GƏLİN,
ŞEİRDƏN DANIŞAQ
ƏDƏBİ
HƏYAT
Əlbəttə, demək olmaz ki, poeziyanın
bu axtarışları səmərəsizdir. Biz
ayrı-ayrı şeirlərdə
çağımızın narahatlığını, bu
narahatlığının şair qəlbində əks-sədasını
özündə əks etdirən şeirlərlə
qarşılaşırıq ki, bu şeirlər doğrudan
da, YOL AXTARAN, onu aramağa, bulmağa çalışan
poeziya qəhrəmanının duyğularını,
düşüncələrini əks etdirir.
1.Hər şeydən əvvəl
bu insanın-müasir poeziyanın qəhrəmanının vətənpərlik
missiyası haqqında. İstər sovet dövründə,
istərsə də müstəqillik dönəmində, fərqi
yoxdur, belə bir idealdan məhrum olan şairi təsəvvürə
gətirmək qeyri-mümkündür. Sovet dövrü
poeziyasında qəhrəmanın sosial məkanı məlum
idi: əvvəl böyük Vətən-SSRİ, sonra öz Vətənin-Azərbaycan.
İctimai duyğuların zirvəsi olan vətənpərvərlik
də məhz həmin meyarla ölçülürdü, əvvəl
SSRİ, sonra Azərbaycan, sonra doğulduğun şəhər,
kənd, oba məhəbbəti. Amma çox zaman bu "vətənpərvərlik
sırasına" əməl olunmurdu, Azərbaycan sevgisi
birinci sıraya keçirdi. Poeziyamızda bu tendensiyanın əsası
Səməd Vurğunun "Azərbaycan" şeiri ilə
başlandı. Sonralar təkcə tərənnüm deyil,
keçmişin, əsrlərin ağrı-acıları,
şanlı tariximizin qəhrəmanlıq səhifələri
də poeziyamızın qəhrəmanının vətənpərvərlik
duyğularının ifadəsinə çevrildi. Bu mənada
S.Vurğun ön sırada olmaqla R.Rzanın, B.Vahabzadənin,
S.Rüstəmin, N.Xəzrinin, Qabilin, H.Arifin, Xəlil
Rzanın, Cabir Novruzun, N.Həsənzadənin, M.Arazın,
Q.Qasımzadənin, M.İsmayılın, S.Rüstəmxanlının,
M.Yaqubun, Z.Yaqubun, R.Behrudinin, o taydan isə Şəhriyarın
vətənnamələri poeziyamızın əbədi
örnəklərinə çevrildi. Eyni tendensiyanın biz
müstəqillik dövrünün poeziyasında da davam
etdiyini görürük. Əlbəttə, söhbət Vətən
sevgisinin primitiv, şeiriyyətə qətiyyən dəxli
olmayan yüzlərlə nümunəsindən yox, əsl
şeirlərdən gedir.
Deyə bilərik ki, indi poeziyada vətənpərvərlik
mövzusunun yeni çalarları yaranmışdır. Daha Vətənin
tərənnümünə, vəsfinə o qədər də
ehtiyac duyulmur. İndi də "Azərbaycan deyiləndə
ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər"
(Məmməd Araz), "Burda hər budağın şeyda
bülbülü, Burda hər bülbülün qönçə
bir gülü, Burda hər qönçənin yaşıl
bir tülü, Hər tülün xırdaca
saçağı vardır" (Musa Yaqub), Hadinin şeir
bazarıdı, Füzulinin məzarıdı, Taleyin ələnən
ələyidi, Durna lələyidi. Araz hörüyündən
kəməndə düşmüş Sevildi. "Ənəlhəq"
harayıdı. Ələsgərin sazıdı. Qədim əlyazmasıdı.
Dahilər boylanır sətirlərindən VətəngVətən!
(Sabir Rüstəmxanlı) kimi şedevr şeirlər
yazıla bilər. Ancaq zaman başqa həqiqətlər tələb
edir. Tərənnüm və vəsf yox, Vətənlə, məmləkətimizlə,
günümüzlə bağlı açıq söhbətə
daha çox ehtiyac duyulur. Fikrət Qocanın
"Azadlıq" poemasında olduğu kimi:
Deyirəm bu çadırdı,
bu da qaçqındı,
bu da qaçqın balasıdı
ayağı da yalındı.
Gözü görə-görə
deyir:
yalandı!
Nə biləsən bura gəlincə
harda yalmandı.
Bu gələnlər düzlük
axtarmır
düzlük üstündə toz
axtarır.
sərf eləyən söz
axtarır
siyasi məhbus axtarır.
...Azadlığı qazananda
elə bildik qışdan
çıxdıq,
nura düşdük.
Sən demə yağışdan
çıxdıq,
Yağmura düşdük.
Azadlığı aldıq,
Yaman günə düşdük.
Poemada 90-cı illərin
ictimai-siyasi mənzərəsi əks olunub və F.Qoca poeziya
dili ilə ulu öndər Heydər Əliyevin də portretini
yaratmağa müvəffəq olub: "Ölkənin
nizamı qırılmışdı təsbeh sapı kimi. Dənələri
dağılmışdı hər yana... Ölkənin
dörd yanı açıq qapı kimi, Vaxt lazım idi o dənələri
yığmağa. Vaxt yox idi Heydər Əlirza oğlu tək
idi... Heydər tək idi O mərtəbədə belə adam
tək olur. Təkə Allah da kömək olur".
Poema beləcə açıq
söhbət şəklində qələmə
alınıb. Olsun ki, bəzi oxucular bu yazı tərzini, azca
da danışıq dilinə uyğunlaşdırılan bu
cür ifadə üsulunu F.Qocanın fərdi poetik üslubuna
yaraşdırmasın. "Sahil işıqları Xəzərdə
yandı, Dedim dalğalara od düşər indi... İstədim
dənizdə alışıb-yanan Aydan
alışdırım papirosumu... Gözlərinə qan
dammış Havalı öküz kimi Cəlladlar
tapdalayır, Öz torpağı Çilini... Günəşə
açılmış zərif dodaqlar kimi Külək əsəndə
milyon-milyon lalələr... Dönüb olur
qıpqırmızı şəlalələr" kimi əsl
poetik obrazların müəllifi F.Qocanın fərdi poetik
üslubunda publisistik çalar da müəyyən yer tutur və
zəmanə haqqında, keçdiyimiz çətin və məşəqqətli
yolumuz məhz açıq söhbət, hadisələrə
sərt və kəskin reaksiya şəklində öz ifadəsini
tapmalıydı. O ki qaldı ulu öndərimizin poeziyada əks
olunan portretinə... F.Qoca "Bəzi "demokratlar"dan
qat-qat artıq demokrat olan, kapitalizmin qəliz bazarında
çevik, yeni bir siyasət adamının" obrazını
yaratmağa səy göstərib. Öncə qeyd etdik ki,
poeziyamızda vətənpərvərlik missiyası müstəqillik
dönəmində də davam edir, ancaq köhnə stereotip hələ
də öz ömrünü bitirməyib və açıq
danışaq: yüksək poetik istedadın məhsulu olan vətənpərvəlik
şeirlərinin, poemaların sayı isə o qədər də
çox deyil. (Musa Ələkbərlinin və Balayar Sadiqin Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdikləri
poemalarını xatırlamamaq insafsızlıq olardı).
Qarabağ mövzusunda yazılan şeirlərdə isə
get-gedə şablon ifadə tərzi, stereotip hökm sürməkdədir.
(bu haqda biz poeziyaya həsr etdiyimiz bir məqalədə
söz açmışıq-V.Y.) Doxsanıncı illərdə,
ikimininci illərin əvvəllərində yaranan və
sözün əsl mənasında bizə vətənpərvərlik
ruhu aşılayan poetik nümunələri xatırlayayır
və deyirsən ki: hanı Qabilin "Nəsimi
bazarında", "Ümid sənədir ancaq",
M.Arazın "Ayağa dur, Azərbaycan", C.Novruzun
"Şuşa yolu", İ.İsmayılzadənin
"Haran ağrıyır, Vətən" şeir və
poemaları kimi şedevrlər?
2.Həyat anlayışı olduqca
genişdir və bütün sevincləri, gözəllikləri
ilə birgə həyatda həmişə kədər
doğuran hadisələr, olaylar da baş verir.Və həyat
dar mənada təkcə yaşayış, gün-güzəran
deyil. Həyat bizi əhatə edən real varlıqdı,
dirilikdi, ömürdü, insanda cismani və mənəvi
qüvvələrin təzahürüdü. Uəmiyyətin
özü də bir həyatdı. Otun da, quşun da,
çiçəyin də, dağın da, çölün
də, göydə buludların da həyatı var. Amma həyatın
ağrı-acıları da çoxdu. Həyatla bağlı
bu sonu bitməyəcək nəhayətsiz şərhi elə
buradaca yarımçıq saxlayıb,bizim müasir qəhrəmanın
həyat haqqında düşüncələri ilə sizi
tanış edim.
Poeziyamızın iki görkəmli
nümayəndəsinin- Musa Yaqubun və Məmməd
İsmayılın son illərdə yazdıqları şeirlərə
üz tutmaq istəyirəm. Niyə məhz onların
yaradıcılığına? Mənim fikrimcə,
yaşı yetmişi keçmiş bu iki şair hələ
də sözün cazibəsindən uzaqlaşmamışlar.
Onların yaradıcılığına birtərəfli
yanaşan hər kəs düşünə bilər ki,
Musanın da, Məmmədin də ən gözəl şeirlərinin
yazıldığı illər arxada qalıb, daha onların
poetik gücü tükənib və Musa da, Məmməd də
köhnə şeirlərinin havasına yaşayırlar.
Zəmilərim, xırmanlarım
sovrulub,
Təndə canım, saçda dənim
qovrulub,
Xəzəl altda gül otlarım
qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Bu şeir, əgər
belə demək mümkünsə, payız lirikası
nümunəsidir. Musanın son illərdə
yazdığı şeirlərdə ömrün o tayı ilə
bu tayı-cavanlıqla qocalıq, baharla payız çox
tez-tez qarşılaşdırılır və şairin səsində
bir hüzn, bir təəssüf nidası duyursan.
Arxın o tayında yarpızlar əsir, Bu tayda yuyunur qum dənələri
misralarıyla başlayan şeir belə bitir:Daha
o sellərin alındı köpü, Bu günüm o haya,
haraya çatmaz. Mən kiməm, bu arxda bir saman
çöpü Dəyirmana çatar, dəryaya çatmaz.
Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə
bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici
notlar səslənib. Halbuki, keçmişi
xatırlamaq, ömrün gözəl çağları
üçün bir nisgil duyğusuyla yaşamaq özü də
gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində
təbiət də, bu təbiətin bütün
atributları da üzə gülürdü. Amma indi:
Daha söz deməyə tutarım
gedib
Dostları aparan qatarım gedib,
Bu daşı özümə
yoldaş eləyib,
Bəlkə elə mən də
qurtarım gedim?!
Qalsın süfrə daşım
mamır bağlasın,
Üstünə
yağışlar yağsın, ağlasın...
Əlbəttə, Musa Yaqubun
"dostlarını aparan qatar" gedib, özü isə
yalqızdı və bu yalqızlığı, tənhalığı
biz onun ikimininci illərin əvvəllərindən indiyə
qədər yazdığı şeirlərinin əksəriyyətində
hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi"
deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən
də təbiətə boylanan, insanla təbiət arasında
harmoniyanı şeirlərində böyük sənətkarlıqla
canlandıran şairdir. Doğrudan da,
İsmayıllının Buynuz kəndində-Azərbaycanın
balaca bir cənnətində oturub təbiətin bitib-tükənməyən
möcüzələrindən gözəl şeirlər yazan
bir şairin indi qəmə-qüssəyə batması,
öz kədərini şeirlərində yaşaması
heç də təəccüblü deyil. Şair
yaşlaşanda, onun içindəki FİLOSOF da yaşa
dolur, gedən ömürə, bir də qayıtmayan illərə,
aylara boylanır, başlayır ruhu ilə söhbətə.
Dünyanın gözəlliyini o balaca cənnətdə-Buynuz
kəndində ruhuna hopduran, o meşələrdəki
quşlar kimi azad yaşayan Musa, indi "dustaq" ruhuna üz
tutub deyir:
Salam Ruhum, salam! Salam dustağım!
Hərdən özüm kimi
boylanıb göyə,
Qışqırma
içimdə azadlıq deyə.
Azadlıq nə gəzir
bu yer üzündə.
Musa Yaqubun "qəmli
filosofu" üçün bu sayaq düşünməyi təbii
hesab etmək olarmı? Biz onu qınaya bilərikmi
ki, təbiidir və biz onu qınaya bilərikmi niyə onun
şeirlərində nikbinlik sönməkdədir? Axı, "azadlıq nə gəzir bu yer
üzündə" deyən şairin özü azad deyilsə,
bunu necə deyə bilər? Əslində, belə də
olmalıdır, çünki bu, həyatdır, Musa Yaqub həyatdan,
reallıqdan bircə addım da kənar deyil, o da bizim dərdlərimizin
və öz dərdlərinin içindədir.O, dərdin
poeziyasını yaradır və bu hissləri poeziyanın dərdinə
çevirir.
Məmməd
İsmayılın son on ildə yazdığı şeirlərində
də kədərli bir ovqatın şahidi olursan. Amma bu
kədər yaşanılan ömrün mahiyyətindən
doğur-ən çox qürbət havası...sonra
arzuladığın həyatın özü yox, tərs
üzü... sonra, bütün bunların məntiqi nəticəsi
kimi:
Dalğa kimi dərd döydükcə
döşünə,
Tənha könlüm
üşüm-üşüm üşinər.
Ömür demə, gün tutular,
"göy kişnər,
"bulud ağlar" bir bayatı
yaşadım.
Təbii ki, aşıladığı ovqata görə,
bu tipli şeirləri pessimist şeirlər kimi də səciyyələndirmək
olar. Amma niyə? Əgər
bu misralar şair ömrünün yaşantılarından
doğursa, şairi və şeiri suçlamağa lüzum
yox. Məmmədin "Azərbaycan"
jurnalında çap olunan (2011, 6) şeirlərində
giley-güzar və bədbin rənglər axtarmaq çətin
deyil, amma bütün bunları qeyri-təbii saymaq olarmı?
Məncə, bunlar Məmməd
İsmayılın yaradıcılığında təbii
boyalardır. Qocalıq və qış
qorxusundan deyil, ömrün, yaşanılan həyatın
öz məntiqindən doğur bu narazılıq,
narahatlıq. Məmməd İsmayıl deyir ki:
Bu dünyadan köçəndə
yadından bir şey çıxart,
Geriyə qayıtmağa sonra bəhanən
olsun.
Şairdən söz açanda təkcə
onun şeirlərindəki ovqata baxıb nə dərəcədə
nikbin və ya pessimist olmasını müəyyənləşdirmək
bəlkə kiməsə əhəmiyyətsiz görünə
bilər. Amma məsələ orasındadır ki, ŞAİR
OVQATI çox zaman şeirin ovqatına da təsirsiz qalmır.
Sıxıntılı, ağrı-acılı anlar, narahat
günlər, aylar şair ömrünə kədərdən
"don biçirsə", bu, şeirin ahənginə də
təsirsiz qalmır. Amma baxır bu ovqatda hansı yeni rənglər,
çalarlar görünür? Bir var ağrıdan
ağrı doğsun və bu ağrı az qala patoloji
ağrıya çevrilsin və şairin şeirlərini
oxuyub özünü yas yerində hiss edəsən, bir də
var, şeirdəki ağrı səni düşünməyə
sövq eləsin. Biləsən ki, bu, içdən gələn
dərddi və bu dərd sənin içindəki dərdə
qovuşur:
Bir zaman yoğrulub qanla bu torpaq,
Bəlkə
azadlığın mayası qandı?
Uanı unutmaqdı qanı unutmaq
Qanı unudanlar
unudulandı.
Unutmaq sırası sənəmi
düşdü?
Unutma, elə bir an
gələ bilər.
Bu gün şəhidləri
unutsan, işdi,
Sabah bulaqlardan qan gələ
bilər.
3. Lirik qəhrəmanın vətənpərvərliyi
və həyat- ömür-gün qayğıları ilə
bağlı iki məqamı qeyd etdik. Onun
dünyanın bu təzadlı, mürəkkəb bir
çağında narahatlığı da təbiidir. Bəli,
bütün bunlar "hamısı zəmanədəndir"
və zövqlərin, estetik baxışların müxtəlifliyi;
keçmiş, köhnəlmiş ənənələrdən
dördəlli yapışmaq da, yaşarı ənənələrə
yeni rənglər, çalarlar qatmaq da, novatorluq, yenilik adı
ilə cürbəcür "söz oyunları"
"icad" eləyib "sensasiya" yaratmaq da, əsl
novatorluq nümunəsi olan şeirlər yazmaq da, öncə
qoşma, gəraylı, təcnis havasıyla
böyüyüb, o "ərazinin" nümayəndəsi
kimi ədəbiyyata gəlib, az sonra "postmodernist"
libasına bürünmək də...bütün bunlar yeni
minilliyin hadisələridir. Bir tərəfdən Qərb ədəbiyyatından
- müxtəlif "izm"lərdən gələn təsirlər
"müasirlik" və "inteqrasiya" adı ilə
şeirimizə sırınır, digər tərəfdən,
islami dəyərlərə, sufiliyə, irfaniliyə meyl
poeziyamızda yeni bir tendensiyanın yaranmasına səbəb
olur. Onda belə bir sual doğur: nə etməli? Hansı meyli, hansı axını, hansı
"izm"i tutub getməli?
Bir əsr əvvələ
qayıdaq-XX əsrin əvvəllərində də Azərbaycan
poeziyası belə suallarla qarşılaşmışdı.
Akademik Kamal Talıbzadənin Abbas Səhhətə həsr
etdiyi monoqrafiyanın bir fəsli belə adlanır: "Yeni
şeir necə olmalıdır?". XXI əsrin
ilk onilliyi ilə XX əsrin ilk onilliyini müqayisə etsək,
çox maraqlı bir bənzərliyin şahidi olarıq:
"Əsr yeni, əsrin özü ilə gətirdiyi hadisələr
yeni idi. İctimai şüur sürətlə
oyanır, ictimai həyata müdaxilə meyli qüvvətlənirdi.
Ədəbiyyatın vəzifələri də
müəyyən edilməli idi. Köhnəni
eynilə davam etdirmək mümkün deyildi. Elə isə yeni ədəbiyyat necə
olmalıdır? Hansı
yaradıcılıq metodları müasir tələblərə
cavab verə bilər, ədəbi ənənələrdən
necə istifadə edilməlidir? Nədən
imtina etmək, nəyi mənimsəyib irəli aparmaq? Daxildə hansı ədəbi qüvvələrə
istinad etmək, hansı ədəbi cərəyan və
istiqamətlərə söykənmək lazımdır?
Xarici ədəbiyyatları da öyrənmək
yeni ədəbi mərhələnin qarşısında duran
mühüm vəzifələrdən biri idi. Rus, həmçinin Şərq və Avropa ədəbiyyatları
müasir yazıçıları çox cəlb edirdi.
Bu ədəbi öyrənmə, təsirlənmə
hansı yollarla getməli, hansına daha çox meyl göstərmək,
hansına üstünlük vermək faydalıdır? Rus realizminəmi, türk romantizminəmi,
Avropanın Azərbaycanda sürətlə yayılmağa və
məşhurlaşmağa başlayan onlarla
dühalarınamı? Necə, nə şəkildə?
...Cavablar çox müxtəlif idi. Hər kəs
öz sinfinin, qrupunun, zümrəsinin, mənsub olduğu ədəbi
məktəbin və cərəyanın mənafeyinə,
ideya-bədii məramına müvafiq cavablar axtarır və
tapırdı".
Deməli, keçən
əsrin əvvəllərində də bizim əsrin əvvəllərində
olduğu kimi, "nə etməli?" sualı
çoxlarını düşündürürdü və ədəbiyyat
tariximizə bələd olan hər kəs yaxşı bilir
ki, ədəbiyyatımız bu suallar qarşısında qətiyyən
çaşıb qalmadı. Ədəbiyyatımız,
xüsusilə poeziyamız bu plüralizm qarşısında
özünü itirmədi. Ən
başlıcası öz əsas yolunu, "başlıca
magistral xəttini" düzgün müəyyənləşdirdi.
Şeirimiz milli ənənələrdən, ANA
XƏTDƏN qopub ayrılmadı. Və dönüb
yüz il arxaya boylananda ŞEİRDƏN
ŞEİR KİMİ danışmalı oluruq.
XXI əsrin Azərbaycan poeziyası da məhz bu
plüralizm əhatəsindədir.
Vaqif
YUSİFLİ
Ədalət.-2011.-29
oktyabr.- S.19.