ALLAHI
QATİL EDƏNLƏR
Roman
(Əvvəli
qəzetimizin 22 oktyabr sayında)
Dədələrin Dədəsi:
- Dediyimiz odu ki, biz səni başa
düşürük, haqlısan. Amma sən heç nəyi
dəyişə bilməzsən. Bu, dünyanın hər
yerində belədi. Dünyanın hər yerində zelyonu da var,
salaqa da, starik də, ded də! Amerikada da belədi, heç
kinoya-zada baxmamısan? Mən də, burda oturanlar da salaqa
olmuşuq. Tualet də yumuşuq, kartof da təmizləmişik,
həyət də süpürmüşük.
Akademik:
- Ded, mən hər şeyi başa
düşürəm. Onu da bilirəm ki, sizin mənə
hörmətinizə görə, mənim ən böyük cəzam
qauptvaxtdı. Yoxsa komandirin çaqqalları məni
çoxdan didik-didik eləmişdilər. Buna görə sizə
borcluyam. Amma mən neyləyim, belə doğulmuşam, belə
tərbiyə almışam. Mən nə salaqa olmaq istəyirəm,
nə də ded! Əsgər olmaq istəyirəm.
Vallah-billah!
Dədələr Dədəsi:
- Görürük ola bilmirsən.
Özün dedin ki, bizə görə çaqqal-çuqqal sənə
dəymir. Biz iyirmi-iyirmi beş günə gedirik, uzağı
bir aya. Biz gedəndən sonra sənin üçün
çox çətin olacaq. Dərəni xəlvət görən
tülkülər bəylik edəcək. Səni cəzalandıracaqlar,
sındıracaqlar. Biz səni stariklərə
tapşırmışıq. Amma onlar biz deyillər,
onların da içində çaqqallar var. Özünü
gözlə, çalış tək gəzmə. Bir şey
bilməsək, danışmarıq. İndi səni
ölüm postuna salıblar. Özün də bilirsən, o
postdan neçə əsgər geri dönməyib.
Akademik:
- Mən belə şeylərdən
qorxan deyiləm. Düşmən gülləsindən ölmək
alçalmaqdan şərəflidir.
Dədələr Dədəsi
ondan yaşca çox kiçik olsa da, elə
danışırdı, elə bil ata oğluna öyüd
verirdi:
- Akademik, bir az ağıllı ol. Biz istəmirik ki, sənin kimi bir oğlan nə səfeh
düşmən gülləsindən ölsün, nə də
gecələrin birində tualetdə özün assın.
Akademik güldü:
- Qardaşlar, Şopenhauer deyir ki,
insan özünü ona görə öldürmür ki,
yaşamaqdan doyur, özün ona görə öldürür
ki, arzularından doyur. Mən hələ
arzularımdan doymamışam.
Dədələr Dədəsi:
- Şopenhauer kimdi
tanımıram, nə deyib onu da bilmirəm. Mən də sənə deyirəm, ya
özünü dəyiş, ya da valideynlərinə xəbər
göndər, gör sənin hissəni dəyişdirdə
bilərlərmi.
Başqa bir dədə:
-
Akademik, incimə, sən universitet bitirsən də, aspirant
olsan da başın qarışıb kitab-dəftərə, həyatdan
uzaq düşmüsən, bu dünyadan xəbərin yoxdu. Dörd-beş aydı burdasan, iki dəfə komissiya
gətirtmisən, nə dəyişib, on dəfə gətirtsən
nə dəyişəcək?!
- Niyə borşda ət var ki!
- Bu
da on gün, sonra?
Akademik:
- Bilirəm, mənə görə
çox narahatsız, bir daha sizə təşəkkür
edirəm. Amma mən o qədər zəif adam
deyiləm ki, özümü asam. Assam, komandiri asacam! - dedi və
güldü.
Qonşu stoldan kimsə dedi:
- Suka gəlir.
Gələn Batalyon Komandiri idi,
yaxınlaşdı dədələrin stoluna, salam
verdi və sonra dedi:
-
Akademik, sənə hələ tez deyil bu stolda oturmaq?
Dədələr Dədəsi
Akademiki dillənməyə qoymadı, gözünün birini
qıyıb aşağıdan yuxarı Batalyon Komandirinə
baxıb dedi:
- Komandir, get
işinlə məşğul ol,
qabağımızdakını zəhərə döndərmə.
Yoxsa, bu boşqabı başına keçirərəm.
Batalyon Komandiri:
- Ded, sən niyə hirslənirsən?
Mən Akademiklə danışıram.
- Dedim də sənə! Eşit,
biz gedəcəyik, bizdən sonra eşitsək ki, şəxsən
sən Akademikin xətrinə dəymisən... Səni
harda olsa tutub xoruz kimi banladacağıq. Qandın?!
Batalyon Komandiri özünü
yığışdırdı:
- Qandım!
***
Kriminalist otağa girəndə
Prokuror telefonla danışırdı və çox pərt
görünürdü:
- Dedim ki, əlimizdən gələni
edirik, üstündə işləyirik. Rəhmətliyin
oğlu, o boyda Amerika əlli ildi Kennedinin
ölümünün üstünü aça bilmir, indi sən
istəyirsən üç günün içində bu boyda
qətlin üstünü açaq? Heç
Şerlok Holms da üç-beş günə cinayəti
aça bilməyib. Özü də mənimlə
belə danışmayın, nə sizin tabeçiliyinizdəyəm,
nə də uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin, tualet təmizləyirdin.
İndi general olmusan, gəl çıx
çiynimizə. Əgər qoysaydınız
vaxtında həmin hərbi hissədə baş verən
ölüm hadisələrinin üstünü açaq, vəziyyət
gəlib bu həddə çatmazdı. Bəs
əsgərlər öləndə niyə belə sinənizi
cırmırdız?! Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül
kimi uşaqlardı. Onların qanı tutub
Polkovniki. Darıxmayın, o
uşaqların qanı bir gün bizi də tutacaq. Bizi
tutmasa da, balalarımızı tutacaq! - telefonun
dəstəyini atdı, elə həmin əsəblə də
Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.
Sonra yenə həmin əsəblə
də düyməni basıb çığırdı:
- Ay qız, gəl bu zəhrimarı
dəyiş. Allahın bir stəkan çayını da rahat
içməyə qoymurlar - dedi və stolun üstəki stəkanı
götürüb divara çırpdı
Kriminalist ilk dəfə
idi ki, Prokuroru belə özündən çıxmış
görürdü.
Prokuror:
-
Papirosun var?
- Siz çəkən deyilsiz
axı?!
-
Çəkənəm, çəkən deyiləm, deyirəm
papirosun var?
Kriminalist Prokurora bir siqaret verdi, özü də yandırdı. Amma iki
qurtumdan sonra Prokuroru öskürək tutdu, siqareti Kriminalistin
qabağındakı külqabıda söndürdü və
xeyli öskürdü:
- Ə, bu zibili necə çəkirsiz?!
Katibə iki stəkan çay gətirdi,
sonra istədi yerdən stəkanların
qırıqlarını yığsın, Prokuror qoymadı:
- Sonra yığarsan. - dedi və gəlib Kriminalistlə üzbəüz
oturdu; - Hə, oğul, özün eşitdin də, məruzə
elə görək.
Prokurorun oğlu yox
idi. İki qızı vardı, ikisi də
ərdəydi, işçilərinə də
"oğul" deyə müraciət edərdi.
Kriminalist qovluğunu açdı:
- Cənab Prokuror, bir neçə
versiya var. Hamısının üzərində işləyirik.
Amma xeyli vaxt aparacaq.
- Oğul, vaxtımız çox
azdı. Eşitdin. Bu
üç-beş gündə bəlkə otuz dəfə zəng
ediblər. Bu işi aça bilməsən
ikimiz də yandıq. Mənim onsuz da
yaşım keçib, yükümü də təpəyə
yığmışam. Sənə heyfim gəlir.
İndi versiyaları de görüm.
- Birincisi, namus məsələsidi.
Üstündə işləyirik. Amma mənə görə bu qətlin namusa dəxli
yoxdu.
Prokuror:
- Bəs
niyə... - sözü ağzından qaytardı, - nədi, hə,
orasından atıblar?
Kriminalist güldü:
- Cənab Prokuror, bura İtaliya
deyil, ağzına gül də qoyalar. Ya təsadüfdü,
ya da öldürən adam yandığından
ordan atıb ki, kişi deyilsən. Mən onun
bütün qadın əlaqələrini öyrənmişəm.
Elə bir ciddi şey tapmadım. Telefon kitabçasında heç qadın nömrəsi
də yoxdu. Sürücü də deyir ki,
yalnız bazar günündən başqa həmişə
Komandirlə olub, amma indiyədək Komandirin hansısa bir
qadınla görüşdüyünü, ya əlaqəsi
olduğunu hiss eləməyib.
- Bəs, Mer deyir nə vaxt
axtarırdın saunada tapırdın.
- Mer
öz ağlıyla ölçür, elə bilir saunaya elə
qadınlarla görüşmək üçün gedirlər.
Siz də hər həftə saunaya gedirsiz, qadınla gedirsiz?
Prokuroru gülmək tutdu:
- Bəlkə gedirəm, nə bilirsən?
- Getsəydiniz, camaat sizin
haqqınızda da danışardı.
Prokuror qalxdı, otaqda bir az var-gəl elədi, pəncərədən
xeyli bayıra - küçədə futbol oynayan uşaqlara
baxdı. Bu uşaqlar dəfələrlə
kabinetin pəncərələrini qırmışdılar,
amma o buna heç vaxt qızmamışdı. Hər dəfə
qaravulçu uşaqları qovmaq istəyəndə
qoymamışdı:
- Dəymə, qoy oynasınlar, sən
usta çağır gəlib şüşə salsınlar.
İndi uşaqlar pəncərədən
onlara baxan Prokuroru görəndə dayandılar və ona
sevinclə əl eləyib çığırdılar:
- Prokuror əmi! Prokuror əmi!
O da gülümsəyib uşaqlara
əl elədi, sonra yenidən qayıdıb oturdu kreslosunda:
- Düz deyirsən, o
keçmişdəydi, indi adamlar qadın üstə bir-birini
öldürmürlər, pul üstə öldürürlər.
Bəs biznes əlaqələrini necə? Bəlkə şərikləri ilə problemləri
olub.
- Öyrənmişik. Heç bir obyekti yoxdu.
Prokuror:
- Necə yəni yoxdu? O boyda hərbi
hissə obyekt deyil? Hər əsgərin yeməyindən
gündə bircə dollar kəssə ayda otuz min dollar eləyir.
Hələ benzini-menzini, ayrı şeyləri
demirəm. O Qərargah Rəisi ilə də
həmişə dava-dalaşları bunun üstündəymiş.
- Qərargah Rəisi
əsl zabitdi. Komandirin əyri işlərinə
dözmürdü.
- Yaxşı, davam elə.
- Son səkkiz ayda hərbi hissədə
üç ağır cinayət hadisəsi baş verib. Bir əsgər özünü asıb, biri
özünü güllələyib. Biri də
batalyon komandiri ilə üç əsgəri güllələyib,
sonra da özünü öldürüb. Bu
cinayətlərin hamısının da üstünü
ört-basdır ediblər. Komandirin
ölümünü burda axtarmaq lazımdı.
- Axtar də!
- Məsələ ondadır ki, bu
cinayət işlərini bizim prokurorluq aparmayıb. İşlər bizdə deyil. Gərək
məktub yazasız həmin işləri Bakıdan göndərələr
bizə.
- Get məktubu hazırla gətir,
qol çəkim.
***
Oturmuşdular Qərargah
Rəisinin kabinetində, qarşılarında da bir stəkan
çay.
- Rəis,
komandirlə niyə tez-tez mübahisəniz
düşürdü, hətta bir-birinizə silah da çəkmisiz?
Qərargah Rəisi güldü:
- Deyəsən,
məndən şübhələnirsiz. Bu adi
söhbətdi, yoxsa istintaq?
Kriminalist:
- Qətiyyən, sadəcə olaraq
mən müəyyən həqiqətləri bilməliyəm.
Qərargah Rəisi qalxdı
ayağa, pəncərəni açdı, həyətdə təlim
keçən əsgərlərə xeyli baxdı, dağlara
baxdı, bu dağların o üzündə doğulduğu,
indi isə həsrətində qaldığı kəndlərini
xatırladı, bir siqaret yandırdı:
- Bilirsən, dostum, biz bu Vətəni,
o görünən dağları, meşələri, o göy
üzünü, bu dağların bulaqlarını,
quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millət də əsgərləri
bizə etibar edib. Əgər biz bu əsgərləri
qoruya bilmiriksə, deməli, bu Vətəni də, o
dağları, o meşələri, o göy üzünü də
qoruya bilmirik. Yəqin bilirsən son
altı-yeddi, nə bilim səkkiz ayda bu hərbi hissədə
neçə ölüm hadisəsi baş verib. Bunlara görə ən azı Komandir vəzifədən
götürülməliydi, mən də cəzalanmalıydım.
Nə oldu? Kim cəzalandı?
Taqım komandiri, batalyon komandiri,
uşaq-muşaq. Bu hadisələr elə-belə
baş verməmişdi ha. Hamıya ruhi xəstə
diaqnozu qoyub işləri bağlayıb atdılar arxivə.
Çox cəsarətli bir müstəntiq
vardı, arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm.
Mən o valideynlərin gözlərinə baxa
bilməmişəm. Onlar
övladlarını mənə etibar etmişdilər. Mən
onların övladlarını qoruya bilmədim!
Qərargah Rəisi soyuducunu
açıb bir butulka araq çıxartdı, qoydu stolun
üstünə, stəkandakı çayı götürüb
pəncərədən atdı çölə, araq
süzdü:
- İçirsən?
- İçirəm.
Kriminalistin
çayını da pəncərədən çölə
atdı və stəkana araq süzdü, heç nə demədən
arağı çəkdi başına, bir siqaret də
çıxarıb qoxuladı, sonra yandırdı.
Kriminalist də arağı
götürdü, amma Qərargah Rəisi kimi başına
çəkmədi, su kimi ehmalca içdi və o da bir siqaret
alışdırdı.
(Ardı
növbəti şənbə sayımızda)
AQİL
ABBAS
Ədalət.-2011.-29
oktyabr.- S.5.