Ümumtəhsil sistemində müasirləşmə dövrü

 

  (mövzu əsasında VI yazı)

 

  (əvvəli ötən sayımızda)

 

   Məktəblərin informasiya kommunikasiya texnologiyaları ilə təminatı

 

   Müasir dünyada ölkələrin inkişaf səviyyəsi tətbiq olunan innovasiya texnologiyalarının səviyyəsi ilə ölçülür.  

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı, bu işə xüsusi əhəmiyyət verməsi sayəsində qəbul edilmiş müvafiq dövlət proqramları inamla həyata keçirilməkdədir. Bu proqramlardan biri Prezidentin 10 iyun 2008-ci il tarixi sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyalarının səmərəli tədbiqi və istifadəsidir. Bunsuz keyfiyyətli təhsil almaq imkanı edilə bilməz. 

   Bu gün hər bir müəllim müasir dünyada tələb olunan biliklərə və bacarıqlara malik vətəndaşlar yetişdirmək üçün informasiyalaşdırılmış cəmiyyətə uyğun keyfiyyətlərə yiyələnməlidir.

   Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, o cümlədən təhsil müəssisələrinin kompüter avadanlığı ilə təmin edilməsi və yüksək sürətli internet əlaqəsinin təmin olunması bu imkanı daha da genişləndirəcək, təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcəkdir.

   Ağdaş rayonunun ümumtəhsil məktəblərində 421 ədəd kompüter avadanlığı quraşdırılmış, 18 məktəb noutbuk və proyektorlarla təmin edilmişdir. 15 məktəb (11 tam orta, 4 məktəb isə ümumi orta) internetə qoşulmuşdur.  

   Rayonda ümumtəhsil məktəblərin hamısında "İnformatika" dərsləri tədris olunur. S.Vurğun adına, M.Şeyxzadə adına gimnaziya, M.İsayev adına şəhər, Xosrov, Dəhnəxəlil, Ləki qəsəbə 6 nömrəli və Cardam kənd tam orta məktəbində bu sahədə müsbət təcrübə toplanmışdır.

 

   Məktəbəqədər tərbiyə müəssisələrinin inkişaf etdirilməsi

 

   Məktəbəqədər körpə uşaqlara qayğı göstərmək dövlətimizin daim diqqət mərkəzində saxlanılır. Rayonda 30 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 67 qrupda 1250 nəfər uşağın tərbiyəsi ilə 198 nəfər tərbiyəçi müəllim məşğul olur. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı" barədə qərar qəbul etmişdir. Respublika Təhsil Nazirliyinin "Məktəbəqədər təhsilinin dövlət standartı və proqramı"ndan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 5 avqust 2010-cu il tarixli xüsusi əmri var. Qərarın icrası ilə əlaqədar Rayon Təhsil Şöbəsində müvafiq əmrlə xüsusi tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Keçən dövr ərzində rayonun məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən işlər görülmüşdür. Bu məqsədlə rayonun uşaq baxçalarına on min qırx doqquz manat (10049 manat) dəyərində əyani vəsait və tərbiyəçi müəllimlər üçün metodik ədəbiyyatlar alınmışdır.  

   "Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"nın təsdiq edilməsi məktəbəqədər tərbiyə müəssisə rəhbərlərinin və tərbiyəçi müəllimlərin məsuliyyətini daha da artırır. Rayon Təhsil Şöbəsi bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrasını daim nəzarətdə saxlayır.

 

   Rayonun ümumtəhsil məktəblərində Kurrikulum islahatının tətbiqi

  

   Artıq dördüncü ildir ki, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin 1-ci siniflərindən başlayaraq kurrikulum islahatı həyata keçirilir. Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük ümumi təhsilin müasir didaktik məzmununu təyin edir və Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası həmin prinsiplərin üzərində qurulmuşdur.

   Ağdaş rayon Təhsil Şöbəsinin təsdiq olunmuş ilkin fəaliyyət planında 3 iyun 2010-cu ildə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurrikulumları)" sənədlərindən irəli gələn tələblərin izahı və təbliği istiqamətində işləri davam etdirmiş, təhsilyanı şuralarda fənn kurrikulumları və qiymətləndirmə mexanizmlərinin tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla bir neçə məktəbdə I-III siniflərdə işləyən müəllimlərin nümunəvi dərsləri təşkil edilmiş "Öyrədənlərin Öyrədəni" kursunu bitirən müəllimlər tərəfindən maarifləndirici seminar və "Dəyirmi masa"lar keçirilmişdir. Bundan əlavə, ibtidai siniflər üzrə fənn metodbirləşmələri tərəfindən perspektiv planlaşma nümunələri hazırlanmış, qabaqcıl müəllimlərin nümunəvi dərsləri videolentə alınaraq əyani vəsait olaraq müəllimlərə nümayiş etdirilmişdir.

   M.Şeyxzadə adına Gimnaziyada, M.İsayev adına şəhər və Dəhnəxəlil kənd tam orta məktəblərində "Kurrikulum mərkəzləri" fəaliyyət göstərir. Rayonun ibtidai sinif müəllimləri ayda bir dəfə bu mərkəzlərdə yığışaraq təcrübə mübadiləsi aparır, dinlənilmiş açıq dərsləri müzakirə edirlər.

   İbtidai sinif müəllimlərinin İnformasiya Kommunikasiya texnologiyasına yiyələnməsinə, valideynlərlə maarifləndirici tədbirlərin təşkilinə də diqqət artırılmışdır. S.Vurğun adına, M.Şeyxzadə adına Gimnaziyada, M.İsayev adına, 3 saylı, 8 saylı şəhər, Aralbir, Dəhnəxəlil, Kükəl, Xosrov kənd tam orta məktəblərində fənn kurrikulumlarının tətbiqi ilə bağlı daha səmərəli işlər aparılmışdır.

  

   Məktəblərdə aparılan monitorinq zamanı M.Şeyxzadə adına Gimnaziyanın sinif müəllimləri Kəmalə Məcidova, Dursun Əliyeva, kimya müəllimi Kamal Zamanov, riyaziyyat müəllimi Məhəmməd Rəhimov, Eyvaz Məmmədov. S. Vurğun adına şəhər tam orta məktəbin ingilis dili müəllimi Aygün Mahmudova ibtidai sinif müəllimi Mətanət Mabudova, M.İsayev adına tam orta məktəbin sinif müəllimi, Leyla Həşimova, Mehriban Həsənova, 8 saylı tam orta məktəbin müəllimi Zümrüd Məmmədzadə, Dəhnəxəlil kənd tam orta məktəbin müəllimi Rahilə Zakirova və başqalarının müasir fənn kurrikulumları ilə iş sahəsində müsbət təcrübə topladıqları və məqsədyönlü fəaliyyət göstərdikləri müəyyən edilmişdir.  

 

   (ardı gələn sayımızda)

 

 

  Məzahir Əhmədoğlu,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütlƏvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

  Ədalət.-2011.-19 oktyabr.-S.7.