O GÖRDÜYÜN MİRAJ DEYİL, MİNGƏÇEVİRDİR...

 

  Keçmişlərdə nələr oldu? 

 

   ... Sovet dövlətinin, o böyük imperiyanın gizli-açıq siyasəti həmişə qara rəngə çalmayıb ki! Bu imperiyanın cox da uzun çəkməyən ömründə gözəl, unudulmaz dövrlər, əməllər də az olmayıb. O basqı və qapalılığın daxilində o qədər gerçəkliklər də itib-batdı, əlçatmaz oldu ki...   

   Mingəçevir gölü və Mingəçevir şəhəri də o siyasətin məqsədli təzahürü idi. Məşhur Mingəçevir Su Elektrik Stansiyası qurulub Mingəçevir şəhəri tikildikdən və buralarda çoxlu fabrikzavodlar işə salındıqdan sonra Kür sahilinə Rusiyanın müxtəlif yerlərindən yüzlərlə ailə və toxucu qızlar, qadınlar da köçürüldü.   

   Toxuculuq və digər istiqamətli sənayeni inkişaf etdirməklə yanaşı, burada rusiyalaşmanı da nəzərə almışdılar.   

   Bakı bəs etmirdi, ucqarlarıda düşünürdülər... Mingəçevir yataqxana tipli binaları, "xruşşovkaları" ilə müharibədən sonrakı yeni qurulan Rusiya şəhərlərinin kopiyası idi sanki. Təxminən mənim yaşıdım olan bu şəhərə sonralar heç bir zahiri oxşarlığı olmasa da, Bombey də deyirdilər. Millət o vaxtlar hind filmlərinin əsiri idi və hərdən Bombeyə bənzədilən o qarışıq şəhərin başqa bir sifəti, başqa bir "məşhurluğu" coxlarının şüurunda və danışığında beləcə jarqonlaşaraq sərbəstləşirdi.   

   İndi bu şəhəri "Bombeyə çevirənlər" dağılışıb gediblər öz xarabalarına. O deyimunudulub artıq.

    Çünki Mingəçevir son illər özü də nurlanıb Nur şəhəri adına halallıqla sahiblənib.   

 

   Ana Kürün Şəhəri və Dənizi  

 

   İndi bu şəhər dəniziylə (yerlilər buradakı süni gölə, su anbarına eləcə Dəniz deyirlər), Kürüylə, yaraşıqlı küçələriylə, müasirləşən görkəmiylə şirin bir röya kimidir. Mən yaxın illərdə yazmışdım: "...Bu gözəlliyin başına dolanıb hara gedirsən Ana Kürüm? Bəs bu sevdanın, bu nağılın şəklini necə çəkim?   

   ...Elə buralarda çayın bətnində yaratdığı gözəlliyə Dəniz deyirlər. Və bu həm də Mingəçevir adlı bir nağıldır. Uzaq-uzaq keçmişlərdə deyil bir insan ömrünün və yaddaşının içində boy atan, güllənən, çiçəklənən bir əfsanə və gerçəklikdir həm də. Ana Kürün ən şirin taleyi, qisməti də bundadır. Qucağında mas-mavi bir dəniz, xəyal kimi bir şəhər..."   

   Mingəçevir şəhərinin son illər daha da sürətli yüksəlişi, modernləşməsi insanlara sevinc bəxş edir. Dövlət qayğısına cavab olaraq şəhər rəhbərliyi və ictimaiyyət yeni-yeni uğurlar sorağında əzmkarlıq göstərirlər. Bütün bunlar həm də nədən irəli gəlir? Son illər şəhərdə təbii işgüzarlıq və səmimiyyət hökm sürür.   

   Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev hər gün camaatla bir yerdə olur, bir cox məsələləri məsləhətləşir, ən optimal variantlar əsas götürülür.   

   Sakinlərin, bütövlükdə şəhərin mənafeyi geniş müzakirə olunur. Sakinlər aparılan işlərin ardıcıllığını və yeni uğurlara daşıyan perspektivləri tam aydınlığı ilə görür və ruhlanırlar.   

   Bütün bu məsələlər barədə biz şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Sahib müəllimlə söhbətimiz zamanı bir daha müqayisələr aparıb, keçmiş illəri də xatırladıq. Təcrübəli aparat işçisinin yaddaşında Mingəçevir reallıqları aydın şəkildə yaşanmaqdadır.   

   Təbii ki, təkcə Mingəçevir şəhərinin deyil, respublikamızın bütün regionlarında diqqət çəkən inkişafın, yüksəlişin ən vacib şərti dövlətimizin siyasətidir.   

   İyul ayında Nazirlər Kabinetində ilin birinci yarısının yekunlarına həsr edilmiş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev giriş nitqində qeyd etdiyi kimi ölkənin ötən altı ayda ümumi inkişafı cox uğurludinamik davam etmişdir.   

   İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişilk dəfə olaraq dövlət büdcəsi 20 milyard dollara çatmışdır.   

   İclasda xüsusi vurğulanmışdır ki, sosial məsələlərin həlli həmişəki kimi diqqət mərkəzində olmuşdur.  

   

  

   Bütün istiqamətlərdə inkişaf  

 

   Ölkənin bütün regionlarında olduğu kimi, Mingəçevir şəhərində də dövlət qayğısı nəticəsində son üç ildə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin dinamik inkişafı davam etmişdir.  

   Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 3.5% artaraq 121 milyon manat, sənaye məhsulu istehsalı 33% artaraq 76 milyon manat təşkil etmişdir.

   İlin əvvəlindən əsas kapitala 134 milyon manat vəsait yönəldilmiş, tikinti-quraşdırma işlərinə 16.6 milyon manat vəsait xərclənmiş, nəqliyyat və rabitə sahəsində 1.8 milyon manatlıq xidmət göstərilmiş, istehlak bazarında 90 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.  

   Şəhər üzrə məşğul əhalinin orta aylıq əmək haqqı qabaqkı ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 218 manat olmuşdur.  

   O cümlədən, sənaye müəssisələri üzrə orta aylıq əmək haqqı 23% artaraq 343 manat, elektroenergetika müəssisələri üzrə 17% artaraq 472 manat təşkil etmişdir. Təhsil sahəsində bu artım 8%, səhiyyədə 12%, tikintidə 16%, nəqliyyatda 18% təşkil etmişdir.   

 

 Dövlət proqramının icrası

 

Ötən 6 ayda regionların inkişafı ilə bağlı Dövlət Proqramının Mingəçevir şəhərinə aid bəndləri ardıcıllıqla icra olunmuşdur. İlin əvvəlindən görülən işlərin nəticəsində müxtəlif sahələrdə 426 iş yeri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ildən sonra keçən dövr ərzində Mingəçevir şəhərində 8 min daimi iş yerləri yaradılmışdır.  

Şəhərin kommunal müəssisələri əhaliyə göstərdikləri xidmətlərlə yanaşı, aparılan abadlıq və quruculuq işlərində də yaxından iştirak etmişlər.

  

 

(ardı gələn sayımızda)

 

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 22 sentyabr.- S.3.