Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iki konfrans keçirildi

 

   Vaşinqtonda "20 illik ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı anlaşma: yeni nəslin rolu" adlı konfrans keçirilib.

   Konfransda amerikalı və azərbaycanlı analitiklər, keçmiş və indiki rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, media və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, konfransda çıxış edən Azərbaycan diplomatları bildiriblər ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan regionun ən sürətlə inkişaf edən dövlətinə çevrilib. Onlar ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıqdan söhbət açaraq, bildiriblər ki, hər iki ölkə beynəlxalq çağırışlara birgə cavab verirlər.

   Amerikalı diplomatlar öz növbələrində gənc dövlətin inkişafına dəstək verdiklərini bildirib və Azərbaycanın bir sıra sahələrdə, xüsusilə də regionun təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və enerji diversifikasiyası sahəsində rolunu yüksək qiymətləndiriblər.

   Siyasi ekspertlər regionda son hadisələri müzakirə edib, strateji məsələlərdə əməkdaşlığı genişləndirmək üçün Obama administrasiyasına, ABŞ Konqresinə, xaricdəki müttəfiqlərə, o cümlədən Azərbaycana tövsiyələrini veriblər.

   Azərbaycanla bağlı digər bir tədbir isə Beynəlxalq Sülh uğrunda Karnegi Fondunda keçirilən konfrans olub. Dağlıq Qarabağ sülh prosesinə həsr olunmuş konfransda Azərbaycan, Ermənistan və ABŞ-dan olan analitiklər iştirak ediblər. Onlar Track 2 (İkinci Yol) diplomatiyasının müxtəlif yollarını, münasibətlərin dialoq yolu ilə qurulmasını müzakirə ediblər. Ekspertlər xatırladıblar ki, Ermənistan və Azərbaycan arasında qanlı müharibə çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Ceyms Kolinz (James Collins) diplomatik səylərdən danışaraq bildirib ki, diplomatik vasitələrin heç də hamısı istifadə olunmayıb.

   Bakıdan olan siyasi analitik Təbib Hüseynov bildirib ki, çox vaxt diplomatları bağlı qapılar arxasında danışıq apardıqlarına görə günahlandırırlar, amma hansısa məsələ üzə çıxan kimi onlar bir-birlərinə deyil, kütlələrə üz tutmalıdırlar: "Hər iki ölkənin - Azərbaycan və Ermənistanın cəmiyyətləri, xüsusilə münaqişənin köklərini anlamağa gələndə, uçurumun müxtəlif tərəflərində qalırlar".

   Müzakirələr zamanı Dağlıq Qarabağ ermənilərinin ABŞ-dakı "ofisinin" nümayəndəsi Aram Avetisyan Azərbaycanı hərbi bəyanatlar verməkdə günahlandırmağa cəhd edib. Amma Azərbaycan səfirliyinin nümayəndəsi Nəsimi Ağayev xatırladıb ki, Dağlıq Qarabağ adlı respublika yoxdur və onun ofisi səfirlik kimi deyil, ABŞ-da lobbist təşkilat kimi qeydə alınıb.

 

 

   Ədalət.-2011.-19 oktyabr.-S.6.