ƏDƏBİYYATDAN
ƏBƏDİYYƏTƏ
Belə bir atalar sözü var: "Dostunu göstər, sənin necə adam olduğunu deyim". Bu baxımdan yanaşdıqda tanınmış şair, publisist, ömrünü ədəbiyyatın, elmin, mədəniyyətin, incəsənətin təbliğinə həsr edən jurnalist Flora Xəlilzadənin dostlarının əhatə dairəsi çox genişdir. Əlbəttə, burada dostluq şərti, simvolik mənadadır. Ona görə ki, Flora xanım təkcə yaxından tanıdığı yox, həm də üzünü görmədiyi, heç zaman ünsiyyətdə olmadığı, təmanna güdmədiyi ləyaqətli, ancaq bazar iqtisadiyyatı dövründə bir növ unudulan, yaddan çıxan elm və mədəniyyət xadimləri haqqında yazmağı özünün vətəndaşlıq vəzifəsi hesab edir. Bu məram isə, hər şeydən əvvəl, onun mənəviyyatından, aydın ziyalı mövqeyindən qaynaqlanır.
Uzun illərdən bəri "Azərbaycan" qəzetində şöbə müdiri vəzifəsində çalışan, demək olar ki, qəzetin hər sayında sanballı, problematik məqalələrlə çıxış edən Flora Xəlilzadə qələminin məhsulu olan yazılar gündən-günə çoxalmaqdadır. Elə buna görə də onun bu yazılardan ibarət yeddi cildlik seçilmiş əsərlərini çap etdirmək istəyi məndə qətiyyən təəccüb doğurmadı. Budur, F.Xəlilzadə qələminin seçmə məhsulları toplanan "Yazdıqlarım: ədəbiyyat, əbədiyyət" adlı kitabın birinci cildi qarşımdadır. Və elə kitabın adı həssas, tükü tükdən seçməyi bacaran oxucu üçün çox mətləblərdən xəbər verir. İstər-istəməz buradan belə bir məntiqi nəticə hasil olur ki, əsl ədəbiyyatın, sənətin, elmin ömrü əbədidir. Flora o mənada xoşbəxtdir ki, daim əbədi olanlar, millətin həyatında, mənəviyyat tariximizdə xüsusi xidmət göstərənlər haqqında düşünür və yazır.
"Oxucularıma" adlanan ön sözdə müəllifin məramı
aydınca duyulmaqdadır: "Mənim qəhrəmanlarım
mənəviyyat adamları, sözlə sənət mülkü ucaldanlar və
əsl ləyaqət sahibləridir. Bütün
ömrüm boyu
sözə sığınaraq onun hökmündə
yaşadım. Ürəyimdə qaynayan
sözlərin sevdasından dolub-boşaldım. Bütün
kəlmələrimə ürəyimin odunu
sıxdım. Çalışdım ki,
həmişə doğru sözün
əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi və
qələmimin naxışladığı yazılarda çiy sözə təsadüf edilməsin.
Sənət mülkündə kərpic-kərpic hördüyüm Sözün
ürəkdən gəlməsinə can
atdım. Bizdən sonra bizi
yaşadacaq sözün
həmişə qürurlu, uca olmasına çalışdım".
Bu məqamda xalqın uzun illərin
həyat təcrübəsindən doğan müdrik
düşüncəsinin məhsulu olan "Niyyətin hara, mənzilin
ora" qənaəti, "Kim nə haqda
düşünürsə odur" deyimi yadıma
düşdü və Floranın saf niyyətlə,
böyük ürək genişliyi, xeyirxahlıqla
reallaşdırdığı bu proyektin dəyəri
gözümdə daha da ucaldı. Tədqiqatçı-jurnalistin
müxtəlif mündəricəli məqalələrini
oxuyandan sonra bu qənaətlərin doğruluğu, onun
sözlərinin səmimiliyi qətiyyən şübhə
doğurmadı. Ən təqdirəlayiq, yazıların
inandırıcılığını, mötəbərliyini,
sanballılığını təmin edən cəhətlərdən
biri də budur ki, Flora peşəkarlığına güvənərək
qələm çalmır, onun faktlarla zəngin məqalələri
xüsusi araşdırmaların, jurnalist tədqiqatlarının
məntiqi yekunu kimi meydana gəlir
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar kitaba
yazdığı ön sözdə Flora Xəlilzadənin
yaradıcılıq nümunələrini yüksək dəyərləndirir
və xüsusi vurğulayır ki, onu həmkarlarından fərqləndirən
əsas cəhət öz mövzularına və qələminə
sadiqliyindədir. Flora həmişə yazıçı və
şairlərimizdən, ədəbiyyatın problemlərindən,
mədəni mühitdən maraqlı, özünəməxsus
tərzdə yazır.
Hörmətli yazıçımızın
fikirləri ilə biz də şərikik və bütün
bunların əsas səbəbini isə Floranın öz həyatını
uşaqlıqdan zəngin folklor, kitab mühitində
keçirməsində görürük. Ağlı kəsən,
sözün sehrini anlayan gündən Floranın ədəbiyyata
könül verməsi onun həyat yolunu müəyyənləşdirən
ən vacib amilə çevrilmişdir. Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirməsi, "Azərbaycan
təbiəti", "Azərbaycan müəllimi", nəhayət,
"Azərbaycan" qəzetində işləməsi onun ədəbiyyat
aləminə, sənət adamlarına
bağlılığını, sözə olan hörmət
və məhəbbətini gündən-günə
artırmışdır. Həmişə ədalət
prinsipini gözləməsi, xüsusi istedad və qabiliyyəti,
poetik duyumu sayəsində sözə verdiyi obyektiv qiymət
oxucular arasında onun imzasına hörmət
oyatmışdır.
Kitabın "Sözün və
zamanın ucalığında" adlanan bölməsi
Dünya Azərbaycanlılarının birinci qurultayında
ümummilli liderimiz Heydər Əliyevin "Qoy
çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin,
qoy çırağımız sönməsin!" sözlərinin
şərhi ilə başlayır və Flora bu sözlərin
işığında ədəbiyyatımızın, incəsənətimizin
yeni istiqamətdə inkişafından söhbət
açır və bu sahədə Heydər Əliyevin misilsiz
xidmətləri geniş şərh olunur.
"Yaşıl qələm"dən
başlanan yol" məqaləsində Azərbaycan
Yazıçılar Birliyinin keçdiyi inkişaf yoluna nəzər
salan müəllifin bu təşkilatın yaranması və
inkişafında xüsusi xidmətləri olan,
ayrı-ayrı vaxtlarda Yazıçılar İttifaqına rəhbərlik
edən Məmmədkazım Ələkbərli, Seyfulla
Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov,
Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov,
İsmayıl Şıxlı və nəhayət, Anar
haqqında ətraflı məqalələr yazması təqdirəlayiqdir.
Elə bil ki, bu portret məqalələr bir-birini tamamlayır
və Yazıçılar Birliyinin keçdiyi şərəfli
yol haqqında daha dolğun təsəvvür yaradır. Flora
bununla da kifayətlənmir, Yazıçılar Birliyinin
Naxçıvan, Qarabağ, Gəncə, Aran, Quba, Şəki,
Mingəçevir, Muğan, Qazax, Şirvan, Lənkəran,
Sumqayıt bölmələri, onların fəal üzvləri
haqqında yazdığı məqalələrlə
müasir Azərbaycan yazıçıları haqqında
oxucu təsvvürünü daha da genişləndirir.
Kitabın "Söz şimşəkləri"
adlı bölməsində Vidadi, Vaqif, Aşıq Pəri,
Heyran xanım, Aşıq Ələsgər, Yəhya bəy
Dilqəm, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev,
Əliqulu Qəmküsar, M.Ə.Sabir, Əli Nəzmi,
"İstot" təxəllüsü ilə
çıxış edən Nuşirəvan Kərimov,
Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Mənsur,
Sultanməcid Qənizadə, İsmayıl bəy
Qutqaşınlı, Yusif Vəzir Çəmənzəminli,
Ümmügülsüm, Əhməd Cavad, Mikayıl
Müşfiq, Almas İldırım, Əziz Şərif,
Nazim Hikmət, Əyyub Abbasov, Əkrəm Cəfər, Şəhriyar,
Əli Vəliyev, Aşıq Şəmşir, Simax Şeyda,
Leyla Eradze haqqında toplanan məqalələr öz
informasiya bolluğu, təhlil mədəniyyəti ilə
seçilir. Bu məqalələrin hamısı xüsusi
araşdırmaların məhsulu kimi araya-ərsəyə gəldiyindən
çox dəyərlidir və müəllifin maraq dairəsinin
genişliyindən, zəhmətsevərliyindən xəbər
verir.
Müəllifin Əzizə Cəfərzadə,
İlyas Əfəndiyev, Qasım Qasımzadə, Mir Cəlal,
Nigar Rəfibəyli, Mədnə Gülgün, Xalidə
Hasilova, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Elçin, Nəbi Xəzri, Əliağa
Kürçaylı, Fikrət Qoca, Sabir Novruz, Vidadi Babanlı,
Məmməd Aslan, Hüseyn İbrahimov, Sərdar Əsəd,
Vaqif İbrahim, Seyfəddin Dağlı, İslam Səfərli,
İsa Muğanna, Qabil, Gülhüseyn Hüseynoğlu, Nəriman
Həsənzadə, Fikrət Sadıq, Rəfiq Zəka,
Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Əfqan
Əsgərov, Tofiq Mütəllibov, Malik Fərrux, Mustafa
Çəmənli və b. haqqında yazdığı ətraflı
məqalələri oxuyanda adam bu qənaətə gəlir
ki, Flora Xəlilzadənin bu toplusu adicə bir kitab deyil, ədəbiyyat
tariximiz haqqında yazılan dəyərli bir dərs vəsaitidir.
Topluya ədəbiyyatşünas və dilçi alimlərimizdən
Məmməd Arif Dadaşzadə, Əli Sultanlı, Mikayıl
Rəfili, Qulu Xəlilov, Ağamusa Axundov, Bəkir Nəbiyev,
Firudin Hüseynov, Vaqif Arzumanlı, Maarifə Hacıyeva,
Gülrux Əlibəyova, Şamil Vəliyev və b.
haqqında daxil edilən məqalə və oçerklər
bu vəsaitin dəyərini birə on artırır.
Kitaba Əbdüllətif Bəndəroğlu,
Anar, Zəlimxan Yaqub, Sevda İbrahimova, Nəsrin Ərbillə
aparılan müsahibələrin, görkəmli jurnalistlərdən
Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Şamil
Fərzəliyev, Eldar Qənbərli, Svetlana Rəhimqızı,
Svetlana Nəcəfova, Qulu Məhərrəmli, Zemfira Məhərrəmli,
Kamran Hacıyev və başqaları haqqında qədirşünalıqla
yazılan məqalələrin yer alması da yaxşı cəhətdir.
Hələ bütün bunlar
hamısı deyil. Flora Xəlilzadə məqalələrinin
qəhrəmanları çoxdur. Təkcə onların
adını yazsaq, böyük bir siyahı alına bilər. Ən
önəmli cəhət bundan ibarətdir ki, bu məqalələrin
heç birini kiminsə, nəyinsə xətrinə
yazmayıb. Flora xanım çalışıb ki, az-çox
ədəbiyyatımızın, mədəniyyətimizin,
jurnalistikamızın inkişafında xidmətləri olan
insanların heç biri diqqətdən kənarda qalmasın,
heç kəs unudulmasın.
İstedadlı, özünü
gözə soxmayan təvazökar qələm sahiblərinə
qarşı bu qədər xeyirxah olan Flora Xəlilzdə
istedadsızlara qarşı çox amansızdır, sərtdir.
"Söz seçimində itən meyarlar" adlı
bölmədə toplanan məqalələrin hamısında
Flora istedadsız, özündənmüştəbeh
adamların daşını daş üstündə qoymur. Bu
məqalələrin adları belə oxucuya onun məzmunu
haqqında çox şey deyir: "Qırmızı vəsiqələrin
qırmızı sahibləri", "Ədəbi tənqiddə
tost ənənəsi", "Dərslik bolluğunda keyfiyyət
qıtlığı", "Bu, kürdlərə yox, ermənilərə
xidmətdir", "Sevgilisinin ürəyindən kabab
çəkən şair"...
Ayrı-ayrı elm və sənət
xadimləri haqqında yazılan məqalənin hər birində
Flora xanımın sənətə, sənətkara məhəbbəti,
naqis, yaramaz cəhətlərə nifrəti aydınca sezilməkdədir.
Floranın mərdliyi, vətəndaşlıq mövqeyi,
"Düzü düz, əyrini əyri" demək cəsarəti
təəssüf ki, indiki qələm adamlarının
çoxunda yoxdur. Flora Xəlilzadənin bu kitabı ədəbiyyatımıza,
mədəniyyətimizə, elmimizə, incəsənətimizə
təmənnasız xidmətin bariz nümunəsidir.
İlk uğurlu, cəsarətli
addım artıq atılmışdır. Qarşıda isə
sanballı məqalələrdən ibarət 6 kitab
işıq üzü gözləyir. İnanırıq ki, bu
yeddi cildliyin müəllifinin ürəyindəki sənət
sevgisindən, ədəbiyyat təəssübkeşliyindən,
ədalət meyarından tələbkar, yaxşını
pisdən ayırmağı bacaran qədirbilən
oxucuların hamısına pay düşəcəkdir. Bu
çətin və şərəfli yolda istedadlı, zəhmətkeş
qələm dostumuza uğurlar diləyir və
xatırladırıq ki, "bütün ömrü boyu balıq
üçün yox, Xaliq üçün yazan" insanın
zəhmətini Ulu Yaradan heç vaxt yerdə qoymaz. Ədəbiyyatı
əbədiyyətə qovuşduranlara zaval yoxdur.
Rafiq
YUSİFOĞLU,
filologiya
elmləri doktoru,
professor.
Ədalət.-2011.-20
oktyabr.-S.5.