GƏLİN,
ŞEİRDƏN DANIŞAQ
ƏDƏBİ
HƏYAT
Deyə bilərəm ki, son on ilin
poeziyasında zərifliyi, incəliyi ilə seçilən
lirik şeirlər sayına və sanbalına görə
ötən onilliklərdəkindən heç də geri
qalmır. Lirik "mən"in etirafları; həyat sevgisi,
gözəllik duyğusu şeirin yaraşığı olan bədii
təsvir və ifadə vasitələri ilə poetik məna kəsb
edir. Dünya sanki bu lirik "mən"in içinə
sığışır, həyatın keşməkeşləri,
min bir sevinci və qəmi, təbiətin gözəllikləri
və hüznü, bütün ayrılıqlar, sevgi
duyğuları, səadətin, məhəbbətin rəngləri,
naxışları, Göyüzü, Yerüzü... Budur,
müasir Azərbaycan şeirinin duyğular, hisslər mənzərəsindən
bəzi görüntülər:
Niyə yubanırsan bulaq
başında, gözlərim tez dolan kuzədi, götür.
Ömrümü mən sənə bağışlayıram,
beş gün sürməmişəm, təzədi, götür
(Salam Sarvan), Lap yaxşı elədim sevilməməknən Sən
məni sevsəydin lap ağ olardı. Mən yovşan
ömrümü sənin qızılgül taleyinə qatsam,
calaq olardı (Qulu Ağsəs). Gözlərim ürəyimin
sahili, Ürəyim döyünür...dəniz
döyünür... Ürəyimin ləpəsidir göz
yaşım (Qəşəm Nəcəfzadə). Heç də
ağıllanmaz sərsəri yağış, Elə bu
könlüm də onun tayıdı. Gözümdən axsa da
sevgi yaşları, Hamı elə bilir yağış suyudu (Əcdər
Ol). Kor işığa boylanantək bu sevgi sənə
boylanır (Tərlan). Ayıra bilməzsən məni kədərdən,
içimin, çölümün işığı dərddi.
Görüb-görmədiyin vaxt yaddaşında Nə varsa
Allahdan aşağı-dərddi (Nisəbəyim). Getməyə
yerim, Qayıtmağa göyüm yox. Hamı sevgidən
danışır, Sevməyə ürəyim yox. Ölüm
gözəldir, deyirlər, Ölməyə heyim yox. Nə
xoşbəxtəm, ilahi, Nə xoşbəxtəm, İyirmi
üç yaşında İtirməyə heç nəyim
yox (Səhər), İndi mən nə yazım bu ağ
varağa? Gözlə gördüyümü güclə
yazıram. Mürəkkəb tükənib, qəmi
yazmağa, Anadan əmdiyim südlə yazıram
(Böyükxan Pərviz). Deyirlər Allahdan gözəli
yoxdu, Onun da boyunu görə bilmədim. Yüz sevgi
böyütdüi içimdə, ancaq Birinin toyunu görə
bilmədim (Əlizadə Nuri). Durub tənhalığın
yol ayrıcında, Xəzan çiçəyini qoxlayan
quşam. Könlüm təslim olan bu gözəlliyə,
Sınmış qanadımı bayraq tutmuşam (Əlirza Həsrət).
Əllərin nə gözəldi, Kipriklərin də,
gözlərin də. Sən gedəndə əvvəl kipriklərin
qapanır, Gözlərin çəkilir gözlərimdən,
Sonra əllərin uçur əllərimdən. Sonra
ayaqların uzaqlaşır yanımdan. Mən səni
bütöv sevirəm, niyə hissə-hissə qopursan məndən!
(Fərid Hüseyn). Sən məni tərk etdiyin gün Tərsinə
işləyəcək saatlar. Çiçəklər məşhərə
çəkiləcək, qarışqalar divana. Ölüm
qırmızı geyinəcək, ayrılıqlar boyanacaq al
qana (G.Cəmaləddin). Ömür bir qara sevdadı
köksündə fələk oynayır (Rəfail
Tağızıdə). Sənin saçlarından xəbər
gəlmədi Mənim barmaqlarım quruyan günü (Anar Həbiboğlu).
Ana, məni buralarda qoyub getmə, mən səndən başqa
yer tanımıram (Aysel Əlizadə).
Müasir Azərbaycan şeiri bu gətirdiyim
şeir parçalarından da bəlkə daha mükəmməl,
daha orijinal nümunələrlə zəngindir.
Bəli, son on ildə doğrudan
da, ŞEİRDƏN ŞEİR KİMİ danışmaq
mümkündür. Onlarla, yüzlərlə mənasız
şeir kitabları və kütləviləşmənin
yaratdığı xaos içərisində özünü
itirməyən ŞEİRLƏR yaşayır, nəfəs
alır və ümidlə sabaha boylanır.
Boylanıram 30 il arxaya və mərhum
tənqidçi Aydın Məmmədovun tənqid hədəfinə
çevirdiyi həmin "kustar" şeirlərin "xasiyyətnaməsi"
ilə tanış oluram: "...hansı şeirin, hansı mətnin?
Müasirlərini əhatə edən sosial və mənəvi
burulğanlardan yan keçən, ətrafını soyuq
hesabdar məntiqi ilə çeşidləyən, baş verən
narahatlıqları, ziddiyyətləri "görməyib"
işıqlı, xoşbəxt sonluq, yarımfəlsəfi,
yarımnəsihət tövsiyələrlə dolu olan son sətir
xatirinə konveyer üsulu ilə "istehsal olunmuş" bərbəzəkli,
ölçü-biçili, nizamlı "şeir" adlanan
formullarınmı? Əlbəttə yox.
Hürküdülmüş toyuq-cücə kimi səpələnmiş
söz və söz birləşmələrinin yersiz minnət
kimi boynuna qoyulmuş "intellektual" və ya "fəlsəfi"
adlarını daşıyan, beyindən də, ürəkdən
də əli üzülmüş absurd mətnlərinmi? Əlbəttə
yox. Səkkiz saatlıq iş günü, üç dəfə
yemək, pəhriz, axşam gəzintisi, ad günlərini təbrik
etmək və s. kimi səliqə-səhmanla,
vaxtlı-vaxtında icra edilən, dəbdə olan
mövzulara, intimlikdən çıxıb "kütləviləşmiş"
hisslərə həsr olunan, tanış ibarələrlə,
yorulmuş bənzətmələrlə, çapılıb əhdi
kəsilmiş məcazlarla haşiyələnib qafiyələrlə
"mıxlanmış" sətir və bənd
qutularınınmı? Qətiyyən yox. Poeziyamızda belə
şeirlər çoxdur, onlar dövri mətbuatda da çap
olunur, külliyyatlara da daxil edilir, seçilmiş əsərlərə
də düşür".
Biz otuz il arxaya boylandıq və
doğrudan da Aydın Məmmədovun uzaqgörənliyinə
şübhə eləmirik. Təsdiq edirik ki, bir çox
hallarda şeirimiz keçən əsrin 60-80-ci illəri ilə
müqayisədə hələ də kütləvilikdən və
"kustarçılıqdan" xilas ola bilmir.
I V
Doxsanıncı illər də
daxil olmaqla son iyirmi ilin Azərbaycan poeziyasını ümumi
şəkildə belə səciyyələndirə bilərik:
NARAHAT POEZİYA. Narahatlıq: zamanından, epoxasından
asılı olmayaraq poeziyanın daxili təbiətini ifadə
edir. Bütün dövrlərdə zamanın keşməkeşlərindən,
açıqda və gizlində gedən sosial və mənəvi
burulğanlarından irəli gələn situasiyalar, hadisələr
və olaylar poeziyanın ruhuna da çöküb. Amma
heç bir dövrdə ədəbiyyatımız, xüsusilə
poeziyamız özünün NARAHAT dövrünü bir belə
çətinliklə yaşamamışdı. Nədən
doğub bu narahatlıq? Bəlkə sistemin, quruluşun dəyişməsindən,
əvvəlki həyat ritminin pozulmasından, yeni ictimai, siyasi
və mənəvi münasibətlərin hələ də
şüurlara hakim kəsilməməsindən, məmləkətdə
baş verən qarışıq olaylardan doğur bu
narahatlıq? Əlbəttə, bunların hər biri səbəb
ola bilər.
Bir müddət qürbətdə
yaşayıb Vətən torpağına dönən Tofiq
Abdinin 2009-cu ildə yazdığı əsəbi və bir az
da ironik bir şeirini xatırlayıram:
hara
gedir bu məmləkət görəsən
gedir şellənə-şellənə
qarşıdan bir bəla gəlir
aman yellənə-yellənə
adamları adamlıqdan çıxı
boyunbağı körpüləri taxıbd
öz əliylə öz evini yıxıbdı
yollarını daş-kəsək yox
sular
tutub
sular sellənə-sellənə
sözlərinə heç bir məhəl qoyan yox
təklənibdi
bir kimsədən həyan yox
danışmağa dili də var
eşitmirlər
qalıb
dillənə-dillənə
yaman uzun sürdü bu alış-veriş
zamana sığmayır bu vaxtsəz gərdiş
xeyrə yozulmayır bu gediş-gəliş
bizsə qalmışıq ortada
hələ
küllənə-küllənə
Tofiq Abdinin bu "Şikayətnamə"si
(şeirin adı olmadığı üçün belə
deyirik-V.Y.) olsun ki, məmləkətimizin bir çox
camaatında narazılıq doğursun. Desinlər ki, ay Tofiq
müəllim, niyə belə şikayətlənirsiniz? Biz
ki, müstəqillik əldə etmişik,
respublikamızın əhalisi şad-xürrəm
yaşayır, neftimiz bol, sərvətlərimiz tükənməz,
pensiyalarımız artır, çətinliklər tədricən
arxada qalır, iqtisadiyyatımız gün-gündən
çiçəklənir və s. və i. a. Əlbəttə,
o deyilənlərə də haqq qazandırmaq olar. Amma bunu təkcə
Tofiq Abdinmi deyir? Yox! Buyurun, daha bir-iki nümunə:
Yol boyunca
düzülən bu
Uca imarətlər kimindir?
Sizindir, qardaş, sizin!
Bəs bu giley-güzarlar,
Bu dərdlər kimindir?
Bizimdir, qardaş, bizim!
Biz elə bilirdik ki,
Göydəki Allah bizimdir!
Allah da sizinmiş, qardaş, sizin!
Yerdə-yerdən göyə
qalxan,
Yanıqlı bir
"ah" çəkilsə,
O
"ah" bizimdir, qardaş,
bizim!
Siz -azsınız, biz-çoxuq,
Siz-varsınız, biz-yoxuq...
Bu şeir
parçasının müəllifi
qocaman şairimiz Fikrət Sadıqdır.
Daha bir misal:
Bu nə gündü, ay
Allah,
Bu nə zamandı
belə?
Bütün millət az qalıb,
Çevrilə dilənçiyə.
Yollar boyu düzülüb,
Qoca, uşaq dilənir.
Qanda kişi
qeyrəti,
Başda papaq dilənir.
Bu misralar
isə Qaçay Köçərliyə məxsusdur.
Deyə bilərsiniz ki,
gətirdiyim bu misallar son illərə aid
deyil, 2003 və 2005-ci
illərdə qələmə
alınıb. Ancaq belə
şeirlər indi də yazılır və təbii ki, bundan sonra
da yazılacaq. Poeziyanın bir missiyası da məhz elə
budur-işıqlıqlar içində
kölgələri, qaranlıqları
tapmaq, gözəlliyin,
ədalətin naminə
antigözəlliyi, haqsızlığı
tənqid hədəfinə
çevirmək.
Burada kiçik bir
haşiyəyə ehtiyac
duyulur. Sovet dövründə Mirzə Cəlil, Sabir ənənələri
şeirimizdə heç
də sönməmişdi.
Lakin satirik poeziyanın hədəfləri kiçilmişdi,
balacalaşmışdı. Tənqid olunan tiplər əsasən kimlər idi? Kiçik məmurlar, balaca
rüşvətxorlar, yarıtmaz
kolxoz sədrləri, içki aludəçiləri,
alverçilər, anbar
müdirləri, tərəzidə
alıcıları aldadan
ticarət işçiləri,
bazarkomlar və s. İri "hədəflər"
satirik poeziyaya tuş gəlmirdi. Amma müstəqillikdən sonra
Sabir ənənələri
yenə dirçəlməyə
başladı və bunun ən bariz
nümunəsi kimi
Baba Pünhan satirası
doğuldu. Onun doğrudan da çoxlarına bir az kələkötür,
nahamvar görünən
satirik qəzəllərində
Mirzə Ələkbər
Sabir ruhu yenidən dirçəldi.
Baxın:
Oyna, bu elin
dərdinə,
oyna, gülüm
oyna,
Sən oyna, mənim millətə
qalxmır əlim
oyna.
Londonda, Paricdə kürümü
erməni tıxsın,
Öz neftçisinə kilkə yedirdən
gölüm oyna.
Susmuş Qarabağ bülbülü,
qalmış qara bağlar,
Getmir ürəyimdən kədərim,
nisgilim, oyna.
Atəşkəsə getdik
ki,
yatanlar yata
bilsin,
Məclisdə gözü
bağlı qalan
mürgülüm oyna.
Bir gün Xəzərim
coşsa,
sular altda
qalarsan,
Hər yerdə sənindir hələlik
sahilim oyna.
Pünhan, Vətənin yadlar
əlində gəlin oldu,
Bir "Vağzalı"
çal,
mən
də onunçün
ölüm oyna.
Poeziyanın narahatlığını bir
mənada ölkənin,
məmləkətin narahatlığı
ilə izah etmək olarsa, digər tərəfdən,
başqa səbəblər
də var. Və bu səbəbləri ölkədə, insanların
münasibətlərində deyil, bəlkə elə ədəbiyyatın,
poeziyanın özündə
axtarmaq lazımdır.
Bizim fikrimizcə, poeziya
öz qəhrəmanını
axtarır. Elə
bir qəhrəman ki, yaşadığımız
dövrün əhval-ruhiyyəsini
öz varlığında
əks etdirsin, dünyanın bu xaos və hərc-mərcliyində
bizi ruhən sakitləşdirsin, işığını
bol eləsin, ürəklərdən ürəklərə
bir körpü olsun, hamımızı bir bayraq altında
birləşdirsin, lazım
gələrsə, bizə
yol göstərsin, həyatın, gerçəkliyin
mürəkkəb situasiyalarından
baş çıxarmaqda
mənəvi dəstəyimiz
olsun. Əlbəttə,
yaxşı bilirik:ədəbiyyat maddi-fiziki
gücə malik deyil ki, həyatı
dəyişdirsin, Qarabağı
işğaldan azad etsin, xaos və
harmoniyanı aradan qaldırsın, amma ədəbiyyat elə bir mənəvi gücə də malikdir ki, onu
heç nə ilə əvəz etmək olmaz. Bu da Sözdür... Çiçək kimi zərif
olduğu qədər
qılınc kimi iti, kəsərli.
Vaqif YUSİFLİ
Ədalət.-2011.-22
oktyabr.-S.19.