ÖLKƏM

  

   Qoy can deyim torpağına, daşına,

   Çiçəklənən baharına, qışına

   Al örtülər yaraşır başına

   Geniş köksü qızıl nişanlı ölkəm.

      

   Qəlbimdəki hiss-həyacan sənindir,

   Damarımda qaynayan qan sənindir.

   Ömür, gənclik, bu cavan can sənindir,

   Geniş köksü qızıl nişanlı ölkəm.

  

   Qoşa çaylar axın gəlsin Muğandan,

   Xəzərsarı baxsın, gəlsin Muğandan,

   Pambıqların qoy yüksəlsin Muğandan,

   Geniş köksü qızıl nişanlı ölkəm.

      

   Bənövşələr yaraşıqdır yazına,

   Güvənirsən mərd oğluna, qızına,

   coşğunsan, qoy eşq olsun sazına,

   Geniş köksü qızıl nişanlı ölkəm.

     

   Yalan eşqə, namərd dosta ar olsun.

   Doğru istək, doğru sevgi var olsun,

   Sənə xoşbəxt, gözəl günlər yar olsun,

   Geniş köksü qızıl nişanlı ölkəm.

  

    

   GÖZLƏYƏCƏYƏM

  

   Gecədir yenə , Ukraynada

   Uzaqda parlayır tənha ulduzlar.

   Bəzənib ən gözəl zinətlər ilə

   Bu axşam göylərdə bir təntənə var.

   Bütün yer üzü intizardadır.

   Hər çiçək başına taxıb bir inci

   Yarışa çıxmışdır bu iki dünya,

   Kim qarşılayacaq günü birinci.

   Səhər gələcəkdir bəxtiyar günəş,

   Füruzə göylərdən gülümsəyəcək.

   Onun bu saf gözəl təbəssümləri

   Bütün yer üzünə həyat verəcək.

   Mən çiçəklərlə hörüb saçımı,

   Bəzənib ay kimi ulduzlar kimi,

   İntizar taxtında gözləyəcəyəm

   Günəşlə bərabər öz sevgilimi.

  

 

   QARANQUŞ

  

   Bir quş qonub pəncərəmə,

   Nəğməsində deyir mənə:

   Uçdum gəldim uzaqlardan

   Yaz yelləri əsən zaman

   Qaranquşam, məni tanı!

   Sordum: - Ey quş, yuvan hanı?

   Dedi: artıq ilk bahardır,  

   Hər bucaqda yuvam vardır.

 

 

   ÇAL

  

   Sən çal, mən yaradım, qoy belə keçsin

   Gəncliyin bu əziz, bu xoş günləri.

   Ömrün gəlib-gedən hər dəqiqəsi

   təkrar olunur, dönür geri,

   Çal ki, əbədiyyət olsun adımız,

   Əzabdır əliboş getmək dünyadan.

   Çal ki, bu sənətkar əllərimizlə

   Böyük abidələr quraq hər zaman.

   Çal, qara dənizin suları dərin,

   Çal ki, bu oynaşan ləpələrin

   Qoynuna tökülsün nəğmələrimiz.

   Çalxana-çalxana qoy Qara dəniz

   Azad səsimizi yaysın hər yana.

   Çal, deyək, sevgilim, bütün cahana

  Biz azad nəsliyik bəşəriyyətin.

   Zəhmətin, əməyin, şerin, sənətin.

   Gül açıb bar verən bir çağındayıq.

   Krımın badamlı bağlarındayıq.

   "Üst qatlar" zəbt etmir günəşi, ayı,

   Çarın Livadyada mərmər sarayı,

   Mərmər qapıları açıqdır bizə,

   Çal, gedək, sevgilim, Qara dənizə!

 

 

   Mirvarid DİLBAZİ

 

   Ədalət.-2011.-22 oktyabr.-S.20.