QƏDİM YURD
YERİ – ÖRƏNQALA
Azərbaycan öz qədim və zəngin
mədəniyyəti ilə digər ölkələrdən
bütün dövrlərdə seçilib. Eyni zamanda, bu qədim
ölkənin çoxlu sayda yaşayış məskənləri,
tarixi yurdları olub. Neçə illər, neçə əsrlər
keçsə də, günlərin birində nə vaxtsa yenidən
tarixçilər həmin qədim məskənə ayaq
basıb, arxeoloji qazıntılar aparıb və tarixi
sübutlar əldə edərək yenidən qədim
yaşayış məskənlərinə bir ömür
veriblər...
Örənqala
Beyləqan çox zəngin və
qədim keçmişə malik olan yaşayış sahəsidir.
Burda ən qədim dövrə məxsus yaşayış
yerləri, tarixi abidələr və eləcə də
heç bir yerdəkinə bənzəməyən həyat tərzi
olub. Belə qədim yaşayış məksənlərindən
biri də Örənqaladır. Eramızdan əvvəl 79-cu
ilin avqustunda püskürən Vezuvi vulkanı qədim Pompey şəhərini
kül və dağıntıların qalın qatının
altına qoydu. Yalnız XIX əsrdə arxitektor Cuzeppe
Fiorellinin inadkarlığı hesabına ölü şəhərinin
üzə çıxarılması prosesi baş tutdu. Bu əməliyyat
illər boyu bir neçə arxeoloq nəslinin əlinin
altından keçdi.
Əski Pompey kül
xarabalığının altından səbrlə və diqqətlə
çıxarıldı. İndi dünyanın hər yerindən
açıq səma altındakı Pompey- muzeyə baxmaq
üçün turist axını gəlir.
Şəhər-muzey YUNESKO-nun
Ümumdünya İrs siyahısına salındı. İndi
çoxları bilmir ki, Pompey qədər maraqlı və qədim
bir şəhər Beyləqanın mərkəzindən 17
kilometr aralıqda yerin altındadır.
Geniş düzənlikdə Örənqala
xarabalığı deyilən bir ərazidə, yerin
altında 4 məhəllədən ibarət əski Paytakaran
şəhəri var.
Tədqiqatlar
nə deyir
Örənqalanı tədqiq edən
ilk elmi ekspedisiya 1933-cü ildə Milli Elimlər
Akademiyasının rəhbərliyi ilə həyata
keçirildi və bu iş uzun illər davam etdi. Amma Örənqalanın
hansı şəhərin xarabalıqları olması
yalnız 1955-ci ildə üzə çıxdı.
Həmin ildə Örənqala
şəhər yerinin sənətkarlar məhəlləsində
qazıntı zamanı üzə çıxan
materialların içərisində bir ədəd
bütöv və 4 ədəd şar-konusvarı qab
parçası tapılmışdı. Bu qab
parçalarının üzərinə vurulmuş kiçik
möhürlərin üstündə ərəbcə "Fəzlun
Beyləqanda hazırlanmışdır" sözləri yazılmışdı.
Qab parçalarının yerli
istehsalın məhsulu olması faktı Örənqalanı qədim
Paytakaran şəhərinin xarabələri hesab edən
tarixçilərin fikrini qəti şəkildə təsdiq
etdi. Günü bu gün də Örənqala
xarabalığının səthində qırmızı kərpic,
saxsı qab-qacaq qalıqları tapılır. İllərlə
hissə-hissə aparılmış qazıntılarda şəhərin
qalıqları üzə çıxarılıb.
Qazıntılar çox qaranlıq mətləblərə
işıq saldı
Beyləqanlı tarixçi Nadir
Abdullayev bildirir ki, arxeoloji qazıntılar VI əsrdən
başlayaraq Beyləqanın iqtisadi və mədəni həyatını
sübut edən təbəqələr üzə
çıxardı. İkinci dəfə Örənqalada
arxeoloji qazıntı işləri 1936-cı ildə
aparılan vaxt qazıntıların nəticəsi olaraq şəhərin
təxmini planını çızmaq və bəzi yerlərdə
mədəni təbəqələrin xarakteristikasını
vermək mümkün olmuşdu. 1936-cı ilin
qazıntıları haqqında yazılır ki,
qazıntı işləri təpələrdəki ümumi
sahəsi 200 metr olan üç meydançada aparılıb.
Məlum olub ki, üç meydançada yerləşən mədəni
təbəqələr oxşardı. Hər bir meydançada
birinci yarım metr dərinlikdən kərpic
qarışıq torpaq qatı, bunun ardınca isə
divarların müxtəlif ölçülü kərpiclərlə
hörulmuş tikinti qalıqları üzə
çıxmışdı. İkinci və
üçüncü təbəqələrdən eyni
ölçülü kərpiclərlə daha ustalıqla
hörülmüş tikinti qalığı da aşkar
edildi. Çox keçmədi ki, dördüncü təbəqədən
yarım metr hündürlüyü olan və kərpicdən
tikilmiş pilləkən qalığı tapıldı.
Pilləkən
qalıqları...
Pilləkən
qalıqlarının aşkar edilməsi burada nə vaxtsa iki
mərtəbəli ev olduğunu təsdiq edirdi. Üç
metr dərinlikdə yerləşən beşinci təbəqədən
hansısa iri tikilinin küncləri
aşkarlanmışdı. Bu tikilinin divarlarının
hörgüsündə bişmiş kərpiclərdən,
divarların möhkəmliyi üçün isə bərkidici
məhluldan istifadə olunmuşdu.
Elə həmin kərpicdən VI və
XIX əsrlərdə 10 metr hündürlüyündə qala
divarları tikilib. Qala divarlarının içərisində
dulusçuluq, şüşədüzəltmə,
daşşişləməyə aid əmək alətləri
də tapılıb. Bütün bunlar qədim Beyləqanda dəmirçi,
bənna, dülgər, duluzçu, toxumçu,
boyaqçı, rəngsaz, dabbaq, pinəçi, paltaryuyan, qəssab,
dəllək, hambal, çaxırçı kimi peşələrin
olduğunu bir daha sübut edir. Bütövlükdə
Paytakaran kasıblar, tacirlər, varlılar və sənətkarlar
məhəlləsindən ibarət olmuşdu.
Sənətkarlıq
və ticarət mərkəzi
Qazıntılar zamanı Govurarx
deyilən su arxının və pul sikkələrinin
tapılması qədim-qala şəhərin ən iri sənətkarlıq
və ticarət mərkəzi olduğunu sübut edir. Mil
düzü qızmar və quraqlıq keçən bir ərazi
olduğu üçün Araz çayından Qarqar
çayınadək 60 kilometr uzunluğunda Govurarx adlanan su
arxı çəkmişlər.
Bərdədən Ərdəbilə
gedən yol arx boyu uzanaraq Beyləqandan keçirdi. Buranın
torpaqları həmin arxla suvarılırdı. Şəhər
özünün çiçəklənmə
dövrünü 1221-ci ildə monqolların
yürüşündən əvvəl
yaşamışdı. Həmin dövrdə şəhər
əhalisinin sıxlığı artmış, sənətkarlıq,
ticarət və mədəniyyət inkişaf etmişdi. Şəhər
İran, Çin, Hindistan, Bizans, Gürcüstan və
başqa ölkələrlə ticarət edirdi.
Ən varlı təbəqə
şəhərin mərkəzi hissəsində məskunlaşmışdı.
Bu hissə su ilə daha yaxşı təchiz edilmiş,
müdafiə sistemi isə etibarlı qurulmuşdu. Qala
divarları yaxınlıqdakı evlərin sadəliyini
tarixçi etnoqraflar şəhər yoxsullarının həyat
göstəricisi kimi müəyyənləşdirmişlər.
(ardı gələn sayımızda)
Faiq QİSMƏTOĞLU,
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2011.-25
oktyabr.-S.7.