BİR İLDƏN SONRAKI GÖRÜŞ

 

  Hər gün gözəlləşən Şabran

 

  Çox məşhur bir şeir var və həmin məşhur şeirin müəllifi də Azərbaycan poeziyasında cənubla bağlı Təbriz həsrəti ilə dolu fikirlərin, duyğuların və gözəl qəzəllərin müəllifi olan Süleyman Rüstəmdi. Xalq şairi Süleyman Rüstəm Azərbaycana sevgilərlə dolu şeirlərindən biri olan həmin o poeziya nümunəsində yazırdı:  

  

   Cənnət görmək istəyən   

   Azərbaycana gəlsin!

 

   Bəli, bu gün kimlərsə gözəl şeirə populist don da geyindirə bilər. Ammaolur olsun, Azərbaycanın təkcə coğrafi, ekolojitarixi gözəlliyi bu şeirin yaranması üçün kifayət qədər ilham mənbəyi ola bilər. Və təbii ki, Süleyman Rüstəm də çox böyük ilham sahibi olduğundan o, Azərbaycanın hər bir uğurundan, hər bir ağacından, hər bir daşından, hər bir bulağından, bütövlükdə onun varlığından bəhrələnmək iqtidarında idi. Elə ona görə də Süleyman Rüstəmin ürək atlandıran, könül coşduran misraları bu gün Azərbaycana açıq gözlə, böyük ürəklə baxan hər bir kəsi ruhlandırır və gerçəkliyə az qala etiqad etməyə, baş əyməyə çağırır.   

   Son vaxtlar Azərbaycanın müəyyən guşələrini yenidən gəzmək imkanı qazandım. Həmin səfərlərimin biriŞabrana oldu.   

   Daha doğrusu, şimal bölgəsində hərbi xidmətdə olan dostlardan birinin övladına baş çəkməyə getmişdik. Bu fürsətdən istifadə edib Şabranı da gəzdik. Əyləşib sakit bir guşədə bir stəkan pürrəngi çay da içdik. Ətrafdakı payız nəfəsi, adamların üz-gözündən tökülən qayğı dolu işgüzarlıq məni özünə çəkdi. Qarşımıza çay gətirən oğlana maraqlarımdan çıxış edərək bir neçə sual ünvanladım. Öncə mənə diqqətlə baxan bu cavan oğlan cavab verməkdən yayınmaq istədi. Amma sadəcə dilxoşluq etmədiyimi, əksinə, həqiqətən maraqlandığımı anlayıb sonra həvəslə mənimlə həmsöhbətə çevrildi.

   - Bir il öncə keçmişəm bu yoldan. Onda da bu çayxanada əyləşib çay içmişik. Amma Şabranda əməlli-başlı dəyişikliklər edilib.   

   - Doğru deyirsiniz müəllim. Ötən illərdə rayonumuzda xeyli kəm-kəsir, xüsusilə şəhərin ortasından keçən magistral yolun tıxac yükü bizi lap cana yığmışdı. İri tonlajlı maşınların motor gurultuları, qopartdıqları tozanaqlar əməlli-başlı əsəb gərginliyi yaratmışdı.   

   İndi şükürlər olsun ki, artıq Quba, Nabran və digər istiqamətlərə gedən maşınlar şəhərin kənarından çəkilmiş əsas magistralla hərəkət edirlər. Yəqin gələndə fikir vermisiniz, çox möhtəşəm bir yol çəkilib. Ona görə də bizim şəhərin də nəfəsi genəlib. Artıq şəhər daxilindəki yollar da asfaltlanıb, səkilər səliqəyə salınıb, abadlıq ürək açır.  

   - Doğrudan da xeyli dəyişikliklər var. Mən diqqət verdim, yeni tikintilər çoxdu. Özü təkcə sosial obyektlər yox, elə mənzillər , evlər kifayət qədər tikilir.  

   - Doğru buyurursunuz, rayonumuzun başçısı demək olar ki, hər gün şəhərdə aparılan quruculuq işlərinə şəxsən baş çəkir, diqqət yetirir. Rayonun tarixinə, onun coğrafi quruluşuna, görkəminə uyğun gəlməyən, hətta bu görkəmi qüsurlu göstərən varsa, onların yenidən sökülüb-tikilməsinə, qurulmasına tapşırıqlar verir, göstərişlərinin icrasını nəzarətdə saxlayır. Aşkarca görünür ki, icra başçımız özü abadlığın, tikintinin, səliqə-səhmanın tərəfdarıdı, vurğunudu. Bir ki, görülən işlər, tikilən binalar, sosial obyektlər, bir sözlə, Şabran üçün edilən varsa, elə şabranlılara qalacaq. Heç kim tikdiyini, qurub-yaratdığını özü ilə heç hara götürüb aparan deyil. varsa bu torpağındı, bu elindi.  

   Maraqlı həmsöhbətimin dedikləri məni bir az da həvəsləndirdi, bir az da özünə cəlb etdi.   

   Bu adi bir şabranlının, necə deyərlər, çay paylayan oğlanın torpaq sevgisi həqiqətən təqdirəlayiq idi. Biz həqiqətən onun məsləhəti ilə Şabranı gəzib-görmək istəyi ilə çayxananı tərk etdik. Arxadan bizi səsləyən oğlan çay üçün süfrəyə qoyduğumuzu pulu götürməkdən imtina etdi. Bircə onu dedi ki, Azərbaycanın hər yerində olduğu kimi, burada da qonağa, özü torpaqla, quruculuqla, tarixlə maraqlanan qonağa böyük hörmətimiz var, qapılarımız da hər kəsin üzünə açıqdı. Təki sevgiylə, ürəklə bizlərə üz tutsunlar, kasıbın olanından onlara həmişə layiqli süfrə aça bilərik. 

   Doğrudan da Şabran son bir ildə görkəmini xeyli dəyişib. Yerli qəzetin son nüsxələrindən birini vərəqləyirəm. Burada rayonda görülmüş işlərlə bağlı icra hakimiyyəti başçısı Novruz Novruzovun hesabat çıxışı da dərc edilib.   

   Mən bu çıxışdakı rəqəmləri sadalamaq fikrində deyiləm. Ancaq oxuculara maraqlı olsun deyə, bəzi rəqəmləri dilə gətirmək istəyirəm. Çünki bu rəqəmlər inkişafın faktiki göstəriciləri, təsdiqləyiciləridi. Bir sübut kimi xatırlatmaq yerinə düşər ki, cari ilin birinci yarısında Şabranda əhalinin "kənd təsərrüfatı sahəsində uğurları 6,2 faiz artmış, əhalinin pul gəliri 17 faiz çoxalmışdı".   

   İcra başçısının çıxışında o da bildirilmişdi ki, rayonda regionların inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində xeyli işlər görülmüşdü. Yəni təkcə bu ilin 6 ayında regionlarda açılan 38 min yeni yerindən müəyyən hissə şabranlıların payına düşmüşdü. Bunun konkret göstəricisi uğurla aparılan Taxtakörpü Su Anbarının tikintisi ola bilər. Ölkə prezidentinin daim diqqət mərkəzində olan bu möhtəşəm tikinti artıq neçə illərdi davam etdirilir hər dəfə bölgəyə səfər edən Azərbaycan prezidenti şəxsən bu möhtəşəm tikintiyə baş çəkir, orada işlərin sürətlə keyfiyyətli aparılması üçün zəruri olan hər bir texniki təminatın yerində olmasını, adiyyatı qurumların nəzarətdə saxlamasını tövsiyə edir.   

   Bax, bunun nəticəsidir ki, bu tikintidə çox mürəkkəb həm çoxsahəli, az qala şəbəkəni xatırladan bir sistem qurulmaqdadı.   

   Yəni tikilən su anbarından qaynaqlanan Taxtakörpü-Ceyranbatan kanalının çəkilməsi sürətlə davam etdirilir. Ölkə başçısı şəxsən bu kanalın tikintisinə baş çəkmiş əlavə göstərişlərini vermişdi. Ümumiyyətlə, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq həmin möhtəşəm tikintinin 2013-cü ilin birinci yarısında başa çatdırılması bir vəzifə olaraq ölkə prezidenti tərəfindən həm tikintini aparanların, həm rayon rəhbərliyinin qarşısında qoyulubdu.

  

  

   (ardı gələn sayımızda)

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2011.- 29 sentyabr.- S.3.