"Nar ağacı, nar çiçəyi"

 

  Göyçayın simvolu indi Biləsuvarda genişləndirilir

 

   Zəngləşdiyimizdən az keçməmiş ağ rəngli "Niva" görüş yerində titrəyib dayandı. Toz-torpaqlı, bir xeyli də palçıqlı maşın köhnəyə oxşamırdı, ancaq kənd miniyi olduğu aydınca görünürdü. Şirvan Meyvəçilik Mərkəzinin Biləsuvardakı filialının icraçı direktoru Samir Salahovla da elə burda görüşüb tanış oluruq. "Bu maşının belə toz-torpaqlı olmasına da fikir verməyin, bir azdan özünüz görəcəksiniz ki, bu "Niva"nı səhər tezdən çimizdirsən belə, ancaq günortaya qədər təmiz qalar" deyib gülümsündü. Samir müəllim sanki ürəyimdən keçənləri oxumuşdu. 

   Biləsuvar rayonunun Ağalıkənd ərazisindəki nar bağına uzanan kənd yollarının bütün "özəllikləri" bir az əvvəlki toz-torpaqlı, palçıqlı maşının görkəmi ilə tam üst-üstə düşürdü.

   Şirvan Meyvəçilik Mərkəzinin 2007-ci ildə Biləsuvarda yaranan filialı 5 müxtəlif ərazidə ümumi sahəsi 300 hektara yaxın nar bağı salmışdır. Rayon Mərkəzindən 25-30 kilometr uzaqlıqda yerləşən Ağalıkənd ərazisindəki, nar bağına getmək üçün xeyli də vaxt lazımdır. Ona görə də Samir müəllim Göyçayda yerləşən Şirvan Meyvəçilik Mərkəzi haqqında məlumat verməyi lazım bilir: "Bu müəssisə 2006-cı ildə yaranıb, əsas məşğuliyyəti də regionda narçılığı daha da inkişaf etdirməkdir. Hazırda Mərkəzin 2300 hektara yaxın nar bağı, 100 hektara yaxın püstə bağı vardır. İkincisi hələ bar verməsə də, bu bitkidən də gələcəkdə yüksək məhsuldarlıq gözlənilir. Mərkəz Göyçay, Ağsu, Kürdəmir və Biləsuvar rayonlarında bu çoxillik bitkinin əkini və genişləndirilməsi ilə məşğuldur. İstehsal edilən məhsul isə Qəbələdə yerləşən "Gilan-Holdinq" müəssisəsinə verilir".

   Bir neçə dəfə maşını saxlayıb mobil telefonla danışmalı olan Samir müəllim sonra onu da əlavə etdi ki, 700 nəfərdən çox üzvü olan, böyük bir təsərrüfata rəhbərlik edən Ələmdar Nəbiyevin Meyvəçilik Mərkəzinin yaranmasında, inkişaf edib uğur qazanmasında xüsusi əməyi var. Kollektivə bir ailə kimi baxan Ələmdar müəllim onların digər sosial qayğılarının həllində də yaxından iştirak edir. Muğanda Mərkəzin Biləsuvar rayon filialını yaratmaq da onun ideyası olub.

   Bu məqamda filialın icraçı direktoru gülümsünüb əlavə elədi: "Bəlkə bizim haqqımızda başqası danışsın, özümüz haqqında mənim danışmağım bir az yaxşı olmaz axı".  

   Samir Salahovun filial haqqında xəsisliklə danışığını da maraqlı bildim. Onun dediklərindən: " Filial üçün ən əvvəl torpaq tapmaqdan başladıq. Xeyli axtarışdan sonra 5 müxtəlif ərazidə narçılıq üçün torpaq sahəsinin üstündə dayandıq. Getdiyimiz ərazidən başqa şəhərin "Səməd Vurğun" deyilən ərazisində, İsmətli, Təzəkənd, Nərimankənd ərazilərində indi bizim cavan bağlarımız var. Bu 5 bağ sahəsinin hər birinin öz təsərrüfat müdiri, aqronomu, briqadiri fəaliyyət göstərir. Filialın 100 nəfərə yaxın üzvlərinin bəziləri bizdə mövsümü işlərdə çalışır, əmək haqları da vaxtında verilir. Bir şeyi də qeyd edim ki, çalışırıq işçilərimiz nar bağına yaxın olan kəndlərdən olsun. İşçi becərdiyi bağa nə qədər yaxın olsa, o qədər də qayğısı çox olacaq. Yetişdirdiyi nar kolu ilə gündəlik təmasda olmaq onda vərdişə çevriləcək. Sizi Ağalıkənd ərazisinə ona görə aparıram ki, Biləsuvardakı bağ sahələrindən    

   İlk nar yığımı məhz burdan başlanmışdır. İndi yığımın qızğın çağıdır, yağış yağmasa yaxşıdır. Hesab edin ki, indi yağış bizim ən qəddar "düşmənimizdir".

   Beləcə, söhbət edə-edə ilk məhsul yığılan Ağalıkənd ərazisinə çatırıq. Hələ o qədər də boy atmamış nar kollarının yaşıl-boz olan yarpaqları arasından qan rəngli iri nar meyvələri görünməkdədir. Sahənin kənarlarına qalaqlanmış meyvələri isə taxta yeşiklərə yığmaq üçün xeyli işçi toplaşıb. Axı bu gün Qəbələyə meyvə göndərilməlidir, ona görə də bu 15 ton narı təcili qablaşdırmaq lazımdır. Payız gününə də etibar yox, bir də gördün qara bulud gözünü yumub ağzını açdı.

   Yığılan məhsullar isə burda iki hissəyə ayrılır. Müxtəlif səbəblərdən partlamış, bir azda xırda meyvələri olan ayrı, iri, heç bir zədəsi olmayan meyvələr isə bir ayrı qablaşdırılır. İkincisi anbarlarda daha uzun müddət üçün saxlanılır.

   53 hektar ərazisi olan bu nar bağına illərlə qulluğun izləri aydınca görünür. Bir-birindən 5 metr aralıda əkilən nar kolları ilk barını əkiləndən 3-4 il sonra verir. Bağın ətrafında qazılmış dərin su kanalı torpağın şoranlaşmasının qarşısını almaq üçündür. Torpaq vaxtaşırı yuyulduqda şoran sular həmin kanala axıdılır. Əkinçinin dili ilə desək

   Torpağın və bitkinin həkimi aqronomla da söhbətimiz maraqlı alındı. Filialın baş aqronomu Ərəstun Həsənov bildirdi ki, 50 ildən çox ömrü olan çoxillik bitki nar yaşının 8 ilindən 30-cu ilinə qədər daha məhsuldar olur. "Bax bu bağın ilk nübarıdır, tingləri cəmi 4 il əvvəl torpağa sancmışıq. Ona görə də bu il böyük məhsuldarlıq gözləmirik. Ancaq çox yaxın gələcəkdə yaxşı məhsul götürməyimiz şübhəsizdir. Biləsuvardakı bütün ərazilərimiz belə çiçək kimi təmiz, nar kollarımız gümrah və sağlamdır. Biz bağlarımıza ancaq üzvü gübrələr veririk ki, ekoloji baxımdan təmiz məhsul götürək. Kimyəvi vasitələr isə meyvənin tərkibində zərərli formada toplana bilir. Biz isə bunu istəmirik. Bağlarımızda ən çox "Gülöyşə", " Talibi" sortlarından əkmişik. Bu sortların gözəl görünüşü olmaqla, yaxşı da məhsuldarlığı var. Nar bağını ilk dəfə Biləsuvarda salan Şirvan Meyvəçilik Mərkəzi böyük iş gördü. 100 ailənin burda çalışmasından əlavə, həm də bu bitkinin regionlarda yayılmasını sürətləndirdi. Bəlkə Qəhrəman qızlarımızın əməyini də qələmə alasan". Baş aqronom Ərəstun müəlim az qala bu işçilərin hər biri haqqında bir dastan desin. Amma yox, onların işinə 5-10 dəqiqə diqqət yetirmək kifayətdir ki, qadınların nəyə qadir olduğunu görəsən. Arzu Bağırova, Güləndam Əbilova, İlahə Quliyeva, Rübeydə Ağayeva təsərrüfatın ən qabaqcıl işçiləridir. Sahənin kənarında qalaqlanmış 15 tona qədər narı onların hansı surətlə, hansı dəqiqliklə taxta yeşiklərə yığmaları özü bir tamaşadır. Axı bu meyvəni toplamaq üçün onlar neçə illərdir torpağa tər tökürlər.

   Biləsuvarda nar bitkisi indi-indi təşəkkül tapır. İlk uğurlar isə çox şeydən xəbər verir. Məhsulunuz həmişə bol olsun, torpağa əyilən torpağ adamı!

 

 

  Səxavət Məmmədli,

  Azərbaycan Respublikasının Prezidenti

  yanında kütləvi informasiya vasitələrinin

  inkişafına dövlət dəstəyi fondunun maliyyə

  yardımı ilə

 

  Ədalət.-2011.-21 oktyabr.-S.7.