ZİRVƏ YÜRÜŞÜ

 

  Xalqımızın və dövlətçiliyimizin tarixində ən əlamətdar hadisə olan Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da çoxsaylı kütləvi yubiley tədbirləri keçirilmişdir. Digər kollektivlərlə bərabər idmançılarımız da bu bayram ərəfəsində müxtəlif yarışlar, rəngarəng tədbirlərdə müstəqillik illərində əldə edilmiş nailiyyətləri, uğurları nümayiş etdirmişlər.

 

   Rayonumuz üçün qeyri-ənənəvi idman növü - Dağçılıq idmanı ilə məşğul olan "Qax Ekstremal" klubunun təşəbbüsü ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə Qax rayonunun ən hündür zirvələrindən biri olan Qonux dağının dəniz səviyyəsindən 3475 metr hündürlükdə olan "Qaraqaya" zirvəsinə təşkil edilmiş yürüş də məhz müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmişdi. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qrupun üzvlərini qəbul edərək zirvə yürüşünün müvəffəqiyyətlə başa çatması üçün müvafiq orqanlarla lazımı təşkilatı məsələləri həll etmişdi. Oktyabr ayının 15-dən 17-dək keçirilən yürüşdə Federasiyanın "Eksport" və rayonumuzun "Qax Ekstremal" klublarının üzvləri ilə bərabər regionumuzun digər bölgələrinin də dağçı idmançılarından ibarət 15 nəfərlik qrup iştirak etmişdir. Zirvə yürüşünə oktyabrın 16-da səhər saat 0500-da başlamış qrup üzvləri 0950-də "Qaraqaya" zirvəsinə çataraq orada Azərbaycanın Dövlət Bayrağını dalğalandırmışlar. Tərkibində "Qax Ekstremal" klubunun üzvləri Azərçin Muradovun, Vəli Rəşidovun, Asif Abbasovun, Abdurrəhim Nəzərovun, Tərlan Şirinovun və Mabud Məmmədovun da olduğu qrup yüksək peşəkarlıq, möhkəm iradə nümayiş etdirərək İlisu kəndindən başlanmış keçilməz yarğanlardan, sıldırım qayalardan ibarət 37 km-lik məsafəni 3 günə qət edərək yürüşü oktyabrın 17-də müvəffəqiyyətlə başa vurmuşlar.

   Beləliklə, zirvə yürüşünün iştirakçısı olan bu gənclər Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində öz fədakarlıqları ilə vətənə olan hədsiz məhəbbətlərini, dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişlər.

   Sinələri vətən məhəbbəti ilə döyünən bu gənclər barədə düşünərkən istər-istəməz sevinc dolu hisslər yaşayır, müstəqil Azərbaycanın vətəndaşı, bu xalqın övladları olmağımızla qürur duyuruq.

   Məlumat üçün bildirək ki, dağçılıq idman növü ilə məşğul olan "Qax Ekstremal" klubu 2001-ci ildə, müstəqillik illərində təşkil olunmuş və bu vaxtadək Böyük Qafqazın Baş dağ silsiləsindən olan "Şah dağ", "Heydər", "İlham", "Çingiz Mustafayev", "Qızılqaya" və digər zirvələrə də yürüş etmişdir. Həmçinin klub üzvləri mütəmadi olaraq buza dırmanma, qayaya dırmanma üzrə respublika yarışlarında, dağ festivallarında müvəffəqiyyətlə iştirak edirlər. Qrupun rəhbəri Azərçin Muradov 2009-cu ildə ilk Azərbaycan-Afrika elmi ekspedisiyasının tərkibində Afrikanın ən hündür zirvəsi olan UHURU pikinə (dəniz səviyyəsindən 5895 m hündürlükdə) qalxmışdır. Çox sevindirici haldır ki, bu ekspedisiyanın qitədə topladığı materiallar əsasında hazırlanmış "Afrikanın bioloji müxtəlifliyi" kitabının müəlliflərindən biri də həmyerlimiz Azərçin Muradovdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş bu kitab dərs vəsaiti kimi aspiranturalar, doktoranturalar, ali, orta ixtisas və ümumtəhsil məktəblərində istifadə olunur.

   Klub gələcəkdə gənclər arasında eksteriminal idman növlərinə olan marağı artırmaq, kütləviliyini yüksəltməklə peşəkar idmançılar yetişdirmək və müxtəlif səviyyəli respublika və beynəlxalq yarışlarda rayonumuzu layiqincə təmsil etməyi qarşısına məqsəd qoymuşdur.

   Yaxın vaxtlarda rayon rəhbərliyi tərəfindən kluba müəyyən yer ayrılacaq və təlim- məşqlər üçün zəruri olan maddi-texniki baza yaradılacaqdır.

 

 

   Novruz ŞABANOV

 

  Ədalət.-2011.-21 oktyabr.-S.8.