"Arazbarı" üstə dərdləşmə

 

   Sona Vəliyevanın "Arazbarı" şeir kitabı barədə özəl düşüncələr

 

   Gözəlimiz, ilkimiz-əzəlimiz bu ana torpağı sevmək, qorumaq üçün "içimizdə bir çiçək təpəri" olsa nə gözəl...

  

   Bü gözəl diləyin duaçısı kimi oxunur "Arazbarı". Hər sətrində. Sona Vəliyevanın doyumsuz duyğusu, doğmadan doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi...  

   Hər mətləb adamı dünyadan keçirən dost-doğma ana göynəyi kimidi... "Karvanı kəsilib, qatarı gedən" yolların o başından ilkinliyimizə, kimliyimizə, itkilərimizin nədənliyini dərk etməyə səslənişdi "Arazbarı"da yazılanlar. Bu itkilər məyusluğunda ulu Yaradandan insanlığı tanımağa bir az da idrak, dünyanı anlamağa bir az da möhlət diləmək istəyi necə də təbiidir:

  

   Əl uzatdım qılınca,   

   əlim qoldan kəsildi,  

   Yol başladım Şuşaya,   

   yolum yoldan kəsildi.  

   Hanı Ağ atlı oğlan,   

   səbrim kəsik-kəsikdi,  

   Möhlət ver bizə, Allah,   

   bu torpağı almağa,   

   Bir az möhlət ver, Allah,   

   dünyanı tanımağa.

     

   (Bir az möhlət ver Allah)

    

   Dünyanı anlamağın, tanımağın bir yol-yolağası da Sona Vəliyevanın bu yeni kitabında təqdim olunan şeirlərdən keçir.   

   Sona xanımın "Arazbarı" kitabı "Yol başlayıb gedən karvan" şeiri ilə başlayır. Şeir dahi bəstəkar Soltan Hacıbəyovun "Karvan" simfoniyasının sədaları altında yazılıb. Oxucu istər-istəməz gedən karvana qoşulur, kimi bəxtini, kimi sevgisini, kimidə bu şeirin müəllifi kimi itirilmiş torpaqlarını axtarır.

  

   Bu tale, bu hikmət,  

   İtən torpaq, yada ki, bəxt.  

   Görəm, görməyəm,   

   ya qismət,  

   Gətirəsən çarə, dərman,  

   Yol başlayıb gedən karvan.

    

   ya 

  

   Bu zınqrov səfər himni,  

   Beynimdə ölənə kimi.  

   Mənim kinim, dəvə kini,  

   Bəxşişdi haqdan,   

   xudadan,  

   Yol başlayıb gedən karvan.

   

   (Yol başlayıb gedən karvan) 

  

   Müəllifin türkün düşmənə qarşı əsas silahının kin nifrət olmasını oxucuya poetik yolla xatırlatması, ulu babalarmızın öyüd-nəsiyyəti kimi yada düşür.  

   Ümumiyyətcə Vətən, Millət, mənəvi dəyərlər bu kimi keçmişə söykənən kiriteryalar Sona Vəliyevanın şeirlərinin əsas qayəsini təşkil edir.   

   Erməni tapdağında qalan torpaqlarımızın işğaldan azad olunması illərdir uzanır. Yeni-yeni vasitəçilər, "canıyanan"lar peyda olsalar da bizim başıbəlalı QARABAĞ dərdimizə çarə tapılmır.

   Sona xanım isə torpaqlarımızın itirilməsində baş girləməyimizi, can qorumağımızı tüstülü kösöv kimi gözümüzün önünə tutur.

     

   İçimiz boşaldı torpaqdan öncə,  

   Sonra can göründü   

   Vətən yerinə.  

   Öncə can sağlığı deyən kəslərin,  

   Torpağı bölündü bədən yerinə.

  

   (Öncə can sağlığı deyən kəslərə)

    

   Sərçələrin yurd sevgisi şeiri qarın yoğnudan, vətəndən əvvəl öz can sağlıqlarını düşünən, var-dövlət qazanmaq üçün bütün mənəvi dəyərlərin üstündən qara xətt çəkənlərə ünvanlanıb.

  

   Biz adam olsaq da  

   Quşlar kimi bacarmadıq.  

   Sərçələr qədər birgə  

   Yuva qurmağa,  

   Birgə vuva qorumağa  

   Varmadıq.  

   Tanrım ucadan  

   Uca Tanrım!  

   Biz yurd üstə savaşıb  

   Yurd üçün ölməməyin  

   Sevib, qoruya bilməməyin  

   Acısını çəkirik.  

   Bizimki bizdən keçib.  

  

   (Sərçələrin yurd sevgisi) 

   

   Oxuduqca görürük ki, bu kitab boyunca əslində bizim özümüzün fikir düşüncələrimiz, gündəlik qayğılarımız sərgilənib:

  

   Oğulsan döz görüm

   bu ehtiyaca,  

   Dözülməz, satılmaz,   

   çəkilməz bu dərd.  

   Yanımda bir kimsə   

   "ana" çağırsa  

   Burnumun ucunda   

   bir kənd göynəyər. 

    

    (Ehtiyac)

  

   Doğmalığın, munisliyin bundan o yana olanı da varmı görən? Qəmə ortaqlığın bundan o yankı tərəfi olurmu heç:

    

   Yoldaş olaq, çıxaq yola,  

   Gəl, özünlə apar məni.  

   Doğmaların içindəcə  

   Tənhalıq yaxalar məni.

   

   (Yoldaş olaq) 

  

   Çarpaşıq ömür-gün yollarının əvvəlindəmi, ya sonundamı olmağımıza olan hədsiz maraq duyğusu eyni yaşama, vərəvürdə hesablayır bizi. Heç bilmirik bu səmimi, həssas misraların düzüb-qoşanı Sona xanımdı, ya elə bu duyğular bizim öz içimizdən axıb gələnlərdi... Fərq etməz. Təki şerin yaddaşı belə oyaq, sözün ruhu belə doğma, əziz olsun:

  

   Yol hanı çıxıb getməyə?  

   Qaçıb ölümü ötməyə.  

   Könlümdə od böyütməyə  

   Bağlanıram yarpaq-yarpaq.  

  

   Can dediyim qorxum imiş,  

   Uçub gedən ruhum imiş.  

   Ölüm solğun yuxum imiş,  

   Oyanıram yarpaq-yarpaq.  

     

   (Yarpaq-yarpaq)

     

   S.Vəliyevanın şeirləri qos-qoca bir ruhdan, içdən, dərin yaşantılardan süzülüb gələn könül pıçıltılarıdır. Elə bu səbəbdən ruha, duyğuya yaxın, qəlbə simsardı. Elə bu səbəbdən oxunur yadda qalır, götür-qoylarla, ölçüb-biçmələrlə dolu ömür yoluna yol yoldaşlığı edir. Bu duyğular sevgilərimizin, sevinclərimizin qan qardaşları, kədərimizin, qəmimizin ortaqları olaraq əzizdir.

   Düşündükcə, xəyal etdikcə dönüb-dönüb yenidən göz önünə gəlir:

  

   Adi qayğılardan   

   bezmişəm daha,   

   Gəl günün   

   özündən gün oğurlayaq.  

   Aşaq yaş həddini,   

   ömür həddini,  

   Bircə gün bir başqa   

   ömür yaşayaq.  

     

   Yağışa, küləyə,   

   qara qoşulaq,  

   Çıxaq adiliyin   

   çərçivəsindən...  

    

   (Adi qayğılardan   

   bezmişəm daha)

  

   Sona xanım şeirlər kitabına "Arazbarı" adı verib. İki Arazbarı tanıyıram, biri min illərdi xalqın ruhundan axıb gələn arazbarı ritmik muğamı, o biri isə dahi Üzeyir bəyin Arazbarı simfonik muğamıdır.

  

   Kitabın adı yəqin ki, bu şeirdən gəlir.

    

   Həm varındım,   

   həm yoxundum,  

   Naxış-naxış   

   hey toxundum,  

   Yazılmamışdan oxundum,  

   Param, parça yarı-yarı- "Arazbarı".

  

   (Azazbarı)

    

   Hər ikisini ürəyimlə, ruhumla dinləyirəm Sona xanımın "Arazbari"sını da ruhumla oxudum. Daha doğrusu arazbarı üstündə Arazbarı kitabı ilə dərdləşdim bu dərdləşməni oxucularla bölüşmək sevdasında bulundum.   

   ...Bu kitabın buradan beləsi daha hər bir oxucunun öz ruhu yaşantılarının, durumunun havasıncadı. Buradan belə misraların sayı sonsuzluğa qədər uzana bilər, ya elə oradaca üç nöqtə qoymaq olar... Necə ki, elə biz özümüz buradaca həmin üç nöytəylə fikrimizi tamamlayıb, yenidən "Arazbarı"ya qayıtmaq istəyirik. Qayıdışsa həm etirafdı - yaxşı bir işin, yaxşı bir var olanın etirafı...

 

 

  Dayandur Sevgin

 

  Ədalət.- 2011.- 17 sentyabr.- S. 17.