OKTYABR AYI HÜSEYN CAVİD AYIDIR

 

 Oktyabr ayı XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli Azərbaycan şairi və dramaturqu, "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Azər", "Nil yavrusu", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi ölməz əsərlərin müəllifi Hüseyn Cavidin taleyində ən yadda qalan aydır. Taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Hüseyn Cavidin ölümündən çox-çox sonralar müxtəlif illərin məhz oktyabr aylarında onun barəsində tarixin ədalətli hökmləri verilmiş, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilmişdir. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət - ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Təxminən otuz il əvvəl məhz Heydər Əliyevin təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Cavidin cənazəsini çiyinlərində gətirərək doğma yurdu Naxçıvana qovuşduran Həmid Cəfərovun söhbəti ulu öndərimizin bu tarixi xidmətləri haqqındadır:   

 

   - Ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik insan Heydər Əliyev mənalı həyatının bütün dövrlərində Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan vermiş, bunu özünün müqəddəs vəzifələrindən biri sanmışdır. Heydər Əliyev Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsinə zəngin töfhələr vermiş dahi bir şəxsiyyət kimi Azərbaycan mədəniyyətinin hamisi olmuşdur. Təbii ki, çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirərək zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poeziyası, təkrarsız dramaturji əsərləri, həmçinin məşəqqətli həyatı ilə ümummilli liderimizin diqqətini cəlb etməyə bilməzdi. Azərbaycanda milli şüurun intibahına dəyərli xidmət göstərmiş Hüseyn Cavidə ulu öndərimiz Heydər Əliyevin daim böyük sevgisi olmuşdur. Böyük söz ustadının 100 illik yubileyi ərəfəsində Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin İrkutsk vilayətindən Naxçıvana gətirilməsini, doğma yurdunda dəfn edilməsini bu sevginin zirvə nöqtəsi hesab etmək olar. Nadir hadisələrdən biri kimi bu haqda bir qədər ətraflı danışmaq istərdim.

   Məlum olduğu kimi 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilmişdir. Bir cavidsevər Azərbaycan vətəndaşı kimi Cavidin cənazəsinin qalıqlarını Azərbaycana gətirmək mənim də ürəyimdən keçirdi. Ancaq bu da bir həqiqətdir ki, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması çox müşkül məsələ idi. Soyuq Sibirdəki dəmir seyflərin açılması, "sovsekretno" sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə asan iş deyildi. Bütün bunları millətinə bağlı, qəlbində xalqının tarixi və mədəniyyətinə sonsuz sevgi hissləri olan rəhbər vəzifədə işləyən şəxs edə bilərdi. Bu məsələni həlli etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Xoşbəxtlikdən Ulu Tanrı belə bir şəxsiyyəti Azərbaycana bəxş etmişdi. O, Heydər Əliyev idi. Məhz onun təşəbbüsü ilə 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdi. Bu qərardan sonra ümummilli liderimiz Heydər Əliyevin Hüseyn Cavidə olan böyük sevgisindən ilham alaraq nakam taleli söz ustadının ömür yoluna işıq salmağa özümdə güc tapdım. Böyük sənətkarla bağlı axtarışlarım, uzaq Sibirlə yazışmalarım nəticəsiz qalmadı. Ən başlıcası isə 1982-ci il oktyabrın 3-də Heydər Əliyevin Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua verməsi mənim bu sahədəki fəaliyyətimə təkan verdi. Ümummilli liderimiz Heydər Əliyevin bu şərəfli işə razılığından, xeyir-duasından, dəyərli göstərişlərindən sonra - oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etdi və belə bir şərəfli işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu.

   Naxçıvan Vilayət Partiya Komitəsinin qərarı qarşımızda mühüm və məsuliyyətli bir vəzifə qoymuşdu. Bu qərar Naxçıvan Vilayət Partiya Komitəsinin qərarı olmaqla yanaşı həm də haqlı olaraq ən böyük azərbaycanlı adlandırılan Heydər Əliyevin tapşırığı, arzusu idi. Qərarın icrası məsuliyyətli olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir çətinlikdən söhbət gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması bizi ruhlandırırdı. Bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik edirdi. Ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev "Bakinski raboçi" qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə" - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir.

   Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq. 1982-ci il oktyabrın 15-də Moskvadan İrkutska uçduq. Uzaq Sibirdə Cavid soraqlı bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

   Doğrudur Cavidin "sakini olduğu" əlillər evinin 1956-cı ildə dağıdılması, Sibirin sıx meşələrindəki Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin tapşırığı yerinə yetirilməli idi.

   Mənim təkidli və təkrar-təkrar xahişlərimdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin "gedər-gəlməz" saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Əslən Qarabağdan - Ağdamın Qaradağlı kəndindən olan Azər Musayev və bərdəli olan Namiq Rəsulov da bizimlə idilər. Onlar bu çətin səfərdə Naxçıvandan gələn həmyerlilərinə qoşularaq bizə kömək edirdilər. Bütün ümidlər isə 1941-ci ildə Cavidin "həbs evində"- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. Yol boyu mən ondan ayrı durmurdum - bu qocanın dilindən eşitdiyim "Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb" sözləri mənə ümid verirdi. Oktyabrın 21-də Şevçenko kəndinə çatdıq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlığa gəldik. Şaxtalı havada qarın altında olan qəbirlərin arasında 59 saylı qəbri axtarırdıq. İki saat axtarışdan sonra birdən rayon prokuroru Yelena Xaritinovanın səsi gəldi: "Tapdım!" Sevinə-sevinə onun yanına qaçdıq və məzarın başına vurulan taxtanı silib-təmizlədik, 59 rəqəmini gördük. Prokuror Yelena Xaritinova qəbrin açılması üçün sanksiyanı imzaladı və Cavidin qəbri qazıldı... Heç nə hədər getməmişdi, Hüseyn Cavid "59"-da uyuyurdu. Hüseyn Cavid "tapılmışdı" - Azərbaycanın böyük oğlunun tarixi bir tapşırığı yerinə yetirilmişdi. 

   1982-ci il oktyabr ayının növbəti günləri də Hüseyn Cavidin taleyi ilə bağlı əlamətdar oldu. Hüseyn Cavid Şevçenko-Tayşet - İrkutsk - Moskva - Yerevan - Naxçıvan marşrutu ilə doğma yurduna "qayıtmalı" idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: "Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız".   

   Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin "ayağı" Yerevana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

   1982-ci il oktyabrın 26-da Cavid Bakıya, sonra isə Naxçıvana "uçdu". Naxçıvanda - evinin qarşısında torpağa tapşırıldı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirildi.

   Bir daha təkrar etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə 1982-ci ilin oktyabrında reallaşan tədbirlər tarixdə nadir hadisələrdəndir. Heydər Əliyevin SSRİ miqyaslı nüfuzu sayəsində ilk dəfə olaraq Sibirin caynağından məzar qoparıldı. Bu, sözün həqiqi mənasında ulu öndərimizin böyük vətənpərvərliyinin məntiqi nəticəsi idi. Vətənpərvər şairimiz Xəlil Rza Ulutürk haqlı olaraq yazırdı ki, "Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli biçimdə şairin öz vətənində - Naxçıvanda torpağa tapşırılmasını HEYDƏR QƏHRƏMANLIĞI anlayışına daxil edirəm". Təsadüfi deyildir ki, Cavidin cənazəsinin Azərbaycana gətirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək qiymət verərək qeyd etmişdir ki, "Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür".

   Ötən əsrin 80-ci illərinə qayıdaraq bildirmək istərdim ki, 1982-ci ildə Heydər Əliyevin SSRİ-nin ali siyasi rəhbərliyinə irəli çəkildikdn sonra Moskvaya getməsi Cavidin adının əbədiləşdirilməsi ilə bağlı işlərdə bir boşluq yaratdı. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar nəzərdə tutulmuş bir sıra tədbirlər reallaşmadı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 110 illiyi ilə əlaqədar çıxışında qeyd etdiyi kimi "1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti H.Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı üzərində məqbərənin yaranması, Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş yayılması, dərc olunması, rus dili və başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində həyata keçirilməyibdir".

   Ulu öndərimiz ikincə dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndən sonra da görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində misilsiz xidmətlər göstərdi. Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılması ilə əlaqədar 1995-ci il iyunun 10-da keçirilən müşavirədəki çıxışında Heydər Əliyev bir daha qətiyyətli mövqeyini bildirdi: "Biz ev-muzeyləri yaratmışıq və xalqımızın görkəmli nümayəndələrinin ev-muzeylərini bundan sonra da yaradacağıq. Bu, yaxşı ənənədir və onu davam etdirmək lazımdır. Mən yenə də deyirəm ki, Cavidin yaşadığı yerdə ev-muzeyi yaradılmalıdır. Hüseyn Cavidin cənazəsi Sibirdən gətiriləndə mən məhz bu fikrin tərəfdarı oldum ki, onun qəbri Naxçıvanda olsun, bir tərəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdə isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax, mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o fikirlə yaşayıram. Ona görə də istəyirəm ki, indi bizim üçün çətin olsa da, belə bir möhtəşəm məqbərə yaradaq. Bu, həm böyük memarlıq abidəsi, həm də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun".   

   Mənalı ömrünün bütün dönəmlərində sözü ilə əməli vəhdət təşkil edən Heydər Əliyev sözün həqiqi mənasında Hüseyn Cavidin xatirəsinə layiq məqbərənin yaradılmasına nail oldu. Bundan öncə böyük humanist ideyalarla yaşayan Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarı Bakıdan, Ərtoğrul Cavidin məzarı isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş verdi. 1996-cı il oktyabrın 29-da isə böyük ədib Hüseyn Cavidin məqbərəsinin açılışı oldu. Bu münasibətlə təntənəli mərasimdəki nitqində Heydər Əliyev bir daha Cavid şəxsiyyətinin böyüklüyünü qiymətləndirdi: "Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridır. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".

   Ümummilli liderimiz Heydər Əliyev "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" sərəncam imzaladıqdan bir gün sonra - 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin ev muzeyinin açılış lentini kəsdi. Muzeyin açılış mərasimində Heydər Əliyev nitqində bu mədəniyyət ocağını dəyərləndirərək qeyd etdi ki, "...Muzey çox maraqlıdır, olduqca maraqlıdır. Güman edirəm ki, Hüseyn Cavid yaradıcılığı ilə, onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə bilərlər. Həm də yaradıcılıqla, elmi işlə məşğul olanlar orada özləri üçün çox lazımlı məlumatlar toplaya bilərlər...".

   Bu gün mən bir Azərbaycan vətəndaşı olaraq qürur hissi keçirirəm ki, Heydər Əliyevin Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini - bu ənənəni dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən böyük sənətkarımızın 125 illiyi ölkəmizdə yüksək səviyyədə keçirilmiş, əsərləri latın qrafikasında çap olunmuşdur.   

   Cavid irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində Hüseyn Cavidin ev muzeyinin fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev ideyalarına işıq saçan bu muzeydə son illər bir sıra yenidənqurma işləri görülmüş, ekspozisiyada müasir tələblərə uyğun, dövrlə səsləşən tərtibat işləri aparılmışdır. Muzeyin təbliği sahəsində bir çox işlər görülmüş, biblioqrafiya, muzeyin saytı hazırlanmışdır. "Cavidşünaslıq" toplusu çap olunmuşdur. Bütün bunlar Cavid irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində görülən işlərə böyük töhfədir. Ömrümün 75-ci baharına qədəm qoyduğum bir vaxtda Cavidin həyatının təbliği ilə bağlı mən də özümü kənarda qoymaq istəmirəm. Böyük söz ustadının 130 illik yubileyi ərəfəsində Hüseyn Cavidin məşəqqətli Sibirdən qayıdışından bəhs edən foto-kitab tərtib edib cavidsevərlərə hədiyyə etmək niyyətindəyəm.

 

 

  Hikmət Cəmilzadə (Xudiyev)

 

  Ədalət.-2011.-20 oktyabr.-S.6.