ŞAİRLƏR VƏTƏNİ
QAZAX TƏRƏFLƏR
ƏDƏBİ HƏYAT
II yazı
XX əsr Azərbaycan
poeziyasında Qazax bölgəsindən çıxan şairlərin
müstəsna yeri var. Gəlin, elə adları sadalayaq: Səməd
Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman
Həsənzadə, Tələt Əyyubov, Vaqif Səmədoğlu,
Mənsur Fəxri, Vaqif Nəsib, Davud Nəsib, Müzəffər
Şükür, Aslan Kəmərli, Nüsrət Kəsəmənli,
Ağamalı Sadiq, Məmməd İlqar, Barat Vüsal, Akif Səməd...
Yazıda digər adlara da müraciət edəcəyəm.
Çünki saymaqla qurtaran deyil.
Bu adlar kifayət edir ki, biz
ümumiyyətlə, "Qazax bölgəsi" ifadəsini
"Azərbaycan"la əvəz edək. Bəli, XX əsr
Azərbaycan poeziyasını bir neçə adsız təsəvvür
etmək mümkün deyil, əlbəttə, başda Səməd
Vurğun olmaqla.
Səməd
Vurğunu-"Azərbaycan poeziyasının südü və
qaymağı, duzu və çörəyi" olan bu
böyük şəxsiyyəti sağlığında dəlicəsinə
sevənlər olub, onun poeziyasını insana lazım olan su,
hava, torpaq, hətta Günəşlə bir tutublar. Əlli
beş ildir ki, Səməd Vurğun yoxdur, amma əlli beş
il nə, bizdən sonrakı əsrlərdə də Azərbaycanı
Səməd Vurğunsuz təsəvvür eləmək
mümkün deyil. Necə ki, Nizamisiz, Füzulisiz, Nəsimisiz,
Sabirsiz...
Nədir bu sirr,
nədir bu möcüzə? Nəsillər dəyişir, yeni
ədəbi zövqlər, baxışlar formalaşır,
elmi-texniki tərəqqi, sivilizasiya, qloballaşma, inteqrasiya,
daha nələr olacaq. Amma nə zamanın küləkləri,
nə dünyanın çarxı Azərbaycan mənəviyyatından
Səməd Vurğunu silib aparmağa gücü
çatmayacaq.
El bilir ki,
sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı
könül candan?
Azərbaycan, Azərbaycan!
Məşhur
"Azərbaycan" şeirini
oxuyandan sonra sənə elə gəlir ki, bu şeiri Səməd
Vurğun yazmayıb, müəllifi elə Xalqdır... Çünki
Xalq dediyimiz kütlə deyil, millətdir, Vətəndir,
dildir. Qırmızı
imperiyanın yetmiş
illik hakimiyyəti dövründə çox
sərvətlərimiz çox
ölkələrə daşındı,
maddi cəhətdən
talan olunduq, amma mənəviyyatımız,
dilimiz yaşadı və onu yaşadan
da Səməd Vurğun kimi şairlərimiz oldu.
Keçən əsrin 90-cı illəri...
Mətbuat səhifələrində
böyük şairlərimizin
ünvanına böhtanlar,
föhşlər yağdırılırdı.
Füzuli, Sabir, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm inkar olunurdu, Səməd Vurğun haqqında yazırdılar
ki, o, sovet şairidir, partiyanı, Lenini, Stalini mədh edib. Bəli, Səməd Vurğun bir mənada sovet şairi idi, o deyilənlər düz idi ki, Leninə,
Stalinə, partiyaya şeirlər həsr etmişdi. Buna inanıb yazırdı və bu inam bəy
oğlu Səməd Vurğunun qanındaydı.
Amma həmin şeirləri Səməd
Vurğunun külliyyatından
kənar etsək, Səməd Vurğun poeziyası öz zirvəsindən bircə addım aşağı enməz.
Səməd Vurğun Azərbaycan poeziyasında məktəb
yaratdı və bu məktəb indi də özünün
yeni tələbələrini
yetişdirir.
Səməd Vurğuna ruhən yaxın olan iki şair var:
biri Osman Sarıvəllidir, o biri Hüseyn Arif.
Osman Sarıvəlli haqqında
düşünəndə gözlərim qarşısında
müdrik bir xalq filosofu gəlir.
O da S.Vurğun kimi Moskvada təhsil
aldı, o da S.Vurğun kimi Bakıda yaşadı, amma onun şeirlərini
oxuyanda elə bilirsən, bu adam hələ də kənddə yaşayır, Çünki
kəndin ruhu canındadır.
Yaşadım çöllərdə on il,
on beş il,
Yağışda,
yağmurda günüm
olmadı.
Dostlar yaxşı bilir, mənə yad deyil,
Çiçəklərin
adı, quşların
adı.
Dumanlı səhərlər, çənli
axşamlar,
Keçəli
çadırlar, yeraltı
damlar
Olduqca məskənim, olduqca yuvam,
Yamaqlı şalvarım, yamaqlı çuxam.
Vüqarlı başımı saldı aşağı,
Çıxdı
gözlərimə qəlbimin
dağı.
Ələmdən,
kədərdən qaça
bilmədim,
Ciyərim həsrətlə alışdı,
yandı.
Könlümü
kimsəyə aça
bilmədim,
Cırıq paltarımdan eşqim utandı.
Hüseyn Arif poeziyasına gəldikdə isə... ona hamı TƏBİƏT
ŞAİRİ deyirdi. Bəli,
H.Arif təbiəti sevirdi. Güllərin, çiçəklərin, lap quşların
dilini bilirdi. Dağ kəllərinin halından xəbər tuturdu. Meşələrin
qırılmağını özünə dərd eləyirdi. Və bu şeirləri oxuduqca adama elə gəlir ki, təbiət bütün varlığı
ilə onun çəlimsiz vücudunda
toplaşmışdı.
Dərədə
moruq dər, döşdə çiyələk,
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək,
Yaşamaq həvəsi şeir deyilmi?
Mənim fikrimcə, əlli yaşlı ustad Səməd Vurğunun 68 yaşlı tələbəsi
Hüseyn Arif öz dahi müəlliminin
vaxt tapıb yazmadığı şeirləri
yazdı, tamamladı.
Səməd Vurğun
Vaqifi diriltdi, heca şeirində novatorluq etdi, Hüseyn Arif də bu ənənəni
bir az da
zənginləşdirdi.
Bir haşiyə: Xalq, sevdiyi sənətkarlar haqqında lətifələr,
əhvalatlar düzəldir.
Səməd Vurğunun
böyüklüyü, insani
keyfiyyətləri, xalqla
ünsiyyəti barədə
çox əhvalatlar danışırlar. Amma kəmiyyətcə Hüseyn
Arifə çatmaz. Hüseyn qağa yumora, məcaza uyğun adam idi. Hətta İsmayıl Şıxlı
kimi çox ciddi bir insan
Hüseyn Ariflə bağlı lətifə və əhvalatları bir yerə toplayıb
kitab çap elətdirdi.
Bu il Xalq şairi Nəriman Həsənzadənin
80 illiyi böyük təntənə ilə qeyd olundu.
Həyatın əzəli qanunu budur,
Bağı dolanarlar bağ bağ olanda.
Hər torpaq dünyada məmləkət olmur,
Parça var, yaşayır bayraq olanda.
Nəriman müəllim haqqında, onun yaradıcılığı
barədə Salatın
Əhmədli ilə birgə kitab yazmışıq: "Şeirimizin
Nərimanı". Son altmış
ilin poeziyasını Nəriman Həsənzadənin
yaradıcılığı olmadan təsəvvür eləmək mümkün
deyil. Onun poeziyası zərif və incə hisslər üzərində
köklənib. Lirik şeir nədir? Sualına cavab axtarmaq lazımsa, heç bir nəzəri kitab oxumaq lazım deyil. Nəriman Həsənzadənin onlarla
şeirini oxuyun, sevin, sevilin, uçun, qanadlanın, yeri gələndə xəyallara dalın.
Əlbəttə,
Azərbaycan poeziyasının
bu görkəmli nümayəndələri haqqında
danışmaq xoşdur,
amma digərlərini də unutmayaq.
Aslan Aslanov.Tanınmış estetik.
Tərcüməçi. Şair.
"Lalələr" şeirin
müəllifi.
Teymur Bünyadov. Akademik. Tanınmış tarixçi,
etnoqraf. Həm də gözəl bayatıların müəllifi:
Ömrə cala,
Ömrümü
ömrə cala.
Bu həyat kimə gərək,
Al canım, ömrə cala.
Havalandı,
Gördü yar, havalandı.
Cumdu eşq dəryasına,
Könlüm də şavalandı.
Ələddin
İncəli. Yaşı
səksəni keçib,
amma yazmaqdan yorulmur. S.Vurğunun "Ceyran" qoşmasından
sonra o da cəsarət ediö
"Ceyran" qoşmasını
yazdı və elə bu şeirinə
görə yaşayacaq
ŞAİR kimi.
Qara Qafqazlı. Qazaxda yaşadı, Qazaxda dünyadan köçdü.
Əyalətdə yaşayan
şairlərin birincilərindən
idi.
Sadiq Qara və Bilal
Qocanı şəxsən
tanıyıram. İkisi
də gözəl şairdir.
Vaqif Nəsib. Dost idik, indi də bu
dostluq davam edir. Şair kimi gəlib ədəbiyyata, amma istedadlı nasir kimi də tanınır.
Vaxtilə unudulmaz şairimiz Rəsul Rza onun şeirlər
kitabına ön söz yazmışdı.
"Vaqif Nəsib yalnız bircə şeir-"Durna günü" şeirini
yazmış olsaydı,
yenə də şair adlanmağa haqqı vardı.
Hər payız
qızıl boyunbağıtək
son baharın boynundan
açılardı
durnalar
İndi hər payız
ömür təqvimimə
bir durna günü gəlir.
Onların başım üstən
Həsrət çala-çala,
lələk sala-sala
keçməsi
yadıma düşür.
Bir də,
Şəhərdən
gəlmiş bir qızın
kəndimizdən
durna kimi
köçməsi
yadıma düşür.
İncədərəsinin
şairləri. Aslan Kəmərli, Ağamalı
Sadiq, Akif Səməd, Məmməd
İlqar, Məhəmməd
Astanbəyli, İbrahim
İlyaslı, Mahmud Vəli,
Rəfail İncəyurd,
Avdı Qoşqar, Məmməd Dəmirçioğlu.
Üç balaca kənddən görün
necə istedadlı şairlər çıxıb.
Qətiyyətlə demək
olar ki, müasir Azərbaycan poeziyasının ərazisində
bu şairlərin məxsusi yeri var. İndi Akif Səməd də yoxdu, Ağamalı Sadiq də, Aslan Kəmərli də. Allah onların ruhunu şad eləsin! Ağamalı Sadiq və Akif
Səməd getdisə
də onların şeirləri kimi ruhları da müasir poeziyada yaşayır. Ağamalı
Sadiqdən ikicə bənd şeir yerinə düşər:
Bu dünyanın
axırına inandım,
Əzəlini gülə-gülə yaşadım.
Yaş keçəndə daşa
dəydi inadım,
Korun-korun, gilə-gilə yaşadım.
Sən əylənmə, aylı
dağda qar azdı,
Mənim yolum Həkəridi, Arazdı,
Görən yazan taleyimə nə yazdı,
Göz yaşımı silə -silə yaşadım.
Müasir şeirimizdə irfani qanadın yeni tərzdə üzə çıxmasında Ağamalının,
Akif Səmədin rolu böyük oldu. İndi bu yolu Məmməd
İlqar, Məmməd
Dəmirçioğlu, Məhəmməd
Astanbəyli, İbrahim
İlyaslı, Şaiq
Vəli davam etdirirlər.
Mən əziz dostum Nüsrət Kəsəmənli
hüznlə yad edirəm.Poeziyamızda sevgi
qolunun ustadına çevrilmişdi. Cavanlar
görüşə çıxanda
onun şeirlərini əzbərləyib yar yanına gedərdilər.
Heyif deyirəm.
Davud Nəsibin də ölümü qəfil oldu.
Barat Vüsal Qazaxda-Yazıçılar Birliyinin
filialına rəhbərlik
edir. Ağzını
açdımı, şeirlə
açır, yumdumu, şeirlə yumur. Orda-Qazaxda Şahinə Könül adlı cavan, istedadlı bir şairə yaşayır. Bir yazımda onun şeirlərini təqdir etmişəm və bu qızın indisindən onun gələcəyi görünür.
Mən Cığatelə,
İslam Turkaya, Saqif Qaratorpağa, Fəridə Ləmana, Vəli Xramçaylıya
(gözəl şairimiz,
dünyasını vaxtsız
tərk etmiş Eldar Nəsiblinin qardaşı) də yaradıcılıq uğurları
arzulayıram.
Bu yazının
sonunu Osman Sarıvəllinin aşağıdakı
misralarıyla bitirmək
istəyirəm:
Aşıq eldən alar öz nəfəsini,
Gəldim eşitməyə elin səsini.
Könlümün
dil açan kəmənçəsini,
Zərif əlləriylə çaldı
bu yerlər.
Vaqif YUSİFLİ
Ədalət.-
2011.- 17 sentyabr.- S. 19.