Rasim Balayev: "Bu gün o filmləri çəkən oğullar yoxdur"

 

  Azərbaycanın xalq artisti, kino tariximizdə Babək, Nəsimi kimi tarixi obrazlar yaratmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi Rasim Balayev APA-ya müsahibə verib. Aktyor müsahibəsində Azərbaycan kino sənayesinin hazırkı durumunu bu sözlə izah edib: "İndi, ümumiyyətlə bizim barıtımız yoxdur"...   

   - Rasim müəllim, bir müddət əvvəl cərrahiyyə əməliyyatı olundunuz. Hazırda səhhətiniz necədir?   

   - Şükür, babatam. Yavaş-yavaş işə çıxıram. Təki canım sağlam olsun, filmlərə çəkilmək istəyirəm.   

   - İşləriniz necə gedir? Ümumiyyətlə, iş varmı?   

   - Nə deyim. Kinematoqrafçılar İttifaqının işi demək olar ki, tam pozulub, çünki maliyyə ayrılması üçün uzun müddət aidiyyəti qurumlara müraciət etdik və heç bir müsbət cavab almadıq. Hələlik elə-belə oturmuşuq burda... Aradabir filmə çəkilirəm, deyəsən indi də çəkmək istəyirlər. Bir də görürsünüz deyirlər çəkilişlər var, sonra plan dəyişilir.   

   - Siz kinoda əsasən tarixi obrazlar yaratmısınız. Deyəsən, axtarırlar, tapmırlar, sonra yenə Sizə müraciət edirlər...   

   - Vallah nə deyim, yəqin aktyor tapa bilmirlər və sonra yenidən mənə müraciət edirlər. Axtarırlar ki, "daha bu olmasın", sonra görürlər tapa bilmirlər yenidən mənə müraciət edirlər.   

   - Azərbaycanda kino sahəsində artıq beynəlxalq şəkildə baş tutan "Şərq - Qərb" kinofestivalı da iki ildir keçirilmir.   

   - Bəli, iki ildir artıqdır ki, yeganə beynəlxalq kino festivalımız keçirilmir. "Şərq-Qərb" festivalına insanlar artıq vərdiş eləmişdi. 2000-ci ildən etibarən bu festival Heydər Əliyevin sərəncamı ilə ənənəvi keçirildi. İki il bundan əvvələ kimi az-çox pul ayrılırdı, amma sonradan pul ayrılmadı. Deyirlər, guya "Nizami" kinoteatrı hazır olduqdan sonra festival mərkəzi olacaq və festival orada keçiriləcək. Amma o vaxta kimi də keçirmək olardı. Bu ənənəni pozduq. İndi də tamaşaçılar görürlər ki, artıq festival keçirilmir və unudulub gedir. Unudulur... Arabir düşünürəm ki, mən bu gün sağam, amma unuduluram. Əmin edə bilərəm ki, Azərbaycanda Rəşid Behbudov və Leyla Bədirbəylidən məşhur adam olmayıb, amma unudulub... Bu gün Leyla Bədirbəylini yeni gənclik tanımır, Rəşid Behbudovu tanıyan bizim nəsildir. Amma bu gün onlar haqqında arabir veriliş verilir, vəssalam. Biz unutqan millətik. Ümumiyyətlə, unutqanlığa meylliyik. Bəzi sənətkarlar, yazıçılar onlar da öz övladlarının, qohum-əqrəbasının hesabına anılır. Bu gün Vaqif Səmədoğlu olmasa Səməd Vurğundan, Anar olmasa Rəsul Rzadan danışmazlar. Vəziyyət bu həddə gəlib çatıb. Keçmişdə isə bunun üçün bir şöbə var idi, bu işləri qaydaya salırdılar, tapşırıq verirdilər. Özümə qarşı xalqın sevgisini hiss edirəm, amma bəzi nəslin yadından çıxmışam. Axı bu tökülmüş eyni sifətləri televiziya efirlərində nə qədər göstərmək olar? Əşi, çıxın gedin, bir az istirahət edək. 20 gün, 1 ay görünməyin, sonra göz muncuğu kimi yenə gələrsiniz. Şəxsən mən Azərbaycan televiziyalarında "Xəbərlər"dən başqa heç nəyə baxmıram. Tək evlənmək deyil e, bizim problemimiz? Nə qədər mətbəx verilişi olar? Elə səviyyəsiz söhbətlər edirlər ki, dəhşətdir.   

   - Bəlkə Kinematoqrafçılar İttifaqının, "Şərq-Qərb" Kinofestivalı ətrafında yaranan problemin kökündə bu işə Rüstəm İbrahimbəyovun rəhbərlik etməsi dayanır? Məhz Rüstəm müəllimə olan hazırkı münasibətdən doğur bütün bunlar?   

   - Bəlkə də... Əslində mən də belə düşünürəm, amma belə münasibət olmaz. Axı burada bir Rüstəm deyil, o sədrdir, buranın 260 üzvü var. Bir adama münasibətə görə, böyük bir idarəyə belə münasibət göstərilməsi şəxsən mənə çatmır. İnanın, Kinematoqrafçılar İttifaqının son illərdə o qədər şaxəli fəaliyyəti olub ki, hətta rəssamların, bəstəkarların rəhbərləri gəlirdi və bizə həsəd aparırdılar. Rəhmətlik Vasif Adıgözəlov deyirdi ki, "sizdə olan səmimiyyət, mehribançılıq bizdə yoxdur". Və bu da son...Heç mübarizə də aparmırıq. Biz müəyyən həqiqətləri dedik, xahiş elədik, reaksiya olmadı. İndi mən aidiyyəti təşkilatları məcbur edə bilmərəm ki. Bu könüllü ictimai qurumdur və fəaliyyəti üçün az miqdarda maliyyə yardımı lazımdır.   

   - Əgər bu cür münasibət mövcuddursa, Sizi bura gəlməyə nə vadar edir?   

   - Kinoya olan məhəbbət amili də var. Eyni zamanda bura ünsiyyət üçün ümumi bir evdir. Mən istərdim ki, bu evimiz dağılmasın, fəaliyyətini davam etdirsin. Ola bilər ki, sabah I katib kimi burada olmayım, amma buranın üzvü kimi yenə də bura gəlmək istəyirəm. Hərə qapılıb öz evində otursa, onda necə olacaq? Əgər mən xaricdəki kimi bir filmdəki baş rola 1 milyon alsaydım, o zaman 10 faizini bu ittifaqın fəaliyyətinə yatırardım. Amma biz elə pul almırıq. Bu gün vaxtilə kinoya ömrünü fəda edən, hazırda evində xəstə yatan adamlar var, hamısı unudulub. Vaxtilə biz onlara kömək edirdik, lazımi dərmanları alırdıq, ad günlərini keçirdik. Bu gün heç bunu da edə bilmirik.   

   - Rasim müəllim, hər il ənənəvi olaraq Azərbaycan kinosuna dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrılır. Sizcə o pul hara xərclənir?   

   - Görürsünüz, bu sualı mənə verirsiniz. Filmlər çəkilir, ən böyük dərdlərimizdən biri prokat dərdidir. Bəzən məndən də soruşurlar: "Siz film çəkmirsiniz?". Deyirəm çəkirik, il ərzində dörd, üç, bəzən iki film çəkilir. Bəs hanı bunlar? Müəyyən filmləri bir-iki dəfə Heydər Əliyev Sarayında, bir də ittifaqda 100 nəfər üçün göstərirdilər, vəssalam. Sonra hansısa kanalda bir dəfə göstərərlər, ya yox. Atılıb qalır elə orda və kinolar həyat görmür. İstehlakçı yoxdursa o zaman bu kinonu niyə istehsal edirik? Kinoteatrımız yoxdur. Bir dənə "Azərbaycan" kinoteatrıdır, orda da ancaq Amerika filmləri göstərilir. Ola bilsin, keyfiyyətsiz filmlər var, amma axı bunların arasında baxımlı filmlər də var. Demirəm Amerika səviyyəsindədir, amma bir dəfə baxmağa dəyən filmlərdir. Bəli, tamaşaçını qaçırtmışıq. Bu da böyük bir problemdir. Bu gün kino işçisinin ən çətin vaxtlarından biridir və problem ondadır ki, tamaşaçı 30 il əvvəlki tamaşaçı deyil. Bu gün tamaşaçını ələ almaq üçün bütün fürsətlər var. Gərək elə film çəkəsən ki, tamaşaçı da gedib baxsın və desin ki, buna yalnız kinoteatrda baxa bilərəm. Bu gün o filmləri çəkən oğullar yoxdur! Çəkirlər, biri o birindən yaxşı, bir az pis, amma təəccübə səbəb olan filmlər yoxdur. Dünyada bu gün kinoteatr sahəsi tamamilə başqa sistemlə işləyir. Biz hələ buna başlamamışıq, başlaya bilmirik. Bunun üçün hələ vaxt lazımdır.   

   - Düşünürəm ki, bu gün "Babək" və ya "Nəsimi" filmi kinoteatrda nümayiş olunsa, ora az-çox tamaşaçı gələcək, amma "Cavid ömrü" filminə heç gəlməyəcək...  

   - Nə deyim Vallah, çətin məsələdir. "Cavid ömrü" sənədli, xronikal bədii filmdir. Keçmişdə çəkilən filmlərdə - hətta bədii cəhətdən zəif olsa belə, bir səmimiyyət, bir fikir, ideya vardı. Bu gün o yoxdur. Bu gün bir filmə baxırsan sona kimi də anlaya bilmirsən - axı burada nə demək istənilir? Yəni, kor-koranə xarici filmləri təqlid etməklə bir yerə çıxa bilmərik. Bizim özümüzə uyğun kinolarımız olmalıdır. Təbii ki, bizim film İtaliya, Fransa filmlərindən fərqlənməlidir. Sadəcə xarici görkəmimizə görə yox, baxışda da fərq olmalıdır. Bu gün elə kino çəkməliyik ki, onu dünya bazarına çıxara bilək. Baxırlar, almırlar. Bu da başqa bir problemdir. Amma bu tək kinoda deyil, elə bizim mədəniyyətdə də, musiqidə də var. Görün Azərbaycan musiqisini nə günə qoyublar. Hansı kanalı açırsan meyxana göstərirlər. Nə meyxanadır bu, nədir bu? Adam məəttəl qalır. Vaxtilə bizim mədəniyyəti - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun musiqiləri tanıtdırdığı halda, bu gün meyxana, ucuz - ucuz sözləri olan bayağı musiqilər tanıtdırır və bunu da efirə buraxırlar. Özbaşınalıq baş alıb gedir. Yeni nəslin zövqünü korlayırlar. Çox problemlər var. Vaxtilə biz senzuranın əleyhinə idik, amma bu gün onun əsl vaxtıdır. Bu gün efir "proxodnoy dvor"dur. Belə xaos olmaz axı. Konkret tələb qoyulmalıdır - bu adamı efirə çıxarmaq olmaz!   

   - "Cavid ömrü" filminə hər tamaşa edəndə düşünürəm ki, Rasim müəllim ya məcbur olub bu filmə çəkilib, ya da tərəf müqabilləri onu qane etmədiyi üçün həvəssiz çəkilib. Filmdə canlandırdığınız Hüseyn Cavid rolunuzdan özünüz razısınız?  

   - Həvəssiz sözü doğru olmazdı, mən epizodik rolu belə həvəslə ifa edirəm. Cavid obrazını əgər mən orda yaxşı canlandıra bilməmişəmsə, bu mənim çatışmayan cəhətimdir. Sadəcə nə yazılıbsa, necə yazılıbsa mən onu çalışmışam ki, bir aktyor kimi ifa edim. Bəlkə filmin janrı elədir ki, belə alınıb. Film boyu Cavid yaradıcılığını göstərməyə çalışırlar, bu da ola bilsin kinoya tamaşaçını cəlb edə bilmir. Dəfələrlə gürcülərə sual vermişəm ki, Şote Rustavelli haqqında niyə film çəkmirsiniz? Deyiblər ki, Şote Rustavelli bizim üçün əlçatmaz bir insandır və əgər bir aktyor çıxıb döşünə döysə ki, mən bu rola layiqəm, onda çəkərik.   

   - Filmin ssenarisinə nəzərdə yetirəndə zəif olduğunu hiss etmədiniz?   

   - Filmdə süjet bir xətt üzrə gedəndə tamaşaçını yorur. Bu yaxınlarda rusların çəkdiyi "Dostayevski" filminə baxdım. Mironov oynayıb o rolu. Filmdə Dostayevski həyatdakı kimi göstərilib. O, qumar oynayır, pis vəziyyətə düşür, çıxılmaz vəziyyətdə qalır. Bunun əsərlərini almırlar, özünü ora çırpır, bura çırpır. Qumarda uduzur, sevir, hirslənir, ağlayır. Axı bu insandır. Biz axı həmişə eyni əhval-ruhiyyədə olmuruq. İstəyirəm ki, bir obrazı oynayanda onun hətta naqis hərəkətlərini də göstərim. Bizdə isə bir növ tanınmışlar bütləşdirilir. Cavid zarafat edə bilməz, ciddi olmalıdır. Bax, məsələ budur.   

   - Siz, Azərbaycan xalqının çox sevdiyi və inandığı aktyorsunuz. Bu statusa malik olan biri kimi Azərbaycan kinosunun inkişafı ilə bağlı təklifləriniz olubmu?   

   - Bunu təvazökarlıq olsun deyə demirəm, düşünürdüm ki, müəyyən sözümü demişəm, amma əsl sözümü deyə bilməmişəm. Çox təəssüf ki, gözləyirəm və əsl sözümü deməyə bir şey yoxdur. Əvvəllər məndə seçim imkanı çox idi, iki-üç ssenari təklif olunurdu və onların arasından özümə daha yaxınına razılıq verirdim. Amma indi görürəm ki, seçim edə bilmirəm və istər-istəməz nostalji hisslərə görə, çəkiliş üçün darıxdığıma görə, razı oluram. İçimdə isə o rol mənim xoşuma gəlmir, nəyinsə naminə, bəlkə qonorarın naminə... Amma zaman vardı ki, buna razı olmurdum. Bax belə vəziyyətdir. Əsas məsələlərə müdaxilə edə bilmirik. Çox addım atmışam, amma həmişə ironiya ilə qarşılanmışam. Deyiblər ki, əşi, qoy danışsın, bu, köhnə fikirli adamdır. Yəni bu məsələləri həll edən adamlar çıxışlarımı "it hürər, karvan keçər" prizmasından dəyərləndirirlər.

   - Deyirsiniz, bu işdə adı olan qurumlar məsuliyyətli olsalar, Hollivvud səviyyəli film çəkə bilərik?   

   - Yox, Hollivuddan danışmağa dəyməz belə. Əlbəttə ki, yox.   

   - Niyə Qazaxıstan çəkir, Azərbaycan isə yox?   

   - Çünki Qazaxıstanda bu məsələ ilə aidiyyəti təşkilatlar maraqlanır, adamları gətirir, pul verir. Biz də bunu edə bilərik.   

   - Biz də Jerar Departyeni gətirdik və vədlərini dinlədik.   

   - Jerar Departye kimdir ki. Rüstəm İbrahimbəyov kimi sənətkarımızı Qazaxıstana çağırıb film çəkirlər, burdan-bura onu qoyub gör biz kimi gətiririk. Hələlik sağdır, biz bilmirik o kimdir, amma sonra gec olacaq. O azad sənətkardır. Hər hansısa bir fikrinə görə bunu etmək doğru deyil. Təbii ki, bu gün mən kənd təsərrüfatı haqqında danışa bilmərəm. Kinoda olan proseslərin içindəyəm və problemləri sadaladım. Bu durumda kino sahəsində uğur qazanmaq mümkün deyil. Gözləyək...  

   - Nə qədər?   

   - Çətin sualdır. Bəlkə də, ömür boyu.  

   - Bəs, bizim aktyorları nə səbəbə xarici filmlərə dəvət etmirlər?   

   - Aktyor gərək filmlərdə elə gözəl rollar oynasın ki, onu görən adam desin ki, "bu nə gözəl aktyordur, nə gözəl oynayır". Belə işlər yoxdur axı, kimsə də bizə həsəd aparsın. Əvvəllər Sovet vaxtı mənim filmimə baxırdılar, Özbəkistana, Tacikistana dəvət edirdilər.  

   - 4 il bundan əvvəl Sizinlə söhbətimizdə kino haqqında daha ümidverici danışdırdınız. Bu gün isə elə bil ümidləriniz sönüb.   

   - Həvəsli, ümidli nədən danışım? Deyirlər, ümid sonda ölür, amma əsaslı dəyişiklik olmasa, bilmirəm daha nə olacaq. Bu işlə çox ciddi məşğul olmaq lazımdır. Pis-yaxşı müəyyən ənənələrimiz var idi, onu qorumaq lazımdır.   

   - Bu gün Azərbaycanda güclü rejissor olaraq kimin adını çəkə bilərsiniz?   

   - İstəmirəm ad çəkim, çünki birinin adını çəksəm, o biri qalacaq. Film çəkmək qabiliyyəti olan adamlar var, amma onlar "ofsayt"da qalıblar, onlara film vermirlər. Hüseyn Mehdiyevə film vermirlər, niyə? İspaniyada onun filmi birinci yeri tutub, çox gözəl filmləri var. Axı şəxsi münasibətləri sənətə aid etmək olmaz. Kiminsə kimdənsə xoşu gəlmir, onu filmə yaxın buraxmır. Nə qədər məndən zəhlən getsə də, axı sən bilməlisən ki, bu rol Rasimindir. Sən bilməlisən ki, bu filmi Hüseyn Mehdiyev çəkə bilər.   

   - Deməli, bir bəla da odur ki, kino sahəsində şəxsi münasibətlərə istedaddan daha çox önəm verilir.   

   - Hə, bir adamdan xoşları gəlmir, hamılıqla birgə deyirlər "ona film vermək olmaz, onun ssenarisini qəbul etməyin". Niyə? Bu müxalifətçidir, nə bilim nə.   

   - "Azərbaycanfilm" kinostudiyasının əsaslı təmiri ilə bağlı layihələndirmə üçün müqavilə imzalanacağı gözlənilir. Sizcə, kinostudiyaya əsaslı təmir olunsa, hər şey həllini tapacaq?   

   - Bu gün kinostudiyanın texniki bazası bərbad vəziyyətdədir. Amma mən ondan əvvəl kinostudiyanın yaradıcı potensialı haqqında fikirləşərdim. İnanın, balaca bir ofis tutub yaxşı film çəkmək olar. Yəni, kinostudiya boyda sahəsi olmasın, balaca bir yer olsun. Onsuz da kinostudiyanın da sahəsində ev tikirlər, bir azdan kinostudiyanı sökəcəklər və deyəcəklər "nəyə lazımdır, burada yaxşı, hündür evlər tikmək olar". Bax dediyim həmin balaca yerə üç-dörd nəfər yaradıcı, istedadlı adam yığıb yaxşı film çəkmək olar. Yəni, binanın möhtəşəmliyi o qədər də vacib deyil. Amma o da lazımdır, hər halda yeni aparaturalar lazımdır. Hazırda kinostudiyada 70-ci illərdə Heydər Əliyevin tapşırığı ilə alınan texnikadır, hələ işləyir. Amma görün necə yeni aparaturalar çıxıb. Bunların hamısı effektlərdir, əsas yaradıcı fikir olmalıdır. O da yoxdur. Bax budur dərdimiz. Loru dildə deyim - çiti gətirib deyirsən ki, bundan mənə qəşəng kostyum tik. Bu çitdir də, axı bundan nə kostyum çıxacaq?  

   - Azərbaycan kinosunda öz dəsti-xətti ilə seçilən Rasim Balayevin yaradıcılığı dövründə ən bahalı rolu hansı olub?   

   - Elə azdır ki, deməyə belə utanıram. Mən Amerika, Avropa aktyorlarının aldığı qonorarlardan danışmıram, hələ Allahın Rusiyasında filmə çəkilən bir aktyor özünə ev, maşın da alır, hələ özünə çox gözəl yaşayış qurur. Söhbət 100 min dollardan gedir. Bizdə isə baş rol üçün 2, 3, ən uzağı 5 min verirlər. Elə tarixən belə olub. Hər zaman deyirəm, çox şeylərdə Rusiyanı təqlid edirik, elə bu məsələdə də təqlid edək də, nə olar?   

   - Heç qonorar davası eləməmisiniz?   

   - Çox vaxt eləməmişəm, amma indi məcbur edirlər, az qalıram dava edəm. Elə səviyyəyə çatdırırlar ki, artıq variantım qalmır. Ağlasığmaz şeylər edirlər və çıxılmaz vəziyyətdə qalıram. İnsafınız olsun... Özləri məcbur edirlər ki, mübahisə edim. Bugünkü kinonun vəziyyətinə uyğun bir əhvalat yadıma düşdü: "Bir ölkənin padşahı ara-sıra əyalətlərə gedir, hər gedişində bunun şərəfinə yayılım atəşləri açılır. Bir əyalətə gedir, orda yayılım atəşi açılmır və şah dilxor olur ki, deyəsən burada onu artıq istəmirlər. Deyirlər yox şahımız, elə şey yoxdur. Şah maraqlanır ki, bəs niyə yayılım atəşi açılmadı? Deyirlər bunun 40 səbəbi var. Birincisi barıtımız yoxdur, şah deyir saxla 39 səbəb lazım deyil!" İndi, ümumiyyətlə bizim barıtımız yoxdur...

 

 

   Ədalət.- 2011.- 24 sentyabr.- S.18.