Polad Bülbüloğlu: ”İnanırıq ki, Rusiyanın köməyi ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq

 

Moskva. Fərid Əkbərov – APA. Moskvada Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Rusiya xarici işlər nazirinin birinci müavini Qriqori Karasin, xarici ölkələrin diplomatik missiyalarının rəhbərləri, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi, Ümumrusiya Azərbaycanlıları Konqresinin və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyi gündən ötən 20 il ərzində ölkəmizin sürətli inkişaf yolu keçdiyini bildirib. O, Azərbaycan dövlətinin qarşısında duran əsas problemin Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi olduğunu söyləyib. Səfir Azərbaycanla Rusiyanın strateji tərəfdaşlığının bölgədə sabitliyin əsaslı təminatçısına çevrildiyini bildirib. Azərbaycanın Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyən P. Bülbüloğlu prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib: “Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması ümidlərini itirmirik və Rusiyanın bu problemin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bağlı göstərdiyi aktiv fəaliyyətini görürük. İnanırıq ki, Rusiyanın köməyi ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq”.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edib. Nazir müavini Azərbaycan və Rusiya arasında əməkdaşlığın intensiv inkişafını və bu əməkdaşlığın bir sıra sahələri əhatə etdiyini vurğulayıb.

Q.Karasin bildirib ki, Rusiya Azərbaycanı geniş konstruktiv dialoq aparmağa qadir olan, etibarlı, sadiq və uzun-müddətli partnyoru kimi görür: “Ölkələrimiz arasında olan qarşılıqlı əməkdaşlığın əsasında dövlət başçılarımızın - İlham Əliyev və Dmitri Medvedev arasında mövcud olan qarşılıqlı inam və hörmət dayanır. Bizim yaxın və dost ölkələr arasında əlaqələr strateji partnyorluğun, mehriban qonşuluğun və əməkdaşlığın möhkəmləndirilməsi üçün əsas yaratmaqla birgə, həmçinin Qafqaz və Xəzər dənizi regionlarında stabillik və təhlükəsizlik faktoru rolunu oynayır. Bu isə dövlətlərimizin maraqlarına, Rusiya və Azərbaycan xalqlarının istəklərinə cavab verir”.

 

 

Ədalət.-2011.-21 oktyabr.- S.2.