eyni dövrlərdə müxtəlif səhnələr paylaşmısınız, hər halda o xatirələr maraqlı olar.

   - Bəli, mən Müslüm Maqomayevlə dost olmuşam. Sonra Moskvaya köçdü. Əvvəllər konservatoriyada görüşərdik. Mən konservatoriyaya qəbul olmazdan qabaq musiqi məktəbi var idi, orada boş siniflərdə Müslüm oxuyardı, musiqi alətlərində ifa edərdi. İnanın, o qədər sadə insan idi ki, bəzən mən mahnı oxuyarkən mənim üçün müşayiət edərdi Müslüm.  

   Müslüm çox kasıb həyat görüb, doğrudan da bu belədir. Mən hətta onunla yeni tanış olanda, təzə dostluq münasibəti quranda onun bir şalvarı vardı, çox qisa idi. Yəni çox imkansız olub. Amma bununla bərabər, o dayanmırdı, bütün günü oxuyurdu, öz üzərində durmadan çalışırdı. Gəlirdim konservatoriyaya, bir görürdüm, sinifdən səsi gəlir. Haçan gəlirdim, görürdüm özü tək oturub oxuyur, həm özünü müşayiət edir. Sonra Moskvaya gedəndə onun dahi istedadı nəzərə alındı qəbul edildi. 

   - Yalçın müəllim həyatından razıdırmı?

   - Açıq, səmimi cavab verim? Yox! Məndə bu saat, əfsuslar olsun, yaşamağa həvəs ölüb. Heç bir arzum yoxdur. Bilirsiniz, arzularım, təbii ki, tamamlanmayıb. Tamamlanmayacaq da... Özümə qarşı, açığını deyim, bir sənətkar kimi biganəlik çox görmüşəm, məni saxlayan ancaq mənim qürurumdur. Mən indi özümü dənizdə boğulan insana bənzədirəm, əl atıram, çırpınıram, çabalayıram dənizin içində. Səhər açılarkən arzulayıram axşam olsun.

   Məndə həyat eşqi, hər şey sönüb. Həyatımdan o qədər bezmişəm ki... Mənim həyatım böyük təzadlardan ibarətdir. Bax, bir görürsən, məni yolda saxlayırlar: "Yalçın müəllim, bağışlayın, saxladıq sizi, o kişi əlinizi verin, sıxaq!" Bax, mənim üçün ən böyük söz budur!

 

 

   Ədalət.-2011.-18 oktyabr.- S.8.