SÖZÜ ÜNVANINA YETİŞƏN YAZAR

 

   Jurnalist olmaq arzusu ilə ali məktəbə gəldiyim ilk günü yaxşı xatırlayıram. Hamı bir-biriylə tanış olur, ünsiyyət qurmağa, yeni mühitə alışmağa tələsirdi. Təbiətimə xas uyumsuzluq üzündən içimdə narahatlıq keçirirdim. Tam başqa ortamda böyüklü-kiçikli insanlar arasında öz yerimi tapmağa çalışırdım...  

    Slavyan Universitetində ilk dərs gününü mənə unudulmaz edən Etibar müəllim oldu. Etibar Babayevi görkəmli jurnalist kimi çoxumuz qiyabi tanıyırdıq. Uzun illər onun televiziya ilə çıxışlarını həvəslə izləmişdik. Əsas fənn müəllimi olaraq auditoriyada onu görəndə yaman sevindik. İlk tanışlığımızda Etibar müəllim bizi sorğu-suala tutmadı, bu peşəni seçməklə mürəkkəb yola qədəm basdığımızı, jurnalist adının məsuliyyətini səmimiyyətlə anlatdı. Həyatda ləyaqətlə yaşamağı, həmişə düz mövqe tutmağı, haqsızlıqla qarşılaşanda ruhdan düşməməyi, bədbinliyə qapılmamağı, mübariz olmağı tövsiyyə etdi. Hər birimizdə yalnız jurnalistikaya deyil, ümumiyyətlə biliyə, maarifə, yenilik axtarışına maraq oyatdı. Dediyi bir sözü heç vaxt unutmuram: "Yazmaq qaydalarını tez öyrənəcəksiz. Amma imzası tanınan, sevilən jurnalist olmaq istəyirsinizsə, fikrinizi, düşüncənizi qəlibə salmayın, hər zaman qərəzçilikdən uzaq olun. Hər vəziyyətdə haqqın, ədalətin keşiyində durmağa adət edin. Yazılarınıza münasibət müxtəlif ola bilər. Əsas odur şəxsiyyətiniz, peşəkarlığınız kimsədə şübhə doğurmasın".   

    Etibar Babayev yüzlərlə publisistik məqalənin, televiziya və radio verilişinin müəllifidir. Onun Türkiyədən hazırladığı silsilə verilişlər Azərbaycan teleməkanında hadisə idi. "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" adı ilə təqdim olunan müəllif proqramları müstəqillik ərəfəsində "bir millət, iki dövlət" arasında salınan ilk mədəni körpülərdən idi. Son illər Etibar Babayevin məqalələri "Ədalət" qəzetinin şənbə buraxılışında mütəmadi dərc olunur. Fərqli yazı üslubu, mövcud problemlərə orjinal yanaşma tərzi diqqətimi çəkirdi, düşündürürdü, dünyaya baxışımı dəyişirdi. Bu səbəbdən mən də onun daimi oxucularından birinə çevrildim.   

   "Bu da bir imtahandır", "Yalana heykəl" adlı kitablarıyla bir daha qələminin gücünü göstərən Etibar Babayevin növbəti kitabı "Düz söz əyri qulağa necə girər?.." adlanır. Bura müəllifin müxtəlif illərdə mətbuatda dərc olunan publisistik məqalələri və "Tarix- ibrət alanlar üçün dərsdir" silsiləsindən jurnalist apaşdırmaları daxildir.   

   Adı da içindəki yazılar kimi cəlbedici olan kitaba ön sözünü yazıçı-jurnalist Orxan Fikrətoğlu yazıb. Çox orijinal təqdimatdan hiss olunur ki, Orxan Fikrətoğlu da Etibar müəllimin yaradıcılığına yaxından bələddir, şəxsiyyətinə böyük hörmətlə yanaşan insandır.   

   Publisistik məqalələr toplusu olsa da, bu kitabda müəyyən istiqamət, aydın məqsəd və mövqe var. "Ünvansız sözü küləklər göyə sovurar" adlı birinci bölümdə hər birimizin hər gün qarşılaşdığı sosial-məişət problemlərinə toxunulur. E.Babayev vətəndaşı narahat edən çoxaylı sualları qaldırır, əlaqədar təşkilatlardan cavab gözləyir. Haqsızlığa, biganəliyə, süründürməçiliyə rəvac verən təmənnalı məmurlara, vəzifə borcunu vicdanla yerinə yetirməkdənsə, əl tulasına dönən dələduzlara, gözləmə mövqeyi tutan siyasi riyakarlara barışmaz münasibətini də gizlətmir.   

   Etibar Babayev mövzuya əhatəli, məntiqli, köklü surətdə yanaşıb, onu bədii puplisistik tərzdə qələmə alarkən, çox orijinal ümumiləşdirmələr, ibrətamiz fikirlər bildirməyi də unutmur. Bəzi qeydlərimlə bölüşmək istəyirəm:   

   "İnsan təkcə anadan, atadan yetim qalmır. Şərəfdən, ləyaqətdən yetim olanlar da var. Bu, daha böyük bəladır".   

   Müəllif haqlıdır. Valideyni itirmək taleyin işidir, günün birində hər kəsin başına gəlir. Amma şərəfini, ləyaqətini qorumaq insanın özündən asılıdır. Kitabı oxuduqca E.Babayevin ləyaqətə verdiyi dəyər, onun əqidəsi, əxlaqı, mənəviyyatı oxucunu saflaşdırır, istər-istəmər cəmiyyətdə təmiz abı-havası, ləkəsiz siması olan mühitin, ictimai ortamın varlığına inamı gücləndirir. Onun bir ifadəsi yaddaşıma həkk olub:   

   "Mərdi qova-qova namərd edərlər, deyənlərə varlığımla üsyan etdim. Mayası təmiz olanlar, namərd gülləsinə tuş gələr, amma namərd adını üzərinə götürməzlər".

   Atalar sözlərinə Etibar müəllimin fərqli yanaşma tərzi var. Onun ortaya qoyduğu hər fikrin özü çox vaxt aforizim kimi səslənir. Bir misal çəkim:   

   "Deyirlər, dost başa baxar, düşmən ayağa. Sən hərdən dostunun ayağına da diqqət yetir ki, daşa dəyməsin. Ömrün nabələd yollarında "azdım", "çaşdım" deyib, naxələflər cərgəsinə keçməsin".  

   Mənalı ömür yaşayan, taleyin çox sınağından üzüağ çıxan zəhmətkeş qələm sahibinin dostu kimlərdir? Kitabda bu suala da cavab tapdım. Etibar müəllim yazır:  

   "Ləyaqətə dəyər verib, əqrəb xislət nakəslərə qənim kəsilən, saxtakara sədəqə kimi, qara qəpik verməyən, saf duyğusal insanlar dostumdur. Bu nizamsız dünyanın nizamını ayarlamaq istedadına, kövrək qəlbə, incə zövqə, simasında, baxışında Tanrı payı olan nura - o mübarək insaf payına, elm, mədəniyyət ziyasına sahib insanlardır, dostum mənim".   

   Kitabın ikinci bölümündə Dzerjinskinin həyatının bəzi anlarından bəhs edən yeni yazılar, eləcə 1918-ci ildə Almaniyanın Rusiyadakı səfiri qraf fon Mirbahı iqamətgahında qətlə yetirən bir gəncin macəra dolu həyatını əks etdirən "Səfirlikdə qətl" adlı araşdırma yer alıb. Bunları oxuyanda ilk ağlıma gələn o oldu ki, özgə tarixinin qaranlıq səhifələrini işıq salmaq ilə bağlıdır? Axı, indiki nəsil üçün o hadisələr, onun tarixi personajları tanış deyil. Sonra gördüm, həqiqətən tarix - ibrət alanlar üşün dərsdir! Sovetlərin düşmənlə mübarizədə ən kəsərli qılıncı, ən zirehli qalxanı olan bir təşkilatın (qısa adı ÇK -S.B.) qurucusu ilk rəhbəri Feliks Edmundoviç Dzerjinski barədə öyrəndiklərim indiyədək bilmədiyim çox mətləbə gözümü açdı.   

   Blyumkinin hekayəti mənə detektiv filmi xatırlatdı. Necə olur ki, 1918-ci ildə yenicə imzalanan Brest-Litovsk sülh müqaviləsinin aqibətini şübhə altına qoyan, əslində Rusiyanı Almanıya ilə yenidən müharibəyə sürükləmək məqsədilə törədilən terror aktının icraçısı cəzasız qalır, az sonra, məhz Dzerjinskinin zəmanəti ilə bolşeviklər partiyasına qəbul edilir? Bu adam Bakıya da təşrif buyurub. 1920-ci ilin sentyabrında Şərq xalqlarının I qurultayında, təəccüblənməyin, Rusiya deyil, İran kommunistlərinin nümayəndəsi kimi iştirak edib. Səbəbini kitabı oxuyarkən biləcəksiniz. Kitabda o mürəkkəb dövrün dolaşıq hadisələri hadisələr barədə çox şirin oxunaqlı dillə ətraflı yazılıb. Diqqətlə oxuduğum kitab, etiraf edim ki, mənəvi dünyamı xeyli zənginləşdi.   

   Müasir dövrdə unudulan dəyərlərə yeni məna yükü verməklə onları canlandıran Etibar Babayevin yol qeydləri son dərəcə təsirlidir. " Bir səfərin təəssüratı" adlı məqalə Gürcüstan səfərindən doğan təəssüratların nəticəsidir. gizlədək, bəzən bu səpkili yazılar ( elə televiziya verilişləri -S.B.) turistlər üçün hazırlanan məlumat kitabçasını xatırladır. Görünən qalalar, gəzilən muzeylər, yeyilən xörəklər, içilən şərablar təqdim olunur, vəssəlam. Amma jurnalist Etibar Babayevin bizimlə bölüşdüyü səfər təəssüratı tam başqadır. Bu, vətəndaş yanğısıdır, təəssüfkeş ziyalının harayıdır. Biz hamımız Şərqdə ilk satirik jurnalın - "Molla Nəsrəddin"nin, Tiflisdə dərc olunduğunu bilirik. Amma Bakıdan Gürcüstana gedən az səyyah (elə orada yaşayan soydaşlarımız da-S.B.) Cəlil Məmmədquluzadə ilə Həmidə xanımın yaşadığı, Sabirin, Ömər Faiqin, Bəhruz Kəngərlinin başqa ziyalılarımızın tez-tez yığışdığı o müqəddəs ocağa baş çəkib. Etibar müəllim həmin ünvanda gördüklərindən ürək ağrısı ilə danışır. Məlum olur ki, ev-muzeyin qapısı neçə vaxtdan bəri bağlı qalıb. İçindəki vəziyyətdən qonşuların da xəbəri yoxdur. Mənzilin girişinə vurulan xatirə lövhəsində yazılanlar jurnalisti lap çox hiddətləndirib. Kiril əlifbası ilə yazılan bu lövhəyə siz tamaşa edin:  

   Lövhədə Cəlil Məmmədquluzadənin vəfat etdiyi tarix yanlış göstərilib. 1932-cİ ildə dünyasını dəyişən ədibin ömür payı nədənsə bir il qıssaldılıb. Buna ad verəsən, dərd? Dərdi kimə söyləyəsən? Tutaq ki, muzeyin təmiri, bərpası, ekspozisiyanın təzələnməsi müəyyən maddi çətinliklərlə əlaqədardır. Bəs kiçik ölçülü lövhəni yeniləmək niyə müşkül olub? Gürcüstanda bizim səfirliyimiz var. Tbilisə millət vəkillərimiz tez-tez səfər edir. Nəhayət, Gürcüstanda bu qədər soydaşımız yaşayır. Molla Nəsrəddinçilərə, şəxsən Mirzə Cəlilə qarşı belə biganəlik nəylə izah oluna bilər? Azərbaycan Mədəniyyət nazirliyinin balansına salındığı söylənilən ev-muzeyin kiçik lövhəsindəki bu böyük qələti düzəltmək, doğrudanmı mürəkkəb məsələdir? "Bir səfərin təəssüratı" kitabını diqqətlə oxusanız, jurnalistin diqqətindən yayınmayan hələ çox şeyi eşidib, bilib təəccüblənəcəksiz.

   Dünya malında gözü olmayan, dövlətin-varın bu gün var, yarın (sabah-S.B.) yox olduğunu yaxşı bilən jurnalist bir məsələni oxucuna xatırlatmağı özünə borc bilir:   

   "Bu dünyada zamanı gələndə insana çox şey verirlər, bəzən vədə bitmədən geri alırlar. O şey ki, verilər , alınar da, sanma əbədi sənindir. Sənin olmayandan bərk yapışma ki, itirəndə canına dərd, qəlbinə yük eləməyəsən. Bizim olan bir şey varsa, içimizdəki azadlıqdır, məhəbbətdir. Dağa, daşa, dənizə, torpağa, suya, oda, səmaya, sabaha sevgidir".  

   Dərin müşahidə qabiliyyəti, səmimi obrazlı ifadə tərzi ilə əsərlərini daha oxunaqlı edən Etibar Babayev məhsuldar çalışır, işləməkdən zövq aılr. yazıq ki, qarşılıqsız xeyirxahlıq edən insanlar ətrafımızda azalır. yaxşı ki, bizim qarşımıza çıxan Etibar müəllim belələrindəndir. Onun üçün düz sözün düz ünvana - oxucu qəlbinə, yetişməsi ən böyük mükafatdır.

 

 

   Sədan Bunyadova

 

   Ədalət.- 2011.- 17 sentyabr.- S. 14.