Müstəqil
olmaq
Bütün gözəl, bənzərsiz,
müqəddəs işlər insandan hünər istəyir.
Ona görə də zaman səviyyəsində yaşayıb
fərdi, xəlqi və dövləti müstəqilliyə
tam çatmaq mümkün deyil.
Oktyabrın 18-i Quzey Azərbaycanın
müstəqilliyindən 20 il ötür. Müstəqillik əzəli
istəkdir: öncə fərdin içinə gələn,
sonra xalqın. Müstəqil fərd varsa, müstəqil xalq
da var.
Müstəqillik başlıca
olaraq mənəvi duyğudur. Fərdlər xalq kimi müstəqil
olmağı düşünəndə onun uğrunda
çarpışır və ölür. Müstəqilliyi
quranlara, onu gerçəkləşdirənlərə
yalnız müstəqillik duyğusunun verdiyi güc, mənəvi
həzz, fərəh yetir. İnsan bu duyğunu gözləri
yaşarıncaya qədər yaşaya bilir...
İstənilən zaman, gerçəklik
hər anlamda müstəqiliyə qarşıdır. Zaman
ağalıq-nökərlik, siyasət, təbəqəçilik
dairəsini qoruyur, həm də insana, xalqa, dövlətə
yarayan görünür. Gerçəklik isə onu yenən,
ondan üstün olan şəxsi, ulusu, dövləti
özünə qarşı sayır...
Dövlət ciddi, son dərəcə
gərəkli hadisədir. "Azərbaycan dövləti"
anlayışı hər birimiz üçün ülvi,
müqəddəs düşüncə mövzusu və
işidir.
Fərdin müəyyən bir
düşüncəyə çatması həmin ülvi
düşüncədə olan başqa fərdlə mənəvi
birliyini yaradır. Xalq beləcə təsdiq olunur.
Çünki "Xalq yetkin fərdlərin birliyidir"
(İnam Ata), o, daim mahiyyət üstə mənəvi yenilənməyi,
zənginləşməyi tələb edir.
Yüzillər boyu xalqın mədəniyyət
sistemi yaranır, ancaq hansısa dönəmdə
yaratdıqlarını yel aparır. Bu sərvəti bir yerə
toplayan, xalqın yaratdıqlarını və xalqın
özünü qorumaq üçün bənzərsiz bir
quruma gərək olur. Bu qurum - Dövlətdir! Dövlət
qurmaq isə hər millətin bəxtinə
düşmür.
"Müstəqillik" adlı
uca istəyin nisbi gerçəkliyini yaratmaqla da iş bitmir.
Nisbi müstəqillik ömürlərin, istəklərin
nisbiliyindən, yəni yarımçıqlığından
yaranır. İstəyə bərabər iş olmayanda
müstəqillik də bütöv gerçəkləşmir,
ömürləşmir...
Bu gün dövlət olaraq Azərbaycanın
müstəqilliyinin 20 illiyini qeyd edirik. Bu, müstəqil
ölkə kimi özünütəsdiq baxımından
qısa zaman olsa da, az vaxt da deyil.
Mən müstəqilliyə
başlıca olaraq mənəvi yöndən yanaşıram.
Şəxsin mənəvi müstəqilliyi yoxdursa, o, ən
ideal müstəqil ölkədə yaşasa belə -
müstəqil olmayacaq. Dövlətin və fərdin müstəqilliyi
bir-birində təzahür olunur, bir-birində təsdiqlənir.
Bu baxımdan yurdumuzda 20 ildə müstəqil fərdlərin,
aydınların yaranması prosesi yavaşıdı,
görünmədi...
Müstəqillik fərdin
içində, ağlında, ruhunda yarananda, yaşadılanda
var olur. Belə olmayanda dövlətin təəssübünü
çəkməkdən çox dövlətdən ummaq
"ənənəsi" yaranır: şəxs dövləti
hər anlamda özünə xidmətçi görmək istəyir.
Halbuki fərd özünü dövlətin qoruyucusu, onun fədakarı
saymasa, dövlət onu qoruya bilməz.
Hələ 20 il qabaq Asif Ata siyasi,
iqtisadi və mədəni müstəqilliyi belə
görürdü: "Siyasi müstəqillik - heç bir
dövlətdən asılı olmamaq. İqtisadi müstəqillik
heç bir dövlətin iqtisadiyyatından asılı
olmamaq. Mədəni müstəqillik heç bir dövlətin
mədəniyyətindən asılı olmamaq. Müstəqil
insan gərək Yurda - öz insani mahiyyətinə inanan,
özünü tanıyan, uca idrak, mənəviyyat, iradə
sahibi".
Mahiyyətcə xalqların
ömrü insanların ömrünə oxşayır. Xalqlar
da bir-birlərindən tale, aqibət baxımından fərqlənirlər.
Bütün dəbdəbəli fikirlərə, bəşər
tarixinin möhtəşəm görüntüsünə
baxmayaraq, dünya tarixi qan-qada, çəkişmələrlə
doludur. Dünyada ruhsuzluq, ümidsizlik baş alıb gedir,
durmadan artır.
Zamana, şəraitə dov gələ
bilməyən xalq gerçəklikdən üstün ola
bilmir, fəlakətə tuş gəlir. Fəlakətli
ömür yaşayan xalqın özünə gəlməsi
çox çətin olur.
Böyük faciə millət
üçün ölümə bərabər məqamdır:
çox zaman o, millətin əl-qolunu soyudur, dirənişini
qırır. O millət yaşayır ki,
qarşılaşdığı faciədən
başını itirmir, əksinə, fəlakətindən
güc alır.
Azərbaycanın indiki müstəqilliyi
kapitalizmin, dünyanın çox çirkin zamanına
düşdü. Şübhəsiz, zamandan uca millət,
dövlət heç zaman sarsılmamalıdır. Biz hələ
xalq və dövlət olaraq sarsıntılarımızı
ötməmişik. Dünyada milliliyə qarşı dəhşətli
savaş gedir və çox zaman antimillilik milliliyi üstələyir.
Bu baxımdan bir vaxtda müstəqillik qazanmış türk
ölkələri arasında hələ də doğruçu
birlik yaranmaması ağrıdıcıdıdr.
1918-20-ci illərdə mövcud
olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin
çöküşü dövlətçilik tariximizin kədərli
səhifəsidir. Belə bir gündə Azərbaycan Xalq
Cümhuriyyətini quran uca kişiləri sayğıyla
anırıq.
Müstəqillik dönəmində
təhsil sahəsində də öz yönümüz
yaranmadı. Milli təhsilimizin daha ciddi yaranması ilk olaraq
insan amili, onun dəyərləndirilməsi ilə
bağlıdır. İnsan məktəblərdə yetişməli,
tərbiyələnməli və xalq olmalıdır.
Əxlaq - İnsanın
İnsanilik tələbi əsasında yaşamasıdır. Dövlət
hər an əxlaq qoruyucusu olmalıdır. Bu, onun müqəddəs
görəvlərindən biridir. Təəssüf ki, bu 20 ildə
Azərbaycan toplumu əxlaq baxımından ciddi, həlli son dərəcə
çətin olan problemlər yaşadı və
yaşamaqdadır. Qərbin qloballaşma dalğasıyla
ruhumuza, mənəviyyatımıza, əxlaqımıza
qarşı açıq təcavüz davam etməkdədir.
Biz xalq olaraq əgər bununla barışırıqsa, demək,
dirəniş göstərmək səbəbini itirmişik.
Demək, milli mentalitet dediyimiz hal - milli özünəməxsusluq
yoxdur, itib! Yüzillərlə qazandığımız mənəvi
sifətimizi belə tezliklə itirmişiksə, bəs illər
sonra bizim sifətimiz necə olacaq? Müstəqilliyin
başlıca rəmzlərindən biri ulusal özünəməxsusluqdur,
milli simadır, yabançılaşma deyil.
20 ildə milli mədəniyyətimizdə
də qayğılarımız artdı. Bu gün milli mədəniyyətin
bizə nə qədər gərəkli olduğundan
danışılsa da, çox hallarda özgələşməyə
qarşı dirəniş yaranmır, yalançı
müqavimətin əslində özgələşməyə
xidmət etdiyi aydınlaşır.
Bu dönəmdə müxtəlif
yaradıcılıq sahələrində özümlükdən
daha çox özgəliklər artdı. Ədəbiyyatımızda
yeni fikir, söz əvəzinə xəlqi ənənədən
uzaqlaşma başlıca yön oldu. Əsərlərində
nifrət etdiklərinə həyatda məhəbbət bəsləyənlərin
sayı artdı. "Dünyaya oxşayaq" dedilər,
çox hallarda özümüzə oxşamaq hətta qəbahət,
qabaqcıllığa qarşı çıxmaq, gerilik
sayıldı.
Ədəbiyyatda, musiqidə, rəssamlıqda,
ümumən yaradıcılığın bütün sahələrində
çalışanların şəxsində millilik
çalarları getdikcə azaldı. Bütün
yaradıcılıq yönlərində Qərbin yüz il
öncə getdiyi yollar yamsılandı və bu, yenilik
sayıldı. "Azərbaycan ənənəsi"
anlayışının özü yoxa çıxmaq təhlükəsi
ilə üz-üzə qaldı.
20 ildə Azərbaycanda ziyalı
qıtlığı yaşandı. Müstəqilliyə qədər
azdan-çoxdan xalqın içində ziyalılıq
havası var idi. Müstəqilikdən sonra bu hava seyrəlməyə
başladı və indi artıq yoxa çıxmaqdadır.
Bunca tez tükənmək ziyalılıq göstərici ola
bilməz.
Müstəqilliyin sabahkı şərti
Yurdumuzda özümüzəməxsus inamımızın -
Dünyabaxışımızın bərqərar olması
ilə bağlıdır. Mütləqə İnamın
örnəyində artıq belə bir dünyabaxışımız
33 ildir var. Ümumən Asif Ata ideyalarının, Mütləqə
İnam Ocağının dövlətimizin müstəqillik
qazanmasında böyük, danılmaz yeri var.
Üzümüzü daim
özümüzə tutmalıyıq ki, özümləşək,
özgələşməyək. Həmişə fəxrlə
deyirik ki, ölkəmizdə çoxlu inanclar var. Ancaq bu məsələnin
sabahımız üçün necə ciddi problemlər
yaradacağını düşünürükmü?
Dövlət-din münasibətlərinin
necə həssas olduğu aydındır. Biz Azərbaycana gələn
müxtəlif baxışlara qarşı tolerantıq, yəni
dözümlüyük. Bəs dünya necə, bizə
qarşı tolerantdırmı? Yaxud dünya bizim nəyimizə
tolerantdır? Biz dünyaya, başqa xalqlara nə vermişik
ki, onlar da bizə dözümlü yanaşsınlar?..
Azərbaycan insanının, vətəndaşının
dövlətimizə uca, insani münasibətini yaratmaq ilk
növbədə vicdançı, fədakar, təmənnasız
fərdlərin özünü qurması ilə
bağlıdır.
20 il az vaxt deyil, necə deyərlər,
bir igidin ömrüdür. Bu müddətdə nəyisə
yarada bilməmişiksə, sarsılmamalıyıq.
"Müstəqillk" sözünün, ideyasının,
istəyinin gözdən düşməməsi
üçün ardıcıl fədakarlıq göstərilməlidir.
Bir xalqın başqasının asılılığına
düşməsi həmin fədakarlığın
olmamasından baş verir.
Müstəqilliyin ən
başlıca şərti xalqın, dövlətin özü
kimi var olması, başqasına oxşamaması, bənzərsizliyidir.
Dünyanın halına uyğun yaşayıb müstəqilliyi
var etmək mümkün deyil. Dövlətin əsas məqsədi
xalqı, milli dəyərləri qorumaq, dünyada təmsil
etməkdir.
Müstəqilik qayğısı
heç vaxt bitməyən, insana, xalqa, dövlətə,
habelə bəşərə gərəkli müqəddəs
istəkdir.
Biz xalq, dövlət kimi sabahlarda
var olmaq istəyirikmi? İstəyirikmi gələcəyimiz
olsun? O gələcəyi bizə hazır gətirsinlər,
yoxsa özümüz yaradaq? Müstəqillər gələcəyi
özləri yaradırlar, qeyri-müstəqillər hazır
istəyirlər.
Verilən gələcək - gələcək
deyil, qurulan gələcək - gələcəkdir!
Biz Azərbaycan türkləri
olaraq arxayınlaşa bilmərik. Azərbaycanın
bütöv müstəqilliyi bizi gözləyir. Böyük
Asif Atanın bu sözünü unutmamalıyıq: "Azərbaycan
birdir, əgər ikidirsə, o, yoxdur əslində!"
Parçalanmış yurdumuzun bir
guşəsində qurduğumuz müstəqil ölkəmizin
20 yaşı qutlu olsun!
Atamız
var olsun!
18
Xəzan ayı 33-cü il.
(18
oktyabr 2011)
İşıqlı
ATALI,
Mütləqə
İnam Ocağının Yükümlüsü
Ədalət.-2011.-19
oktyabr.-S.7.