NİZAMİYƏ ATƏŞİN SEVGİLƏRLƏ

 

  Məcnun niyə səhralara qoşmuş,

  Çöllərdə dənizlər kimi coşmuş?  

  Bilmiş ki, ələmsiz keçən ömrün  

  Mazisi də, atisi də boşmuş!...

  

   (Həsən Ali,XIX əsr türk şairi).

     

   Böyük ustad, professor Əkrəm Cəfər çoxşaxəli elmi-ədəbi fəaliyyətinin mühüm bir hissəsini klassik Şərq və Azərbaycan ədəbiyyatının aktual nəzəri problemlərinin öyrənilməsinə həsr etmişdir. Xaqani Şirvani, İmaddədin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdürrəhman Cami, Ömər Xəyyam, Əbdülhəqq Hamid, Hafiz Şirazi, Sədi Şirazi kimi nəhəng dühaların bədii-fəlsəfi söz ümmanlarının araşdırılması, görkəmli alimin daim elmi maraq dairəsində olmuşdur.   

   Həmin azman sıradan, şeriyyət mülkünün təkrarsız Sultanı olan Şeyx Nizami Gəncəvinin də cahanşümul poeziyası professor Əkrəm Cəfəri uzun sənələr boyunca özünün, sözün əsl mənasında, Məcnununa çevrirmişdir. O fövqəlbəşər Məhhəbətin tarixçəsi isə çox-çox uzaq 1940-cı ildən boylanır. Ailm yaxın dostu və həmkarı olmuş mərhum akademik Həmid Araslı ilə birgə "Nizaminin müasirləri" (Azərnəşr, 1940) adlı 80 səhifədən ibarət ədəbi-bədii kitab tərtib edir. Əsərin redaktoru, şərhlərin və lüğətin müəllifi olur. Burada, Əbül-Üla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Qivami Mütərrizi, Məhsəti, İzzəddin Şirvani və Mücirəddin Beyləqaninin ən seçmə şeirləri özlərinə yer almışdır.   

   Professor, titanik yaradıcılığının sonrakı mərhələlərində də heç zaman, uca Nizami sənətinin tədqiqinə, təbliğinə qayıtmaqdan vaz keçməmişdir. Ömrünün son illərinə qədər də biz, həmin Ali Sevginin ustadın elmi-nəzəri irsində yaşadığının əyani şahidi oluruq. XX yüzil dünya şərqşünaslığı tarixinin parlaq simalarından olan Əkrəm Cəfər elə həmin uzaq illərdən üzü bəri, öz üzərinə Şeyx Nizami sənətinin əhatəli, geniş aspektlərdə öyrənilməsilə ilgili çox məsuliyyətli, fəqət şərəfli bir missiya götürür. Gəncəli Dahinin "İqbalnamə" (1941, 1967, 1982-ci illər nəşrləri), "Şərəfnamə" (1941, 1982), "İskəndərnamə" (1964, 1967, 1982) kimi fenomenal poemalarına ensiklopedik şərhlər, izahlar və lüğətlər yazır, Azərbaycan SSR Elmlər Akademiyasının nizamişünaslıq problemləri üzrə Koordinasiya şuralarına rəhbərlik edir, plenar elmi yığıncaq, iclaslar və simpoziumların təşkilində aparıcı vəzifələri icra etməyə başlayır.  

   Ustad həmin öhdəliklərlə də kifayətlənmir. Dünyanın, habelə, keçmiş SSRİ-nin ən görkəmli nizamişünas alimləri (Səid Nəfisi, Yevgeni Bertels, İosif Braginski, Bəhram Sirus, Şahislam Şahməhəmmədov, Ananiaş Zayonçkovski, Berta Novak, Valentina Klyaştorina, Şərifcan Hüseynzadə və b.) ilə məxsusi nizamişünaslıq diskussiyalarında bulunur. Böyük alimin eyni zamanda, Azərbaycanda, həmçinin, Orta Asiya respublikalarında peşəkar nizamişünas mütəxəssislərin formalaşmasında da müstəsna xidmətləri olmuşdur. Əkrəm Cəfər bu istiqamətdə, onlarla aspirant, elmlər namizədləri və elmlər doktorlarının Şeyx Nizami yaradıcılığı üzrə məqalə, monoqrafiya və avtoreferatlarına fundamental resenziyalar, rəylər, məktublar ünvanlamış, o cümlədən də, elmi rəhbərlik, opponentlik etmişdir. Bu məqamda yeri gəlmişkən, onu da qeyd etmək istərdik ki, əziz gəncəlilərin də yaşlı nəsli, böyük ustadla unudulmaz, əsrarəngiz görüşlərini hal-hazırda da sayqılarla xatırlayırlar. Alim N.Gəncəvi ilə əlaqədar keçirilmiş bütün mötəbər Gəncə toplantılarında çox fəal surətdə iştirak və çıxışlar edərdi.   

   Ötən illərə nəzər salarkən biz, görürük ki, Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanılan, AMEA-nın müxbir üzvü, görkəmli şərqşünas alim, professor Rafael Hüseynovun müəllifi olduğu "Axşam görüşləri" adlı ədəbi-publisistik verilişlərdə də Əkrəm Cəfər nizamişünaslıq məsələlərinin şərhlərinə xüsusi diqqət ayırmışdır.   

   Azərbaycanın bir sıra görkəmli nizamişünas alimləri - professorlar Azadə Rüstəmova, Nüşabə Araslı, Qəzənfər Əliyev, Əli Abbasov, Xəlil Yusifov, Rüstəm Əliyev, Əbülfəz Rəhimov, Tahir Məhərrəmov, Teymur Kərimli, Sədulla Əsədullayev, Mehdi Kazımov və digərləri Əkrəm Cəfəri daim özlərinin ustadı, əvəzolunmaz müəllimi hesab etmişlər.   

   70-80-ci illərdə o, Moskva, Sankt-Peterburq, Daşkənd, Düşənbə, Aşqabad, Alma-Ata, Tbilisi şəhərlərində keçirilən Şeyx Nizaminin həyat və yaradıcılığına həsr olunmuş bütün elmi konfrans və simfoziumlarda dərin məzmunlu məruzələr söyləmişdir. Professor Əkrəm Cəfər eyni zamanda, 1985-ci il iyun ayının 24-də Bakıda, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən təşkil olunmuş "Nizami Lektoriyası"nda mühazirələr oxumaq üçün məxsusi surətdə dəvətlər almışdır. O, Muzeyin böyük salonunda "Nizami Gəncəvinin həyat və yaradıcılığı", habelə, "Nizaminin milli mənsubiyyəti, məqbərəsi və vəfatı tarixi məsələsi haqqında" adlı universal elmi-nəzəri mühazirələr oxumuşdur. Həmin mühazirələrin əlyazma mətnləri Əkrəm Cəfərin şəxsi arxivində mühafizə edilməkdədir. Ən maraqlı cəhətlərdən biri də odur ki, alim həmçinin, özünün dünya şöhrətli "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" adlı fundamental monoqrafiyasında da Şeyx Nizaminin poetikasını ətraflı tədqiqatlara cəlb etmişdir.  

   Son dərəcə fərəhli haldır ki, bütün şərəfli həyatı boyunca möhtəşəm Nizami sənətini sevə-sevə, yana-yana tədqiq və təbliğ etmiş olan professor Əkrəm Cəfər bir incə, həssas, romantik qəlbli şair kimi də dahi sənətkarın vəsflərini asimanlara ucaltmış, onun əbədiyaşar müqəddəs isminə nəğmələr qoşmuşdur. Yaxın vaxtlarda biz, alimin şəxsi arxivini araşdırarkən, onun 1979-cu ildə qələmə aldığı "Nizaminin heykəli qarşısında" və 1983-cü ildə yazdığı (indiyədək işıq üzü görməmiş) "Nizamiyə" adlı füsunkar, qəlbəri coşduran, lirik-fəlsəfi şeirlərinə rast gəldik. Qeyd edək ki, birinci şeir 80-ci illərdə böyük populyarlıq qazandığından ədəbi mətbuatda bir neçə dəfə işıq üzü görmüşdü. Həmin orijinal bədii nümunələrdə biz, dahi Nizamnin fövqəlbəşər, mübariz, üsyankar, ecazkar, azadlıqpərvər, humanist, intibahçı bir nəhəng Obrazı ilə qarşılaşırıq.   

   Şərqin qüdrətli söz ustadının anadan olmasının 870 illiyi münasibətilə, bənzərsiz poeziya örnəklərini çox böyük sevgilərlə oxuculara ərməğan edirik. Tanrı Türkü Qorusun! Amin!

  

 

   SOKRAT CƏFƏR

  

   ƏKRƏM CƏFƏR

    

   NİZAMİNİN HEYKƏLİ QARŞISINDA

   

   Daşdanmı, poladdanmı, ya misdənmi bu heykəl?

   Tuncdanmı, çuğundanmı, ya gipsdənmi bu heykəl?  

   Zahir olur olsun, onun qəlbi bülurdan.  

   Xaric olur olsun, onun daxili nurdan.  

   Üzdən qara, lakin içi nur qaynağıdır saf.  

   Zahirdə kömürtək, içi almas kimi şəffaf.  

   Səkkiz yüz ilin yolçusu, tarixi bu sima!  

   Bir şeyx deyib çalmaya, ləbbadəyə baxma.  

   Sən dinlə o ləbbadənin altındakı qəlbi.  

   Zülmətdə onun abi-həyat oldu nəsibig  

  

   Ruhlarda, fikirlərdə qaranlıqlar əmirkən,  

   Vicdan da, ədalət , həqiqət əsirkən,  

   Zülmətdə işıqlarla coşub daşdı bu heykəl.  

   Şiddətlə qənim taclara bir başdı bu heykəl.  

   Bir ciftə qılıncdır o çatıq azəri qaşlar.  

   Hakimlərə dəhşətlə çatan xəncəri qaşlarg  

  

   Hakimlər, o vicdanları, namusları çirkin  

   Hakimlər ölüb getdi, həkim qaldı bizimçin!  

   Anlat bu pərəstişçinə sən, ey böyük insan,  

   Köksündə bu xoşbəxt elinin qəlbimi çarpan?  

   Öyrət bu pərəstişçinə sən, ey qoca ustad,  

   Qarşımda duran abidə İlyasmı, ya Fərhad?  

   Xosrovlara, hörmüzlərə, bəhramlara qarşı,  

   Qatillərə, cəlladlara, yamyamlara qarşı  

   Mərdanə geniş sinəni qalxan kimi tutdun,  

   İnsanlara insanlığı öyrətdin, oxutdun.  

   "Xəmsə"n o böyük əldə Qızıl bayrağın oldu,  

   İnsanlara düşmən kəsilənlər yığın oldu.  

  

   Keçmişdə deyil yalnız, onun indi, bu gün ,  

   Qanlarla boyanmış bu ağır əsrim üçün   

   İnsanlara şəfqətlə yanır tutduğu bayraq.  

   Əlbəttə, bizimdir, bizim, əlbəttə, bu bayraq!  

   Xoşbəxt bir elin zinətidir, ordenidir o,  

   Ruhundakı sərvətlərinin mədənidir o.  

   Qüvvət bizə, dövlət bizə, şöhrət bizə "Xəmsən".  

   "Xəmsən" bizim, biz sənin, sən bizimsən.

  

   Fəxr etməyə çox haqlı Nizamisi olan xalq,  

   Qəlbində Nizami kimi dahisi olan xalq.  

   Bir daş kimi səssiz nəfəssiz görünsən,  

   Xalqınla bərabər yaşayıb yüksələcəksən.  

   Sevmiş səni əsrim, sevəcəkdir gələcək   

   Əlbəttə, həyatın hələ bundan gələcəkdə.  

   Səkkiz yüz ilin yaşlısı dahim hələ gəncdir,   

   Getdikcə yenə parlayacaq, yüksələcəkdir.  

   İnsanlığa hörmətlə, məhəbbətlə Nizami.  

   Ölməz iki yoldaş əbədiyyətlə Nizami!  

  

   1979 

  

 

   NİZAMİYƏ

     

   Bakının döşündə bir orden kimi   

   Sancılıb durmuşdur bu böyük heykəl.  

   Bəxtiyar bir xalqın girib qəlbinə  

   Taxtını qurmuşdur bu böyük heykəl. 

     

   Əynində ləbbadə, başında çalma,  

   Sağ əli qurşaqda, solunda "Xəmsə",  

   Üzünü tutaraq maziyə doğru  

   İstiqbal yolunu göstərir bizə.

  

   Çatılmış qılınc tək qələm qaşları,  

   Qələmi qılınca hakim etməkçün.  

   Haqsızlığı yıxıb haqqı yüksəltmək,  

   Hakimləri xalqa xadim etməkçün.

   Dalında bu nəhəng, qoca heykəlin  

   Əsrlərcə yatmış bir kölgəsi var.  

   Önündə bu məşhur canlı kölgənin  

   Günəşə Hamilə bir ölkəsi var.

     

   Tarixlər bilir ki, bu böyük dahi  

   Zaman-zaman bizim köhnə Gəncədə,  

   Köksünü gərək şir kimi durmuş  

   Cəhalət divilə pəncə-pəncədə.

  

   Onun Fərhad kimi qəhrəmanları  

   Zalım Xosrovları dilxun eyləmiş.

   Onun Leyli kimi "Yeddi gözəl"i  

   Bütün şairləri Məcnun eyləmiş.  

  

   Şair Nizaminin önündə müdam   

   Salama durmalı artist Şekspir:   

   "Romeo-Cülyetta" "Leyli Məcnun"a  

   Sadə bir təqliddir, bir nəzirədir.

  

   O böyük dahinin hünərlərini 

   Almanın dahisi bilib mat qalmış.  

   Onun qarşısında İohann Göte  

   Öz kiçikliyini boynuna almış.

     

   Nizamilə tanış olsaydı əgər  

   Ellər sevimlisi vüqarlı Puşkin.  

   "Mənim nəqəratım: "Xəmsəni oxu!  

   "Xəmsəni oxuyun!" deyərdi yəqin.  

     

   Şairlərin sədri Mayakovski,  

   Onu görən kimi icoşub ilhamın,  

   Hörmətlə əlini sıxıb deyərdi:  

   "Biz bir cəbhədənik, yoldaş Nizami!" 

     

   Ey layəmut şair! tək bunlar deyil,  

   Səni izləmişlər izləyirlər  

   Doğma xalqından da şanlı-şərəfli  

   Böyük sənətkarlar, gözəl şairlər: 

  

   Nəsimin, Xətain, Həbibin sənin,  

   Füzulin, Vaqifin, Seyyidin sənin,  

   Sabirin, Cavidin, Cəfərin sənin,  

   Müşfiqin, Vurğunun, Vahidin sənin. 

  

   Şairlər şairi, ey ulu şair!  

   Ustalar ustası, ey böyük usta!  

   Məcnunun eşqi qəlbimizdədir.  

   Fərhadının gücü qollarımızda.  

  

   Xalqına sevgindir Məcnunun eşqi,  

   Fərhadın qüvvəti - sənin iradən,  

   Şirinə, şeirinə məhəbbətindir,  

   Fərhad da özünsən, Məcnun da sənsən.  

  

   Dahliyin nuru parlar alnında,  

   Sənətin Xaqanı, şeirin şahısan.  

   Dünyada tapılmaz öylə bir qüvvət  

   Sala bilsin səni qızıl taxtından.

  

   Sən qurdun bu taxtı yarım əsrlik  

   Gecəli-gündüzlü zəhmətlərinlə.  

   Sən qoydun özünə bu tunc heykəli  

   Xalqına etdiyin xidmətlərinlə. 

     

   Səkkiz əsr bu heykəl qaldı məhbəsdə,  

   Bir az da yüksəldi qədri-qiyməti.

   Günəşi zəncirdə tutmaqmı olar?!  

   Həbs etmək olarmı heç həqiqəti?! 

     

   Sən yenə taxtında, göydəsən yenə,  

   Parlayır döşündə bayrağı haqqın.  

   O haqqı fəth edib qaytardı sənə  

   Qəhrəman övladın, Azəri xalqın.

 

 

   Ədalət.- 2011.- 17 sentyabr.- S. 9.