Abad olan Cəlilabad

 

  Ölkənin cənubunda yerləşən Cəlilabad regionun ən böyük təsərrüfat rayonlarındandır. 1441,4 kvadrat kilometr ərazisi olan Cəlilabad rayonunda indi 197400 nəfər əhali yaşayır. 117 kəndi özündə birləşdirən bu rayonda 126 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 1 texniki lisey fəaliyyət göstərir. Azərbaycan Müəllimlər İnstitutunun 1 filialı da rayon gənclərinin maarifləndirilməsində mühüm rol oynayır. Rayonun Göytəpə şəhərində bir vaxtlar müxtəlif millətlərin daha sıx yaşamalarına baxmayaraq indi onların sayı xeyli azalıb. Bu gün Cəlilabad rayonunda cəmi 378 nəfər rus yaşayır. Ancaq onların Göytəpə şəhərində XIX əsrdə inşa etdikləri kilsə bu gün də tarixi abidə kimi qorunmaqdadır.

  

   Torpaqdan çıxan ruzi

  

   Ölkənin ən böyük taxılçılıq rayonlarından hesab edilən Cəlilabad bir vaxtlar bu sahədəki uğurlarına görə "Azərbaycanın Qazaxıstanı" adlanırdı. İndi pambıq təsərrüfat sistemi arxada qalsa da, rayon yenə də aqrar sahədə öz sözünü deməkdədir. İlin əvvəlindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq cəlilabadlılar 54,2 min ton taxıl istehsal etmişlər.

   Bu rayonda üzümçülüyün də öz tarixi ənənələri var. Sevindirici haldır ki, bu sahəyə də diqqət xeyli artırılıb. Dövlət Proqramına uyğun olaraq son 5 il ərzində üzüm bağlarının sahəsi 1500 hektara çatdırılmışdır. Yeni aqrotexniki tədbirlər, xaricdən daha keyfiyyətli tinglərin gətirilməsi, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi müasir tipli şərab zavodunun tikintisinə gətirib çıxarmışdır.

   Cəlilabadda son vaxtlar faraş kartof istehsalına maraq daha da güclənmişdir. Dövlət qayğısı nəticəsində məhsulun maya dəyərinin aşağı düşməsi kənd sakinlərinin bu sahəyə meylini xeyli artırmışdır. Nəticədə bol məhsul əldə edən istehsalçılar faraş kartofu yaxın xaricə çıxara bilirlər ki, bu da nəticədə yaxşı mənfəət deməkdir. İlin birinci yarısında rayon 79,1 min ton kartof istehsal etmişdir.

   İndi rayon sakinlərinin şəxsi təsərrüfatlarında 98830 baş iribuynuzlu, 122167 baş xırdabuynuzlu mal-qaranın olması heyvandarlığa olan maraqdan xəbər verir. Ona görə də cəlilabadlılar bu ilin 1-ci yarısında 6429 ton ət, 24714 ton süd, 212 ton yun tədarükünə nail olmuşlar.

  

   Zərurətdən doğan nəticə

  

   Torpağa, halal zəhmətə bağlı olan cəlilabadlılar doğrudan da öz həyatlarını alın təri üzərində qurmuşlar. Yəni insanlar öz zəhmətləri ilə istehsal etdikləri məhsulu öz şəxsi qayğılarına sərf etməklə bərabər əlavə məhsulun bazarını da axtarmalı olurlar.

   Məhsulu isə ilin bütün fəsillərində bazara çıxarmaq üçün saxlamaq lazımdır. Keyfiyyətli kənd təsərrüfatı məhsullarını saxlamaq üçün mütləq iri tutumlu anbarlar lazımdır.

   Zərurətdən doğan bu ehtiyacı ödəmək üçün rayonda müasir tələblərə cavab verən, regionu əhatə edəcək 20 min tonluq anbar bazası, hər biri 10 min tonluq 2 taxıl anbarı, 2 min tonluq soyuducu kamera inşa edilmişdir. Hazırda belə həcmli digər soyuducu kameranın inşası yekunlaşmaq üzrədir.

   Bütün bunlar Cəlilabad zəhmətkeşlərinin qayğılarına hesablanmaqla kənd təsərrüfatı məhsullarının istehsalını daha da artırmaq deməkdir.

   Sutka ərzində 120 ton un istehsal edilən müasir layihə əsasında inşa edilmiş dəyirman da sakinlərə xidmət edəcək.

  

   Gözəllik ondur...

  

   Azərbaycanda simasını dəyişməyən, gün-gündən gözəlləşməyən, müasirləşməyən regionlar demək olar ki, yoxdur. Son illər daha böyük vüsət alan abadlıq-quruculuq işləri Cəlilabad rayonunda da əhatə dairəsini kifayət qədər genişləndirib. "Gözəllik ondur, doqquzu dondur" deyən ulularımızın deyimi bu günümüzlə daha çox uzlaşır.

   Bu ilin ilk yarısında Cəlilabad şəhərində bir-birindən möhtəşəm, bir-birindən gözəl binalar inşa edilib. Heydər Əliyevin adını daşıyacaq yaradıcılıq mərkəzi memarlıq tarixinə gözəl bir töfhədir. Elə onun yaxınlığındakı rayon Qaz İstismarı İdarəsinin yeni binası da hər cür şəraiti olan müasir tikilidir. Hərbi məhkəmənin göz oxşayan yeni inzibati korpusu da şəhərin memarlıq üslubuna uyğunlaşdırılmışdır. Cəlilabadın ən axar-baxarlı yerində salınmış Dövlət Bayrağı Meydanı indi gənclərimizin and yeridir. Olimpiya idman kompleksinin, rayon baytarlıq idarəsinin, Göytəpədəki yanğın xidməti bölməsinin inzibati binalarının inşası davam etdirilir. Bir çox özəl istehsalat sahələri, xidmət müəssisələri tikilməklə əraziləri genişləndirilir, abadlaşdırılır.

  

   Bitib-tükənməyən yollar

  

   Ömrün yolları tək real həyatda insanlara xidmət edən yollar da bitib-tükənən deyil.

   Yol abadlığın əlifbası, başlanğıcıdır. Elə ona görə Cəlilabadda bu sahəyə xüsusi diqqət ayrılmışdır. Yolların, küçə və meydanların, səkilərin tikilməsi, səliqəyə salınması günün cari işlərinə çevrilmişdir. 2008-ci ilin avqustunda tikintisinə başlanmış Cəlilabad-Yardımlı avtomobil yolu bu ilin mayından yenidən canlandırılmışdır.

   Hazırda bu yolda torpaq bərkidilməsi və su ötürücülərinin tikintisi davam etdirilir. Ümumi uzunluğu 71 kilometr olan bu yol 67 kəndi əhatə edəcək. Bu avtomobil yolunun 45 kilometri Cəlilabad, 22 kilometri isə Yardımlı ərazisində yerləşir. Smeta dəyəri təxminən 56 milyon manat olan bu yolun 15 kilometrini ilin sonunadək asfaltlaşdırmaq qərara alınmışdır.

   Bununla yanaşı kənddaxili yolların da təmiri unudulmamışdır. Bələdiyyə qurumları ilə paylaşacaq bu qayğı kəndin sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayacaq.

  

   Yeri gəlmişkən

  

   Yeri gəlmişkən qeyd edək ki, "Azərbaycan Respublikası Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq cəlilabadlıları elektrik enerjisi və təbii qazla mütəmadi təmin etmək üçün bu ilin 1-ci yarısında xeyli görülmüşdür. Rayonda 11 kilometr elektrik naqili, 141 ədəd elektrik dirəyi yenisi ilə əvəzlənmişdir. Şəhərin yaşayış massivlərində 56 ədəd SMART tipli sayğac qoyulmuş, 13 transformator təmir edilmişdir. Qış aylarında əhalini elektrik enerjisi ilə daha yaxşı təmin etmək üçün digər tədbirlər də həyata keçirilmişdir. Kənd yerlərindəki yararsız transformatorların, elektrik naqillərinin, dirəklərin yeniləşdirilməsi üçün daxili imkanlardan istifadə etmək qərara alınmışdır.

   559 paqon metr orta və aşağı təzyiqli qaz xətləri təzələnmişdir. 1485 qaz sayğacı həyətlərdən küçələrə çıxarılmış, 43 ədəd qaz tənzimləyici şkaf təmir edilmişdir. Artıq Alar və günəşli kəndlərinin mavi qazla təmin olunması üçün cari işlər başa çatmaq ərəfəsindədir. 1-ci yarım ildə rayona verilmiş təbii qazın dəyərinin 76,4 faizi ödənilmişdir.

  

   Millətin gələcəyi - təhsil

  

   Kifayət qədər geniş əraziyə, ucqar kəndlərə malik Cəlilabad rayonunda elmə, təhsilə diqqət xüsusidir. Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramına əsasən 2004-cü ildən başlayaraq Cəlilabad rayonunda 5392 yerlik 18, Heydər Əliyev fondunun köməyi ilə 2120 şagirdlik 6, yerli imkanlar hesabına isə 5 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Bundan başqa 7 ümumtəhsil müəssisəsində 680 nəfər şagirdi əhatə edən 34 əlavə sinif otağı məktəblilərə hədiyyə edilmişdir. 10-a yaxın məktəb isə əsaslı təmir olunmuşdur.

   Məktəb tikintisi bu gün də davam etdirilir. Cəlilabad şəhər 2 saylı orta məktəbinin yeni binasının tikintisi yaxın vaxtlarda reallaşacaq. 1 və 2 saylı orta məktəblərin, bir sıra kənd məktəblərinin əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

   "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" çərçivəsində rayonun 111 məktəbində 793 dəst kompüter quraşdırılaraq məktəblilərin istifadəsinə verilmişdir.

   Cəlilabad məktəbliləri müxtəlif fənlər üzrə respublika olimpiadasında, rəsm və inşa müsabiqələrində, idman yarışlarında yüksək nəticələr əldə etmişlər. Rayonun 8 şagirdi bu müsabiqələrdə qalib olduğu üçün Təhsil Nazirliyinin 08 may 2011-ci il tarixli əmrində rayon təhsil şöbəsinin yaxşı işi xüsusilə qeyd edilmişdir.

   ... Cəlilabad rayonu haqqında, onun uğurları barədə daha ətraflı danışmaq olardı. Ancaq bu yazıda da Cəlilabaddakı sosial-iqtisadi, elmi-ictimai durum haqqında müəyyən təəssürat yarada bildik.

 

 

  Səxavət Məmmədli

 

 Ədalət.- 2011.- 3 sentyabr.- S. 4.