GÖZƏLLƏŞƏN ŞAMAXIM

 

  Qəzet işçisi deyiləm. Ömrünü-gününü məktəbə, şagirdlərə həsr edən bir müəlliməm. Şamaxıda gedən bugünkü abadlığı görəndə hazırki yaş dövrümü unudub öz gəncliyimə qayıdıram. Və son zamanlar görülən işlər məni də yazmağa sövq edir. Məqsədim tamamilə yeni görülmüş işlərdən, bu işlər qarşımıza çıxan çətinliklərindən danışmaq, fədakar insanların əməyindən, gözəllikləri yaratmasından söz açmaqdır.

   Hamının diqqətindədir ki, cənab Prezidentimiz İlham Əliyev bu yaxınlarda Şamaxıda oldu. Görülmüş işlərlə tanış oldu. Və Şamaxıdakı tikinti və bərpa işlərindən razı qaldığını bəyan etdi. Biz şamaxılılar da prezidentimizin hər dəfəki gəlişinə böyük töhfələr verəcəyimizə söz verdik.

   Bütün ölkə də indiyədək gördüyümüz işlərin şahidi oldu. Əslində görülənləri sadalamaqla qurtaran deyil. Yalnız bir neçəsi haqqında məlumat vermək yerinə düşər. Avtovağzal sahəsindən başlanan magistral yol göz oxşayan dərəcədə abadlaşdırılmışdır.

   "Zaprafka" deyilən sahədə "Koroğlu" meydanı salınmışdır. Oradan başlanan hissədə həm Abbasəli Əzizov küçəsi, həm də Sovet İttifaqı qəhrəmanı Bəhyəddin Mirzəyev küçəsi boyunca insanı valeh edən gözəlliklər yaradılmışdır. Yeri gəlmişkən, İsmayıllı rayonu Sulut kənd sakinləri adından bü küçənin abadlaşdırılmasında təklifləri və əməyi olan insanlara özüm də daxil olmaqla minnətdarlığımı bildirirəm.

   Diqqətinizə çatdırıram ki, B.Mirzəyev Sulut kəndində anadan olmuş, 1936-cı ildə bu kənddən ordu sıralarına çağrılmışdır.

   Böyük qala divarları üzərində (bu kompleks 100-m-lə məsafəni əhatə edir) Koroğlunun at belində əzəmətli heykəli qoyulmuşdur. Həmin ərazidən keçən yüksək gərginlikli eliktrik xətləri şəhərin aşağı hissəsinədək təzələnib.

   On illər boyunca o, xətt şəhərə nə qədər bəlalar vermişdi, onu çoxları bilir. Hətta yüzlərlə evlərin söküləcəyi təhlükəsi vardı. Lakin qısa vaxt zamanında həmin yüksək gərginlik şəhərin o hissəsindən çıxarıldı. Şəhər sakinləri bəladan qurtardı.

   Koroğlu meydanından başlanan Sovet İttifaqı qəhrəmanı Bəhyəddin Mirzəyev küçəsi boyunca dünya ədəbiyyatının nadir incilərini yaradan Ə.Xəqaninin, İ.Nəsiminin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin açıq kitab şəklində böyük portretləri və sözləri yazılmış böyük lövhələr vurulmuşdur.

   Gəlin vicdanla düşünək, bu görülən işlər, bu yaradılan gözəlliklər göydən dua ilə yerə göndərilmir, nə də durna qatarı deyil ki, topa ilə gəlib buralarda yuva salsın. Hər bir daş, hər bir gül-çiçək fədakar insanların, təşkilatçıların zəhməti ilə gözəlliyə çevrilir.

   Küçələrin təmizliyini, gül-çiçəklərin gözəlliklərini saxlayan Şamaxının fədakar insanlarına ürəkdolusu sağ ol demək lazımdı. Bu işdə əlbəttə rayonumuzun rəhbər orqanları, icra başçısının rəhbərliyi altında bütün idarə və təşkilatlar həvəslə işləyirlər.

   Hər kəsin gözləri qarşısında bəzən gecə saat 10-11-ə kimi şəhərdəki abadlıq və bərpa işləri davam etdirilir. Şamaxı dağlıq ərazidə yerləşdiyi üçün relyefin sərtliyi belə görülən işlərə əngəl törədə bilmir. Çünki çalışanların hər biri doğma şəhərə gözəllik verdiklərinin fərqindədirlər. Əslində bu cür işlər hər tərəf üçün bir örnək olmalıdır. 

   Gəlin zibillikləri gülüstana, dərə-təpəni bağ-bağata, uçuq-sökük komaları göz oxşayan binalara, muzeylərə, məscidlərə, məktəblərə çevirənlərə dəstək olaq.

   İndi Azərbaycanda ağıllı gənclik hakimiyyəti idarə edir. Respublikamızın hər bir guşəsi sökülüb, yenidən tikilir. Biz yaşlı nəsil buna ürəkdən sevinirik. Ulu babalarımızın qoyub getdiyi Şamaxı şəhəri mədəniyyətimizin çox dərinə düşmüş ləpirləridir. Bu ləpirlər tarixlər durduqca Şamaxıya yoldaşlıq edəcək. Bir də yanan şamı söndürmək olmaz. Şamaxı da belə bir deyim var: "Bu torpaqda düzü sulamaq lazım deyil, əyri də özü-özünə quruyacaq".

 

 

  Əvəz Süleyman,

  Şamaxı şəhəri

  Azərbaycan Respublikasının

  Prezidenti yanında kütləvi informasiya

  vasitələrinin inkişafına dövlət dəstəyi

  fondunun maliyyə yardımı ilə

 

  Ədalət.-2011.-27 oktyabr.-S.7.