İntensivləşən münasibətlərin
yeni istiqamətləri
Qardaş Türkiyə ilə əlaqələr daha
da genişlənir
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
yeni ilin ilk üç ayı ərzində Bakıya səfəri
planlaşdırılır. Bakıdakı
danışıqlar zamanı Türkiyə ilə Azərbaycan
arasında müxtəlif sahələrdə əməkdaşlıq
əlaqələrinin daha da dərinləşdirilməsi nəzərdə
tutulur. Səfər çərçivəsində ötən
il Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Rəcəb
Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanan
sazişlə yaradılan Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasının ilk iclasının keçirilməsi
planlaşdırılır. Şuranın İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə
keçiriləcək ilk iclasının gündəliyi hələ
tam müəyyənləşməyib. Diplomatik mənbələrdən
əldə edilən məlumata görə, bu məqsədlə
yaxın vaxtlarda Ankarada ikitərəfli işçi qrupun
iclasının keçirilməsi planlaşdırılır.
Müşahidəçilər qeyd edirlər ki, 2010-cu il
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr
üçün iki ölkənin liderləri arasında
keçirilən görüşlərin intensivliyi
baxımından yaddaqalan olub.
Türkiyənin
prezidenti Abdulla Gül və baş nazir Ərdoğan
Bakıda, prezident İlham Əliyev isə beynəlxalq
qurumların zirvə toplantılarında iştirak etmək
üçün üç dəfə İstanbulda səfərdə
olub. Azərbaycan və Türkiyənin liderləri üçüncü
ölkələrdə keçirilən toplantılarda da bir
araya gəliblər. Diplomatik mənbələr isə bildirirlər
ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasının yaradılması qarşıdakı
dövrdə iki ölkə arasındakı əlaqələrin
inkişafına yeni stimul verə bilər. Buna əsas kimi
Türkiyənin başqa ölkələrlə bu formatda
qurduğu əlaqələrin nəticələri və bu
ölkə ilə Azərbaycan arasındakı münasibətlərin
xüsusi xarakter daşıması göstərilir.
Öz növbəsində
Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu baş nazirin səfərinin baş tuta biləcəyini
istisna etməyib. Ankarada Türkiyə diplomatlarının
toplantısında çıxış edən Davudoğlu Azərbaycanla
Türkiyə arasında strateji dostluq münasibətlərinin
durmadan inkişaf etdiyini deyib. Nazir, həmçinin ölkəsinin
gələcək üçün xarici siyasət istiqamətləri
barədə məlumat verib. Ankarada Türkiyə
diplomatlarının toplantısında çıxış
edən Davudoğlu bildirib ki, onun ölkəsinin gələcək
siyasəti "bir müdrikin siyasəti" və ya bir
növ beynəlxalq məsələlərdə öz fəhmi
və baxışlarının köməyilə məsləhət
verən "ağsaqqal"ın siyasəti olacaq.
Türkiyədə
dünyanın 180 ölkəsində xidmət edən səfirlərin
iştirakı ilə keçirilən 3-cü Səfirlər
Konfransı Türkiyənin qlobal səhnədə yeni imicinin
işıqlandırılması sahəsində olduqca
mühüm tədbir kimi qiymətləndirilir. Konfransın
devizi də bu mənada əlamətdar səslənir:
"Uzaqgörən Diplomatiya: Türkiyə Baxımından
Qlobal və Regional Nizam". Məhz bunu açıqlamağa
çalışan xarici işlər naziri Əhməd
Davudoğlu bəyan edib ki, onun ölkəsi özünü
qlobal aləmdə baş verə biləcəkləri əvvəlcədən
duyan və problemlərin həlli üçün neqativ məsləhətlər
verən dövlət kimi görür. Onun sözlərinə
görə, Türkiyə özünü böhranları hətta
onlar baş verməzdən əvvəl sezən və incə
diplomatiyanın köməyilə çözüm gətirən
bir ölkə kimi görür. Xarici işlər naziri
Türkiyəni dünyanın müxtəlif yerlərinə
yardıma tələsən yanğınsöndürənə
bənzədib, lakin əlavə edib ki, indən belə
yalnız yanğınsöndürmə ilə kifayətlənmək
olmaz. O deyib ki, öz ölkəsini gələcək
yanğınların baş verməyəcəyi şəhərlərin
mühəndisi kimi görmək istəyir. Nazir Türkiyənin
tarixi keçmişini yada salaraq deyib ki, onun ölkəsi
dünyada onun iştirakı olmayan yeni bir nizamın
yaradılacağı vaxtadək gözləyə bilməz:
"Əgər yeni nizam olacaqsa, biz bu nizamın içində
onun bünövrəsini qoyacaq liderlərdən biri
olacağıq". O deyib ki, Türkiyə kimlik
böhranı yaşamır və parçalanmış
dünyanı birləşdirmək qüdrətinə
malikdir: "Mahmud Qaşğarinin "Divani-Lüğəti
Türk"ünün dilində inamla danışa bilən
türklər Brüsseldə Avropa İttifaqının məsələlərini
də eyni inamla müzakirə etməyə qadirdirlər".
Türkiyə xarici işlər naziri ölkəsinin beynəlxalq
aləmdəki nüfuzlu rolunu vurğulayaraq, Ankaranın Əfqanıstanla
bağlı fəaliyyətini misal gətirib.
O deyib ki, Türkiyə NATO-da bundan sonra da fəal
olacaq, lakin bundan belə ucqar ölkə olaraq qalmaq niyyətində
deyil. Avropa İttifaqına üzvlük sahəsində də
səylər davam edəcək. Lakin Türkiyəni "ya
Kipr, ya da Avropa İttifaqı" seçimi
qarşısında qoymaq lazım deyil, çünki heç
bir ölkə Türkiyəyə onun istəmədiyini qəbul
etdirə bilməz.
Gültəkin
Ədalət.- 2011.- 7 yanvar.- S. 4.