Azərbaycanlı gənc xanəndə beynəlxalq mükafat aldı

 

Kiyevdə MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən "Debütlərin Birliyi" beynəlxalq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

 Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycandan bu mükafata musiqi irsimizi dünyada təbliğinə görə gənc xanəndə Qoçaq Əsgərov layiq görülüb. Oktyabrın 19-dan 22-nə kimi Kiyevdə səfərdə olan musiqiçi qurumun keçirdiyi mükafatlandırma mərasimində iştirak edib və Ukraynanın mədəniyyət nazirinin təqdimatında ona diplom, fəxri fərman, medal və suvenir verilib.

Qeyd edək ki, fondun bu mükafatına 9 ölkədən müxtəlif peşə sahibləri layiq görülüblər. Mükafatlandırma mərasimini Rusiyanın 20 televiziya kanalı işıqlandırıb. Qoçaq Əsgərov qeyd edir ki, televiziya jurnalistləri arasında əslən erməni vətəndaşı ondan müsahibə alarkən xanəndə Qarabağ və onun musiqisi, Üzeyir Hacıbəyli, Bülbül haqqında danışıb. Sonda isə ən böyük arzusunu dilə gətirərək "Grammy" mükafatını qazanmaq istəyini bildirib.

Xanəndənin məlumatına görə, tədbirdə dünyaca bir çox tanınmış simalar iştirak ediblər. Azərbaycandan isə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu başda olmaqla Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BDU-nun rektoru Abel Məhərrəmov, kinodramaturq Rüstəm İbrahimbəyov və başqaları olublar.

Tədbirdən sonra Qoçaq Əsgərovun külliyatı MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun arxivinə verilib. Xanəndə bildirdi ki, sözügedən fond mükafatlandırılan şəxslər haqqında film çəkməyi planlaşdırır.

 

 

Ədalət.-2011.-26 oktyabr.-S.8.