"AŞPA-da da Səməd Vurğun kimi demokrat görmədim"
Vaqif
Səmədoğlu: "Oğlana necə kəllə
atdımsa..."
Xalq şairi Vaqif Səmədoğlunun Kulis.az
internet dərgisinə müsahibəsi
- İnternetdə çox
fəalsız. Bu,
sağlamlığınıza pis təsir
etmir ki?
- Mənim yaşımda adamların çoxu bulvarda domino oynayır, mənimsə bulvarım Facebook-dur. Günümün təxminən 4 saatını ara verə-verə internetə həsr edirəm. Bütün günümü sərf etsəm, əlbəttə, pis təsir edər. İnternetdə əsas yazışmalarım Novosibirsk Akademiyasının fizikləri ilə olur. Çünki onlar mənə çox doğmadır. Onlarla söhbətim elə yaxşı tutur ki. Daha sonra Facebook-da dostlarla danışıram. Onların göndərdiyi bütün linklərə "like" qoyuram. Bir məqamsa lap çox diqqətimi çəkir. İstisnaları çıxmaqla, Facebook-da qızların ümumi səviyyəsi, ağıllı oğlanlardan daha çoxdur. Qızlar qat-qat ağıllıdır, hətta siyasətdə də. Mədəniyyətləri oğlanlardan yüksəkdir. Bir də görürsən oğlanlar çatda yazırlar: "Ya Allah, nətərisən, müəllim?". 72 yaşında bir adama necə bu cür yazmaq olar axı... Qızlar isə ədəblə, mərifətlə "Salam, Vaqif müəllim, necəsiz?" - deyə müraciət edirlər.
- Deyirlər, internet
asılılıq yaradır. Bəs Sizdə belə bir asılılıq varmı?
- Gənc olanda küçələrdən
ayağım çəkilmirdi. Evə gəlib yemək
yeyirdim, paltarımı belə dəyişmədən yenə
küçəyə qaçırdım. Tez
"Torqovu"ya çıxırdım ki, tanış
görüm, söhbət edim. İndi isə internet var. Mahiyyətcə
eynidir. İnternet insan həsrətini, tək qalmaq qorxusunu
aradan götürür. Əvvəl kimisə görmək
üçün küçəyə
çıxırdın, indi internetə daxil olursan.
- İnternet həm də
adamları sıx olan böyük küçədir. Əsl
küçədə isə bir-iki adam görərsən, ya
görməzsən.
- Əvvəl "Torqovu"da
20-30 adam görürdüm, indi Facebook-da 50-60 adam görürəm.
Məsələ burasındadır ki, "Torqovu"da
Novosibirsk fiziklərini görmə imkanım yox idi.
(gülür)
-
İstərdinizmi, gəncliyinizdə də Facebook olsun?
- O vaxt Facebook olsaydı, bu gün
göz əməliyyatına dözməzdim. Yəqin, 50
yaşımda rəhmətə gedərdim. Çünki
Facebook-un yoxluğu məni küçələrə
çıxarırdı, gəzirdim. Oğlanlar indi
qızlarla Facebook-da danışır, mənsə o vaxt
arxalarıyca düşürdüm, qızın o biri divanəsinə
toy tuturdum. Bir-birimizin üstünə bıçaq
çıxarırdıq. Enerji var idi.
-
İndiki oğlanlarda o cəsarət azalıb, yoxsa?
- Mənim üçün bir
gözəl xanım dünya siyasətindən qat-qat
maraqlıdır. İndiki oğlanlar qızları Facebook-da
yoldan çıxarmağa çalışır. Amma mən
saatlarla dalıyca gedirdim, qardaşıyla vuruşurdum. Rəqiblərimə
toy tuturdum.
- Amma indi heç bir oğlan
qızın qardaşıyla dava etməyə cəhd göstərməz.
- Bir
dəfə qızla əl-ələ tutub, gedirdik. Sən demə,
qızın qardaşı balkondan görürmüş.
Qardaşı gəlib qabağımızı kəsdi, ona necə
kəllə vurdumsa, bu günə kimi yadımdan
çıxmayıb. İnternetin pis cəhəti odur ki, gəncləri
canlı ünsiyyətdən mərhum edib, təbiətdən
uzaqlaşdırıb.
(Bu məqamda Vaqif müəllimin
xanımı Rəna xanım zəng vurub, harda olduğunu
soruşur. O isə müsahibə verdiyini və bizə
cavanlığından danışdığını
bildirir. Telefon danışığını bitirdikdən
sonra Vaqif müəllim üzümüzə baxıb və
deyir: "Baxın, budur məhəbbət")
-
Deyirlər, şairlər tez- tez vurulur. Vaqif Səmədoğlu
neçə dəfə sevib?
- Ən uğursuz ilk məhəbbət
səadətdir, ən uğurlu son məhəbbət fəlakətdir.
Bu saat ən çox məhəbbətdən qorxuram.
-
Yenə sevə bilərsiniz?
- Əlbəttə, hətta uşağım
da olar. (gülürük)
- Məhəbbət
nədir?
- 40 yaşım var idi. Moskvadan
Bakıya qatarla gəlirdim. Bir qadın yarıyolda
düşürdü. Mənə dedi ki, mənimlə
düş, bir yerdə gedək. Düşmədim, o qadın
çıxıb, getdi. Bu günə kimi mənə elə gəlir
ki, bəlkə də səadətim, məhəbbətim o
idi.
"Evdə siyasi söhbətlər
olmurdu"
- Ədəbiyyatdan
danışaq. O, sovet dövründə istisnasız şəxsiyyət
idi. Atanız Səməd Vurğunu necə
xatırlayırsınız?
- Atam rəhmətə gedəndə
mənim 17 yaşım var idi. O vaxt hələ şeir
yazmırdım. Səməd Vurğunla mənim nə siyasi, nə
də başqa səpkidə söhbətlərimiz olub. Siyasi
məsələlərdə onunla heç danışmaq
mümkün olmazdı. Çünki o nəsil siyasi məsələlərdə
çox qapalı idi.
-
Evdə də danışa bilmirdilər?
- Əlbəttə, danışa
bilmirdilər. Canlarından qorxurdular. Evdə bu barədə hərdən
danışanda belə, Stalinin adını böyük
sayğı ilə çəkirdilər. Başqa nə danışa bilərdilər ki?..
- Səməd Vurğun
necə insan idi?
- Həyati işlərdə mən ona minnətdaram. Onun kimi demokratik
ikinci adam
tanımıram. Bir neçə il
Avropa Şurasının
Parlament Assambleyasında
üzv olmuşam. Bir avropalıda belə Səməd Vurğun demokratiyası görməmişəm.
Şəxsiyyət kimi çox
demokratik idi.
- Övladlarına qarşı
da?
- Bəli, övladlarına qarşı
da demokratik idi. Onun iş
otağı düz mənim otağımın
yanında yerləşirdi.
Vaqif Mustafazadə, Tofiq Mirzəyev və başqaları mənim otağıma yığılıb, fortopianoda,
zərb alətlərində
məşqlər edirdik.
Səməd Vurğun bir
dəfə demədi ki, mənə mane olursunuz, sakit olun. Axırda anam gəlirdi
ki, Allah evinizi yıxsın, kişinin başı səsdən getdi, sakit olun.
Həm də ona minnətdaram
ki, məni təbiətə öyrədib.
9 yaşım olanda mənə tüfəng aldı və ova apardı. Əvvəlcə Yusifi aparmışdı,
sonra Yusifin üstündən xətt
çəkir.
- Niyə?
- Anam soruşmuşdu ki, ov necə oldu,
çörək yedilər?
Yusif deyib, hə. Anam soruşub ki, bəs araq içdilər,
Yusif yenə deyib, hə. Amma məndən anam soruşdu ki, çörək yedilər, dedim, hə, araq içdilər,
dedim ki, balıq tuturdum. Araq içdiklərini demədim,
Yusif isə demişdi. Görünür bu xasiyyətim
onun çox xoşuna gəlmişdi.
(gülür)
- Çoxları
deyir, yaradıcılıqda
Səməd Vurğunun
oğlu olmadınız?
- Niyə olmadım?
- Şeirləriniz
çox fərqlidir.
- Dil, səliqə, deyim tərzi Səməd Vurğundan gəlir.
"Deyəcəkdi
ki, ən yaxşı yazıçı
Yusifdir"
- 70-ci illərin
gənc yazarlarını,
o cümlədən Sizi
ittiham edirdilər. Səbəb kimi isə göstərirdilər
ki, oğlu atasından fərqli yazır.
- Elə anlar olub. Siz onları ciddi
qəbul edirsiniz?
- Hər halda yazırdılar.
- O fikirləri
heç vaxt ciddi qəbul etməmişəm.
- O yazıları
yazanlar əsasən partiya tənqidçiləri
idi.
- Partiya tənqidçiləri deyildi,
avamlığın ruporu
idi onlar. Ancaq vacib məsələlərdə
partiya işə qarışar, ya kimisə öz xeyrinə, ya da zərərinə işlədirdi. Özlərini elə aparanlar var idi ki,
guya Səməd Vurğunu məndən çox istəyirlər.
Adamdan soruşarlar, mənə həyat verən insanı kimsə məndən necə çox istəyə bilər?.. Amma yaxşıdır ki, onun sağlığında
yazmırdım. Çünki
yazdığım kimi
yazsaydım, o, mənim
gələcək yazılarıma
mane ola bilərdi.
- Nə mənada mane olardı?
- Ya yazı tərzimi dəyişərdim, ona uyğunlaşdırardım, ya
da ki ümumiyyətlə
qələmi yerə qoyardım. Bu iki şeydən biri ola bilərdi.
- Şeirlərinizi oxusaydı, Sizcə, bəyənərdi?
- Səməd
Vurğun sağ olsaydı, ondan soruşsaydılar ki, ən böyük yazıçı və şair kimdir? Deyəcəkdi ki, ən böyük yazıçı
Yusif, ən böyük şair isə Vaqifdir.
- Sizcə, niyə elə deyəcəkdi?
- Yəni övladları olduğumuz
üçün elə
deyərdi.
- Bilirik ki, həm
də gözəl foto şəkillər çəkirsiniz. Bir neçə
fotoaparatınızın olduğunu
da bilirik. Şair olmasaydınız,
hansı sənətin
sahibi olardınız?
- Ya ədəbiyyatçı olardım,
ya da fortopianonu
seçərdim. İkisindən birinin sahibi olardım. Fortopianoda da klassik musiqini deyil, caz musiqisini ifa edərdim.
- Bəs aşıq mahnılarını necə,
dinləyirsiniz?
- Əlbəttə,
dinləyirəm.
- İfa
edə bilirsiniz?
- Çox az.
- Səməd Vurğun
saz çala bilirdi?
- Çox yaxşı saz çalırdı. Hər halda
Hüseyn Arifdən, İlyas Tapdıqdan min dəfə yaxşı çalırdı. Səməd Vurğun
skripka, saz, tütək də çala bilirdi.
- Qazax seminariyasında öyrənmişdi?
- Bu Qazax
seminariyasına bax ha sən. Hər şey öyrədirmişlər,
hətta skripka çalmağı da.
O seminariyanı bitirənlərin
əksəriyyətini tanıyıram.
"Komsomol poeması"nın qəhrəmanlarının
hamısına "əmi"
demişəm, təkcə
37-ci ildə güllənənlərdən
başqa. Bəs niyə onlar
skripka çala bilmirdilər, Səməd
Vurğun çala bilirdi? Ona görə ki, istedadlı adam
idi. Osman Sarıvəlli də
yaxşı saz çalırdı. Onlar bir
yerdə oxuyublar.
"Atam Osman Sərıvəllini suda boğacaqdı"
- Sizin keçmiş deputat həmkarınız Nizami Cəfərov orta məktəb dərsliyində
Osman Sarıvəllinin
anadan olduğu və vəfat etdiyi dövrü yazır. Sonda da yazır ki, Səməd Vurğunun dostu olub.
- Düz deyir.
- Orta məktəb dərsliyində, Sizcə,
o kəlmənin yazılmasına
nə qədər ehtiyac var?
- Yəqin, ehtiyac var ki,
yazıb. Osman Sarıvəlli ilə Səməd Vurğun bir yerdə oxuyublar, həm də çox yaxşı dost olublar.
- Osman
Sarıvəlli xatirələrində
yazıb ki, bir çarpayıda yatırdılar.
- Dost olublar, amma bir dəfə
Moskvada az
qalıb ki, Səməd Vurğun Osman Sarıvəllini Moskva çayında batırsın.
- Bilə-bilə?
- Moskvada hər ikisi tələbə
olublar. Bir qız çimərlik paltarında çayın kənarında
uzanıbmış. Səməd Vurğun qıza
yaxınlaşıb, deyib ki, sizin yaxşı
üzdüyünüzü gördüm, ancaq mənim dostum
sizdən daha yaxşı üzür. Üzünü tutub
Osmana deyib ki, ə, Osman, soyun bir buna qırdırma göstər
(Qırdırma - üzəndə əllərini arxaya tərəf
hərəkət etdirmək deməkdir). Bu da başlayıb
qızı bişirməyə. Osman da çayın
ortasına qədər üzüb, geri qayıtmaq istəyəndə
Səməd Vurğun deyib ki, "ə, bir az da üz".
Osman Sarıvəlli də az qalıb çayda boğulsun.
"Ciblərim 2 qəpiklə dolu
olardı"
-
Xanımlara ithaf etdiyiniz şeirləriniz çoxdur?
- Qızlara şeirləri əsasən
rus dilində yazırdım. O şairdəki məhəbbət
şeiri yoxdur, deməli, onun məhəbbətdə problemləri
də yoxdur, işləri yaxşı gedir. Şair məhəbbət
şeirlərini qadınsızlıqdan yazır. Elə bilirlər
ki, qızlar şeiri oxuyub və onun tənhalığına
yazığı gəlib, zəng vuracaq. (gülür) Belə
hallar olmur. Yusifin əsərində bir dənə də olsun
məhəbbət şeiri yoxdur. Mənim ciblərim 2 qəpiklərlə
dolu olurdu. Hamısını da qızlara zəng etməyə
xərcləyirdim. Yusifin cibində isə bir dəfə də
olsun 2 qəpiklik olmayıb. Əksinə, həmişə
qızlar ona zəng vururdu.
-
Şeir yazmağa necə başladınız?
- Məktəbdə oxuduğum illərdə
ilk məhəbbətdən yazmağa başladım. Həmçinin
bir-birimizə həcvlər yazırdıq.
- Səməd
Vurğun o vaxt sağ idi?
- Sağ idi, amma şeirlərimi
ona göstərmirdim.
-
Atanız heç bir şeirinizi oxumayıb?
- Xeyr, oxumayıb. Yusifin bir
neçə hekayəsini oxuyub.
- Necə qiymətləndirmişdi?
- Dahi, ondan böyük
yazıçı yoxdur, oğuldur demişdi. (gülür)
Obyektivlik prinsipi itirdi, sırf ata kimi qiymət verirdi.
Ədalət.-2011.-22
oktyabr.-S.24.