Dünya muzeylərindəki şedevrlərimiz
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil
etdiyi foto-sərgi yaddaşımızı təzələdi
Dünyanı
heyrətləndirəcək sənət əsərləri
yaratmaq hər xalqa nəsib olmur. Azərbaycan tarix boyu nadir sənət
nümunələri yaratmaqla bəşər mədəniyyətinə
öz töhfələrini verib. Həmin şedevrlərin bəziləri
bu gün dünyanın ən böyük muzeylərində
saxlanılır və illərdir ki, insanları heyrətləndirməkdə
davam edir. Nyu-York, London, Paris, Moskva muzeylərində "Azərbaycan
izləri" görmək mümkündü.
Belə nadir incilərimizin
varlığından xəbərdar olmağımız
üçün yaddaşımızın vaxtaşırı
təzələnməsinə böyük ehtiyac var.
İçərişəhərdə...
Nazirlər Kabineti yanında
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi
"Azərbaycan sənət əsərləri dünya muzeylərində"
adlı foto-sərgi bu baxımdan lap yerinə
düşdü. İdarənin tabeliyindəki
"İçərişəhər" Tarix Muzeyinin təşkilatçılığı
ilə düzənlənən tədbir əlamətdar bir
hadisəyə ilə bağlı idi. Muzeyin əməkdaşları
zövqlə hazırlanmış foto-sərgini dövlət
müstəqilliyimizin bərpa olunmasının 20 illiyinə həsr
etmişdilər.
"Kiçik Karvansara" abidəsində
nümayiş etdirilən foto-sərginin
açılış mərasimində tanınmış sənətçiləri,
populyar simaları görmək olardı. "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat
xidmətinin rəhbəri Rahib Azəri
açılışa gələnləri salamlayaraq tədbirin
əhəmiyyəti barədə danışdı. Rahib bəy
dünyanın ən məşhur muzeylərində
saxlanılan nadir sənət nümunələrimiz barədə
hər birimizdə yetərli bilginin olmasının vacibliyini
bildirdi.
Milli Elmlər Akademiyasının Memarlıq və
İncəsənət İnstitutunun direktor müavini professor Kübra Əliyeva,
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vəfa
Quliyeva çıxış edərək
bildirdilər ki, qədim mədəniyyət
ocaqlarından sayılan Azərbaycan həmişə
dünyanın diqqətini cəlb edib. Bura gələn alim və
səyyahlar nadir sənət nümunələrimizi
dünyanın müxtəlif ölkələrinə
aparıblar. Zaman-zaman baş verən müharibələr,
talanlar zamanı əldə edilən qənimətlər
arasında da belə əsərlər çox olub.
Çıxışçılar bir məsələni
də vurğuladılar ki, dünyanın
böyük muzeylərini bəzəyən
sənət incilərimiz bəzən İran
və Rus incəsənətinin
nümunələri kimi təqdim edilib. Ermənilər bu məsələdə
də xislətlərindən əl çəkməyiblər.
Tarixi baxımdan qiymətsiz olan sənət nümunələrini hər
fürsətdəcə xarici ölkələrə
aparıblar.
Nyu-Yorkda, Londonda, Parisdə,
Moskvada...
Tədbirə dəvətlilər "Azərbaycanın sənət
əsərləri dünya
muzeylərində" adlı
foto-sərgiyə maraqla
tamaşa etdilər.
Milli Konservatoriyanın
tələbələrinin ifasında
səslənən musiqilər
tədbirə xüsusi
yaraşıq verdi.
Foto-sərgi bir daha yadımıza
saldı ki, eramızdan əvvəl I minilliyi nişan verən
tunc qoş fiquru, XVIII-XIX əsrlərdə toxunan
"Ornamentli xalça", "Qarabağ xalçası"
Nyu-York Muzeyində, Atabəylər dövlətindən qalma dəstəli
dolça Vaşinqton Muzeyində nümayiş etdirilir. Atabəylər
dövlətini zamanını nişan verən bürünc
dolça isə Paris Muzeyindədi.
Böyük sərkərdə,
dövlət xadimi və şair Şah İsmayıl Xətainin
qızıl kəməri, XVI əsrin yadigarı namazlıq
xalısı, Lətif Kərimovun toxuduğu "Firdovsinin
portreti" adlı xalça Türkiyənin Topqapı
Sarayı Muzeyini bəzəyir. Moskvadakı Silah Palatasına gələnlər
Şirvanşahlar dövlətindən yadigar qalan polad
başlığa maraqla baxırlar. 1339-cu ildə toxunan
"Şeyx Səfi xalçası" Londondakı Viktoriya və
Albert Muzeyinin bəzəyidir.
Sankt-Peterburdakı dünyaca məşhur
Ermitajı gəzən qonaqlar XII əsrdə hazırlanan
gümüş qolbağa, atlı fiquruna maraqla tamaşa edirlər.
"Azərbaycanın sənət
əsərləri dünya muzeylərində" adlı
foto-sərgidən reportajda şedevrlərimizin
hamısını sadalamaq imkan xaricindədi. Foto-sərgini əyani
görmək daha yaxşı olardı. İşərişəhər
Nyu-York, London, Paris kimi uzaqda deyil ki...
Fatimə
İSMAYILZADƏ
Ədalət.-2011.-25
oktyabr.-S.4.