QƏDİM
YURD YERİ – ÖRƏNQALA
(əvvəli ötən
sayımızda)
Monqollar şəhəri yandırdılar, insanları
qılıncdan keçirdilər
Qədim şəhərin saxsı
qabları, şirniyyatı Yaxın Şərqdə çox
məşhur idi. Belə zəngin bir şəhərə
şimaldan xəzərlər, cənubdan isə ərəblər
göz dikmişdilər. Beyləqanlılar yadellilərə və
yerli feodalların zülmünə qarşı dəfələrlə
üsyan qaldırmışdılar. 1221-ci ilin payızında
isə monqol ordusu Beyləqanı mühasirəyə alaraq təslim
olmaq üçün elçi göndərdi. Şəhər
əhalisi, sənətkarlar düşmənə təslim olmaqdan
boyun qaçırdılar. Qızğın döyüşlərdən
sonra qala divarlarını dağıdan monqollar şəhəri
yandırdılar. Kişi və qadınları, qoca və
uşaqları qılıncdan keçirdilər. Arazdan gələn
arxı və su şəbəkəsini dağıtdılar.
Qədim
şəhərin darvazası
Beyləqanın qala
darvazasını tapmaq məqsədi ilə 1962-67-ci illərdə
burada təkrar qazıntı işləri aparıldı. Qala
darvazası Örənqalanın "Böyük şəhər"
adlanan hissəsinin şimal-qərb qala divarlarının təxminən
ortasında yerləşir. Qazıntılardan aydın
olmuşdu ki, darvazanın şimal-qərb bürcü orta hissədə
çiy kərpiclərlə hörulmuşdu. Bürcün
möhrə ilə hörülən hissələri də
vardı. Darvazanın cənub-qərb bürcü
qazıntının qərb hissəsində aşkar
olunmuşdu. Bu bürc formasına və tikinti üslubuna
görə, darvazanın şimal-qərb bürcü ilə
oxşardı. Hər iki bürcün üz divarındakı
batıqlar ornamentlərin eyniliyi ilə onların bir vaxtda
tikildiyini göstərir və təsdiq edir.
Şəhərin əsl adı necə olub?
Örənqala şəhərinin
adına gəlincə, müxtəlif mənbələrdə
Paytakaran, Beyləqan və Bilaqamın eyni şəhərin
adı olduğu ehtimal olunur. Bunu vaxtı ilə Azərbaycan
tarixçisi və yazıçısı A.Bakıxanov da təsdiq
etmişdir. Örənqala adının etimologiyasına gəlincə,
monqollara qarşı igidlik göstərmiş şəhər
əhalisinin şərəfinə "Ərənqalası",
daha sonralar buralardan ayaq kəsildiyi üçün Örənqala,
yəni ölmüş, sönmüş qala kimi dillərə
düşüb...
Hər
şeyə tarix və zaman qiymət verir
Qədim yaşayış məskənləri
ilə bağlı heç də tarixçilər, arxeoloqlar
və mütəxəssislər birmənalı fikir söyləmirlər.
Başqa sözlə demiş olsaq, hər hansı tədqiqatçının
və tarixçinin özünün istinad etdiyi sübutlar və
faktlar mövcuddur. Elə ki, bu sübutlar və faktlar konkret
olaraq özünü təsdiq edir, hamılıqla qəbul
olunur, bax onda istər-istəməz əlahəzrət fakt
qarşısında hər şeyi etiraf etməyə məcbur
olursan.
Bu gün ermənilər bar-bar
bağırırlar ki, ən qədim tarixə və
yaşayış məskənlərinə malikdilər. Amma
bu tarixi sübut edən, təsdiqləyən və eyni zamanda
hadisələrə obyektiv qiymət verən faktları
heç bir vəchlə ermənilər ortaya qoya bilmirlər.
Çox yox, təkcə ən qədim dövrə məxsus
iki yaşayış məskənini - Azıx
mağarasını və Beyləqanda mövcud olan
yaşayış məskənlərini yada salsaq, ermənilər
bu tarixi faktlar qarşısında aciz qalırlar.
Düzdür, bəzən həmin yaşayış məskənlərini
və konkret olaraq Azıx mağarasını ermənilər
özlərinin adına çıxırlar. Amma hansı ki,
Azıx mağarasını tapan və onu dünyaya
tanıtdıran Bakı Dövlət Universitetinin (ADU)
professoru olub. Deməli, Azərbaycan tarixən çox zəngin
və qədim keçmişə malik olan bir məkandır.
Bu məkanı görməmək, tarixi abidələri inkar
etmək yalnız və yalnız kor olmaq deməkdir. Bu tək
korluq deyil, həm də lallıq və karlıqdır.
Dünyada hər şeyə qiymət verən isə tarixi həqiqətlər,
tarixi faktlar və ən qədim dövrə məxsus olan
yaşayış məskənləridir. O yaşayış məskənləri
isə bizim məmləkətdə çoxdur.
Açıq səma altında...
Beyləqandakı qədim abidələrin
demək olar ki, çoxu açıq səma altındakı
muzeydə yerləşdirilib. Eramızdan əvvəlki
dövrə məxsus olan ən qədim abidələr, sənət
nümunələri, saxsı qablar, küplər və eləcə
də digər tarixi əşyalar Beyləqan şəhərindəki
açıq səma altındakı muzeydədir. Əgər
kimsə ən qədim dövrümüzə və hətta
eramızdan əvvəlki zamana qayıtmaq istəyirsə, gəlib
həmin nadir, qədim abidələrə baxmaqla
keçmişə səyahət edə bilər. Beyləqanda
qədim və zəngin mədəniyyət abidələri
çoxdur. Bunların sırasında aşağıda
adlarını sadaladığımız abidələr daha
möhtəşəm və daha qədim dövrü əhatə
edir: Gövurarx, Sarıtəpə, Çardaxlı, Təzəkənd,
Kültəpə, Xan qızı arxı, Sultanbud təpələri
dediyimiz qədim və tarixi abidələrə nümünə
sayıla bilər.
Tarixi abidələr qorunur
Milli mədəniyyətimizin
çox zəngin nümunələri var. Elə Beyləqanda
sadaladığımız qədim yaşayış məskənləri
və tarixi abidələr dediklərimizə əyani
sübutdur. Tarix bizə çox şey bəxş eləyib.
Onlardan biri də qədim yurd yerləridir. Həmin tarixi abidələri
qorumaq, mühafizə etmək və yaşatmaq insanlardan
çox şey tələb eləyir.
Beyləqan rayon İcra Hakimiyyətinin
başçısı İrşad Əliyev Azərbaycan
tarixini, onun mədəniyyətini və keçmişini
çox gözəl bilən bir ziyalı insandır. O, Beyləqana
icra hakimiyyətinin başçısı təyin edildikdən
sonra rayon nəinki sosial-iqtisadi inkişaf sahəsində
böyük uğurlar qazandı, eyni zamanda, qədim
yaşayış məskənlərinin yenidən bərpası,
mühafizəsi və qorunması istiqamətində çox
böyük işlər görülüb. Bu işləri
saymaqla qurtarmaq olmur. Əsas ideya müəllifi elə
İrşad müəllim özüdür.
Ən gözəl işlərdən
biri isə Beyləqan şəhərinin mərkəzində
açıq muzeyin yaradılmasıdır. Bu muzey həm də
qədim keçmişimizin qorunması və yaşaması
deməkdir. Əgər tarixin təkərini kimsə
fırladırsa, onu olduğu kimi qoruyub saxlayırsa və gələcək
nəslə ötürürsə elə bunun özü
çox böyük vətənpərvərlik, millətsevərlik
deməkdir.
Tariximizi həmişə olduğu
kimi, görmək istəyiriksə, gərək ən uzaq
keçmişimizi belə Beyləqandakı kimi qoruyub saxlayaq
və gələcək nəslə olduğu kimi təqdim eləyək.
Bax onda hər nəsil öz üzərinə düşən
işin öhdəsindən gəlmiş olar.
Faiq
QİSMƏTOĞLU
Ədalət.-2011.-26
0ktyabr.- S.6.