Ümumtəhsil sistemində müasirləşmə dövrü

 

  (mövzu əsasında VI yazı)

 

   (əvvəli ötən sayımızda)

 

   İstedadlı uşaq və gənclərə göstərilən qayğı

 

   Prezident İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirək" süarı gənc nəslin intellektual potensialının artırılmasına, onların elmi-texniki tərəqqinin bütün nailiyyətlərindən səmərəli istifadə etmələrinə geniş şərait yaratmışdır.

   "Azərbaycan gəncliyi Dövlət Proqramı"nın təsdiq edilməsi və gənclər siyasətinə dair digər qanun və proqramların qəbul edilməsi gənc nəslin inkişafında mühüm rol oynayır. Şagirdlərin istedad və qabiliyyətlərinin aşkar edilməsində fənn olimpiadalarının olduqca böyük əhəmiyyəti vardır. Son beş ildə rayonun şagirdləri respublika fənn olimpiadalarında müntəzəm iştirak edərək müsbət nəticələr əldə etmişlər. Təsadüfi deyildir ki, Respublika Təhsil Nazirliyinin "Məktəblilərin 2010-2011-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə" 18 may 2011-ci il tarixli əmrində fənn olimpiadalarının təşkili və keçirilməsində Ağdaş rayon Təhsil Şöbəsinin müsbət işi qeyd edilmişdir.

   2010-2011-ci dərs ilində fənn olimpiadalarının I rayon turunda 640 nəfər, II turunda isə 118 nəfər iştirak etmişdir. II turun nəticələrinə görə olimpiadanın Republika turunda 12 nəfər iştirak etmiş, onlardan 4 nəfər olimpiada qalibi olmuşdur.

   Qəbul edilmiş proqramların icrası ilə əlaqədar rayonda gənc nəslin istedad və qabiliyyətlərini əks etdirən sərgilər, idman yarışları, olimpiadalar, bilik yarışları və digər müxtəlif səpkili tədbirlər keçirilmiş, çoxsaylı layihələr reallaşdırılmışdır.

   Təsadüfi deyildir ki, istedadlıların respublika seçim turunda iştirak edən S.Vurğun adına şəhər tam orta məktəbin XI sinif şagirdi Mustafazadə Şəlalə Ərrəhman qızı və M.Şeyxzadə adına gimnaziyanın IX sinif şagirdi Tağıyev Əhmədiyə Münasib oğlu kimya fənni üzrə istedadlıların Respublika seçim turunda ən yüksək bal toplayaraq I yerə layiq görülmüşlər. Gimnaziyanın XI sinif şagirdi Əhmədli İlyas İlqar oğlunun adı Heydər Əliyev adına fondun "İstedadlı şagirdlərin fəxri kitabı"na yazılmışdır.

   Bu ilin fevral ayında Türkiyə və Azərbaycan Təhsil Nazirliklərinin birgə keçirdikləri "Ana dilini sevək və sevdirək" mövzusunda müsabiqədə gimnaziyanın X sinif şagirdi Aişə Hüseynova və VI sinif şagirdi Sevil Mustafayeva müsabiqənin qalibi kimi "Fəxri fərman" və hədiyyələrlə mükafatlandırılmışdır.

   Bir məsələni də xüsusi vurğulamaq lazımdır. Yeni tipli məktəblərin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq 3 il bundan əvvəl Təhsil Nazirliyinin əmri ilə M.Şeyxzadə adına şəhər internat məktəbinin bazasında Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziya yaradılmışdır. Həm də bu məktəb Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Avropa standartları səviyyəsində əsaslı şəkildə təmir edilib müəllim və şagirdlərin istifadəsinə verilimşdir. Gimnaziya qısa dövr ərzində böyük uğurlar qazanmışdır. 2010-2011-ci dərs ilində məktəbin ilk buraxılışı olmuş və 24 nəfər məzundan 18 nəfəri yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Onlardan bir nəfəri 652 bal, 5 nəfəri isə 500-dən yuxarı bal toplamışdır, 5 nəfər məzun isə yüksək balla orta ixtisas məktəblərinə qəbul olunmuşdur.    

   2010-2011-ci tədris ili Ağdaş təhsilinin inkişafında və qazanılan uğurlara görə ən uğurlu illərdən biri olmuşdur.

   2010-2011-ci dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə Təbiət, Texniki və Humanitar təmayüllü gimnaziya və S. Vurğun adına şəhər 1 saylı tam orta məktəbi Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli sərəncamı ilə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatına layiq görülmüşlər.

 

   Buraxılış imtahanlarının yekunu

 

    2010-2011-ci dərs ilinin yekunları ilə əlaqədar XI sinif şagirdləri ilə eyni gündə IX sinif şagirdləri də mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı vermişlər.

   Buraxılış sinif şagirdlərinin imtahanlara hazırlaşması və imtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

   Görülən tədbirlərin nəticəsində builki nailiyyətlər orta respublika səviyyəsindən yüksək olmuşdur. Belə ki, XI siniflər üzrə imtahanlara 888 nəfər şagird buraxılmış, onlardan 870 nəfəri imtahanda iştirak etmiş, 18 nəfər müxtəlif səbəblərə görə imtahana gəlməmişdir. Imtahanın nəticəsinə görə 116 nəfər şagird imtahanlardan qeyri-kafi qiymət almış, 772 nəfər (86,9 %) şagird buraxılış imtahanlarını müvəffəqiyyətlə verdiyi üçün tam orta təhsil haqqında attestat almışdır. Əgər, 2009-cu ildə XI siniflər üzrə buraxılış imtahanlarında şagirdlərin 85,8 faizi müvəffəq qiymət almışdırsa, 2011-ci ildə bu rəqəm 86,9 faizə çatmışdır.    

   2009-cu ildə 4 məktəbin şagirdləri buraxılış imtahanlarından 100 % nəticə əldə etmişdirsə. 2011-ci ildə 11 məktəbin şagirdləri imtahanlardan 100 % qiymət almışdır.

 

   Ali məktəblərə qəbulun uğurlu nəticələri

 

   Bu il rayonun 41 tam orta məktəbin məzunları 2011-ci ildə ölkənin ali məktəblərində keçirilən tələbə qəbulu ilə əlaqədar test imtahanlarında fəal iştirak edərək daha yüksək nəticələrə nail olmuşlar.

   2010-cu ildə respublikamızın və digər xarici ölkələrin ali məktəblərinə rayonun tam orta məktəblərindən 201-nəfər abituriyent qəbul olmuşdursa, bu rəqəm 2011-ci ildə 238 nəfər təşkil etmişdir.

   2011-ci ildə rayonun tam orta məktəblərinin XI siniflərini 806 nəfər məzun bitirmişdir. Ali məktəblərə qəbul olunmaq üçün sənəd qəbulu komissiyasına sənəd vermiş 498 nəfər məzundan 238 nəfəri ali məktəblərə, 193 nəfəri isə müxtəlif orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 

   Bu il rayonun tam orta məktəblərinin 51 nəfər məzunu 500-dən yuxarı bal toplamışdır. Cücük kənd tam orta məktəbin məzunu Əliyev Mahmud İlham oğlu 669 balla Azərbaycan Diplomatik Akademiyasının Beynəlxalq münasibətlər, Texniki, təbiət və Humanitar təmayüllü gimnaziyanın məzunu Fərhadlı İlyas Telman oğlu 652 balla Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər, Qaradeyin kənd tam orta məktəbin məzunu Abışov Səbuhi İldırım oğlu 635 balla Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə, Aralbir kənd tam orta məktəbin məzunu Kərimov Əflatun Qorxmaz oğlu 624 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə, Pirəzə kənd tam orta məktəbin məzunu Əliyev Fəzi Möhübbət oğlu 608 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə, Cardam kənd tam orta məktəbin məzunu Səmədova Gülər Mehman qızı 607 balla Bakı Dövlət Universitetinin Kompyuter elmləri fakültəsinə, Nizami adına tam orta məktəbin məzunu Hüseyinov Murad Hüseyin oğlu 606 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşlar.

 

 

Məzahir Əhmədoğlu

 

Ədalət.-2011.-20 oktyabr.-S.7.