Vaqif Səmədoğlu: "Ağsaqqallar
hamısı ölüb, AYB-də təkəm"
"Anar
uşaqlıqdan iddialı idi"
(əvvəli ötən
sayımızda)
-
Atanızın vəfatından sonra yazmağa
başladınız?
- 1959-60 cı illərdə.
Artıq 20 yaşım var idi.
- Səməd Vurğun şeirlərində
axın, həyat eşqi, gurlayan dağ çayının səsi
var. Amma Sizin şeirləriniz çox fərdiyyəçi, kədərli,
melanxolikdir.
- Səməd Vurğunda olan kədərli
şeirlər heç Füzulidə yoxdur. Səməd
Vurğun şeirlərinin ən üstün keyfiyyəti
dilidir.
Çox axıcı, səlis dildə
yazırdı. Mikayıl Rəfili bir dəfə ona deyir ki, sənin
dilin məndə olsaydı, bu saat Azərbaycan yox, dünya
şairi idim. Səməd Vurğun da cavab verir ki, elə
olanım budur, onda başqa nəyim var ki?..
- 60-cı illərdə fərdiyyəçilik,
kiçik insan problemi çox idi. Sizin də şeirlərinizdə
fərdi kədər çoxdur...
- Mənim şeirlərim kədərlidir,
dramaturgiyam komediyadır. Amma əsas mahiyyəti yenə də
kədərdir. İncəsənətin, fəlsəfənin
kökündə sevinc deyil, kədər dayanır. Kədər
hissi də məhəbbət kimi həmişə təzədir.
- Hər bir
yazıçının, şairin mütləq bir
davamçısı olur. Amma əvvəl Sizin estetikada yazan
deyəsən heç kim olmayıb.
- Ədəbiyyata gələndə
dünya ədəbiyyatından xəbərdar idim. Şair
kimi formalaşmağımda "Azərbaycan"
jurnalının rolu Moskvada dərc olunan "İnostrannaya literatura"
jurnalından qat-qat az olub. Dünya ədəbiyyatını
çox oxuyurdum, bəlkə ona görə idi. Kamyunun nitqini
ilk dəfə "samizdat"da oxumuşdum.
"Qardaşım şeirlərimi çap eləmədi”
-
"Samizdat"la kimlər məşğul olurdu?
- Moskva yəhudiləri.
-
Kamyunun çıxışını hardan tapırdılar?
- Xaricə gedən
diplomatlarımız gətirirdi.
-
Siz "samizdat"da nəyi çoxaltmısız?
- "Royal", "Şəffaf
balıq" poemalarımı.
-
Onları kimə paylayırdız?
- Paylamaq təhlükəli idi.
Sən mənim doğma anamsan
azadlıq,
Mən sənin yad
qapılarında
böyümüş balan.
Sən son ümidimin
qaldırdığım
ağ bayraqsan, azadlıq
Mən səni yellədən
külək.
Bu şeiri o zaman
paylamaq olardı?
Təbii ki, yox.
-
Qardaşınızın redaktoru olduğu jurnalda da dərc
etdirə bilməzdiniz?
- Yusifi niyə pis vəziyyətdə
qoymalıydım ki?. Onsuz da çap edə bilməyəcəkdi.
Ya ərizə verib işdən
çıxardı, ya da çap etdirməzdi. Bu tilsimi 1981-ci
ildə Əkrəm Əylisi qırdı. Çap
olunmamağıma son qoydu.
- O
vaxta qədər çap olunmurduz ki?
- Düz 11 il çap
olunmamışam. Yalnız iki dəfə pyesim dərc olundu və
mahnılarım səslənirdi. Şeirlərimsə dərc
olunmurdu. Doğum günümdə Əkrəmlə
görüşdük.
O günü qeyd etdik. Bu
içkinin murdar bir tərəfi var, həmişə
axıra çatmır. Sonrası yadıma gəlmir ki, Əkrəmi
necə yola saldım.
O vaxt Əkrəm Əylisli "Azərbaycan"
jurnalının redaktoru idi. İki dəftərimi
oğurlamışdı. Bir də zəng etdi ki, gəl dəftərləri
götür, şeirlərin çapa getdi. 30-a yaxın
şeirlərimi o vaxt çap etdirdi.
-
Birdən-birə 30 şeir çox deyildi?
- Mənim şeirlərimin həcmi
guya nə qədər idi ki?.. Tofiq Abdinin yaxşı bir
sözü var, deyir ki, sovet vaxtı "qlavlit" bircə
şairdən misra çıxara bilmirdi. O da Vaqif Səmədoğludur.
(gülür). Çünki şeirləri balaca idi,
çıxartsaydılar bir şey qalmazdı.
"İstəmirəm şeirimi hansısa çoban
oxusun"
-
Tofiq Abdin deyir ki, Vaqif Səmədoğlu da xalq şairidir, Zəlimxan
Yaqub da. Amma Vaqif Səmədoğlu elə bil xalqın
şairi deyil. Hamı onun şeirlərini sevsin, oxusun, elə
bil xalqdan uzaqdır, amma elitar şairdir. Özünüzü
xalqdan uzaq hiss edirsiniz?
- Buna kompleks şəklində
baxmaq lazımdır. Xalqa yaxınlıq təfəkkürü
kökündən yanlışdır. Kiril əlifbasına qədər
Azərbaycan ədəbiyyatı elitar olub. Xalq meyar deyil. Xalq
aşığı tanıyar, məsələn, hər
zonanın öz aşığı, öz igidi olur, və həmin
zona da onları yaxşı tanıyır. Elə bilirsiniz,
Abbas Tufarqanlı, Aşıq Ələsgər bütün Azərbaycanın
aşığı olub?. Xeyir. Onları bizim Elmlər
Akademiyası xalqın edib. Bizdə hələ bu
düşüncə qalıb. Azərbaycan şeir kitabı
200 min tirajla dərc olunurdu. Amerika Birləşmiş
Ştatlarından isə min tirajla. Biz Amerikadan
ağıllı idik? Xeyir, ədəbiyyat elitar
olmalıdır. Mikayıl Müşfiq Səməd Vurğuna
yazmışdı.
Dağlardan gəlerəm ayə, a Puşkin.
Salmışam üstünə saya, a Puşkin.
Oxuyur şeirimi dağda çoban da,
Görməmiş mənimtək şair
baban da.
Mən istəmirəm məni
dağda çoban oxusun. Əgər mənim 50 nəfər
oxucum varsa, xoşbəxtəm.
- Bilmirsiniz, nə qədər oxucunuz var?
- 100 nəfər
olar.
- Təvazökar
cavabdır.
- Vallah, 100 nəfərdən artıq
olmaz. Başqa təhlükə isə fanat oxucuların olmasıdır.
Fanat oxucular çoban oxuculardan min dəfə pisdir. Yalnız bir şairi
oxumaq, ondan başqa poeziyanı heçə saymaq doğru deyil.
- Azərbaycanda fanat oxucusu olan şair
var?
- Zəlimxan Yaqubu, Ramiz Rövşəni...
- Səməd
Vurğunun da fanatları var, məncə.
- Əlbəttə,
var. Deyirlər ki, şeir onunla qurtardı. Belə şey olar?
"Ədəbiyyat Yazıçılar
Birliyində yaranmayıb”
- Sizcə, əsl şair ayağını zamanın cızığından
kənara qoymağa cəsarəti çatandı,
yoxsa zamanın sözəbaxan övladı
olaraq qalan?
- Şairlər
öz taleyini yaşayan adamlardı.
O, bilmir hansı cığırla gedir, sağ, sol harada yerləşir bilmir. Allahın ananın bətnindən torpağın bətninə
qədər verdiyi vaxtı nəyləsə
doldurmalıdır, ya
yox?
- Başqa insanlardan fərqi yoxdursa, o zaman şairlə şair olmayanın fərqi nədir?
- Yəqin ki, istedad.
- Taleyinizdən razısız?
- Razı olsam, bir dənə
də misra yaza bilməzdim. Özündən razı bilirsiniz
kimdir? Tibbdə onlara "şizofrenik"
deyilir. Başqa insan özündən necə razı ola bilər?
Bir də qadınlar həmişə özündən
razı olmalıdır.
Çünki gözəllik əbədi
yaradıcılıqdır.
- Siz də gənc olmusunuz və özünüzdən əvvəlki
ədəbi nəsli tənqid etmisiniz. Bu gün də
bu tendensiya var. Sizcə, yaşlı nəsil onlar haqqında yazdıqlarımızı
sizin əvvəl tənqid etdiyiniz ədiblər kimi qarşılayır? Bizmi daha
sərt yanaşırıq,
yoxsa sizlər?
- Mən bir dəfə də siz gənclərə
cavab yazmamışam.
- Amma cavab yazanlar var...
- Cəlil Məmmədquluzadə
deyir ki, çox düşündüm, müsəlman olmaq nə
deməkdir, nəhayət, bu nəticəyə gəldim: məşğuliyyətdir.
Yazmaq da məşğuliyyətdir də.
-
Süleyman Rəhimov, Əli Vəliyev və başqaları
sizin gəncliyinizdə yaşlı idilər. Sizin nəsil -
Anar, Əkrəm Əylisli, Elçin onlarda nəyi tənqid
edirdiniz?
- Çox şeyi tənqid
etmişik. Mən həmişə soyuqqanlı olmuşam. Azərbaycan
Yazıçılar Birliyinin üzvüyəm, bir dəfə
də iclaslarında iştirak etməmişəm, həmişə
qaçmışam.
-
İclaslardan qaçmağınıza səbəb nədir?
- Dəqiq bilirəm ki, ədəbiyyat
Yazıçılar Birliyində yaranmayıb.
- Onda o quruma nə ehtiyac var ki?
- Deyirsiniz ehtiyac yoxdur. Ancaq ingilis, fransız yazıçıları mənə
həsrətlə deyiblər
ki, sizdə dövlət tərəfindən
maliyyələşən qurum
var, bizdə isə yoxdur.
-
Sizə Yazıçılar Birliyində vəzifə təklif
ediblər?
- Mənim orda vəzifəm var.
-
Ağsaqqallar Şurasının sədrisiniz?
- Ağsaqqallar hamısı
ölüb, mən orda təkəm. (gülür)
- Zarafatla deyirsiniz, yoxsa ciddi?
- Ciddi deyirəm. Var, məsələn, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub Ağsaqqallar Şurasının üzvləridir.
Onlar ağsaqqal deyillər, ona görə deyirəm ki, mən təkəm.
"Anar uşaqlıqdan
iddialı idi"
- Nə vaxtdan yazıçı Anarla dostsunuz?
- 7 yaşından.
- Anar yaradıcı adamdır. Yazıçılar Birliyində necə
işləyir?
- Uşaqlıqda
oyun oynayardıq. Anar deyirdi, mən Nazirlər Sovetinin sədriyəm. Başqa bir
dostumuz da deyirdi ki, mən
də mədəniyyət
naziriyəm. Anar ona deyirdi "idiot, səndən
mədəniyyət naziri
olar?" Anar uşaqlıqdan
iddialıdır.
Ədalət.-2011.-25 oktyabr.-S.6.