Kitabınız
oxunsun!
Bu,
təkcə alqış deyil, həm də Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasının məqsədlərindən
biridi
Azərbaycan beynəlxalq
miqyaslı mədəniyyət tədbiri keçirmək
bacarığını növbəti dəfə sübut etməyə
hazırlaşır. Sentyabrın 28-də II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasına start veriləcək. İki gün
davam edəcək beynəlxalq tədbir mühüm bir hadisəyə-
dövlət müstəqilliyimizin 20 illiyinə həsr
olunacaq.
İstedadlı şair Vaqif Bəhmənli
onlarca bir-birindən maraqlı kitabın müəllifidi, xeyli
kitabın redaktoru olub, bu günə kimi oxuduğu
kitabların sayı-hesabı yoxdu. Bu günlərdə "Mədəniyyət"
qəzetinə verdiyi müsahibədə "Şəxsən
mən öz-özümün nə keçmişini, nə
indisini, nə də gələcəyini kitabsız təsəvvür
edə bilmirəm"-deyib.
Amma bu dəfə Vaqif bəydən
yazdığı, redaktə etdiyi və oxuduğu kitablar barədə
soruşmayacağıq. Həmsöhbətimiz beynəlxalq tədbirin
təşkilati məsələlərindən
danışacaq. Məhz ona görə də söz verilir Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənliyə:
"Azərbaycan xalqı tarixinin bütün dövrlərində
mədəniyyətə, xüsusi ilə də kitaba
böyük hörmət bəsləyib. Nə yaxşı
ki, bu gün də belədir. Televiziya, internet nə qədər
inkişaf etsə də, insanlarımız bu gün kitab
oxumağa maraq göstərir, kitabı evinin ən
yaxşı yerində saxlayır".
Vaqif bəyin sözlərinə görə, Azərbaycan kitabla bağlı beynəlxalq səviyyəli sərgi-yarmarka keçirməyi çoxdan haqq edib: "Ölkəmiz dövlət müstəqilliyini ikinci dəfə bərpa edəndən sonra bütün sahələrdə uğur qazanıb. Əldə olunan irəliləyiş göz qabağındadı. Bu uğurlar kitab çapından, ümumiyyətlə poliqrafiya sahəsindən də yan keçməyib. Bu gün yüksək tələblərə cavab verən nəşriyyatlarımız, müasir texnika ilə təmin olunmuş mətbəələrimiz fəaliyyət göstərir. Onların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb, qanunvericilik bazası formalaşdırılıb. "Nəşriyyat işi haqında" qanun qəbul edildikdən sonra bu sahənin inkişafında nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib. Oxucularımız da müşahidə edir ki, son illər həm məzmun, həm də poliqrafiya baxımından gözəl kitablarımız işıq üzü görür.
Ölkəmizin əldə etdiyi uğurlar, mədəniyyət sahəsində qazandığı nailiyyətlər bizə imkan verir ki, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edək. Bildiyiniz kimi dünyanın müxtəlif ölkələrində tez-tez kitab sərgi-yarmarkaları təşkil olunur. Azərbaycan da bu ölkələrin sırasına qoşulmağı haqq edib. Mədəniyyət və Turizm Nazirliyi artıq ikinci dəfədir ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirir. İlk sərgi-yarmarkamız uğurla işini yekunlaşdırdı, ölkəmizdə kitab sənətinin inkişafına təkan verdi. Birinci tədbirimizdə 60-a yaxın milli, 25 müxtəlif xarici ölkəni təmsil edən nəşriyyatlar iştirak etdilər. Kitab sərgi-yarmarkası əsl mədəniyyət hadisəsinə çevrildi".
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək istəyən nəşriyyatlar bu barədə sentyabrın 15-dək Mədəniyyət və Turizm Nazirliyinə məlumat verməli idilər. Bu müddət artıq başa çatıb. Nazirlik rəsmisinin sözlərinə görə, 110 yerli, 20-dən çox xarici nəşriyyat iştirak barədə məlumat verib. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Portuqaliya, Makedoniya, Sloveniya, Gürcüstan, Belarus poliqrafçılarını təmsil edən nəşriyyatlar var. İştirakçılar öz məhsullarını 120 stenddə nümayiş etdirə biləcəklər. Bunun üçün isə onlar heç bir pul ödəməyəcəklər: "Tədbirin yüksək səviyyədə baş tutması üçün Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi yaradılıb. Bütün hazırlıq işləri təşkilat komitəsinin rəhbərliyi ilə aparılır. Kitab sərgi-yarmarkanın tədbirlər planı hazırlanıb. Bildiyiniz kimi bu il dövlət müstəqilliyimizin bərpasının 20 ili tamam olur. Sərgi-yarmarka bu əlamətdar hadisəyə həsr edilib. Bu beynəlxalq tədbir çərçivəsində "Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" adlı simpozium, dünya ədəbiyyatına böyük töhfələr vermiş Ukrayna şairi Taras Şevçenkoya və tatar şairi Abdulla Tukaya həsr edilən tədbirlər keçiriləcək. Sərgiyə gələn oxucular kitabları nümayiş olunan müəlliflərlə görüşə biləcək, imza mərasimlərinə qatılacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi keçirdiyi "Qızıl kəlmə" ədəbi mükafatının builki qalibləri ilə oxucuları görüşdürmək də tədbirlər planında nəzərdə tutulub".
Həmsöhbətimiz
kitab həvəskarlarına daha bir ip ucu verdi: "II Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası paytaxtımızdakı
Əl Oyunları Sarayında keçiriləcək. Burada həm
kitabı yazan və çap edənlər, həm də onu
oxuyanlar üçün hər cür rahat şərait
yaradılacaq".
Vaqif Bəhmənlinin dolğun məlumatından
belə başa düşmək olur ki, kitab müəlliflərinin,
naşirlərin və biz oxucuların bayramı
yaxınlaşır. Sentyabrın 28-nə o qədər də
çox vaxt qalmayıb. Ona görə elə indidən demək
olar- Bayramımız mübarək!
ETİBAR
Ədalət.-
2011.- 17 sentyabr.- S. 13.