Cizgilər silsiləsinin fəlsəfi dünyası

 

  İstedad Yaradanın bizə verdiyi ən böyük bir nemətdir. Bu nemətdən də doğru yöndə istifadə etmək lazımdı. Real həyatın haqsız üzünü, çətinliklərini, ağrı-acısın duymaq və yaradıcılığında əks etdirmək, şeirlərinin döyünən ürəyinə çevirmək hər yazara qismət olmur. İstedad özü öz sözünü deyir. Sən nə qədər kənarda qalsan belə istedadın qalmayacaq. Səni qələmə sarılmağa və yaratmağa sövq edəcək.

   Müasir Azərbaycan ədəbiyyatında öz üslübu, yolu, yaradıcılığı ilə seçilən maraqlı və dolğun imzalardan biri yazar Zaur Qəriboğludur. Zaur Qəriboğlu deyəndə ilk yada Cizgilər, Cizgilər deyəndə isə ilk yada Zaur Qəriboğlu düşür. Bu ikili elə bir vəhdət təşkil edir ki, onları bölmək, ayırmaq , parçalamaq mümkün deyil. Bu isti və əbədi bir vəhdətdi. Bəlkə də hər şey Cizgilərin onun həyatına girməsi ilə başlayır, ya da ki, əksinə Zaur Qəriboğlunun Cizgilərin həyatına ruh, can verməsindən başlayır. Əslində həyatda hər şey qarşılıqlı bir təmasdan başlayır. Bu ikili bir-birinə elə dərin bir təmas edib ki, onları ayırmaq mümkün deyil. Mən də bu yazımı Cizgilərin sirli, fəlsəfi aləminə etdiyim səyahətdən sonra yazmaq qərarını aldım.

   Mən Zaur Qəriboğlu imzasına ilk dəfə facebook dostlarımın səhifələrində rast gəldim. Şeirlərini, daha doğrusu Cizgilərini oxumağa başladım. Bir müddət sonra artıq onun daimi oxucularından birinə çevrilmişdim. Mütəmadi olaraq dostlarımın səhifələrini yoxlayırdım ki, bu dəryadan bir damlanı belə ötürməyim, Cizgilər silsiləsindən olan növbəti fəlsəfi şeirləri oxuya bilim. Cizgilər qısa müddət ərzində mənim gündəlik tələbatlarımdan birinə çevrilmişdi. Zaur ilə real həyatda isə tanışlığımız çox-çox sonralar oldu. İndi isə bu Cizgilər silsiləsinin mənim beynimdə yaratdığı canlı tablolarla sizinlə də bölüşmək istəyirəm. Əslində bu fikrə çoxdan gəlmişdim , amma " Səni yaradanı sevirəm " kitabını oxuyandan sonra tam əmin oldum ki, yazmalıyam.

   "Səni yaradanı sevirəm" Zaur Qəriboğlunun "Lal məhəbbət", "Kamilliyə doğru ikinci addım", "Aldadılmış ər", "Qaragünün Ağgün Vəkili " kitablarından sonra oxucuları ilə olan növbəti doğma və isti görüşüdür. Bu doğmalıq kitabın hər vərəqindən, yazdığı şeirlərin hər kəliməsindən duyulur və insanın qəlbinə işıqlı bir yol açır . Bu kitabda siz mənim sevdiyim və dönə-dönə oxuduğum Cizgilər silsiləsindən olan mənsur şeirlərini, esse və fəlsəfi tablolarını, həmçinin də "Zirzəmi" pyesini oxuya bilərsiniz . Oxuduqca yazarın dünyasına gedən yolu daha aydın görəcəksiniz. Sanki doğma bir əl sizi öz ardınca aparacaq, doğru və düzgün olanı deyəcək. Şeirləri oxuduqca gənc bir yazarın dərin məna yüklü fəlsəfi duyğularının da şahidi olacaqsız . Kitabda istənilən mövzuya rast gəlmək olar. Zaur Qəriboğlunun fəlsəfi dünyası geniş və zəngindi. Sevgi, dünya, cəmiyyət, İnsan, Vətən və özünüdərk haqqında geniş fəlsəfi şeirlərini və esselerini görmək olar. Demək ki, şair dünyaya bir bucaqdan baxmır. Bir problemə bir neçə yöndən baxır və təhlil edir . Sanki çıxış yolu axtarmağa çalışır və müəyyən qədər də olsa tapa bilir. Cizgilər özü yeni bir yol cızır. Yeni bir məktəb yaradır. Cizgilər silsiləsindən olan şeirlər dərin məna yükünə malikdi. Bu ağır yükü öz qəlbində daşıyan şair fikirləri ilə ilk qələm və dəftəri, sonra isə oxucuları ilə bölüşür. Bu ağır yük Vətənin işğal yüküdü ... Bu ağır yük parçalanmış, ikiyə bölünmüş torpaqların yüküdü ... Bu yük yetim qalmış uşaqların yüküdü... Bu yük varlı ölkənin kasıb vətəndaşlarının acınacaqlı həyatının yüküdü... Bu yük bir şair , bir insan , bir gənc üçün çox ağırdı . Düzdü müəyyən qədər də olsa bizimlə bu yüklə bölüşür , amma əsasını, kökünü öz qəbində bir ağır yük olaraq daşıyır.

   " Papağımı oğurlayıblar " mənsur şeirində şair bizi dərin bir fəlsəfi məna yükü ilə üzbəüz qoyur. Qeyretin , namusun nə qədər cılızlaşdığını , kökdən salındığını oxucuya çatdırır. Əvvəllər papaqla ölçülən qeyrət öz dəyərini və ölçülərini itirib. Daha da aşağılara enib , yerdə , ayaqlar altında sürünür . Pulla, varla , qadınla ölçülür. Bu fəlsəfi mənsur şeirdə yaralı dərdimiz olan Qarabağ , Təbriz , Zəngəzurun da adı çəkilir.    

   Qeyrətsizəm , Qarabağ , Təbriz, Zəngəzur adlı anamı, gəlinimi , qızımı əllərə verdiyim üçün qeyrətsizəm. Gec də olsa , qeyrətimi qaytarmaq istəyirəm .

   Şair sanki bu torpaqları qaytarmaqla qeyrətini də qaytarmaq istəyir , papağını da qaytarmaq istəyir. Bu torpaqlarda əsir olan qeyrətini, Vətən dərdini də geri qaytarmaq, bu zəncirdən qurtulmaq istəyir.

   Şair ikiyə bölünmüş, parçalanmış torpaqların dərdini də unutmur. Hər şeirdən istər sevgi, istərsə də fəlsəfi məna yükü yaradan şeirləri olsun fərq etməz, hamısından yaralı, ikiyə parçalanmış Vətən dərdi duyulur . Şairin şeirlərinin döyünən ürəyinə çevrilir . "Ulayıram Boz Qurd kimi ", "Qəriblər ailəsi" mənsur şeirlərində şairin yaralı qəlbindən süzülən qan damcılarının ağırlığını görmək olar. İkiyə parçalanmış torpaqların ağrı-acısını da hiss etmək olar. Şair hər kəsi buxovları , zəncirləri qırmağa səsləyir , birlik tələb edir. 

   Hayqırıram, ulayıram boz qurd kimi: - Ulu türk ayağa qalx ! Bəsdi, diz çökdün, bəsdi, yenildin. Ya qabarlanmış dizlərini kəs tulla , məhv ol , silin bu dünyanın xəritəsindən. Ya da ayağa dur , sanc üçrəngli bayrağı Təbrizdən , Qarabağdan!...

   Bu sözlərin nə qədər içdən , qəlbdən gəldiyini görməmək mümkün deyil . Şair yaralı qəlbindən hayqırır , bizlərə səslənir . Səsinin eşidilməsini tələb edir. Cizgilər silsiləsinindən olan " Qəriblər ailəsi " mənsur şeirində şair qəriblik çəkən insanların duyğularını qələmə alıb. Şair Vətənə olan sevgisini qəriblikdə anlayır , doğma və isti bir yurd olduğunu dərk edir . Vətənindən uzaqda yaşayan insanların çəkdiyi Vətən həsrətini elə bir ustalıqəa , həssaslıqla qələmə alıb ki , oxuyanda kövrəlməyə bilmirsən . Çox canlı və təsiredici yaradıb .

   " Mən dahiyəm " mənsur şeirində cəmiyyətimizin problemlərini qabarıq şəkildə ön plana çəkir. Ən birinci də işsizlik problemini vurğulayır . İşsizliyin geniş vüsət aldığı bir zamanda yaşayırıq. Təəssüf ki , hər şey pulla ölçülür.

   Mən dahiyəm ! ... İşsizi olmayan məmləkətin işsizlərinin dahisiyəm !

   İstənilən problemə şairin yaradıcılığında rast gəlmək olar . Xalqının yaralı dərdlərini , problemlərini , göz önünə gətirir və oxucularına bir mesaj kimi göndərir.

   "Mən nə adam, nə insanam" fələsfi yüklü mənsur şeirində şair Qarabağı da unutmur . Bu mənsur şeirdə şair " Mən nə adam , nə insanam " deməklə bütün düşüncələrini ortya qoyur . Onu incidən , qəlbini didən , qarabaqara izləyən kimliyini belə boğmağa çalışır. O, nə adam , nə insandı . O , qaçırılan Qarabağ adlı bir gəlinin fəryad səsi, onun şəhid ərinin yaralanmış qəlbidi. O , nə adam , nə insandı . O , şəhid ərin anasının gözlərindən axan yaş , dilindəki ağıdı.

   "Hamiləyəm ", " Gedək göyə" mənsur şeirlərində şair fəlsəfi dünyasının ağacından bir neçə yarpaqla paylaşır. Özünüdərk , insanın özünə qayıtması , yaşamaq , yaşatmaq , yenidən dünyaya öz adını qazandırmaq duyğuları , fikirləri də öz əksini burda tapır.

   Yaşım dünyadan cavandı , onun yanında bəlkə də uşaq , lap çağadı... Fəqət , ruhum qoca , dünya mənə cavan gəlir...

   Cizgilər silsiləsindən olan "Gedək göyə" mənsur şeirində şair elə bir fəlsəfi bir dünya yaradıb ki , bu dünyanın pəncərəsindən boylanan da yaşını belə unudursan. Sanki yaşamadan ömründən illəri dəli külək əlinə keçirib sürükləyir. Səni yaşadığın dünyadan da qabağa atır . " Qoltuq " adlanan essesində müasir cəmiyyətimizin yaralı problemlərindən birinə həsr olunub. Öz millətini, torpağının sərvətini talayan məmurların obrazını və onların qoltuqlarının ağırlığını çox böyük ustalıqla təsvir edə bilib .

   Cizgilər silsiləsi o qədər zəngin və dolğundur ki , insanı bir fərziyyədə qalmağa qoymur , hər dəqiqə düşündürür. Hər dəfə oxuduqca fərqli məqamlara yön alırsan. Bu silsilənin " Səni yaradanı sevirəm"şeiri də oxucunu ilk başda fərqli, sonda isə fərqli fikirlərə , duyğulara kökləyir. İlk başda gözəlin tərənnümü verilir sonra isə bu gözəlliyi yaradana olan sevgidən söhbət açır. Gözəlin təbəssümünə , dodaqlarına, al yanaqlarına baxır. Sevdiyi üçün deyil , onun gülüşündə bu rəsm əsərinin yaradanını axtarır. Və dönə-dönə Yaradana olan sevgisindən soz salır.  

   "Dünyanın yetim bucağı", "Qatil", "Dərdin azalır anam", "Qadın heykəli", "Kim deyir, kim ?!", "İnsan ömrü", "Ölüm eşqiylə", " Mən tikanlı yovşanam" şeirləri Cizgilər sisiləsinin maraqlı və dərin məna yüklü inciləridir. Oxuduqca fikrin , mənanln ağırlığını , dürüstlüyünü və dərinliyini dərk edirsən . Bu şeirlər insanı düşünməyə vadar edir. Düşündükcə sanki aynaya baxmış kimi olursan. Çünki cəmiyyətimizdə olan , baş verən haqsızlıqlar , insanların ölümlə fəlsəfi mübarizəsi də öz əksini tapıb. "Ölüm eşqiylə" şeirində şair bizi öz fikir dünyasına daha da yaxınlaşdırır. Şair həyatı daima yanan və sönməyən ocağa bənzədir . Deyir : nə qədər ki , insan adlı odunlar var bu ocaq da sönməyəcək. " Yaşaya bilmirəm " fəlsəfi şeirində şair yaralı , talanmış , satılmış qəlbinin çırpıntılarını qələmə alır. Bu dünyada yaşaya bilmir . Ulu Tanrıdan o biri dünyaya köçmək üçün izin istəyir . Bu şeirdə də işğal olunmuş , parçalanmış torpaqların sızlayan yaralarından söz salır. Haqlı olduğu halda haqsız yaşamaqdan bezir , məhkum olduğu bu həyatdan köçmək istəyir . Bəlkə də o biri dünyada haqqını tapa .

   Zaur Qəriboğlunun Cizgilər silsiləsindən olan şeirlərinə bir dərin nəzər salsaz gərərsiz ki, bütün şerilərdə cavabı olmayan suallar var. Minilliklər boyu filosofların tapmadığı suallar . Bu suallar Allaha, İnsana, bəşəriyyətə ünvanlanan dərin məna yüklü fəlsəfi suallardı. Hər bir sualın da ayrılıqda bir neçə cavabı var . Əslində suallar müəyyən qədər də olsa öz cavabını tapa bilir , amma sirri açılmayan suallar da var. Bəlkə də bəşəriyyət bütün problemlərin həllini tapa bilsə bu suallarda cavabını tapacaq.

   " Səni yaradanı sevirəm" fəlsəfi fikirlər toplusunda "Fikir cizgiləri " başlığı ilə verilən aforizmlərlə də tanış oluruq. Gənc bir şairin dərin fəlsəfi dünyasının inciləri bu fikirlərdə də öz əksini tapır. Hər bir fikirdən qalaq -qalaq əsərlər yazmaq olar . Hər bir aforizm insana bir tablonu xatırladır. Bu tablo insanı saatlarla düşündürə və yeni-yeni fikirlərə yönləndirə bilir. 

 

   Heç kəs, haqdan qısır deyil, sadəcə, doğan yoxdur ...

 

   " Səni yaradanı sevirəm " fəlsəfi, bədii fikirlər toplusunda Zaur Qəriboğlunun dünyaya , İnsana , cəmiyyətə , həyata olan baxışının müxtəlif yönlərini oxuduq .Şair müəyyən qədər də olsa cəmiyyətimizi bürüyən problemlərdən, ağrılı-acılı Vətən yarasından, çirkinliklərdən, qeyrətdən, namusdan, bir sözlə, insanı düşündürən və narahat edən bütün problemlərdən soz aça bilib. Kitabda istənilən mövzuya rast gəlmək olar. Bu şairin fikir dünyasının zənginliyindən, məna tutumundan irəli gəlir. "Səni yaradanı sevirəm" fəlsəfi şeirlər toplusu müasir ədəbiyyatımızda artıq öz yerini alıb və oxucular tərəfindən də cox böyük sevgi ilə qarşılanır .

 

 

   Konül SƏİD

 

   Ədalət.-2011.-29 oktyabr.- S.16.