"Nazim
Hikmət mənə iki butulka araq içirtdi"
Vaqif Səmədoğlu: Səməd
Vurğunu bircə dəfə ayaqüstə dura bilməyən,
sərxoş görmüşdüm
- Millət vəkili seçildiyiniz
Qazax rayonuna axırıncı dəfə yolunuz nə zaman
düşüb?
- İl yarım olar ki, Qazaxa getmirəm. Müsavat
Partiyası məni üzvlüyündən
çıxardı, amma hökumət hələ də məni
o partiyanın üzvü hesab edir. Onlar həmişə
elə bilirlər ki, nəsə başqa səpkidə
danışa bilərəm.
- Qazax Sizə doğma gəlir?
- Əlbəttə,
doğma gəlir.
-
Deyirlər, Qazax əhli yeyib-içəndir. Səməd
Vurğun içən idi?
- Mən bircə dəfə onu
ayaqüstə dura bilməyən, sərxoş
görmüşdüm. Onda da onu evə filosof
Heydər Hüseynov gətirdi. Dostları
deyirdi ki, nə qədər içirdisə, Səməd sərxoş
olmurdu. 50 yaşı olmasına, arıqlığına
baxmayaraq, canlı adam idi. Səhər
6-dan axşam saat 6-ya kimi kəklik ovunda olurdu. Ovda da dərə-təpə çox olurdu. Evdən çıxırdı, bir də 12 saatdan
sonra qayıdırdı. Bir gün Jdanovun
çıxışı var idi. Fadeyev də
tədbirin aparıcısı olub. Zoşşenko,
Anna Axmatova da orda olub. Səməd
Vurğun da içib, həmin tədbirə gedib. Deyib
ki, Saşa, məni də o siyahıya əlavə et. Əsl ədəbiyyat
Zoşşenko və Axmatova olan yerdədir. Fadeyevə "Saşa" deyə müraciət
edirdi. Fadeyev də yaxınlaşıb Səməd
Vurğuna "Sənə yüz dəfə demişəm,
belə tədbirlərə içib gəlmə" deyib.
O, bilirdi ki, bu söz Kremlə çatacaq. Beləliklə,
o, atamı böyük bir bəladan qurtarar.
"Fadeyev atamı ölümdən
xilas etdi"
-
Fadeyevlə dost idilər?
- Çox yaxşı dost idilər.
Çox qəribədir ki, Səməd
Vurğunun Azərbaycan yazıçıları içərisində
dostları olmayıb. SSRİ-də Fadeyev, Konstantin
Simonovla, Şoloxovla çox yaxşı dostluqları olub. Onları insan kimi yaşamağa qoymadılar. Həmişə qorxu, təhlükə içində
oldular. İnsan bütün
ömrünü səksəkədə yaşayar? Fadeyev yüz adamın ölümünə imza
atıb, amma 200 min adamı ölümdən qurtarıb.
Bir şeyi unutmayın, Səməd Vurğun, hətta Əli
Vəliyev, Süleyman Rəhimov nəsli heç kim olublar. Onların hər
şeyini, evlərini dolanışığını sovet
hökuməti verib. Onlarda minnətdarlıq
hissi var idi. Mənim onlardan fərqli olaraq,
qorxum olmayıb. Dünyada nə baş
verdiyini biz bilirik. Onlar nə bilirdilər
ki? Avropa ədəbiyyatından, mədəniyyətindən
xəbərləri belə yox idi.
- Dediniz ki, Səməd Vurğun
Şoloxovla da dost idi...
- Onlar çox yaxşı dost idilər.
Anamın rus yazıçılarının
ikisindən zəhləsi gedirdi, onlardan biri Şoloxov idi.
Həmişə deyirdi ki, Moskvada Səməd
Şoloxovla görüşəndə mən yaddan
çıxıram.
- Deyirlər, Siz də məclis
adamısınız və bu məsələdə atanıza
çəkmisiniz...
- Bəli, amma mən bir dəfə
də içib, yerə yıxılmamışam. Amma bir dəfə içib Gülüstan
Sarayının pilləkənlərini Əbülfəz
Elçibəylə qalxanda bərk səslə Marqaret
Tetçerin anasını söymüşəm.
- Gülüstan Sarayında rəsmi tədbirdə
içmişdiz?
- Hazır getmişdim.
(Gülür) Yazıçılar Birliyində
bir neçə yazıçı ilə birgə
içirdik. Çingiz Abdullayev gəldi
ki, Siz nə edirsiz, bizi tədbirdə gözləyirlər.
"Pasternakla və Homerlə dostluq edirəm"
-
Yazıçılar içərisində hazırda dostluq
etdikləriniz kimlərdi?
- Pasternak, Homer və
başqaları...
- Onlar məcazi
dostlarınızdır.
- Onlar mənim həqiqi
dostlarımdır.
-
Yazıçıları çox oxuyursunuz, yoxsa şairləri?
- Mənə yazıçılar
daha çox implus verir, nəinki şairlər.
-
Tez-tez oxuduğunuz yazıçı kimdir?
- Çexov.
- Tolstoy Çexov haqqında deyirdi ki, pyesləri
zibildır, hekayələri əla. Razısınız?
- Tolstoy səhv deyir, amma
Çexovun da ədəbiyyatda "xaltura"ları var.
- Azərbaycan ədəbiyyatında
ən çox sevdiyiniz şair kimdir?
- Abbas Tufarqanlı.
"Nazim adama oxşamaz qadınlarla
yaşayırdı"
- Nazim Hikməti canlı görmüsünüz?
- Onun Moskvadakı
evində olmuşam. O çox istəyirdi Bakıda evi
olsun. Hər dəfə Bakıya gələndə Mehdi
Hüseynə deyirdi ki, ona ev versin. Deyirdi nə vaxta qədər Bakıya gələndə
oteldə qalacaq. Mehdi Hüseyn etiraf etmirdi,
amma Moskva ona evin verilməsinə icazə vermirdi.
- Nazim Hikməti necə xatırlayırsınız?
- Həyatımda üç cazibəli
insan görmüşəm. Onlardan biri də
Nazim Hikmətdir. Mavi gözlü bir div
idi. Zahirən çox gözəl idi.
Qızların ona baxmağı, qadınların
onu gözlə yeməyi hələ də gözümün
qarşısındadır. Çox "fanfaron" adam idi, zövqlə geyinərdi. Onunla küçədə gedirdik, Alen Delon onun
yanında heç nə idi. Qızlar
yanından keçəndə ayaq saxlayıb, Nazim Hikmətə
baxırdılar. Amma harda adamaoxşamaz var
idi, onu tapıb, yaşayardı. Qalya
adından bir həkimi və Vera Tulyakova hər ikisi də
adama oxşamırdılar. Sizə onunla
bağlı bir hadisə danışım. Bir dəfə könlünə Baxın əsəri
düşmüşdü. Fortopianoda bu əsəri
çaldım. Mənə dedi ki, kimi çox seviyorsun,
Üzeyir Hacıbəyovu, yoxsa Qara Qarayevi? Mən dedim ki,
ikisini də. Nazim baba isə dedi ki, kəndini və
torpağını sev. Bu sözündən
düzü heç nə anlamadım.
Mən Moskvada
oxuyurdum. Türk bəstəkarı Sami
Saygunun Moskvada konserti vardı. Dirijor da
Niyazi idi. Mən də konsertə gəlmişdim.
Nazim Hikmət də Əkbər Babayevlə
yanaşı konserti dinləyirdi. Türkiyənin
SSRİ-də səfiri də ordaydı. Konsert
qurtarandan sonra mən də Nazim Hikmətlə bir yerdə səhnə
arxasına getdim. Nazim Niyazini öpüb,
qucaqladı, təbrik etdi. Sami Saygun Nazim
Hikmətlə Dənizçilik məktəbində bir yerdə
oxumuşdu. Amma o dövrdə Nazim Hikmət
"vətən xaini" elan olunmuşdu. Saygün Nazim Hikmətlə görüşməyə
ürək eləmirdi. Axırda səfir dedi ki, Sami bəy,
niyə dostunuzla
görüşmürsünüz. O da gəlib Nazimi
qucaqladı. İkisi də ağladı. Səfirin xanımı və digər qadınlar da
hönkürdü.
Konsertdən sonra məni
də apardı restorana. Özü isə
qurtum-qurtum içirdi. Məni içirdə-içirdə
deyirdi: "İç, iç dedim
sana". İki butulka içdim. Məni içirtməklə, elə bil
özünü sakitləşdirirdi.
- İçə bilmirdi, yoxsa içmirdi?
- İkinci dəfə
infarkt keçirmişdi, ona içmək olmazdı.
- Şeir yazdığınızı bilirdi?
- Yox, bilmirdi.
-
Nazim Hikmətlə Səməd Vurğunun söhbətlərinin
şahidi olmusunuz? Əsasən nədən
danışardılar?
- Nazim Hikmətlə Səməd
Vurğunu heç vaxt bir yerdə görməmişəm. 1956-cı ildə Səməd Vurğun vəfat etdi,
ilk dəfə isə Nazim babanı mən 1957-ci ildə
gördüm. Atamın vaxtında gəlsəydi,
görərdim. Atamın vəfatından
sonra bizim ailəyə baş çəkməyə, bir dəfə
də Yusifin toyuna gəlib. Elə orda Yusifi
Səmədoğlu etdi.
- Bəs
Sizin soyadınızı kim dəyişdi?
- Yusif.
- Türkiyədə "Nazim Hikmətin
Bakı izləri" adlı kitab çıxıb. Orda Səməd Vurğuna yazdığı şeiri
də yer alıb.
- Oxumuşam, çox yaxşı
şeirdir.
- Həmin kitabda Mikayıl Rəfiliyə
yazdığı şeirləri də yer alıb. Deyilənə görə, Səməd Vurğunla
Mikayıl Rəfilinin münasibətləri çox gərgin
olub.
- Əksinə,
çox mehriban olublar. Səməd
Vurğun təkid etdi ki, evi Rəfiliyə versinlər. O
vaxt kosmopolitizm adı altında kampaniya
başlanmışdı. Rəfilini də
kosmopolit kimi tanıyırdılar. Kosmopolitizmə,
o cümlədən Rəfiliyə qarşı
çıxışlar oldu. Çox təəssüf
ki, belə çıxışlardan birini də Səməd
Vurğun edib.
-
Atanız dostuna qarşı çıxıb?
- Zaman atamın dostuna qarşı
çıxıb.
"Üzeyir bəy məni əlini öpməyə
qoymadı"
- Bəs
sovet vaxtı Sizi nədə ittiham edirdilər?
- Çox şeydə.
-
Abstraktizmdə ittiham olunurdunuz?
- Edirdilər. Mücərrəd
humanizmdə, formalizmdə çox ittiham olunmuşam. Hamısı boş şeydir. Sən
yazansansa, otur yazdığını yaz.
- Sovet vaxtı Azərbaycan dilində
olan tərcümələri oxuyurdunuz? Məsələn,
Dostoyevskini, Tolstoyu?..
- Uşaqlıqda mütaliə
etmişəm. Mikayıl Rzaquluzadənin tərcüməsində
"Robinzon Kruzo"nu oxumuşam.
- Yevgeni Onegeni oxumusunuz?
- Səməd
Vurğunun tərcüməsində, bəli, oxumuşam.
- Deyirlər, yaxşı tərcümə
edib.
- Çox güclü tərcümə
edib. Amma poeziya tərcümə olunmur. Puşkin kimi şairi ruslar tanıda bilmirlər.
Bizim Füzulimiz var. Kimdir onu tərcümə
edən? Kim onu tərcümə edə bilər
ki? Poeziyanı tərcümə etmək
mümkün deyil. Üzeyir Hacıbəyov
bir vaxt musiqini tərcümə edirdi. Onun
xalq çalğı alətlərində bir marşı var.
Motsartın kantatasını götürüb bizim lada
keçirmişdi və bir neçə bu cür şeylər
edib. Bu adam nə qədər iş
görüb.
- Üzeyir Hacıbəyov necə yadınıza gəlir?
- Onu mən bir-iki dəfə musiqi
məktəbində görmüşəm. Axırıncı
dəfə 1948-ci il avqust ayında idi. Atam
bizi onunla tanış etdi və dedi ki,
Üzeyir bəyin əlindən öpün. Yaxınlaşdıq,
birinci Yusif, sonra Aybəniz əlindən öpdü.
Çox rahat şəkildə əlindən öpməyə
icazə verdi. Sonra mən əlindən
öpmək istəyəndə məni qucaqladı. O
vaxt çox balaca idim.
- Murad Köhnəqala sizin "Allah məni yarı
öldür, yarı saxla ağlamağa" şeirinizə
cavab yazıb. Yazıb ki, "belə olmaz, orda bron, burda
bron". Sizin şeirlərinizə qarşı tənqidi
münasibəti necə qarşılayırsınız?
- Normal qarşılayıram. Mən
də çoxları haqqında çox yazmışam ki...
- Məsələn,
nə yazırdınız?
- Məmməd Rahim, Zeynal Xəlilə
yazmışam. Məmməd Rahimin elə
şeiri yox idi ki, "ey şux" sözünü işlətməsin.
Mən də ona aid bir şeir yazdım.
Top girir doqquzluğa,
Stadion at dedi,
Rahimin könlü isə
Ey şux, buna bax dedi.
Zeynal Xəlil qafiyə xətrinə
şeirdə gah həmin, gah həmən, gah da haman
işlədirdi. Mən ona cavab
yazmışdım.
Gözüm düşdü yaman
qıza,
həmin, həmən,
haman qıza.
Belə şeylər
çox yazırdım. Ən
yaxşısını isə Fikrət Qocaya yazmışam.
O şeirə görə mənə 7 şüşə
şampan aldı ki, bir də onu oxumayım.
- Fikrət Qocanın yaxşı şeirləri var?
- Əlbəttə.
- Bir şeirində deyir:
Nə vaxt arvad istədim,
gördüm
namaz üstədi.
- Siz fikirləşdiyiniz deyil, yəqin
acıbmış, yemək istəyirmiş. Arvad
da namazda imiş. (gülür)
- Türk şairi
Küçük İsgəndərin yaxşı bir şeiri
var. Deyir ki, "demokrasi senin saçlarından güzəl olamaz".
- Vaqif Səmədoğlu da deyir
ki,
Yalnız gözlərdə
söz azaddır, ey eşq.
Rəngsiz min aləm
içində bir əlvan dəli gözəl.
Hüriyyətin gələcəyi
eşqin əvvəli gözəl.
Ədalət.-2011.-27 oktyabr.-S.7.