DOLU
YAĞIŞIN NƏĞMƏSİ
Bu
yaxınlarda əlimə bir kitab düşdü. Novruz Nəcəfoğlunun "Çarəsiz
yolçu" kitabının üz qabığında başında kəlağayı
olan əsl Azərbaycan
qadınının təsvirinə diqqətlə baxdım. Xəyalım məni çox uzaqlara, hansı ki,
uşaqlığım keçən kəndimə yamyaşıl,
yovşan ətirli, dağların
döşündə özünə məskən salan doğma Kalvama apardı. O kənd ki,
yamyaşıl düzləri, güllü-çiçəkli
çəmənlikləri, saf havası,
müqəddəs ziyarətgahları, buz
kimi bulaqları ilə dillər dastanı
idi. Kəndimizdə toylar
iki gün davam edərdi.
Birinci gün "malkəsdi" -
yəni toya hazırlıq üçün heyvan kəsilərdi.
Qız-gəlinlər bardaş qurub, taxta üstündə ət
döyərdilər. Bu bir ayrı mərasim idi. Deyən kim,
gülən kim. Axşam isə qurulan çadırda bir tərəfdə
sıra ilə qızlar, bir tərəfdə isə
oğlanlar düzülərdi. Aydın məsələdir ki,
şəhərdən gələn qonaqlar, kəndin
cavanları o gün qız da bəyənərdilər. Səhərisi
gün isə "gəlin gətirdi" olardı. Analar-gəlinlər
sandıqda səliqə ilə saxladıqları kəlağayıları,
ipəkdən-zərxaradan tikdirdikləri paltarları
çıxardar, əyinlərinə geyinib toya
hazırlaşardılar. O günlər mənim həyatıma
həkk olunan günlər idi. Çünki mənim
ayüzlü anam da o gün sandığı açıb
yovşan ətirli kəlağayısını
çıxarıb başına örtəcəkdi. Günəşin
hərarətindən, təndirin istisindən yanmış əllərinə
xına qoyacaqdı. Mənim ipəksaçlı anam
sandığın küncündə gizlətdiyi gül
yağından da üstünə səpəcəkdi.
Mən:
- Ana, nə olar ver kəlağayını örtüm.
Anam isə - "Qızım
darıxma sənə də kəlağıyı gətirəcəklər,
özü də qırmızı rəngdə. Mən incik nəzərlərlə
anama baxıb: Yox-yox mən ağ kəlağayı istəyirəm
- deyərdim. Beləcə analar abı rəngli kəlağayıda,
gəlinlər ağ kəlağayıda, nişanlı
qızlar isə qırmızı kəlağayıda toy
mağarına daxil olardılar. Bu günlər kənd
qadınlarının ən gözəl günləri idi. Bu
günlər onlar az da olsa öz qayğılarından azad
olardılar. Toylar kəndimizdə çox vaxt payızda
olardı. Toy etmək istəyənlər kəndin
ağsaqqalı ilə məsləhətləşib, növbə
ilə toylarının vaxtını təyin edərdilər.
Xəyalən gör haralara gedib
çıxdım, axı mən "Çarəsiz
yolçu"dan danışacaqdım. Kitabı oxumağa
başladım. Mən susuzluqdan yanan ürək idim.
"Çarəsiz yolçu" isə bumbuz bulaq idi. Mən
onu oxuduqca susuzluqdan yanan ürəyimə həm bir sərinlik,
həm də bir ağrı dolurdu. Əsərin qəhrəmanı
Qıztamam anadır. Qıztamam bütün zəhmətlərə,
əziyyətlərə qatlaşan, övladlarının gələcəyi
naminə kipriyi ilə od götürən, şam kimi əriyən
bir anadır. Onun öz bəxtinə, taleyinə çəkdiyi
bir şeir parçası, oxucunun yaralarını qopardır.
Hardan gəldi bilmədiyim
Qəm
yükünə tutulmuşam.
Sarıb içimi, çölümü,
Nisgil
olub bükülmüşəm.
Qayğı başdan basıb məni,
Sevinc
xofdan asıb məni.
Çarəsiz
yolçu kimiyəm,
Qədər
mənsiz yozub məni.
Bu sətirləri oxucu ürək
ağrısı ilə oxuyur, dərd yumağına
bükülən bu qadının tale yolunu onunla birgə
addımlayır. Qıztamam ananın ailə qurduğu həyat
yoldaşı Məmiş insanlıqdan çox uzaqdır.
Onun Qıztamam anaya etdikləri nəinki Qıztamam ananı, hətta
ətrafdakıları da bezdirib. Yazıçı, Məmişi
dəmirçi körüyü kimi fısıldayan,
söyüş söyən, hava çəkmiş nehrə
kimi pis-pis guruldayan, qopartdığı fırtınadan ürək
ağrısı ilə söhbət açır. Məmiş
söyür, ağzına gələni deyir,
qarşısına çıxanı öldürəcəyi
ilə hədələyir. Qıztamam ananın beş oğlu
və bir qızı var. Hərdən taleyindən gileylənən,
Allahına asi çıxmaq istəyən bu qadın son anda
övladlarının xoş gələcəyini xəyalına
gətirir, bəzən təskinlik tapır.
Povest isti yay günəşinin
altında, yayın cırhacırında səhrada
addımlayan Qıztamam anadan söhbət açır. İsti
onu elə yandırıb-yaxır ki, sanki odu-alovu
qucağına tutub irəliləyir. Mənzil başına
çatmaq üçün tələsir. Tər suyun
içindədir. Nədir onu buna vadar edən. Yunu yaddan
çıxıb qışlaqda qalıb. Yun da nə az, nə
çox altmış kiloluq xaraldı. O qədər tələsib
ki, köç edəndə yunu unudub. O yun ki, illərlə
yığıb, qızı Gülgəzə cehizlik tutacaq.
Qıztamam ana oğlanlarını qızına
tapşırıb geri dönür. Əri Məmiş onun bu
hərəkətindən heç nə anlamayaraq, arxasınca
bağırır. Qıztamam artıq köçdən xeyli
uzaqlaşır, daha ərinin səsini eşitmir. Əri Məmişin
dünənki hərəkətləri yaramazlıqları
sanki onu təqib edir. Pis söyüşlər ağır
şələ kimi çiynindən asılıb.
Yediyini ağlına yox,
şişkin peysərinə ötürən yarmaçaburun əri
Məmiş həmişə olduğu kimi dünən də
köç yır-yığış edən vaxt heç nəyinsə
üstündə qanqaraçılıq yaratmış,
dava-dalaş salaraq aranı
qatıb-qarışdırmış, əl-ayağı
işdən-gücdən soyutmuşdu. Qıztamam
özünü də qınayırdı. Axı niyə bu qədər
huşsuzsan, sonra özü-özü ilə dərdləşirdi.
"Neynim axı, zalım oğlu məndə huş-baş
saxlayıb ki" - deyib özünə təskinlik verirdi.
Daha uşaqları böyüyüb, zalım oğlu yad
bilmir, yaxın bilmir, ən xırda şey üstə mərəkə
qoparır. Daha demir ki, sabah, birigün birinin qapısına gedəcək,
biri isə onun qapısını döyəcək.
Qıztamam bəzən əri Məmişin ona qarşı
etdiklərindən bezib özünə ölüm
arzulayır. Amma son anda övladlarının üzü onun
gözünün qarşısına gəlib: - Ana bəs
bizim günahımız nədir? Qıztamam ana yol gedir,
görəsən xaralda unutduğu yunu tapacaqmı? Bu zaman
gözü qanqal çöpləri arasında sürünən
ilana sataşdı. O anda Allaha yalvarır ki, ilan ondan
uzaqlaşsın, görəsən bu nə ilanıdır. Deyəsən
gürzədir. Birdən bir anda nənəsinin bir sözü
yadına düşür. İlan hansı rəngi sevir. Amma
xatırlamaq istəyir, amma xatırlaya bilmir ki, ilan hansı rəngi
sevirdi. Ürəyinə bir xof düşür. Ürəyində
bir xof irəli addımlayır. Arxaya dönüb baxmağa
qorxur. Amma deyəsən təhlükə arxada
qalmışdı. Və, nəhayət ki, köç etdikləri
obaya gəlib çatır. Çox təəssüf olsun ki,
yun yerində yoxdu. Oba köçüb, ətraf səssizdi.
Onu bir dəli ağlamaq tutur. Necə ağlayırsa, bəlkə
də səsindən yer-göy titrəyir. Bu an bir səs - ay bacı kimsən, nə edirsən orda? Qıztamam ana boğuq səslə dilləndi:
"Sübhan, mənəm,
yunu yaddan çıxarmışam, çata
bilmədim aparıblar".
Sübhan Qıztamamı
tanıyıb - "Ay bacı,
bir yundan ötrü özünü
gör nə günə salmısan" ,- dedi, "Narahat olma yunu
aparmayıblar, mən
götürüb qoymuşam
dəmir köşkə".
Qıztamam ananın ürəyinə
təpər, gözlərinə
işıq gəlir.
Amma bu anda sevincindən
ürəyi gedir.
Gözünü açanda özünü
el-obanın "dayı"
- deyə müraciət
etdiyi Cahangir kişinin evində görür. Bütün
kəndçilər kimi
Cahangir kişi
də Məmişin çıxartdığı hoqqalardan
xəbərdardır. Heyif
Qıztamamdan. Odur, Məmişin
hərəkətlərinə dözür. Qıztamam ana
Cahangir dayıya üzünü tutub -
"indi mən nə edim" - deyə soruşdu. Cahangir kişi
"Narahat olma, qızım, uşaqlar səni yola salacaq". Qıztamamın başına yığışan
qadınlar ona ürək-dirək verib yola salırlar. Hadisələr öz axarı
ilə gedir. Qıztamam ana öz mərd-mərdanəliyi
ilə bütün ağrılara sinə gəlir. Oğlu Balaxanı oxutdurur.
Evinə-ocağına gəlin gətirmək
istəyir, hətta gözaltı da edib. Kəndin su sonası
kimi bir qızını - Nilufəri
bəyənib. Amma
Nilufərin atası Almurad "Mənim Məmişə veriləsi
qızım yoxdur, Qıztamama deyin ki, bizi incitməsin,
dilə-dişə salmasın".
Bu anda kimdən
kömək ummaq olar. Qıztamam ananın karına
yenə Cahangir kişi çatır. Min bir arzu ilə, ümidlə gözlədiyi gün gəlib çatır.
Evinə
gəlin gələcək,
qayınana olacaq, ilk övladının toyunu görəcək. Elə bu
xoşbəxt anları
fikirləşərkən ürəyinə
bir xof da
düşür. "Görəsən Məmiş
evdə gəlini yola verəcəkmi? Ağlını başına yığıb,
ağzına yiyəlik
edəcəkmi?" Amma tale bu
xoşbəxtliyi də
ona çox görür. Gəlin dalınca
gedən Qıztamam birdən təngənəfəs
halda "boğuluram"
- deyir. Sonra da qırıq
səslə - "Ölürəm,
saxlayın maşını".
Maşındakılar sürücüyə "saxla-saxla, ə, deyəsən
arvad ölür".
Beləliklə, Qıztamam ana
gözlərində sevinc,
ürəyində dərd
gözlərini yumur.
Məmiş qışqırır-bağırır.
Qıztamamın ölüsündən də əl çəkmək istəmir.
Yığışan arvadları, kişiləri
itələyərək, "Necə? Basdıracaqsız? Bəs mən? Vermərəm, qoymaram basdırmağa"
- deyib qışqırıq
salır. Ölənin
dərdi qalır bir yana,
dirinin çıxartdığı
mərəkə insanları
cana doydurur. Daha doğrusu, ölüm bir yana, zülüm
bir yana.
Povestin belə bir sonluqla bitməsi oxucunun qəlbini daha çox yaralayır. Mənim də
özümdən ixtiyarsız
axan göz yaşlarım yanağım
boyunca süzülür.
Yazıçıya qibtə ilə
baxıram. Necə yaza
bilib, necə qələmə ala bilib bu qədər ağrı-acını. Bir qadın
taleyi, bir qadın faciəsinı?
Və sonra öz-özümə: "Axı
nədən Qıztamam
ana?"...
Bu povesti
oxuyandan sonra mənə elə gəldi ki, Novruz Nəcəfoğlu dolu yağan bir yağışdır.
Hansı
ki bu yağış
yağıb öz nəğməsini oxuyur və bir anda
bütün qaranlıqları,
ağrıları, əzabları
göz qırpımında
suya qərq edir və oxucunu
işıqlı sabaha,
aydın günlərə
səsləyir.
Xədicə Murad,
Filologiya üzrə fəlsəfə doktoru
Ədalət.-2011.-21 oktyabr.-S.6.