"Türkiyədə 20 min tirajı olan qəzeti ciddiyə almırlar"

 

  Bütün müsahiblərimlə olduğu kimi, bu müsahibimlə də tanışlığımın qısa tarixçəsi haqda onu deyə bilərəm ki, imzasını özündən daha tez tanımışam. Daha doğrusu, imzadakı qeyri-adilik, yəni "Almanqızı" soyadı diqqətimi çəkib və iş elə gətirb ki, qısa müddət də olsa eyni kollektivdə çalışmışıq. Beləliklə, müsahibim Türkiyə Xəbər Agentliyinin və Habername.com-un yazarı Nigar Almanqızıdır. Nigar əvvəlcə özü haqda məlumat verir.

   - Mən Nigar, ziyalı ailəsində anadan olmuşam, ali təhsilliyəm. Mətbuata 1996-cı ildə gəlmişəm. Hazırda Türkiyədə yaşayıram, burda Türk Xəbər Agentliyində çalışıram, amma yeri gələndə başqa qəzetlərlə də əməkdaşlıq edirəm. Hazırda Azərbaycanda yayımlanan "İrəvan" qəzetiylə də daimi əməkdaşlığım var.

   - Bu lap hərşeyşünaslığa oxşamadı ki?

   - Əslində oxşadı demək lazım deyil, elə elədir. Mən bu təqdimatları yersiz bilirəm.

 

   "Mən bu haqda danışmaq istəmirəm"

 

   - Burda hamı səni Nigar Almanqızı kimi tanıyır. Amma soyadın gah Abdulla, gah da Börək olur...

   - Əslində mənim ailə qurana qədərki soyadım Abdullayeva idi. Amma evləndikdən sonra həyat yoldaşım dəyişməmi istədi. İmzama gəldikdə isə bunu "Yeni Müsavat"da işlədiyim dönəmlərdə redaktorumuz Böyükkişi Heydərli təklif etmişdi, mən də razılaşdım.

   - Hansı imzanı?

   - Almanqızı imzasını.

   - Gəl, bir az da mətbuatda yaşadığın son qalmaqallardan danışaq. Bu hadisələri hərə bir cür yozdu. Bəs əslində nə baş verirdi?

   - Ağzı olan danışacaq. Mən bu haqda danışmaq istəmirəm. Çünki hər zaman mətbuatda kişilərlə savaşdım. Yaxşı olardı ki, məndən bir neçə gün sonra oranı tərk edənlər buna açıqlama gətirsinlər. Onlar ən doğrusunu bilirlər. Kim nə deyir, desin umrumda deyil. Məni sevməyənlər təbii ki, israrla digər tərəfin haqlı olacağını deyəcəklər. Mən büt deyiləm ki, hamı məni sevə. Varamsa, sevməyənim də, sevənim də olacaq. Ən azından siz də bizimlə çalışmışdınız və olanlara və olacaqları da hamıdan öncə siz proqnoz verib ordan ayrılmışdınız. Bir də düz adamlar nəyisə sübut etməyə çalışmırlar. Odur ki, boş ver. Məncə daha maraqlı məsələlərdən danışaq.

 

   "Türkiyə mətbuatında daha rahat yazıram"

 

   - Türkiyədən Azərbaycan mətbuatı necə görünür?

   - Daha kasıb, amma daha cəsarətli.

   - Türkiyə mətbuatı cəsarətsizdir?

   - Yəni bizimkilər maddi cəhətdən problemlər yaşamalarına baxmayaraq, daha cəsarətlidirlər.

   - Türkiyədə jurnalist istədiyini yaza bilmir?

   - Yox bunlarda da cəsarətlisi var. Amma etiraf edək ki, onların yazdıqları bu yazıların arxasında böyük güclər durur və sonuna qədər haqlarını müdafiə edirlər. Bundan başqa Türkiyədə məhkəmələr daha obyektivdi. Bu baxımdan burda yazı yazmaq o qədər də çətin deyil.

   - Özünü Türkiyə mətbuatında daha rahat hiss edirsən, yoxsa Azərbaycan mətbuatında?

   - Türkiyə mətbuatında daha rahat yazıram. Bu günə qədər heç bir yazıma sorun çıxarmadılar, son cümləmə qədər yaydılar. Azərbaycan mətbuatında isə kiminsə məndən xoşu gəlmirsə, qalxıb həmin qəzetin arxasında durana telefon edib əl-ayağına düşüb yalvarır ki, o yazını vermə. Xəstə təfəkkürlü insanların sifarişlərinə fikir verənlər çoxdu

   - Dediyinlə bağlı bir misal çək.

   - Sadəcə o arvadlar anlamalıdır ki, mübarizə belə aparılmır, fəaliyyətlə aparılır. Məsələn, Qənirə Paşayeva, Məlahət İbrahimqızı kimi. Təkcə bu ayı götürsək müəyyən mənada xeyli iş görüblər bu xanımlar.  

   - Maddi durumdan danışdın əvvəlki sualda. Yəni Türkiyədə orta statistik qəzetçinin aylıq məvacibi nə qədərdir?

   - Mən yeniyəm burda. Ona görə də məvacibdə nəzərə alırlar. Burda kimsənin kimsənin maaşından xəbəri olmaz. Mən isə indilik 2 min TL alıram, yəni bizim 1000 manat. Amma Azərbaycanla müqayisədə çox yaxşıdır, evdə otururam internet üzərindən yazılarımı göndərirəm. Bir də burda maaş gecikməsi ola bilməz. Bundan başqa ərzaq da ucuzdur, geyim də. Evim var, kirayə ödəmirəm.

   Yoldaşımda əməklidir, arada köşə yazılarıyla çıxış edir, onun da gəliri çox yaxşıdır. Yəni bizi qane edir...

   Bilirsiz, burda əsgəri əməklilik çox yüksəkdir. Həyat yoldaşım da bir zabit olaraq işinin müəyyən hissəsini PKK ile savaşda keçirib. Bu da əməkli maaşa təsir edir.

 

   "Bu mənim həyatımın ən böyük səhvi idi"

 

   -Səncə sənin "Mərkəz"ə baş redaktor kimi gəlməyin doğru addım idi? Çünki burda səndən əvvəl Vüqar Qaradağlı da işləmişdi və...

   - Konkret deyəcəm-yox. Bu mənim həyatımın ən böyük səhvi idi. İnşallah, bir daha belə bir səhvə yol vermərəm.

   - Bir daha Azərbaycanda işləmək fikrin var?

   - Mən qismətsə təməlli bura yerləşmişəm. Amma Azərbaycanla bağlı çox böyük bir media layihəm artıq hazırlanıb. Bu layihə həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmlidir. O üzdən orda da, burda da ofisimiz olacaq. Bu da mənim Azərbaycandan ayrılmamağım deməkdir.

   - Söhbət hansı layihədən gedir? Bir az ətraflı məlumat ver.

 

   "Ermənilər bizi burada üstələyirlər"

 

   - Bu layihədə Azərbaycanda baş verən olaylar sırf Türkiyə türkcesinde bülleten şəklində türk metbuatına yayılacaq. İlk başdan gündə bir dəfə. Sonrakı vaxtlarda isə xəbər dövriyyəmizi artıracağıq. İndilik onlara informasiyaları pulsuz verəcəyik. Amma Türkiyə türkcəsində, yəni qəzet, tv dilində xəbəri anında çatdırmağı düşünürük. Bilirsiniz ki, burdakı mediada Azərbaycanın problemləri çox az işıqlandırılır. Ermənilər bizi burda üstələyirlər.

   - Mətbuatda hansı imzaları oxuyursan?

   - Əsasən ədəbiyyatla bağlı olan yazıları oxuyuram. Amma Azərbaycanda olanda çatdıra bilmirdim. Türkiyədə daha çox imzaları oxuyuram. Xanəmiri, Aqşini, Cəlili, Turalı, Seymur Baycanı, Ceyhun Musaoğlunu, Güneli, Raqif Raufoğlunu, Zaur Qəriboğlunu, Zümrüdü oxuyuram. Bunlar davamlı oxuduqlarımdır. Amma unutduqlarım da var. Çoxunu oxuyuram. Siyasi köşe yazarlarından Əvəz Zeynallını, Xalid Kazımlını, Elnur Astanbəyli və başqalarını oxuyuram.

 

   “Mən bunu açıq şəkildə hiss edirəm”

 

   - Bildiyimə görə, həyat yoldaşın türkdü. Düzdür adətlərdə, bir çox məsələlərdə oxşarlıq, eynilik olsa da, üst-üstə düşməyən məqamlar var. Bu problem yaratmır ki?

   - Amma cox çətinliklər var. Məsələn, yoldaşım Türkiyədə bişən yeməklərlə bizimkilərdə fərq olmadığını deyir. Amma bilirəm ki, mən inciməyim deyə deyir. Damaq dadı deyilən bir şey var. Mən bunu açıq şəkildə hiss edirəm. Amma şanslıyam, yoldaşım çox məsələlərdə mənə yardım edir. Adətlərdə də çox fərq var.

   Zaman-zaman bunun zorluğunu yaşamıram desəm yalan olar.

   - Demək istəyirsən ki, onların mətbəxi daha üstündür?

   - Yox elə deyil.

   - Bəs necədir?

   - Hər kəs bunu deyir. Amma mən bunun əleyhinəyəm. Azərbaycan mətbəxi daha zəngindir. Mən heç zaman atamın evində yemək bişirmədim. Amma buna rəğmən yediyim yeməklərdən bilirəm ki, bizim mətbəx zəngindir. Bunlarda sadəcə nə var, bilirsən? Hər gün şorba hazırlayırlar. Bizdə isə quru yeməklər olur. Çalışırlar süfrədə çox şey qoya bilsinlər. Bir də qarışıq ərzaqlardan istifadə edirlər. Bizim də bəzi yemək görməyənlərimiz sanır ki, bizim mətbəx daha kasıbdır. Mənim nənəm cürbəcür plovlar bişirərdi. Dünyann heç bir mətbəxi Azərbaycan mətbəxinə çata bilməz.

   Bizi bəyənməyənlər də ağız dadımız fərqli olduğundan elə deyir. Alışdıqca özləri də etiraf edirlər ki, bizim mətbəx daha zəngindir. Şirniyyat məsələsində türk mətbəxi daha üstündür. Bizim bunlardan öyrənəcəyimiz şeylər çox

 

   "Səncə mənim imzam tanınırdımı?"

 

   - Gəl mətbəxdən çıxıb, yenidən jurnalistikaya qayıdaq. Səncə Nigar Almanqızı Azərbaycan mətbuatında tanınan imzadır?

   - Bunu mən deyil, oxucular daha yaxşı bilərlər. Əslində bu suala sənin cavab verməni istərdim. Səncə mənim imzam tanınırdımı?

   - Mən səndən soruşuram......

   - Amma sualına cavab verəcəm. Elə də məşhur imza deyiləm fikrimcə.

   - Elə deyirsən ki, mən də deyim yox tanınmış imzadır?))

   - Yox, Əstəğfurullah, elə demək istəmədim. Amma sənin fikrin çox önəmlidir.

   - Hamı səni Almanqızı kimi tanıyır. Almanlarla qarışığın yoxdur ki?

   - Almanlarla nənə tərəfdən qarışığım var və bundan qürur duyuram, almanları da çox sevirəm. Amma mən türkəm, Azərbaycan türkü.

 

   "Dərzidən tutmuş çörəkçiyə qədər hər kəs qəzet oxuyur"

 

   - Türkiyədə ən çoxtirajlı qəzetin tirajı nə qədərdir?  

   - Ən çox tirajlı qəzetleri siz də bilirsiniz. Amma ən az tirajlılar 20 min olanda, o qəzeti ciddiyə almırlar. Burda 500 min tirajla çap olunan qəzetler var. Dərzidən tutmuş çörəkçiyə qədər hər kəs qəzet oxuyur. Əslində 75 milyonluq Türkiyə üçün bu o qədər də böyük rəqəm deyil.

 

   "Azərbaycan futbolunun problemini məşqçilərdə deyil, başqa şeydə axtarmaq lazımdır"

 

   - Gəl bir az da futbolumuzdan danışaq. Səncə Berti Foqts bizə lazımdır?

   - Vallah bizə lazım deyil. Sadəcə görünür birilərinə lazımdır. Nə qədər ki, bu tip insanlara para xərcləyəcəyik, heç bir zaman qazanmayacağıq.

   Əslində Azərbaycan futbolunun problemini məşqçilərdə deyil, başqa şeydə axtarmaq lazımdır.

   Bunun tək səbəbi idmançıların sahədə özünü futolçu kimi deyil, polis kimi, gömrük işçisi kimi hiss etməsindədir. Adamlar sahədə belə kiminsə dostu, qohumu olduğunu, ya da hansısa məmurun istəyi ilə komandaya cəlb olunduqlarını hiss etdirirlər . Braziliya kimi bir ölkədə futbol məktəbləri var. Ora küçədə, məhəllələrdə futbol oynayan uşaqlar cəlb olunur, sonra da dünya arenalarında insanlara kimliklərini göstərirlər.

   - Türkiyə qardaş ölkə olsa da, Azərbaycan deyil. Qürbətdə yaşayınca daha çox nəyin həsrətini çəkirsən?

   - Bilirsən, insan uzaqda olunca anasını, atasını daha çox sevdiyini anlayır. Bəzən körpə uşaqlar kimi yuxudan oyanıb ağlayıram. Mən demək olar ki, aylardır bunu yaşayıram. İnan bütün Türkiyəni, ya da Azərbaycanı mənə o an bağışlasalar, anama bir kərə sarılaraq onun ətrini duymağa dəyişmərəm. Bəzən deyirəm ki, Allahım gedim anamı öpüm, al canımı deyib dua edirəm. Baldızım buna görə mənə irad bildirir. Deyir ki, sənin atan, anan sağdır. Bəs mən nə edim? Hər ikisi vəfat edib. 

   - Deməli, qaynana problemin yoxdur)))

   - Hə, qaynana problemim yoxdur. Amma rəhmətlik gözəl insan olub. Çünki baldızımın ona oxşadığını deyirlər və o da gözəl insandır.

 

 

   İntiqam VALEHOĞLU

 

   Ədalət.-2011.-19 oktyabr.-S.6.