QƏDİM TÜRK YURDU

 

   Rayonun tarixi

     

   Qədim insan məskənlərindən olan, ərazisində zəngin tarixi abidələri olan Tovuz rayonu tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olub. Tarixdə Şəmşədil, Şəmşəddin, Touş adları ilə tanınan bölgə Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. Rayon Azərbaycan Respublikasının şimal-qərbində yerləşərək əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Ərazisinin ümumi sahəsi 1903 kv.kilometrdir.   

   Tovuz rayonu Azərbaycan Respublikasının qərbində yerləşir. Rayonun ərazisi şimalda Gürcüstan respublikasının Dedoplis-Tsxaro rayonu qərbdə Ağstafa rayonu, cənubda Azərbaycanın tarixi torpaqları olan, sonralar zorakı yolla Ermənistan Respublikasının tərkibinə daxil edilmiş Şəmşəddil rayonu və Azərbaycan Respublikasının Gədəbəy rayonu ilə, şərqdə Şəmkir və Samux rayonları ilə həmsərhəddir. Rayonun qonşu rayon və Cənubi Qafqaz dövlətləri ilə sərhədlərinin ümumi uzunluğu 290 km-dir. Bunlardan 26 kilometri Gürcüstan Respublikası ilə, 68 km-i Ağstafa rayonu ilə, 69 km-i Ermənistan ilə, 60 km-i Gədəbəy rayonu ilə, 80 km-i isə Şəmkir və Samux rayonları ilə olan sərhədlərin payına düşür.  

   Göstərilən sərhədlər daxilində Tovuz rayonunun sahəsi 1903 km2, əhalisi isə 158 min nəfərdən artıqdır. 39 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Tovuz şəhəri), 1 şəhər tipli qəsəbə (Qovlar qəsəbəsi) və 102 kənd mövcuddur.  

   Geoloji-coğrafi mövqeyinə, mülayim iqliminə görə, ən qədim yaşayış məskəni ola bilməsi əraziyə diqqəti artırırdı. VII əsrdən üzü bəri daş kitabələr, "Kitabi Dədə-Qorqud" dastanları və Tovuzun elə bugünkü demoqrafik halı rayonun adının qüdrətli oğuz türk-doqquz oğuz tayfalarının adı ilə bağlı olduğunu sübut edir.   

   Dağ oğuzları bu ərazidə öz ulu babalarını qədim türk-hun tayfalarını əvəz etdilər, başqa sözlə,Tovuz ərazisi e.ə. III əsrdən başlayan böyük hun axınlarında tam məskunlaşdı, burada türklər yaşamağa başladı.  

   Xunan, hun toponimləri ilə bağlı bu günrayonda Xınna, Əsrik, Axınca və sair yer adları yaşayır.  

   Ümumiyyətlə, yer, çay, kənd, dağ, dərə adlarının hamısı qədimə gedib çıxmaqla, birmənalı şəkildə türk mənşəyini saxlayır. Quşçu, Qaralar, Dondar, Qovlar, Ocaxlı, Şırdaxan, Alplı kimi toponimlər ayrı-ayrı müəlliflərin tədqiqatlarında qədim türk adlarıdır. Bu kənd və obaları özündə yaşadan oğuz türk tayfalarının ayrı-ayrı nəsilləri, qolları ilə bağlı olan toponimlərin hərəsi bir mənanı ifadə edir.  

  

   Qədim türkçülük məskəni

  

   İnamla demək olar ki, Azərbaycanın çox az bölgəsi Tovuz qədər yer-yurd adlarında türkçülüyü saxlaya bilmişdir.   

   Alakol, Ağdam, Ağacqala, Qalaboyun, Köhnəqala, Şıxheybət kimi tarixi türk coğrafi adlarını yada salmaq kifayətdir. Məsələn, Alp tayfaları oğuz turklərinin ən cəsur və ədalətlisi, dağlarda məskən salanları idi. Sonradan əkinçiliklə bağlı şəraitə görə düzənliyə köçmüşlər. Hətta bəzi tədqiqatçılara, məsələn, Yusif Səfərova görə Albaniya adı da "dağ", "uca" mənası verən Alp toponimindən törəyib.  

   Tovuz rayonu ərazisində bir çox filiz, qeyri-filiz, tikinti materialları kimi geniş istifadə olunan faydalı qazıntı yataqları vardır. Bu yataqların arasında ən perspektivli və sənaye əhəmiyyəti daşıyan Qoşa qızıl yatağı xüsusi əhəmiyyət kəsb edir.  

   Tovuz rayonunun və ümumiyyətlə Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas çay hövzələrinin allüvial çöküntülərində müəyyən edilmiş səpinti qızıl ehtiyatına aid məlumatlar hələ XX əsrin 50-ci illərində toplanmışdır. Tovuz rayonu ərazisində axan çaylardan Tovuz çayın və Zəyəm çayın çöküntülərində də qızıl olması müəyyən edilib.  

   Tovuzçayın hövzəsində olan qum yataqlarında (Günəşli, Öysüzlü, Tovuz) qızıl az miqdarda müəyyən edilmişdir.

  

   Zəyəmçay hövzəsi Kiçik Qafqazın səpinti qızıl yataqları üçün çox perspektivli sayılır.

  

   Əsrikçayda mis-sink filizləri təzahürü var. Əsriçay hövzəsində 220 metrə qədər qazılmış quyu vasitəsi ilə pirit-xalkoperit-sfalerit filizləri müəyyən olunub.  

   Yuxarı Öysüzlü kəndində Ağdağ seolit yatağı böyük miqdarda sement xammalı vardır. Yuxarı Öysüzlü əhəng daşı yatağı, Tovuz gil yatağı, qum-çınqıl yatağı Hacallı tuf yataqları rayonun faydalı qazıntılarına aiddir.  

   Qafqaz regionunun ən böyük çayı olan Kür çayı öz orta axımında 38 km məsafədə Tovuz rayonu ərazisindən keçir. Rayon ərazisində Kür çayı ətraf sahələrdən çox aşağıda yerləşdiyinə görə onun sularından kənd təsərrüfatında istifadədə yalnız güclü sorucular (nasoslar) vasitəsilə suyu əkin sahələrinə qaldırmaq yolu ilə mümkündür. 

  

 (ardı gələn sayımızda)

 

 

 ŞAMXAL ŞƏBİYEV

 

 Ədalət.- 2011.- 9 sentyabr.- S. 3.