Muğan tərəflər
Hekayə
Muğan tərəflərin zəmiləri
yamyaşıl vaxtlarında sarımtıla çalır,
sapsarı vaxtlarında - yaşılımtıla.
Yaşılına qoyun-quzu daraşır, sarısına -
quşlar.
Yayda istidən peçə dönər,
içində də alovu - qızıl ilanları.
Sürücü babayam, günəbaxan
rəngli avtobusumun sayəsində də bu yerləri beş
barmağım kimi tanıyıram. Muğan camaatına Allah bərəkət
versin; onların hesabına bir tikə çörəyim olur,
uşaqlarımın əyin-başını
vaxtlı-vaxtında təzələyə bilirəm.
Muğanın qadınları
yağışlarda çətir tutmaz; nədənsə,
bunu ar bilərlər. Ancaq soyuqda-sazaqda ərləri, ya
oğlanlarının pencək-paltosunu geyməkdən də
çəkinməzlər.
Kişiləri gələcəkdən-gedəcəkdən,
comərdlikdən-namərdlikdən söhbətləşə-söhbətləşə
uzun rayon yolunu qısa eləyərlər.
Ərəb kəndində hər səhər
məni sanepidstansiyanın boynu ala-bula feldşeri gözləyir.
Özünü oranın həkimlərinə oxşadıb
qalstuk taxar. Əlində də dürmələnmiş
"vaxtöldürən"; qəzetə belə deyir.
Rayondakı köşkdən götürdüyü bir qəzeti
üç-dörd günə oxuyur. Bacardıqca
yaxınımda yer seçər.
- Qədim, bu zəhrimarı necə
atım? - olur ki, tüstülətdiyim siqaretə işarəylə
ondan soruşuram.
- Bir əlinlə onu
damağından götür, o biri əlinlə
şüşəni sal, at.
- Sağ ol, axır sən də məni
doladın.
- Dolayan sənin gününə
düşsün.
- Yəni siqaret
fısqırtsın?
- Bə yox, malyariyaya tutulsun?
- Məncə, öskürəyim-zadım
hamısı bundandır.
- Elə demə, öskürək
kişinin yaraşığıdır.
Qədim hər qış
ora-burası sürtülüb ağarmış, boynunun
işıltılı süni xəzi didilib keçəlləşmiş
paltoda camaat arasına çıxar. Neçə illərdi də
gözlərimi yağır eləyib, o qədər
çiyrinmişəm ki, indi elə birisini, ya o biçimdə
paltonun təzəsini nəinki alar, hətta havayı verələr,
istəmərəm.
Qışın siftələrində
Qədim həzin-həzin əyninin xəcalətini çəkər
- avtobusda da məndən uzaq oturar. Amma elə ki öyrəşdi,
yenə yaxınıma gələcək; onun da canında mənimlə
söhbət azarı var. Zarafatdan inciməz.
Qədim builki qışda gələn
qışın planını cızar. Üzümüzə
gələn yay məzuniyyətə çıxmasa
(çıxıb işləsə), gələn
qışın palto işi düzələr, deyir. Hələ
sonra bir il də məzuniyyətə çıxmaz
(çıxıb işləyər), onda kostyumunu təzələdər.
Məzuniyyətə
çıxmamağı onun əlavə qazanc yeri idi.
Bayramqabağı eyvanlara rəngbərəng
xalçalar, kilimlər sərilir: qoy həm yel-hava dəysin,
həm də istəyən görüb şadlansın, istəməyənin
gözünə tikan olub batsın.
Ya həyətlərdə
qızlar analarıyla diz-dizə yun didər,
yorğan-döşək sırıyar.
İmtahan ayında oğlan
uşaqları inək-camışa əllərində kitabla
gedər.
Təzəcə qaldırılan,
tirlərinə qırmızı kəlağayı, ya vam
havada belə dalğalanan rəngbərəng lentlər
bağlanmış, taxta ətri saçan evlərin kəlləsinə
quş kimi qonmuş ustaları görəndə, sevincdən
uçunuram. Ya birdən həyətlərin hansındasa təzə
paltarlı adamlar gözümə sataşanda, deyirəm, hə,
bu evə qonaq gəlib. Onda kefim saz olur,
"necəsən" soruşana "dəf
kimiyəm" deyirəm.
Kim harda
sevinsə, bu mənə də aiddir.
Ancaq Şərəfədə Abuzərin imarəti həndəvərindən ötəndə,
avtobusum balaca uşaq maşınına
dönür; onun günəbaxan sarısı
imarətin kölgəsindən
tutqunlaşır. Hərdən qorxuram da bu
kölgə ləkə
kimi maşından getməyə. Qışdan
soyuq və zillətli, gecədən zülmət bu kölgəni dünyanın
heç yerində görməzsən! Orda mən
tilsimə düşür,
dönüb böcək
olur, daş hasarın əyrisi boyu sürünürəm.
İşığa çıxanda, bir
dərin nəfəs alıb, Qədimə baxır, çönüb
avtobusdakı Muğan
əhlini süzürəm.
Ürəyimə su səpilir
elə bil. Həm də axı, görürəm yox, burda mən
beş kişidən
biriyəm.
Kəndin heç bir
evi imarətin qabağını tuta bilməz, amma bu, hamısının qabağını qara pərdə kimi kəsir. İraq-iraq, onun bir üzündə dursan, kəndin tən yarısı yoxa çıxacaq. Hasarının dibində də həmişə quş meyiti görərsən; onlar binanı aşmaq istəyəndə
qanadı yorulan, ya nazik qılçaları
iti tinlərə dəyib sınanlardır.
Quşlar göydən yerə
xırda daşlar kimi düşür.
İmarətin kəlləsinə təkcə quşlar yox ki - bəlkə
təyyarə də ilişər. Bir dəfə
entomoloji vertolyot ilişmişdi; kimyəvi
toz Abuzərin imarətini ağappaq eləmişdi.
Abuzər imarətin qar-yağış
tutmayan üst yarısında dincələr.
Qar-yağış aşağıda yağar, payız-qış
aşağıda qalar.
Üstdə daim yaz-yay olur. Yazla yay payızla
qışın üstündədir.
Bir də gördün, Abuzər işə getmək üçün
yaydan düşdü
qışa. O, aşağı
yağan qar-yağışa
üstdən baxmağı
xoşlayandır; onda
qar-yağışın üstü
gümüşü meydançaya
bənzəyir.
Rayon mərkəzinə
girib bir az da irəli getsən, sol əldə ikimərtəbəli
məhkəmə binasını
görəcəksən. Pəncərələrinin aşağı yarısı
narıncı büzmə
pərdəli; güldanlar
sanki gülü əlində tutub bayırdakılara göstərir.
Hərdən onun qabağında
iynə atsan, yerə düşməz.
Məhkəmədə tilsimlər sınır.
Gələcəkdə tilsimlərin hamısı
sınacaq, deyirlər.
Yalansa da, düz olsun.
Ancaq ürəyimə damıb, üstəlik, qorxuram da ki,
Qədimin ömür-billah
təzə paltosu, təzə kostyumu olmaya. Beləcə, alışa bilməyən yaş ağac kimi tüstülənib-tüstülənib sönə.
Rafiq Tağı
Ədalət.- 2011.- 24 sentyabr.- S.10.