Vaqif olan İbrahimoğlu
Rejissorun quruluş vermədiyi
tamaşadan reportaj
"Ya Rəbb!
bəlayi-eşqi ilə qıl aşina məni"-deyən
Məhəmməd Füzulinin heykəli.
Heykəlin arxasında Akademik Milli Dram Teatrının
binası. Akademik Milli
Dram Teatrının arxasında "Yuğ" Dövlət Dram
Teatrının yerləşdiyi bina. 18 oktyabr 2011-ci il, saat 15.00. Olsun lap 15.18. Teatrın foyesində, qapının
önündə xeyli adam
var. Amma və lakin rejissordan başqa hamı gəlib. Əslində elə
onun gəlməyəcəyinə görə
bura yığışıblar. Deyəsən
bundan sonra belə olacaq, ad günlərini onsuz keçirəcəklər
18 oktyabr. Amma və lakin 1949-cu il
Vaqif Həsənov, yəni Vaqif
İbrahimoğlu doğulub 1949-cu ildə, oktyabrın 18-də.
Bakının Mərdəkan qəsəbəsində,
Şüvəlandan bir az bəri. Görkəmli rejissor,
pedaqoq o zamankı İncəsənət İnstitutunda təhsil
alıb. Amma və lakin dram-kino aktyorluğu fakültəsində.
Gənc Tamaşaçılar Teatrında aktyor kimi
çalışıb da.
İndi Teatr Xadimləri
İttifaqı kimi tanıdığımız qurumun nəzdindəki
Eksperimental Teatr Studiyasına, Tədris Teatrına rəhbərlik
edib. Dövlət Musiqili Komediya Teatrının baş rejissoru
vəzifəsində çalışıb.
Bakının müxtəlif
teatrlarında quruluş verdiyi tamaşaları hələ bir
tərəfə qoyuram, Vaqif İbrahimoğlu Türkiyənin
Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında əsərlər
hazırlayıb.
Evdə dram-kino aktyorluğu
diplomunu saxladığını unutmayıb və bir neçə
bədii filmə çəkilib. Hamınızın dəfələrlə
baxdığı "Dantenin yubileyi", "Qəm pəncərəsi",
"Otel otağı" filmlərini göstərsələr
yenə Vaqif bəyi görəcəyik.
Hə, az qalmışdı
yadımdan çıxsın. Bəs rəsmi titulları? Əməkdar
incəsənət xadimi, "Qızıl Dərviş"
mükafatı laureatı, Prezident təqaüdçüsü,
Mədəniyyət və İncəsənət Universitetinin
dosenti
18 oktyabr. Amma və lakin 1989-cu il
Vaqif İbrahimoğlunun həyatında daha bir önəmli bir hadisə. Həmişə novatorluğu ilə
seçilən, teatra
öz fəlsəfi baxışları ilə
fərqlənən Vaqif
bəy arzusunda olduğu layihəsini həyata keçirir.
Tələbələrini, tərəfdarlarını başına toplayıb
"Yuğ" Teatr Studiyasını yaradır.
Yəqin
ki, 40 yaşının
tamamına özü-özünə
ən qiymətli hədiyyə edir.
1992-ci ildə Vaqif İbrahimoğlunun teatrı
dövlət statusu alır. İlk illərdə Akademik
Milli Dram Teatrına sığınan "Yuğ"a
sonradan ayrıca bina verilir. Akademik Milli Dram Teatrının arxasındakı
binada yerləşməyi
"Yuğ"un sənət meydanında görünməsinə mane olmur.
Vaqif İbrahimoğlunun kiçik
saylı, amma və lakin sənət
enerjisi ilə dolu kollektivi hər yerdən görünür. "Yuğ" xarici festivallara qatılır, beynəlxalq layihələrdə
adından söz etdirir.
Vaqif bəy "Yuğ"da
90-na yaxın tamaşaya
quruluş verir. Tələbələrinin, davamçılarının quruluş verdiyi tamaşaları da hesablayanda daha böyük rəqəm ortaya çıxır.
Özü də, bura bax, bu nə
hesablamadı? "Yuğ" ki, bağlanmayıb. Vaqif bəyin
yaratdığı teatr
həmişə var olacaq.
18 oktyabr.
Amma və lakin 1991-ci il
Yenə həmin tarix.
Azərbaycan dövlət müstəqilliyinin
bərpasını elan
edir. Azərbaycanı sözdə yox,
əməldə sevən,
azad fikirli, müstəqil düşüncəli,
təpədən-dırnağacan türkçü Vaqif İbrahimoğluna doğum
gününə bundan
gözəl nə hədiyyə?
Nə gözəl hədiyyə...
18 oktyabr. 2011-ci il
Vaqif İbrahimoğlunun 62-ci ad günü. Vaqif bəyin
yaratdığı "Yuğ"
teatrının 22 yaşı
tamam olan gün. Müstəqilliyimizin bərpasının 20 illiyi. Canından əziz sevdiyi
məmləkətinin tarixi
üçün önəmli
sayılan bir gün.
Hamı toplaşıb. Vaqif bəy səhnədəki
portretindən baxır.
Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, tanınmış
yazıçı Kamal
Abdulla dostu haqqında
danışır, birgə
yaradıcılıq əlaqələrini
yada salır: "Vaqif İbrahimoğlu böyük potensialı olmasına baxmayaraq həmişə yeni nəsə öyrənməyə
can atırdı. Mütaliə etməkdən, öyrənməkdən
yorulmurdu. O, Milli
Akademik Dram Teatrında
və digər teatrlarda necə tamaşa hazırlamağın
lazım olduğunu sübut etdi.
Vaqif bəy təkcə
Azərbaycan dilini deyil, rus dilini
də mükəmməl
bilirdi. Mənim "Yarımçıq əlyazma" romanımı
tərcümə edərkən
buna bir daha şahid oldum. Moskvanın özündə bu əsərin belə mükəmməl
tərcüməsindən heyrətlənmişdilər.
Təqdimat mərasimində Vaqif özü də iştirak etdi və ünvanına
deyilən xoş sözləri eşidə
bildi.
Vaqif İbrahimoğlunun yeri həmişə görünür. Mən onun
yoxluğuna inana bilmirəm. O, yəqin
ki, elə buralardadı və bizim dediklərimizi eşidir".
Akademik Milli Dram Teatrının direktoru,
professor İsrafil İsrafilov danışır.
Amma və lakin teatrın rəhbəri kimi yox, Vaqif İbrahimoğlunun
tələbəlik dostu
kimi: "Vaqiflə tanışlığımız 1967-ci ildən- tələbəlik
günlərindən başladı.
Çox qəribə
adam idi.
Bir az
da Səttar Bəhlulzadəyə oxşayırdı.
Bəzən ilk baxışdan insanlar onu qəbul
edə bilmirdilər.
Yadımdadı, Vaqifi
rəhmətlik Həsən
Turabovla ilk dəfə
tanış edəndə məndən
soruşdu ki, həqiqətən də Vaqif ağıllı adamdı?
Vaqif elə ilk vaxtdan
dahi olduğunu bilirdi və həmişə də deyirdi. Teatra həqiqətən də bağlı və teatrı məbəd hesab edən adam idi
və teatra xəyanət edənləri
heç zaman bağışlamırdı. Mən həmişə
Məryəm Əlizadəyə
deyirdim ki, nə görmüsən bu Vaqifdə? Sən öləndə Vaqifə zəng eləsəm deyəcək
ki, sən dəfninə get, mən məşqi qurtarandan sonra gələcəyəm.
Bu dəqiqə də gözüm
Vaqifi axtarır. Az qalıram deyəm ki, harda gizlənmisən,
gəl çıx da".
Vaqif İbrahimoğlu haqqında
danışmağa haqqı olanlardan daha biri - professor Məryəm
Əlizadə söz alır və unudulmaz dost xəstə
yatarkən ona göstərilən diqqət və
qayğıdan danışır: "Vaqif xəstələnib
müalicə üçün Türkiyəyə gedəndə
bütün dostları onunla maraqlanır, tezliklə
sağalıb geri qayıtması üçün
çalışırdılar. Kamal Abdulla bayaq
çıxış edəndə təvəzökarlıq
edib bunları demədi. Amma mən fürsətdən istifadə
edib demək istəyirəm ki, Kamal Abdulla əsl dost kimi Vaqif
İbrahimoğlu üçün çox böyük fədakarlıqlar
etdi. Bütün dostlar-tanışlar Türkiyəyə zəng
edir, onun vəziyyəti ilə maraqlanırdılar. Vaqifin
amansız xəstəliyi sanki bütün dostları birləşdirmişdi.
Ən ağır dəqiqələrində də Vaqif teatr
barədə düşünürdü. Deyirdi ki, 5
tamaşanın quruluşu beynimdə hazırdı. Bakıya
qayıdıb iki-üç gün dincələndən sonra
məşqlərə başlayacam. Bakıya qayıtdı,
amma məşqlərə başlamaq ona qismət olmadı.
Sonuncu söhbətlərimizin birində dedi ki, gəncləri
qoru. Harda bir istedadlı gənc gördün, ona kömək
elə.
Vaqif dünyasını dəyişəndən
özümə yer tapa bilmirəm. Elə bilirəm ki, hardasa
başqa bir məkandayam, ayaqlarım yerə dəymir".
Xalq artisti Azər Paşa Nemət
Gənc Tamaşaçılar Teatrında
çalışdıqları günləri yada saldı: "Vaqiflə
çox söhbətlərimiz olurdu. Hərdən içib
düşürdük teatrda musiqilər üçün
ayrılan yerə düşüb çalıb-oxuyurduq. Buna
görə bizə bir neçə dəfə töhmət də
vermişdilər. Vaqif məni bəlkə doğmalarımdan
da yaxşı tanıyırdı. Hərdən elə
şeylər danışırdı, özüm də təəccüb
edirdim. Bir dəfə dedi ki, sənin haqqında kitab yazacam.
İndi təəssüf edirəm ki, Vaqif o kitabı yaza bilmədi.
Mənim üçün çox maraqlı idi, görüm
Vaqif mənim haqqımda nələr
düşünür..."
"Yuğ"un kollektivi müəllimlərinin
ruhunu anıb şeirlər deyirlər. Ekranda Vaqif
İbrahimoğlunun həyatını əks etdirən şəkillər
görünür. Amma və lakin özü yoxdu.
Vaqif İbrahimoğlunun səsi gəlir: "Sən yaz,
nə deyirəmsə onu yaz. Yaz,
Ya
Rəbb! Bəlayi-eşq ilə qıl aşina mən..."
Etibar
CƏBRAYILOĞLU
Ədalət.-2011.-22
oktyabr.-S.21.