Yol
ROMANI
2011-10-22
09:39:41
(Əvvəli
ötən şənbə nömrələrində)
Sonuncu dəfə nə vaxt
görmüşdüm? Sonu qoyaq bir tərəfə. İlk dəfə
nə vaxt rastlaşmışdım Vurğunla? Məlum,
adını eşitmişdim, qəzetlərdə oxumuşdum,
televizorda görmüşdüm. Hərəkat illəri, ondan
sonrakı azacıq bir dövr... Təhsil sistemindəki dəyişmələr...
Heç kimin xəyal edə bilmədiyi, ağlının
ucundan belə keçirə bilməyəcəyi ali
ünvanlarda oxumaq arzusunu həyata keçirən şəxs.
Çox cavan idi o zaman. Və o dəyişən zaman hərəni
bir səngərdə, cinahda birləşdirdi. İndiyə qədər
də çox arzulara açar olub həmin dəyişmələr...
Hamıya məlum, amma üstündən sükutla keçilən...
HAŞİYƏ
2000-ci ilin yazı. Bir müddətdi
Bakıdakı Atatürk liseyinin müdiri Hüseyn
Adıgözəl atamgilə gəlib-gedir. Hüseyn Adıgözəl
xanımı ilə birgə idarə edir bu məktəbi və
Azərbaycana, onun mədəniyyətinə, ədəbiyyatına
böyük sevgi ilə yanaşan bir insandı. Məqsəd
lisey şagirdləri ilə Şairin
görüşünü təşkil etməkdi. Nəhayət,
razılaşırlar - aprel ayının əvvəllərində
baş tutmalıdı bu görüş. Dəvətnamələr
paylanıb, önəmli şəxslərdən iznlər
alınıb, Mahnı Teatrında vaxt da təyin olunub.
2000-ci ilin aprelidi. Aprelin on birinci günü. Görüşə
həvəssiz gedirəm, xəstəhalam, ümumiyyətlə,
həyatımın çətin dövrlərini yaşayıram.
Heç kimlə görüşmək istəmirəm, qələbəlik
məni sıxır, utandırır, qarışdırır,
ürküdür. Amma ailə ilə birlikdə burdayam, salona
göz gəzdirirəm, baxıram dop-doludu. İlk
baxışdan gözümə görünən sadə, bəzəksiz-düzəksiz,
özünü dartıb dağ başına qoymayan insanlar
zümrəsi. Şairi sevənlər. Bildiyim qədəri
hamıya xəbər veriblər, dəvətnamələr də
göndərilib. Zatən iznsiz bu tədbirin baş tutması
da mümkünsüz. Yuxarıların lap
aşağılarını da görmürəm burda. Amma
müxalifət tam kadro burdadı. Dalağım sancır... Hər
nə isə deyirəm özümə... Tədbir
başlayır. Kiçicik, körpəcik uşaqların
pafosla şeir deməsi məni riqqətə gətirir. Fikirləşirəm
ki, hətta mənasını anlamadan şeir deyən bu
cocuqlar çətin anlaşılan, amma hamıya aid ola biləcək,
ümumi sözlər danışan böyüklərdən
daha səmimidilər. Nə qədər olar boğazdan
yuxarı danışmaq, çeynənmiş ifadələr
işlətmək? Cocuqlar öz səmimiliyində,
böyüklər öz saxtalığında...
Tədbir, tədbir kimi... Ancaq
şeir, söz, ədəbiyyat...
Dəvət olunub da gəlməyənlərdən
biri isə sonra aləmi qatır, donos-donos dalınca.
Allahım, sən bizi kiçiklər kinindən qoru... Anam məcbur
olub görüşdən çəkilmiş diskləri,
kasetləri götürüb təhsil nazirinin yanına gedir.
Orda da hər şeyə baxıb üzrxahlıq edirlər. Əslində
başçılıq elədiyi ərazidə yerləşən
binaya şəninə sığışdırıb gəlməyən,
hətta öz adından bir dəstə gül də göndərməyən
bu adam nəyə çalışırdı görəsən?
Və əgər şairə sevgi xalqı birləşdirə
bilirsə, bundan yaxşı mənada istifadə etmək
lazımdı...
Görüşü lisey
şagirdləri hazırlayıblar.
Aparıcılığı da onlar edir, şeir deyən də,
rəqs edən də, oxuyan da onlardı. Arada böyükləri
dəvət edirlər səhnəyə. Uşaqları izləmək,
seyr eləmək daha xoşdu, nəinki növbətçi
nitqləri. Və bu arada tədbiri idarə edən cocuq yeni
çıxışçını elan edir: Filologiya elmləri
namizədi Vurğun Əyyub.
VURĞUN
Ağırlığına
uyğun gəlməyən ağırlıqla, ləngərlə,
bir az da özündən razı yerişlə
yaxınlaşır kürsüyə və
danışmağa başlayır. Başımı
aşağı salıb dinləməyə başlayıram.
Hiss edirəm ki, deyəsən mənim siyasət aləmindəki
insanlar haqqında fikirlərim alt-üst olur. İndiyə qədər
atamın ətrafında sevgi etirafında bulunan insanların
siyahısında onu görməmişəm. Amma burda deyəndə
ki, "Məmməd Arazın onu misra-misra əzbər bilən
bir oxucusu da mənəm - Vurğun Əyyub" təəccüblənirəm.
Və o danışdıqca nə qədər duyğusal və
hissiyyatlı olduğunu görürəm. Həyəcandan
dili-dodağı quruyan natiqin danışmağından da belə
anlayıram ki, sevgi etirafları etməyi bacarmır bu adam.
Sevgisini göstərməyi bacarmır. Amma indi deyəsən
içindən gələn seli saxlamaq istəmir və mən
heyrətlə qulaq asıram. Çoxdandı Şairin
yaradıcılığı haqqında belə dolğun,
izahlı, həm elmi, həm də hər kəs
üçün anlaşılan sözlər eşitməmişəm.
Poetik kəşflər, Şairin dilə gətirdiyi zənginliklər,
qafiyə sistemi, istiqlala gələn yolda bu poeziyanın
işığı.. Tamam yeni baxışdı. Sakit dinləyirəm
və arada işlətdiyi nümunələr içimdə
titrədir məni. Mart qasırğasından dərs almaq istəməyən
Badam ağacı... El üçün ağlayan... Axır səni
düzdə qoydu bu düzlük... Yaddaşımın
işıqlı bir yerində qalır bu adam... Həm də
yadımdadı ki, heç birimiz heç quru sağ ol da demədik
ona. Amma sonra, həmin o görüşdən yeddi il keçəndən
sonra bizim ailəyə, Şairin
yaradıcılığına diqqətlə, həssaslıqla
yanaşan televiziya kanallarından biri Şairin
yaradıcılıq gecəsini təşkil edir və məndən
soruşurlar:
- Kimi görmək istəyirsiniz
söz deyənlərin arasında?
Ağlıma ilk gələn
Vurğun Əyyub olur və həm də ehtiyatla deyirəm,
mümkündümü? Əlbəttə, deyirlər, ədəbiyyatdan,
sözdən danışacaq da... Zəng edib dəvət edirlər
onu proqrama...və olan bundan sonra olur. Hansısa Kiçik yenə
donos yazır yəqin - OLMAZ deyirlər. Əsəbimdən
bilmirəm nə edim, "niyə əvvəldən demədiniz"
deyirəm, "belə niyə olsun" deyirəm,
"axı dəvət olunub" deyirəm, "mən də
gəlməyəcəm" deyirəm. Sonra televiziyanın
birinci şəxsi işə qarışır və yoluna
qoyulur hər şey. Proqram canlı yayınlanır,
çıxışçılar səhnədə oturublar,
mən aşağıda birinci sırada
tamaşaçıların arasındayam. Məlum, hər
yayının bir vaxt sürəsi var, hər natiq öz nitqini
edəndən, hər müğənni mahnısını
oxuyandan, hər aktyor şeirini deyəndən sonra həyəcanım
bir az da artır. Ay aman, nə iş gördüm mən, niyə
onun adın çəkdim?..İndi vaxt bitəcək...
Söz verilmir, amma... Və sona lap az qalmış elan edirlər:
- Çıxış edir Vurgun Əyyub.
Dərindən bir nəfəs
alıram, pərtliyim, əsəbim qarışıb bir-birinə.
Heç nə danışdığına qulaq asacaq durumda da
deyiləm. Gözümdən yaş sel kimi axır...
İndi bizi qarşılayan,
heç vaxt üzbəüz iki kəlmə kəsmədiyim
Vurğuna baxıb fikirləşirəm ki, sənə görə
ağlamışam -e mən... Hirsimdən...
***
İndi çox məşhurların
gəzib dolandığı bu şəhri-Qarsda bələdçimiz
Vurğun olacaq. Hər halda boynuna qoymuşuq, insafla
danışsam o da deyəsən taleyi ilə
barışmış kimi görünür. Yəni durumdan
narazı deyil - təbii mənim kimi dahi yazarı bir də nə
vaxt görə biləcək buralarda? Düzdü, bizdən əvvəl
başqa bir dahi də görünüb şəhərin
üfüqlərində - Günel Mövlud... Əşi
Günel uşaqdı... Mən bunu aksiom kimi deyirəm,
arxayınam yəni. Amma teorem də var yanımda - Aqil Abbas...
Çox tez-tez isbat edir teoremi. Yazıq Vurğun, bu qədər
dahinin arasında baş çıxarmalıdı. Hələ
özü haqqında düşüncələrini heç
bir riyazi terminlə adlandırmasa da...
... Əşyalarımızı
yerbəyer edəndən sonra baxıram ətrafa.
Dağların arasıyla yol gəlmişik nə qədər.
İndi o dağlar uzaqdan görünür. Şəhər
ovalıqdadı. Universitet isə şəhər mərkəzindən
aralıdı. Şəhər içində şəhər.
Çox xoşuma gəlir, səliqə-sahmanı ilə.
Qonaq Evi isə üçmərtəbəli mütəvazi
bir binadı. Birinci mərtəbəsində restoranı,
lokalı, resepsionu. İkinci, üçüncü qatları
isə qonaqların qalması üçündü. Bizim kimi
təsadüfi qonaqları da olur, uzunsürəliləri də...
Yolun tozun-pasın üstümdən
atıb aşağı enirəm. Kişilər bayaqdan
ordadılar, çay içirlər. Mən də çay istəyirəm,
qoşuluram bu məclisə. Daha bir azərbaycanlı alim də
var çay masası arxasında, professor Qabil Yaqubov,
riyaziyyatçı. Nə qədər yaxınıq,
qardaşıq, dostuq desək də evdən kənar hər
yer qürbətdi. Söhbətləri dinməz-söyləməz
dinləyirəm.Bu adamların hərəsi bir səbəbdən
burdadı. Təbii ki, bizim alimlərin kənarda vətəni
təmsil etməsi yaxşı da, iyi də... Amma bu insanlar əziyyət
çəkirlər. Və aksiom kimi yox, israr kimi də yox,
müşahidələrimə əsaslanaraq deyim. Mental olaraq
bizim ailələrdə oğlan uşağına diqqət,
qayğı, sevgi daha artıq olur. Həmişə
"can" kəlməsi ilə əhatə olunurlar.
Xüsusən qadın qohumları tərəfindən və
bu bir ömür boyu davam edir. Ona görə həmişə
böyük uşaq olaraq qalırlar. İndi nə qədər
rahat olduqlarını desələr də, mən onların
gözlərində bunu görürəm. Qadın mehrinə
ehtiyac... Bu yaşda kişilərin hardasa ailədən kənar
yaşamları çətin məsələdi... Amma dedim ki,
israr eləmirəm. Müşahidələrimi deyirəm... Və
həm də düşünürəm ki, igid adamlardı,
tab gətirə bilirlər...
... - Gedəkmi?- deyirəm -
Vaxtımızı boşa xərcləməyək.
- Birinci hara gedək? - deyir bələdçimiz.
Sonra məlum olacaq ki, şəhərə o qədər də
bələd deyil.
- Qalaya baxaq, sonra yemək yeyərik.
Vurğun bizi qarşılamaq
münasibətilə geyindiyi rəsmi paltarını dəyişmək
üçün odasına qalxır. Az sonra qayıdır və
biz Şəhri - Qarsın dar, üslub
qarışıqlığı olan küçələri
ilə Qalaya yol alırıq.
... Üslub
qarışıqlığı. Yəqin səhər buralara
diqqətlə baxmaq imkanım olacaq, hələlik isə
içimdə fikirləşirəm ki, bu biçarə şəhər
az vaxtda nə qədər əldən-ələ keçib.
İz qoyub da bu əllər simasında şəhərin.
Cırmaq kimi də, sığal kimi də...
- Ucubə heykəli burdaydı -
deyir Vurğun.
- Bəs Qala hanı?- deyirəm,
çünki bayaqdan küçələri
fırlanırıq, soruşuruq doğru-düzgün bir yol
göstərən yoxdu. Sürücüm ilk gəlişində
hansısa körpünün üstündən keçib
Qalaya getdiyini xatırlayır. Sayın millət vəkili
üçüncü dəfədi ki, burdadı, şəhəri
beş barmağı kimi tanıyır yəni. Bir dəfə
"Ucubə"yə qarşı etiraz kampaniyası çərçivəsində
yemək-içməyə gəlib, ikinci dəfə də
Qarsa təyyarə reysi açılanda. Yadımdadı o vaxt
israr etdim ki, Ceyhun Musaoğlunu da özüylə aparsın,
heç təyyarəyə minmədiyini deyirdi uşaq. Necə
güclü heyətlə getmişdilərsə reys
bağlandı.)))))))
... Bir tərəfi göstərirlər
bizə. Ora yaxınlaşırıq, amma qalanın elə
qapısıdı ki, pilləkənlərlə qalxmaq
lazımdı. Yooox, bu yorğunluqla mümkünsüz bir
şeydi. Qalanın bir neçə qapısı
olmalıdı. Nəhayət, bir yola çıxırıq,
kiçicik körpü var burda...
- Bax, burdan getmişdik, - deyir
sürücüm və çox mənzərəli,
yamyaşıl bir yolla qalaya qalxırıq. Mənzərəlidi,
amma sürücünün hündürlük qorxusunu nəzərə
alsaq, dar-dolama yolla harasa getmək onunçün necə məşəqqətdi,
bilirəm. Vurğun əlbəttə özünün xidmətini
təklif edir, amma Aqil Abbas sükanı kimsəyə vermək
niyyətində deyil. Qalanın darvazasına azca qalmış
saxlayır maşını.
- Buranı özümüz qalxaq,
- deyir- Ta qorxuram.
Qala doğrudan da lap dağın kəlləsindədi,
bir tərəfi uçuruma yönəlik. Dolama yolları
qalxa-qalxa bürclərinə, mazqallarına baxıram,
surlarına baxıram. Möhtəşəm bir tikilidi. Belə
qalanı fəth eləmək..
BİR QALANIN SİRRİ
-
Olmaz, kapatıyorum, - deyir qapıçı.
Aha,
vaxt bitib deyəsən, axşam düşüb axı.
Qala-muzeyin qapanma zamanıdı. Etmə-eləmə deyirlər
qapıçıya - Millət vəkili gəlib Qalanı
görməyə. Nəsə ürəyi yumşalır və
bizi içəri buraxır. Urra! Fəth elədik Qalanı!
Bizi içəri buraxır, ancaq özü də bizim
dalımızca gəlir. Qalanın surlarından bir panoram
açılır ki... Dəhşət... Və neçə
dəhşətli gözlər baxıb burdan şəhərə.
Qəribə bir tarixi var qalanın. Şəhərin quzeyində
dik bir təpənin üstündə tikilib Səlcuqlu
Sultanının əmri ilə 1153-cü ildə.
Əmir Teymur Anadolunu "fəth"
deyim, yoxsa "işğal" edəndə Qalanı yerlə-bir
edib, daşı-daş üstə qoymayıb. Qəribə
babalarımız olub bizim... İnsan kəllələrindən
divar hörürlərmiş, daş-divarı da
sökdürürlərmiş. 1579-da Sultan III Muradın əmriylə
yenidən bərpa olunub, 1606-cı ildə I Şah Abbas yenidən
yıxıb, sonra yenidən tikilib. Mənə çox
maraqlıdı e, yıxıb-dağıtdıqdan sonra o qədər
daşı neyniyirlərmiş? 1877-1878-ci ildə
Osmanlı-Rus savaşında da bir xeyli təxribata
uğrayıb. Yıxılıb-tikilə-tikilə gəlib bu
günümüzə çatıb. Yaxşı ki, çatıb,
yoxsa mən indi hardan baxıb zövq alacaqdım böylə?
...Mən zövq alıram, amma
sürücüm qalanın surlarına yerləşdirilmiş
toplarla maraqlanır. Mərmi-zad axtarır, belə ölkələrdə
millət vəkili olmanın dadını çıxarmaq istəyir.
Amma Qalanın gözətçisi bizi gözdən qoymur, bizə
nəzarət etdiyindən də sivişib içəri girən
qızla-oğlanı görmür. Çox romantik yerdi bura, hər
halda günümüzdə. Və bu vaxt da ziyarətçilər
demək olar ki, yoxdu. Bəlkə vaxtilə qan töküblər,
baş kəsiblər, amma bu gün sakitlikdi. Bu gənclər
də yəqin sakitlikdən istifadə etmək istəyirlər.
Qalanın iç hissələrində yerə kəsmə
daşlar düzüblər. Gəzmək rahatdı. Beləcə
gəzə-gəzə divarlara, bürclərə
yaxınlaşıram. Ovcumun içi kimi görünən
şəhərə baxıram. Hər tərəf apaydın
görünür. Yəqin ki, bu məkan da məxsusi
seçilib qala tikintisi üçün. Qalanın dış
tərəfindən baxanda isə uzaqda Atatürkün məşhur
siluet heykəli görünür. Əslində bu məmləkətdə
deyəsən onun həm heykəlinin, həm də
ideyalarının da ancaq silueti qalıb. Bayaq dolama yollarla
qalxanda da, indi içərisində gəzəndə də
fikirləşirəm ki, doğrudan, belə Qalanı almaq
üçün nə qədər ağıl və güc sərf
etmək lazımmış...
- Puşkin yazıb da bu qalaya
baxanda, necə olub ki, biz bu qalanı ala bilmişik, - deyir
Vurğun. Hə, doğrudan "Ərzuruma səyahət"
əsərində buraların təsviri var axı. Rəhmətlik
Şamil Qurbanov bizə XIX əsrin rus ədəbiyyatını
elə maraqlı tədris edirdi ki, o zaman oxuduqlarımı
indiyə qədər xatırlayıram. Amma nəsə bu əsərdən
bəzi fraqmentlər qalıb yadımda. Fazil xan Şeyda ilə
görüş, Qriboyedovun cənazəsi ilə
qarşılaşma, Tiflisdə qadın hamamında çimməsi
Puşkinin. Yaxşı təsviri vardı hamamın.
Dəhşət şovinist əsərdi,
amma şairliyi də yazısında görünür,
qaça bilmir bundan. Halbuki bu səyahətnamənin
yazılma səbəbi elə Puşkinin paytaxtdan,
çarın nəzarətindən qaçmaq istəyi olub. Əvvəl
Parisə getmək istəyib, icazə verməyiblər, o da gəlib
müharibənin şıdırığı yerinə.
Osmanlı-Rus savaşı gedirmiş onda. Paskeviçin
buralarda at oynatdığı vaxt Puşkinin hərbi
düşərgədə qaldığı da olub. Hər nəymişsə,
bu əsər yazılıb və mən onu oxumuşam. Və
bu yazını işləyəndə "təkrar biliyin
anasıdır" prinsipinə əməl edirəm. Qars
qalası haqqında yazdıqlarını da öyrənirəm.
Amma əvvəlində bir abzas əməlli ləzzət edir.
Şair keçmiş Qafqaz ordusu komandanı Yermolovla
görüşünü təsvir edir. Paytaxt nəzarətindən
qaçmış şair və ordudan kənarlaşdırılmış
general. Nədən söhbət edə bilərlər?.. Təbii
ki, yalnız ədəbiyyatdan. Puşkin elə belə də
yazır, bircə cümlə ilə "Hökumət və
siyasət barədə bir kəlmə də
danışmadıq". Belə yazır, amma başqa mənbələrdə
deyilir ki, bu söhbətin məzmunu barədə Yermolovu nə
qədər çək-çevirə salsalar da heç nə
söyləməyib. Hətta sonralar dövrün məşhur
donosçusu Bulqarin Benkendorfa yazır ki, "Şanlı rus
ordusunun qələbələrini vəsf etmək əvəzinə,
Onegin kimi düşüncələrə dalır". Ay
aman, o şair idi, dahi idi, sizin görmək istəmədiklərinizi
görürdü, neyləsin? Müasirləri donosçulara
orden-medal verirdilər, şairin hədiyyəsi güllə
oldu.... Qurğuşün göyərir şair görəndə...
İndi mən sizə desəm ki,
bu qalayla bağlı olmuş bir sevgi romanını da
xatırladım, neyləyərsiz? Özü də bunu bəlkə
sayılı adamlar bilir... Bilənlər ölüb gediblər...
Ucundan, qulağından deyimmi sizə? Üstündən
yüz ildən artıq vaxt keçib, yüz ildən
artıq.
Həmin o zamanlar Qars
qalasının üzərində Rusiya imperiyasının
bayrağı dalğalananda buranın bir azərbaycanlı
komendantı olub, polkovnik. 50-55 yaşlarında, dəqiq
doğum tarixini bilmirəm. Elə burda da vəfat edib, elə
bu civarda da dəfn olunub. Amma məsələ o polkovnikdə
deyil, onun xanımındadı. O xanımın da bizim ictimai
fikir tariximizdə misilsiz bir yeri var. Məsələ bunda da
deyil... 89-cu ildə mən o xanımla bağlı proqram
hazırlayanda çox sənədlərlə tanış
olmuşdum, hətta şəxsi ailə məktublarıyla
da... Xanımın nəvəsi (indi o da haqq
dünyasındadı) mənə bir olayı
danışdı və bir məktub göstərdi. Yarı
rusca, yarı fransızca yazılmışdı. Fransız
ifadələri təbii anlamadım, amma elə rusca yazılan
hissələri məni dəli eləmişdi. O vaxt çox gənc
idim və fikirləşmişdim ki, yəni belə məktub
yazmaq olar? Belə sevgi olar? Belə sözləri deyə bilən
kişi vaar yəni? Hələ fransızcanı bilsəydim
gör nə etkisi olardı... Fransız dili sevgi dilidi
axı... Sonra öyrəndim ki, məktubu yazan çar
ordusunun zabitidi və polyakdı. Aralarında qısamüddətli,
amma böyük aşk yaşanıb! Xanım Varşavaya gedəndə
qatarda tanış olublar... Təfərrüatları mənə
danışmadı təbii və həm də gənc
olduğum üçün bütünlükdə dərk də
edə bilməzdim. İndiki ağlımla
düşünürəm ki, nə yeri varmış o zabitin
Qadının qəlbində... Müharibələrdən,
inqilablardan, ər qorxusundan, oğulların töhmətindən
keçirdib, gizlədib ölümünə qədər
saxlamışdı məktubu. Və mən oxumuşdum...
Görəsən 100 il sonra bizim hisslərimiz,
duyğularımız gələcək nəsillərə necə
çatacaq? Biz axı məktub yazmırıq. Daha doğrusu,
kağız üzərində yazmırıq. Virtual məktublar
isə nə ürəyin çırpıntısını,
nə də ürəkdən barmaqlara süzülən
hissiyyatı özündə saxlamaya bilməz. Virtual məktubun
yüzünü, minini bir anda düyməyə basıb silmək
olar... Amma köhnə kitabların içindən köhnə
məktublar düşməz və sən deyə bilməzsən:
Bu nə
sevgi məktubudu İlahi!
İndiyəcən ağrıyır hər sözü
də.
Yazan
qızın nəydi adı, İlahi?
Yaddan
çıxıb sifəti də, üzü də.
Məktubu
yandırıb da
Bu nə
yanıq qoxusudu, İlahi!,
Elə
bil ki, adam yanıb indicə.
- deyə bilməzsən
O ailənin, o nəslin qadınları
qəribə qadınlardı, sevə bilirlər... O
xanımın qızı da sevgisi üzündən intihar
etmişdi. Amma biçarə qadın xatirələrində
qızının böyrəkləri
ağrıdığı üçün özünü
vurduğunu yazır. Görən o arxivin taleyi necə oldu?
Rusdilli ailəydi, tam kosmopolit. Xanımın nəvəsi
azdan-çoxdan qoruyurdu olan-qalanı, indi o da rəhmətə
gedib...
- Tamam, kapatırım - deyir
qapıçı. Və biz də, bura gələn oğlanla
qız da istəməyərəkdən
çıxırıq qaladan. İndi həmin
sıldırım yolla geri qayıdırıq. Yay
vaxtıdı, axşam olsa da gün enməyib hələ..
Qumral gözlüm, dahisən də
şair olmasan da... Başqaları bura baxıb daş-divar
görə bilərdi... Sən nələr gördün? Nələr
xatırladın? Puşkin necə demişdi, "siyasət və
hökumət haqqında bir kəlmə də
danışmadıq". YAŞASIN TƏBİƏT VƏ MƏHƏBBƏT!
VALİNİN
HƏYƏTİ
Şəhərə girəndə
Vurğun Əyyub sürücülük edir. Guya şəhəri
tanıyır. Nerdə? Belə anlayıram ki, sayın
hocamız tam inzivaza çəkilib və universitet
kampından kənara az hallarda çıxır. Vurğun
maşını kullandıqca bütün sürücülər
kimi deyinməyə başlayır. Və mənim arxa oturacaqda
gülməkdən ürəyim gedir.
- Buna bax da, bulvar ha döy!
Kəşfdi mənim
üçün. Yəni onun danışığını
kürsüdən, televizordan eşitmişəm, amma qeyri-rəsmi
şəraitdə belə yastı-yastı, aramla
danışdığını bilmirdim. Rəhmətlik Akif Səməd
də belə danışardı. Yadımdadı TV-də
işləyəndə bizə, redaksiyaya qonaq gəlmişdi.
O danışdıqca mən gülüşümü gizlətmək
üçün otaqdan çıxdım. Universitet illərindən
nəsə qərb bölgəsindən olan tələbə
yoldaşlarımın ləhcəsi məzəli gəlirdi
qulağıma. İndi də sayın millət vəkiliylə,
sayın hocanın dilindəki "j"lar qarışıb
bir-birinə, havada vıjıldayır.
Qarsın dar küçələrində
maşını park eləməyə yer axtarırlar. Bir az
gözə geniş görünən bir yerdə
dayanırıq.
- Burda olmuşuq - deyir sayın millət
vəkili - valilikdi. Elə burda saxlayaq maşını.
- Olmaz axı, burda yəqin idarə
maşınlarını saxlayırlar. Apararlar...
- Nejə apararlar, elə də gətirərlər
- deyir Vurğun.
Enirəm maşından və
Qarsın mərkəzi sayılan küçələrində
veyillənirik. Tam bir əyalət şəhəri. Hələ
ki, məni maraqlandıracaq bir şey tapa bilmirəm. Bunu deyəndə
Vurğun da üz-gözünü turşudub "bir ildi
burdayam, hələ gözəl bir qadın görməmişəm"
deyir. Amma indi qaranlıq da düşür, ola bilər mənim
yorğunluğum da üstünə gələndə görmə
faizi azalır. Sabah mütləq diqqətlə baxacam. Bəlkə
mən gözəl qadın gördüm. İndi isə
şam eləmək vaxtıdı.
- Babat bir yer varmı burda? - deyir
sayın millət vəkili. Yadıma Kiprdə, Lefkoşada
Cavanşir Quliyevlə restoran axtarmağımız
düşür. Bu adamlar müəllim babadılar,
restoranı harda tanıyacaqlar? Kimə deyirsən?
- Yaxınlıqda bir yer var, müəllim
dostumuzun dərəcə almasını qeyd eləmişdik
orda. Gedək, - deyir Vurğun və qayıdıb valinin həyətində
qoyduğumuz kimi dayanan maşına minirik (görünür
maşının bazburutundan millət vəkilinə aid
olduğunu anlayıblar), yollanırıq ora. Yemək vaxtı
tam relax var. Bir-birimizi tərifləyirik. Çox xoş bir
axşamdı. Poeziya axşamı. Hər kəsdən və
hər şeydən uzaq.
***
... Qonaq evinə qayıdanda necə
yorulduğumu tam hiss edirəm. Səhər mütləq Pamukun
qəhrəmanı kimi gəzəcəm o baş-bu baş
şəhəri - deyirəm özümə. Balkondan uzaqlara
baxıram. Oralarda işıqlar sayrışır, içimdə
də şeir.
Səninlə olmanın ən mutlu
yanı nə biliyormusun
Tanıdık biriləriylə
karşılaşma tedirginliyi ilə yollarda yürümək
yan-yana...
Elimdəki şəmsiyyəyə
inat yağmurda islanmak birlikdə. Elimdə kır
çiçəyilə seni beklemek... Aynı məkanlarda,
aynı yiyəcəkləri yemək...
Qəribə, təmiz, saf
havası var buranın. Rahat, dərindən nəfəs ala
bilirəm. Rahat yatıram...
Qəribə yuxular görürəm,
şirin yuxular...
(Ardı var)
İRADƏ
TUNCAY
Ədalət.-2011.-22
oktyabr.-S.12-13.