BAYAT

  

   SEVGİLİM QAPIMI ASTA-ASTA DÖYƏR

  

   Sevgilim qapımı asta-asta döyər.

   Yağışlar pəncərədə bəhs edər şikəstədən.

   Sevgilim bilməz ki, bu hədiyyələr

   Hazırdır onunçun dünəndən.

   Sevgilim bir söz deməz, oturar yanıma.

   Qarşımda bir yığın kağız cırıqları.

   Mənə qarşı əyilər ipək yanaqlarında

   Moruq qırmızılıqları.

   Sevgilim gülümsəyərək toplar yetim kağızları.

   Gözləri məndən icazə istər.

   Sonra dəsmal çıxarıb ehmalca silər

   Kipriklərdəki gizli yumru ulduzları.

   Sevgilim ceyran başını köksümə

   Qoyar ki, bu axşam mən bir söz deməyim,

   Hər yetən sözdən, hər yetən dostun

   Lağlağı nitqindən inciməyim.

   Sevgilim qapımı asta-asta döyərg

   Bağçamda sadə yox, sanki yağıyam

   Hərdən bir az dəli sayağıyamg

   Lakin bir zərəm, ustası yox,

   Üdəba arasında dost havası yox!

   İydə budaqları ipək qotaz kimi sallanır havadang

   Uzaqlarda çaldıqca zərif bir kaman

   Ürəyim təzələnir sərin şəbnəmlərlə,

   Gəncliyim ayılıb geri dönmək istər

   Yenə şad bir avazla tellər gəldikcə dilə

   Qarlı saçlara alqışlar deyərdim,

   Səni mən sevərdim, sevərdim, sevərdim!

   Laləzar bir xiyaban görünür üfüqlərdə,

   Şəfəqdən bir dünya açar pərdə-pərdə,

   Yenə Bakı bəzənir yaşıl bir baharla,

   Yenə may qızları açır lalələr,

   Yollara gül tökürlər.

   Mən sənin kimi bax müntəzirəm,

   Səni mən sevirəm, sevirəm, sevirəm.

   Uçar göylərdə mətin yelkənli qartallar,

   Yağar uzaqlara pənbə-pənbə qarlar.

   Qışla yay ekizdir mələyən quzular kimi,

   Silinər hüdudu qocalıqla cavanlığın

   Əsrlərə qovuşan qədim yazılar kimi.

   Ah, nələr verməzdim sənə cavan olsaydım,

   Sənin eşqinlə yenidən doğulsaydım.

 

  

   AYRILIQ

  

   İnsan acarsa,

   Yarım kilo çörək yetər,

   İnsan bacarsa,

   Ölmü ötər,

   İnsan sevərsə,

   Dostlar da, qızlar da bol,

   İnsan büdrəsə,

   Naqis rəqəmlə bitər futbol,

   Ovçular at sürər

   Ceyran düzünə,

   Əsmər gənclər gülər

   Canan üzünə,

   Qızıl qayalardan car çəkər Ozan

   Necə car çəkərdi bu şeiri yazan.

   İndi vida etdi o, şeir aləminə,

   Necə qərib quşlar vətəndən ayrılır,

   Ayğır atlar da kişnəyib, səyirib

   Yıxıb suvarını örkəndən ayrılır,

   Oxu, ey şair, nəfis şeirlər oxu,

   Ensin gözlərimə dadlı bir yuxu.

   Hələlik etmişəm mən elmi vətən

   Çap atı,

   Mən səni

   Deyiləm ötən,

   Neyhat yaşarıq yenə ümidlə biz

   Bir şair əlilə şahlanar şerimiz.

   Söyləyin, gözəl Əsli, çəkməsin ələm

   Yenə saz götürüb

   Qayıdar Kərəm.

 

  

   PEYZAY

  

   Süd köpüyü buludlar

   Yetmiş çinar boyu aralı yerdən.

   Günəş bir dəstə lalə,

   Üfüqə sancılmış durur

 

   Çamlar nadinc yağmurdan

   Saçlarını qurudur

   Sarı, yaşıl kölgələr

   Dalğalarda yellənir.

 

   Havadan məhəbbət qoxusu gəlir,

   Şüx gəlinə bənzəyir

   donlu ağcaqayınlar,

   Hər zərrədə çılğın bir eşq var.

 

  

   SABİR

  

   Qaranlıq yollarda yandırdı çıraq,

   Qurtuluş yolunu edərdi soraq,

   Əzilən bir xalqı nurlandıraraq

   Yol axtarılanların vicdanıydı o!

 

   Füqəra adını şerə saldıran,

   Mülkədar zülmünə çomaq qaldıran,

   İnsanlıq naminə hərbə çağıran

   Keçmişə dağ çəkən şirvanlıydı o!

  

   Onu dost etmişdi Nəsrəddin Xoca,

   Tutardı eşqilə bayrağı uca;

   Son zərbə, son yumruq, son yol vurunca

   Çarpışan gələcək insanıydı o!

 

 

   Mikayıl RƏFİLİ

 

   Ədalət.-2011.-22 oktyabr.-S.20.