Qızıl payız Masallıda

 

  Ancaq onun da öz qayğıları var

 

   İnsan qəlbində qəribə duyğular yaradan payızın ilk ayı arxada qaldı. Havaların bir qədər də soyuması ağacların saralmış yarpaqları ilə həmahəngdir. Hər gün dağlar daha çox dumana bürünür, çayların səsi aydın eşidilir.

   Bakı-Astara şossesinin 232 kilometrliyində yerləşən Masallı rayonu təbiətinə və relyefinə görə ölkənin ən füsunkar məkanlarından biridir. Talış dağlarının ətəklərində yerləşən Masallı, həm də Xəzərin laylalarına qulaq asır. Ara kəndləri ilə bərabər dağların qoynunda məskunlaşan əhali də öz ruzilərini torpaqdan çıxarmağa çalışırlar. İnsafən, pis də yaşamırlar, elə rayona gələn müsafirlər ilk baxışdan bunu aydınca görə bilərlər. Bir-birindən gözəl, yaraşıqlı evlər, səliqəli bağçalar buna əyani sübutdur.

   2011-ci ildə Masallıda 11 min hektara yaxın ərazidə taxıl əkilmişdirsə, gələn il bu rəqəm daha 355 hektar artırılacaq. Gələcək məhsulun keyfiyyətli və məhsuldar olması üçün rayonda "Azərtoxum" fondu yaradılıb. Hazırda rayonun ən böyük əkin sahələrinə malik Təklə, Xırmandalı, Kalinovka, Yeddioymaq, Bambaşı ərazilərində səpin daha sürətlə aparır.

   Bu ilin onuncu ayının sonuna kimi artıq rayonda 11300 hektara yaxın şum vurulmuşdur. 8 min hektar ərazidə payızlıq əkin aparılmış, 7500 hektar sahədə isə taxıl əkini artıq yekunlaşmışdır.

   Beləliklə, yolumuz Yeddioymaq kəndinədir. Yeddioymaq ərazisi 3 kəndi - I və II Yeddioymaq, Qasımlı kəndlərini əhatə edir. Dediyimiz kimi masallılıların həyat şəraiti elə kəndin yollarından, bir-birindən yaraşıqlı evlərindən bilinir - Yeddioymaqda olduğu kimi. 5370 nəfər əhalisi olan bu kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Yeni asfalt salınmış yol da sakinlərin rahatlığına xidmət edir.

   Kənd sakinləri ilə söhbətdən belə məlum olur ki, indi payız işlərinin qızğın çağıdır. Artıq 300 hektar ərazidə buğda, 150 hektar ərazidə isə arpa əkini başa çatdırılmışdır. Yeddioymaqlılar mal-qaraları üçün 10 hektar yonca əkinini də unutmamışlar, 30 hektar ərazidə isə vələmir əkinini yekunlaşdırmışlar. Hava şəraitinin yaxşı keçməsindən istifadə edən kənd əməkçiləri 500 hektar şum vurmalarına baxmayaraq sürəti azaltmaq fikrində deyillər.

   Elmə, təhsilə xüsusi önəm verən yeddioymaqlılar burda fəaliyyət göstərən 3 tam orta məktəbin ikisini yeniləri ilə əvəz etmişlər. Kənd sakinlərinə müasir tipli 2 ATS, 1 bankomat xidmət göstərir. 

   Münbit torpaqlarda yaşayan bu kəndin ixtiyarında olan 900 hektar əkinə yararlı sahə bu gün payız qayğıları ilə yaşayır. Bu qayğılarla yaşayan və əlləri torpaqdan soyumayan Bambaşı ərazisi də Masallının abad kəndlərindəndir. Bambaşı kəndi də, daha dəqiq, bu ərazi vahidliyi də özündə 4 kəndi - Bambaşı, Böyük Xocavar, Binə XocavarKosakül kəndlərini birləşdirir. 6980 nəfər əhalisi olan Bambaşıda da yerli sakinlər kənd təsərrüfatı ilə məşğuldur. Mal-qara saxlamağı unutmayan bambaşılılar rayonun iqtisadi həyatında həmişə öz sözlərini demişlər. Bu kənddə fəaliyyət göstərən 2 Yol Tikinti İstehsalat Şirkətinin işi həmin andaca görülməkdədir, kəndarası yollar, səkilər burda daha geniş, daha rahatdır.

   Masallı rayon İcra Hakimiyyətinin Bambaşı kənd üzrə ərazi nümayəndəsi Hörmət Balakişiyev də öz el-obası haqqında ürəklə danışır:

   - Kəndlinin əsas dolanacağı əkin-tikin, mal-qaradır. Bu payız kəndlərimizdə 400 hektar sahədə şum aparılacaq. Artıq bu işlərin xeyli hissəsi görülüb . Fikrimiz var ki, 270 hektar ərazidə taxıl səpini aparaq. Bu işin xeyli hissəsi artıq başa çatmışdır. İndiyə kimi 180 hektar ərazidə buğda, 50 hektar sahədə isə arpa səpini artıq yekunlaşmışdır. Son 2 ildə bu ərazidə 1 müasir tipli məktəb binası, 1 feldşer-mama məntəqəsi 1 poçt binası tikilib sakinlərin ixtiyarına verilmişdir. Bu ilin oktyabr ayından Binə Xocavar kəndində elektron tipli yeni ATS kənd sakinlərinə xidmət edir. Burda İstehsalatın digər sahələri kifayət qədər inkişaf etdirilmişdir. Kəndlərimizdə 1 yanacaqdoldurma, 1 maye qazdoldurma məntəqəsi, 2 kərpic sexi sakinlərimizin maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Müxtəlif illərdə fəaliyyətə başlayan 6 mebel sexində onlarla kənd sakini çalışır.

   Ərazimizdəki Tikinti Şirkətlərinin kəndlərimizə böyük köməyini həmişə hiss etmişik. 3 kilometrdən artıq kəndarası yola çınqıl döşənmiş, 500 metr yola asfalt salınmışdır. 3 körpü təmir edilmiş, 3 kilometr suaparıcı kanal tullantılardan təmizlənmişdir. Bütün bunlar deyə bilmədiyim digər işlər ancaq 2011-ci ildə həyata keçirilmişdir. Elə başa düşdüm ki, Bambaşı haqqında müəyyən təəssürat yarada bildim.

   Əlbəttə, regionlarımız haqqında bunları eşitmək görmək çox sevindirici haldır. Ancaq Masallı haqqında danışanda burda

   Turizmin inkişafı nı unutmaq günah olardı. Çünki bu rayonda 31 turizm müəssisəsi fəaliyyət göstərir ki, artıq bunlardan 26 obyektin lisenziyası vardır. Çox gözəl rahat istirahət guşələri olan Masallıda eyni vaxtda 1100-dən çox müsafir dincələ bilər. Onlardan bir çoxu rayonun ən böyük kədlərindən olan Qəriblər kəndinin ərazisində yerləşir. Kifayət qədər iqtisadi potensialı olan bu kənd insanların mənəvi dünyasında da önəmli yer tutur. 14 oktyabr 2011-ci ildə Masallı şəhərinin mərkəzindəki "Bayraq Meydanı"nda Müstəqilliyimizin 20 İlliyi "Turizm ili" çərçivəsində turizm sərgisində Qəriblər kəndi öz sözünü demişdir.   

   2011-ci ilin 9 ayı ərzində Masallıya turistlərin axını məhz nümunəvi xidmətə görə xeyli çoxalmışdır. 14300 nəfərə çatan bu qonaqların 500 nəfəri müxtəlif xarici ölkələrdən gələnlər olmuşdur. Bu müsafirlər cənub bölgəsinin əsrarəngiz təbiəti, qonaqpərvərliyi ilə bərabər onların zəngin mətbəx mədəniyyəti ilə tanış olmuşlar.

   Qızıl payızın xəzan vaxtıdır, istirahət mərkəzlərində sakitlik olsa da, Masallı təsərrüfatlarında qızğın iş gedir. Çünki sabahın ruzisi bu gün torpağa əkilir.

 

 

   Səxavət Məmmədli,

   Azərbaycan Respublikasının

  Prezidenti yanında kütləvi informasiya

  vasitələrinin inkişafına dövlət dəstəyi

  fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2011.-26 oktyabr.- S.7.