Cavanşir
Quliyev: "Ramizlə bir yerdə kövrəlib
ağlamışıq..."
Ən
uzun dost haqda ortaboyun dedikləri
Ay adaş, yavaş-yavaş
Gəlib çatdıq əlliyə.
Nə tərifə möhtacıq,
Nə də ki təsəlliyə.
Ötən günə gün
çatmaz,
Görək sabahda nə var?
Sənin boyun uzundur,
Bax gör qabaqda nə var?
Bu misraları Ramiz Rövşən
dostu, rejissor Ramiz Həsənoğlunun 50 illik yubileyinə həsr
edib. Dostlardan digəri bəstəkar Cavanşir Quliyev şeirə
musiqi bəstələyib və onu yubilyar üçün
birlikdə ifa ediblər.
"Yaxın adam"da bu dəfə
Ramiz Həsənoğludur. Onun haqqında isə dostu, bəstəkar
Cavanşir Quliyevdən eşidəcəyik.
Situasiyanı oxuyandı
Ramiz Mirzəyevi 80-ci illərin əvvəlindən
tanıyıram. Bu illərdə onu çox "rollarda",
çox məziyyətlərdə gördüm. Bu başdan
deyim ki, o, Azərbaycanın ən yaxşı televiziya
teatrı rejissorudur. Onun proyektləri üz ağardan işlərdir.
Azərbaycan televiziyası qəlbində Ramizə heykəl
ucaltmalıdır ki, üzə çıxartmalı onun
işləridir. Televiziyada birinci şərait
yaradılmalı insan Ramiz Mirzəyev və onun
başçılıq etdiyi "Sabah"
yaradıcılıq studiyasıdır. Öz sahəsinin
ustasıdır Ramiz. Televiziya tamaşaları onun ən
böyük nailiyyətləridir. Ramizin bədii filmləri də
dəyərli filmlərdir. Gənclərin tərbiyəsi, vətənpərvərlik
ruhunda böyüməsi, gələcəkdə ləyaqətli
vətəndaşlar olması yolunda maarifləndirici layihələrdir.
Çox incə qəlbli
adamdır. Münasibətlərdə bütün incəliklərə
diqqət yetirən, hiss edəndir. Özü nə qədər
yumşaq olsa da ətrafda baş verənləri
bütünlüklə anlayır və analiz edir. Mən
çılğınam, tez partlayıram. Bir çox belə
hallarda Ramiz məni saxlayıb, sonradan anlamışam ki,
düz eləyib. Həmin anda mənim
çılğınlığım mənə yalnız
ziyan gətirərdi. Bu mənada ətrafı görən,
ayıq və situasiyanı oxuyandır. Bu keyfiyyətlər
onun peşəsindən gəlir. Bu keyfiyyətlər olmayan
rejissorların sənət ömrü uzun olmur. Ramiz bəzən
öz maraqlarını qurban verir, reallıqla hərəkət
edir, işinin, sənətinin naminə keçir. Hesab edirəm
ki, düz eləyir. İşi üçün hansı vəziyyət
xeyirlidirsə, onu edir və işini görür.
Mənə
dözür, mən dözüləsi adam deyiləm
Həyatı da çox sadədir.
Gurultulu, kimlərəsə mane olmayan həyatı var. Sevdiklərinə
çox bağlıdır. Yoldaşını il yarım
bundan əvvəl itirdi. Uzun müddət xəstə yatdı
xanımı. O illər ərzində Ramiz onun
rahatlığı, müalicəsi üçün lazım
olduğundan artıq cəfakeşlik etdi. Onun itkisini də
çox ağır yaşadı, indiyə qədər
barışa bilmir.
Ramizin insani keyfiyyətləri
olmasaydı, bizim münasibətlərimiz bu qədər uzun
çəkməzdi. Olub ki, kontrolumu itirmişəm, Ramiz mənim
nazımla oynayır. Mənə dözür. Bundan istifadə
etmirəm, amma arxayınlaşıb, boş buraxıram. Bilirəm
ki, keçəcək, içimdə çox zaman ona təşəkkür
edirəm. Bilirəm ki, mənə dözür, mən
dözüləsi adam deyiləm.
Ramizə qardaşından sonra ən
yaxın adam mənəm, o, mənim üçün qardaşımdan
da yaxındır.
Onun işinə mane olan adamlarla barışa bilmir, amma konfliktə
də girmir. Bəzən mən
onun yerinə atlanıb düşürəm
ortaya, olay yaratmağa hazır oluram, yenə məni saxlayır. Deyir dəymə, daha da işləri batırarsan. Ömür
gedir bu adam tamaşalar
hazırlamaq istəyir,
altı ildir boş gedir. O qədər ideyaları, proyektləri var. Dirəşirəm
ki, niyə dözürsən, dillən.
Deyir, görünür belə lazımdır.
Bir yerdə ağlamışıq
Ramiz çox kövrək
adamdır. Onu anasının,
xanımının ölümü
zamanı ağlayan görmüşəm. Pişik balasının
yaralanan ayağına
baxan zaman gözlərinin dolduğunu
görmüşəm. Təsirli filmə baxanda, həzin musiqi dinləyəndə ağlaya
bilər. Olub ki, bir yerdə hansısa musiqidən kövrəlib ağlamışıq.
Hardasa haqqın-ədalətin yerini tutduğunu görəndə çox
sevinir, uşaq kimi. Ağlına yaxşı bir
ideya gələndə
uçmağa qanadı
olmur. Çox yaxşı atadır,
üç qızı
var, ikisi əkizdir. Hamısı ailə qurub,
yerbəyer olublar, bir-neçə nəvəsi
var. Bununla belə Ramizin əli, gözü onların üstündədir.
Nəinki dostlarına, nə
vaxtsa ötəri ünsiyyətdə olduğu
adamlara da sadiqdir. Bir türk dostumuz
var, rejissordur, Ömər Çalışman.
Çox istiqanlı adamdır, bir az bizə
oxşayır. Ramiz onunla
"Fatehlərin divanı"nda
işləyib. TQRT-də telerejissordur. Tamaşanın kostyumlarını Türkiyədən gətirmişdi.
Ondan sonra elə bir işləri olmayıb, amma Ramiz bütün bu illər ərzində
onunla əlaqəni kəsmir. Ömər işdən çıxıb,
işləri yaxşı
getmir. Ramiz onun fikrini çəkir,
deyir bir iş olsaydı Öməri də cəlb edərdik, işsiz qalıb. Onun da qayğısını çəkir.
İnqilabçı yox, təkamülçüdür
İşlədiyi yerdə rəhbərlərlə
münasibətini əvvəldən
yaxşı qurub.
Nə mənada? Amacı yalnız işini
görməkdir. Heç bir
rəhbərlə xüsusi
bir isti münasibəti olmayıb.
Hər bir rəhbərlə münasibəti belə qurur ki, siz
rəhbərsiniz, mən
bu idarənin işçisiyəm, mənim
işimi görməyə
imkan verin və lütfən, başqa amacınız olmasın. Ona görə də
rəhbər dəyişikliyindən
stressə düşmür,
çünki cinayəti
bağlantıları olmur
rəhbərlə. Sırf yaradıcılıqla,
işlə məşğuldur.
Rəhbərliyə gələn
hər kəs onun televiziyada heç olmasa bir tamaşasına baxıb, bilir ki, bu adam televiziyaya lazımlıdır.
Onun da siyasi baxışları var və dostları bunu bilir, normal dünyagörüşüdür. Həm müxalifətin, həm də hakimiyyətin sevdiyi adamdır. Ramiz xasiyyət etibarı ilə inqilabçı deyil, təkamülçüdür.
Ölkədəki siyasətə nöqteyi-nəzərimiz
üst-üstə düşmür,
amma heç birimiz o birisinin fikrini dəyişməyə
cəhd də etmirik. Bu barədə
mübahisə də etmirik. Riski sevməz, təmkinli,
uzun yolla gedən adamdır.
Ramizin potensialı içində
qalıb. Onun bu potensialı və layihələrini həyata
keçirmək üçün
mən gərək televiziya rəhbəri olam. Ramiz kimi insanların
varlığı özü
üçün deyil,
camaat üçün
xeyirlidir. Bu adam işlədiyi yerdə qonorarsız, məvacib hesabına işləyir. İndi kim bunu
edir?
Ramizlə bulvarda gəzməyi
xoşlayırıq. Bu
həm sağlamlığımıza
xeyirdir, həm də çox işlərimizin müzakirəsini
edir, planını qururuq. Boş əyləncələri heç birimiz sevmirik, ona görə
dəniz kənarı
sevimli məkanımızdır.
Bir dəfə Ramizlə
yenə dəniz kənarında gəzişirik,
"Ac həriflər" tamaşasının
ekranlara təzə çıxan vaxtı idi. Tamaşada da Ramizin bir rolu var
axı, bütün rejissorlara rol verdiyi kimi, o tamaşada özü də kiçik bir roldadır. Özü də orda nədənsə
həyatda olduğundan
da uzunboy görünür. Hə...
növbəti hansısa işi müzakirə edirik, orta yaşlı bir xanım yaxınlaşdı bizə,
dedi ki, o gün tamaşada sizi görmüşəm,
yaşınız da xeyli var, amma
indiyə qədər
sizi tanımamışam,
yaxşı aktyorsunuz,
niyə sizə başqa rollar vermirlər? Ramiz sualı həzm etməmiş mən cavab verdim ki,
bir rejissor var, Ramiz Həsənoğlu,
bu aktyorla heç düz sarımır, onun qorxusundan buna heç kim
rol vermir. Qadın qayıtdı ki, boy, pis adamın boynu sınsın, eybi yoxdur, fikir
eləmə, Allah onun
cəzasını verər.
Qadın gedəndən
sonra bir-birimizə baxdıq və hər ikimiz situasiyanın aniliyindən
və komikliyindən möhkəm güldük...
Ədalət.-2011.-28 oktyabr.-S.6.