BİR
İLDƏN SONRAKI GÖRÜŞ
Hər
gün gözəlləşən Şabran
(əvvəli ötən
sayımızda)
Şabranda olarkən öyrəndim ki, burada "Dəvəçi-Dəyirman"
ASC nəzdində fəaliyyət göstərən
"Broyler" Quşçuluq Müəssisəsi öz
imkanlarını günbəgün artırmaqdadı. Məhz
bu artan imkanlara görədir ki, artıq broylerdə 80 nəfər
işlə təmin olunubdu. Bundan başqa, rayonun
"Şabran Bağçılıq Texnikası" müəssisəsində
də işlər öz axarı ilə gedir.
Bu müəssisənin
məqsədi gül və digər bəzək
kolları yetişdirmək və onu da həm Şabranın özündə, həm
də tələbat olan digər yerlərə
satmaqla yaşıllığı, gözəlliyi
artırmaqdı. Təbii ki, bu müəssisədə də işini bilən 25 nəfərin
çalışması həm rayon sakinlərinin
işlə təminatını, həm də büdcəsini
təmin etməsi üçün
müsbət bir addım kimi
dəyərləndirilməlidi. Ümumiyyətlə, Şabranda kənd təsərrüfatına
diqqət get-gedə artmaqdadı. Təkcə rayona
yaxın kəndlərin magistraldan
diqqəti çəkən ərazilərində salınan yeni üzüm
bağları bu dediklərimizə çox gözəl sübutdur.
Bu gün Şabran özünün görkəmini dəyişərkən
bu görkəmi tarixə uyğun,
tarixdən gələn bir şəkildə,
bir formada cilalamaq böyük zövq və sevgi tələb
edir. Yəni bu işi görən insanların öz yerinə, yurduna,
tarixinə böyük marağı
olmalıdı ki, o da gördüyü işi mükəmməl bir
şəkildə ortaya qoya
bilsin. Bax, bu mənada Şabranda
aparılan tikinti işlərinin xüsusi özəllikləri var.
Şəxsən mən rayonun girişində
qarşılaşdığım bir
neçə möhtəşəm tikintinin
qarşısında dayandım. Bunlardan biri tarixşünaslıq muzeyinin
binası, digəri isə onunla
çiyin-çiyinə dayanmış, qonşuluq
edən Poeziya evi və
bir də Azərbaycan xalqının böyük söz sərrafı
Əfsələddin Xəqaninin heykəli idi.
Doğrusu, heykələ
baxdıqca fikir, xəyal məni çəkib
uzaqlara apardı. Yadıma ədəbiyyat
tarixindən öyrəndiyim bir fakt gəlib düşdü.
Xatırladım ki, bir
vaxtlar Xəqani Şabranda
zindanda yatmalı olub.
Qəzəbə tuş gəlmiş böyük şair Şabran zindanında da öz böyüklüyünü,
öz qüdrətini qoruyub
saxlamış, öz böyük
sözünü böyük
dünyaya çatdıra bilmişdi.
Məhz Şabranda
ucaldılmış həmin Xəqani heykəlinin kürəyinin
arxasında bir zindan pəncərəsi
də ucaldılıb. Barmaqlıqlar ilk baxışdan nə qədər böyük və qorxulu
görünsə də, hətta adama elə
gəlir ki, o zindan şairin heykəlindən
çox təmtəraqlıdı. Lakin poeziya gözü
ilə, fikir prizmasından baxanda
mən çox qəribə nüanslar tuta bildim.
Anladım ki, o zindan
nə qədər böyük olur olsun, o
Xəqanini qoynunda saxlaya
bilmədi, barmaqlıqlar onun böyüklüyü qarşısında əridi,
sındı. Hardasa böyük
Nəsimi demiş, "Məndə
sığar iki cahan,
mən bu cahana
sığmazam" fikri məhz bu heykəltəraş işində öz təsdiqini tapıb.
Ola bilsin ki,
kimsə mənim yozumumla
razılaşmasın, amma həqiqətən
mən o zindanın yox,
həm də böyük dünyanın Xəqani
qarşısında çox kiçik olduğunu bu heykəlin müəllifinin və onun ideya verəninin kimliyini bilmədən fəhm etdim.
Hər halda, mənə görə
şairlər üçün zindanlar da, elə bu dünyanın özü
də çox balaca və
dardı. O ki, qaldı Poeziya
Evinə- Şabran əbədi mühitinin məncə öyünməyə
çox böyük
haqqı var.
Çünki söz adamı üçün,
qələm adamı üçün bir ünvanın, bir araya gəlmək yerinin
olması həmişə ehtiyac duyulan bir tələbat olub. Yaxşı ki,
Şabran Rayon İcra Hakimiyyətinin başçısı
Novruz Novruzov sözə
və söz adamlarına sayğı ilə
yanaşır və onları dəyərləndirir. Şəxsən
mən bir il öncə
Şabran ədəbi məclisinin yubiley tədbirində qonaq
kimi iştirak edərkən
bu diqqətin canlı şahidi
oldum.
Şabranda çox gözəl
bir park da salınıb. Açığını deyim ki, mən
ilk dəfə məhz
parkın öz görkəmini rayon icra hakimiyyətinin inzibati binası ilə tamamladığını Şabranda
gördüm.
Yəni bu böyük park indi də tikilir
və burada həm uşaqlar üçün, həm şəhər sakinləri
üçün müxtəlif
istirahət və əyləncə yerləri
də yaradılıb.
Karusellərdən tutmuş çayxanaya
qədər hər şey yerindədi. Yaşıllıq, gül-çiçək, hətta meyvə ağacları da bu parkı bəzəyir
və burada çalışan, yəni
parkı abadlaşdıran
əliqabarlı insanlarla
söhbət zamanı
çox rahatca anladım ki, bu adamlar elə
mənim kimi gözəllik dəliləridilər.
Onlar da gördükləri işdən zövq alırdılar. Həmişəyaşıl
ağaclarını budayan
yaşlı şabranlı
kişi mənim "Yorulmayasınız!"
sözümə çox
həvəslə "Xoş
gəldin, ay oğul!"
dedi. Mən də onun bu coşqulu cavabından ürəklənib
əməlli-başlı həmsöhbət
tapdığıma sevindim.
Bu qoca bağban
əlini sağa-sola ölçə-ölçə görülən işlərdən
elə danışdı
ki, daha mənim sual verməyimə ehtiyac qalmadı. Öyrəndim ki, burdakı
ağacların, gül
kollarının hamısı
elə Şabranda yetişdirilir, yaşıl
örtüyü də
özləri salıblar.
Gecə-gündüz çalışırlar ki, bu park dəcəl
uşaqların "şıltaqlıqları"
ilə qarşılaşmasın.
Eləcə də mal-davar
bu yaşıllığa
ziyan vurmasın.
Ümumiyyətlə, burada mənim
diqqətimi çəkən
çay daşlarından
çox orijinal bir şəkildə düzəldilmiş bulağın
yenidən bərpası
üçün görülən
işlər idi.
Üzlük daşları, piltələrg
bir sözlə, parkın abadlaşdırılması
ürəklə aparılır.
Hər kəs bildiyi işin qulpundan yapışdığı üçün
görülən işləri
seyr etmək adama ləzzət verirdi.
Bu parkda yerləşən
Heydər Əliyev muzeyinin möhtəşəm
binası, İcra hakimiyyətinin qarşısındakı
Heydər Əliyevin möhtəşəm büstü,
onun ətrafındakı
yaşıllıq şəxsən
mənə bir kompleks təsiri bağışladı. Necə deyərlər,
hər şey yerində və hər şey də zövqlə görülmüşdü. Bütün bunlar isə mən tam əminəm ki, rayon rəhbərliyinin,
xüsusilə icra başçısının gərgin
əməyinin və işinə məsuliyyətinin
nəticəsidir.
Böyük həyat təcrübəsi
olan rayon icra hakimiyyətinin başçısı
Novruz müəllim özünün torpaq sevgisindən, qurub-yaratmaq istəyindən, xüsusilə
daşıdığı vəzifənin
məsuliyyətindən əsl
rəhbər kimi çıxış etməsindən
bəhrələnən bu
işlər elə öz gözəl nəticəsini də verməkdədi. Hərdən bu cür uğurlu
işləri, bu cür quruculuğu görəndə daxilən
Qarabağ üçün,
kəndim üçün
əməlli-başlı bir
ağrı yaşayır,
bir xiffət yükünü çiynimə
alıram.
Elə istəyirəm ki, mənim də kəndimdə, mənim də gəzib-dolaşdığım
yerlərdə bu cür quruculuq, abadlıq işləri aparılsın. Neyləyim
ki, bu ancaq
mənim istəyimdi, arzumdu...
Bəli, bir xoş niyyətlə
yola çıxdım.
Və yollar uzanıb Şabrana qədər getdi. Bir il öncə
yaddaşıma köçürdüyüm
mənzərə bütünlüklə
müsbət mənada
alt-üst oldu. Qarşılaşdığım bu quruculuq, seyr
etdiyim bu gözəllik məni bir az da ruhlandırdı, bir az da
sabahıma ümidimi artırdı. İnandım ki, Şabranla,
onun sakinləri ilə bu görüşüm
mənim üçün
yeni bir ümiddir. Elə bir ümid ki, o məni sabaha aparacaqdı. Sabahlarda görüşmək ümidi
ilə.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2011.- 30 sentyabr.- S.3